QƏDİM MÜASİR ŞAMAXI

(əvvəli ötən saylarımızda)

 

2013-cü ilin birinci yarısı ərzində Şamaxı şəhər 1 saylı uşaq bağçası-körpələr evinin tikintisi sürətlə davam etdirilmiş, Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhərin 20 Yanvar küçəsində inşa olunan beş mənzilli yaşayış binası istifadəyə verilmişdir. Muğanlı kəndində sürüşmə nəticəsində evləri qəzalı vəziyyətə düşmüş vətəndaşlar üçün Meysəri kəndi ilə həmsərhəd ərazidə 63 ədəd evin tikintisi başa çatmaq üzrədir.

Qeyd olunan müddət ərzində rayonun İkinci Çaylı, Hacılı, Böyük Xınıslı və Cabanı kəndlərinin hər birində 80 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilmişdir. Həmçinin Mədrəsə qəsəbəsində 380 yerlik, Talışnuru, Hacıqədirli, Şərədil kənd məktəbləri üçün 80 yerlik yeni məktəb binalarının tikintisi üçün layihə-smeta sənədləri hazırlanmışdır.

Turizmin inkişafı prioritet məsələdir

Şamaxı rayonu istər tarixi keçmişi, istərsə də coğrafi şəraiti baxımından turizm üçün olduqca əlverişli bir zonadır. Məhz buna görə də rayona gələn turistlərin və istirahət mərkəzlərinin sayı ilbəil artır. Hazırda "Şərədil" istirahət mərkəzində 5 ulduzlu otel, "Fəxriguşə" istirahət mərkəzinin bazasında və Pirqulu zonasında müasir standartlarına cavab verəcək yeni turizm obyektləri tikilir.

2013-cü ilin əvvəllərindən başlayaraq tikinti-quruculuq işləri ilə yanaşı təmizlik və yaşıllaşdırma işlərinin genişləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmışdır. Bununla bağlı rayonun idarə və müəssisələrinin iştirakı ilə kütləvi iməciliklər keçirilmiş, geniş yaşıllaşdırma tədbirləri icra olunmuşdur. Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi şərəfinə keçirilən bu iməciliklər zamanı Bakı-Yevlax magistral yolunun rayon ərazisindən keçən hissəsində, həmçinin Şamaxı şəhərinin müxtəlif yerlərində 5 min ədəddən çox ağacgül kolları əkilmişdir. Hazırda həmin yaşıllıqlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsi işləri davam etdirilir.

Təhsil, səhiyyə və mədəniyyət qayğı tələb edir

Rayonda təhsil, mədəniyyət və səhiyyə böyük şəbəkəyə malik sahələrdir. Ötən müddət ərzində təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması, tədrisin keyfiyyətinin yaxşılaşdırılması sahəsində də xeyli işlər görülmüşdür. Xüsusilə rayon icra hakimiyyətinin başçısının iştirakı ilə bu ilki məzunlara attestatların verilməsi, onların təntənəli şəkildə pulsuz avtobuslarla imtahan yerlərinə yola salınması rayonda müsbət əks-səda doğurmuşdur. Təbii ki, bütün bunlar öz nəticəsini əldə olunmuş göstəricilərdə də göstərir. Bu ilki orta məktəb məzunlarının əksər hissəsi III qrupda imtahan vermişdir. İlkin hesablamalara görə onlardan 2 nəfərinin 600-dən yuxarı, 7 nəfərinin 500-dən yuxarı və 17 nəfərinin 400-dən yuxarı bal toplaması özlüyündə müsbət göstəricilərdir.

2013-cü ilin altı ayı ərzində rayonun mədəni həyatı nisbətən zəngin olmuşdur. Əsasən rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mühüm tarixi hadisələr və bayramlar əhatə və təsir dairəsinə görə fərqlənmişdir. Əhatə etdiyi xidmət sahələrində əmək intizamı tələb olunan səviyyədə deyil. Cari ilin birinci yarısında əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bu sahədə Diaqnostika Mərkəzində aparılan uğurlu əməliyyatlar, rayon mərkəzi xəstəxanası tərəfindən təşkil olunan səyyar həkim briqadalarının fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Əhaliyə göstərilən tibb xidməti sahəsində problemlər də az deyil. Belə ki, ayrı-ayrı sahələr üzrə xəstəliklərin sayının kəskin şəkildə artması, kənd səhiyyəsinin maddi-texniki bazasının aşağı səviyyədə olması, həkim kadrlara ehtiyacın ildən-ilə artması və s. bunu bir daha təsdiqləyir.

2013-cü ilin ötən ayları ərzində rayonda həyata keçirilən məqsədyönlü tədbirlər, ən əsası bir çox sosial problemlərin uğurlu həlli nəticəsində ictimai-siyasi sabitlik davam etmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaş-məmur münasibətlərinin tələb olunan səviyyədə qurulması ilə əlaqədar qarşıya daha ciddi vəzifələr qoymuşdur. Prezidentimizin dediyi kimi, dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır...

 

Məzahir ƏHMƏDOĞLU

ədalət.-2013.-21 avqust.-S.4.