BİR
ŞAİR VAR: SƏRDAR ZEYNAL
ƏDƏBİ
HƏYAT
O, altmış il öncə Naxçıvanda, Ordubad rayonunun Tivi kəndində dünyaya göz açıb. Bu kənd rayon mərkəzindən 60 km. Şimalda, Zəngəzur silsiləsinin ətəyindədir. Bu kəndin özünəməxsus gözəl təbiəti olduğu kimi, onu məşhurlaşdıran ziyalıları da olub və indi də var. Azərbaycan Yazıçılar Birliyinin təxminən on üzvü Tividəndir (ötən illərdə və indi). Elman Həbib, Mahir Səmədov kimi tanınmış şairlər (hər ikisi vaxtsız vəfat ediblər, Allah rəhmət eləsin!) bu kənddəndirlər.
Sərdar Zeynal iyirmi yeddi il əvvəl, 1986-cı ildə Tividən çıxıb, Bakı yaxınlığındakı Bilgəh qəsəbəsinə gəlib, indi burada - orta məktəbdə müəllimdir. O, filologiya elmləri namizədidir, dilçiliyə dair bir sıra əsərləri də var və Tofiq Hacıyev, Qəzənfər Kazımov kimi tanınmış dilçilər-professorlar Sərdarın dilçiliyə dair əsərlərini ("Orta məktəblərin "Azərbaycan dili" də sliklərində dilçilik məsələləri" - 1999, "Orta məktəbin "Azərbaycan dili" dərsliklərində cümlə və cümlə üzvləri" - 2001, "Orta məktəbin "Azərbaycan dili" dərslikləri- 2003, "Azərbaycan dili morfologiyasının tədqiqi tarixi-XX əsr" - 2011) yüksək qiymətləndirmişlər. Amma biz onu daha çox şair kimi tanıyırıq.
Sərdar Zeynalın indiyə kimi "səninlə bəxtiyar olacağam mən", "Üyüt ömür dəyirmanı", "İnandım ki, həqiqətdi bu sevgi", "Bir ürək sevgiyəm", "Mən nələr çəkirəm", "Dəniz ağladır məni" və "Məni düşünəcəksən" adlı şeir kitabları işıq üzü görüb. Professor Tofiq Hacıyev yazır: "Əlbəttə, Sərdar Zeynal şairdir. Bütün şairlər kimi o da bir söz demək, insanlarla dərdləşmək, imansızları imana gətirmək, sevənlərin sevgisinə bir şirinlik qatmaq və vəfasızlara tənə etmək üçün əlinə qələm götürüb". Başqa bir professor - Qəzənfər Kazımov deyir ki: "Sərdar şairdir. Sərdar üsuli-zorrama şair deyil, həqiqi şair istedadına malikdir və ən mühüm keyfiyyətlərindən biri budur ki, fikrin poetik ifadəsi üçün çətinlik çəkmir, eyni fikri, eyni ideyanı çox rəngarəng şəkildə ifadə etmək gücünə malikdir. Gözəl təbi var".
Əlbəttə, bu iki tanınmış alimlərdən sitat gətirməyimiz qabaqcadan nəyin üstündən keçmək, nəyisə sığortalamaq deyil. Hər iki dilçi alimimiz öz dilçi həmkarlarını ilk növbədə, şair kimi tədqiq etmişlər.
Hər bir şair öz zamanının yetirməsidir və təbii ki, o yaşadığı zaman, həyat, gerçəklik də onun əsərlərində, yazdığı şeirlərdə əks-sədasını tapmalıdır. Sərdar Zeynalın şeirlərində də öz zamanının - dövrün ictimai-siyasi olaylarının, həyatdakı müxtəlif hadisələrin, insanların duyğu və düşüncələrinin poetik inikasını görə bilərik. 2003-cü ildə yazdığı "Nə çəkmədim" şeirində Sərdar deyirdi:
Həyat ağır, ömür yolum qəm yolu,
Nə çəkmədim bu kəm ömrün qəmindən.
Gülüş sürgün, sinəm qəhər, qəm dolu,
Mamır qalxıb gözlərimin nəmindən.
Fikirlərim qanad açıb yüz yana,
Milyon arzu sığınıbdır
bir cana,
Aylar əriş, günlər ilmə, il
hana,
Naxış vurub ürəyimin qəmindən.
Dərddən dağ var ürəyimin başında,
Qəm gölüm var qəhərimin yaşından,
Nə çəkmədim bu bəd ömrün qışından,
Kimsəm yoxdur, çəkinələr
kimimdən.
Yazıq
bildim tikəmə göz dikəni,
Torpağımda özünə dən
əkəni,
Nə bilərdim qarşımda diz çökənim,
Qovacaqdır məni bir gün
zəmimdən.
Diqqət
yetirin: bu şeirdəki giley-güzar,
narahatlıq hissi son iyirmi ildə əksər müəlliflərin
şeirlərində də
nəzərə çarpır.
Narahat illər idi, hər bir azərbaycanlı
vətəndaşın içində
bir dərd qovrulur, tikəmizə göz dikən indi bizi öz
zəmimizdən qovur.
Həmçinin məmləkətdə bir müddət xaos və hərc-mərclik
hökm sürürdü.
Şairlər bu gərdişdən
narazı idilər, bu, Sərdarın şeirlərində də
diqqəti cəlb edir.
S.Zeynalın "Dəmiryol vağzalı"
və "Kəndimə"
şeirləri ayrılıq
motivləri üzərində
köklənib. Budur, onun lirik qəhrəmanı (əslində,
elə şairin özü) dəmiryol vağzalındadır.
Nə vaxtdır boynuma dolanmır qollar,
-Bu dərdin dərmanı, kökü dərindir.
Bakıdan Şərura uzanan
yollar
Yolçuya tamarzı Xudafərindir.
Ordubad vağzalı susuz dəyirman,
Nə vaxtdır
həsrətdən asılı
qalıb.
Naxçıvan vağzalı taxılsız
xırman,
Həsrətlər üst-üstə basılı
qalıb.
Şeirdəki həsrətin, nostalgiyanın
ünvanı məlumdur. Daha Bakıdan
Şərura, Naxçıvandan
Bakıya qatarlar gedib-gəlmir.Bu, adi bir hadisə deyil, millətin, xalqın böyük dərdlərindən biridir.
Ona görə də şairin harayı təbiidir.
Dəmiryol vağzalı, bilet
ver mənə,
Yollansın Bakıdan Şərura
qatar!
Üz tutub mən sənə deyirəm yenə,
Gəl məni
bu ağır həsrətdən qurtar.
Dəmiryol vağzalı, dinirsən
haçan,
Qızlarım nə vaxtdır günləri sayır.
Nə zaman vağzalda "Bakı-Naxçıvan"
Dayanır, qatara minik başlayır?!
Sərdarın belə ağrılı-acılı,
misralarından qəm
sızan şeirləri
az deyil.
Amma eyni zamanda nikbin çalarlar da onun şeirlərində öz yerini tapır, oxucunu bədbinləşməyə qoymur:
"Fitnəsindən zara
gəldik Qarşımda
diz çökənlərin.
Namərdlərin qarşısında əyilməyən uca dağıq, Milyon illər dayanmışıq
yenə məğrur duracağıq". Yaxud:
"Qan ağlayır
Laçın, Şuşa,
Kəlbəcər, Oğlu,
qızı, əhl-əyalı
dərbədər, Uüt
gəlibdir bu dünyaya xeyir-şər,
Yol gözləyir Qarabağın yolları".
Şairlərin adı qarşısında
"vətənpərvər" təyinini işlətmək
dəbə düşüb. Əslində, vətənpərvər olmayan
bir şair təsəvvür eləmək
çətindir. O, öz
məmləkətinə, onun
şanlı keçmişinə,
bu gününə, gözəl təbiətinə
və şöhrətli
insanlarına bir şeir də həsr edə bilər, yüzünü
də.
Amma təki
şeir olsun. Vətən haqqında
deyilənlərdən fərqlənsin.
Sərdarın bu mövzuda
yazdığı şeirlərin
sayı o qədər
də çox deyil. Özü də bunların
içində zəifləri
də var. Amma bir neçə elə şeiri var ki, onlar
şairin ənənəvi
mövzuda poetik istedadını nümayiş
etdirir.
Həmin şeirlərdən biri
"Dərdin nədir,
bənövşə"dir. Bu şeirdə Vətəni
tərənnüm və
vəsf nəzərə
çarpmır. Vətənin bir boynubükük
bənövşəsi şeirin
obrazına çevrilir.
Dərdin
nədir, beləcə
Boynu bükük durmusan,
Bilməyib gündüz, gecə,
Ağır matəm qurmusan.
Həsrətə heykəl kimi
Düşmüsən dilə, dişə,
Dərdin nədir, bənövşə?!
Sənin
də mənim kimi
Xoşbəxt çağın getməyib.
Laçının, Kəlbəcərin,
Qarabağın getməyib,
Duruşun matəmlidir,
Yox de bu görünüşə,
Dərdin nədir, bənövşə?
Sərdar Zeynalın "Məni düşünəcəksən" adlı axırıncı
şeirlər kitabında
kəmiyyət etibarilə
əsas yeri sevgi mövzusunda yazılan nümunələr
tutur. Hamı kimi mən də bu sözü
deyirəm ki, müasir dövrdə sevgi şeiri yazmaq çətin deyil, amma ƏSL SEVGİ
ŞEİRİ yazmaq, bununla
könülləri fəth
eləmək olduqca çətindir. Sərdar Zeynalın
sevgidən yazdığı
şeirlərin də
heç də hamısı nümunəvi
deyil. Amma bu şeirlərin,
səviyyəsindən asılı
olmayaraq hər biri yaşanılan hisslərin, duyğuların
məhsuludur.
Onun əksər
şeirlərində sevgi
əzablarına dözən,
bu yolda mətanətlə duruş
gətirən bir aşiqin obrazını görürük. Və bütün şeirlərinin
içindən bədbinlik,
sızlamaq yox, bir inam və
işıq keçir.
Hətta o şeirlərin
içində yumor da, təbəssüm də sayrışır:
Nə bəla çəkmədim,
mən necə danım,
Yad oldu qəlbimə dinim, imanım,
Rişə tək torpaqda çürüdü canım,
Çiçəyi bir körpə budağa getdi.
Sərdarın bir şair kimi
inkişafı, irəliləyişi
onun sevgi şeirlərində daha bariz nəzərə çarpır. Qeyd edim ki, S.Zeynal
heca şeri ərazisinin adamıdır,
o, hecanın müxtəlif
şəkillərindən bacarıqla
yararlanır, qoşmaları,
gəraylıları da
az deyil.
Şeirdə təşbişlərə, metaforaları geniş yer verir, orijinal
qafiyələrlə diqqəti
cəlb edir.
"Səni gözləyirəm"
şeirindən bəzi
bəndlərə diqqət
yetirin:
Hicran uzun, həsrət ağır,
Buludumdan
kədər yağır,
Nə vaxt dönsən buyur, çağır,
Durub səni
gözləyirəm.
Göz yaşımdan gözüm
qabar,
Bağlayıbdır üzümdə
bar,
Aparırsan, tez gəl, apar,
Qürub səni gözləyirəm.
Nə qədər ki, ruh var canda,
Sevgi aşığ-b-daşır
onda,
Milyonların arasında
Qərib səni gözləyirəm.
Sevgi sonsuz söz oyunu,
Yandırıbdır köz qoynumu,
Bənövşə tək öz boynumu
Burub səni
gözləyirəm.
Professor Tofiq Hacıyev
Sərdar Zeynalı
realist şair hesab edir və yazır
ki, onun şeirlərində lirika
romantik səviyyəyə
qalxmır. Amma mən deyərdim
ki, Sərdarın
"Məni düşünəcəksən"
kitabında romantik duyğular da öz əksini tapır. Xüsusilə sevgi şeirlərində.
Əgər lirik qəhrəmanın
hissləri safdırsa,
təmizdirsə, işıqlıdırsa,
xəyalı gözəllik
ardınca uçub gedirsə, bu, elə romantikadır.
Sərdar Zeynalı 60 yaşı münasibətilə təbrik
edirəm. Sonda iki misrasını yada salıram: "Əcəlim gələndə
ölüb gedəcəm,
Şeirim, kitabım, sözüm qalacaq"...
Vaqif YUSİFLİ
Ədalət.-2013.-17 avqust.-S.13.