SƏNGƏRLƏ
ÜZ-ÜZƏ
Bugünümüzün Ağdamı
(əvvəli ötən
sayımızda)
Bu gün Ağdam rayonunda yaşayan əhalinin sosial-məişət şəraitini yaxşılaşdırmaq üçün gərəkli olan bütün addımlar atılır. İstər dövlət vəsaiti hesabına, istərsə də özəl sektorun imkanları daxilində rayonda yeni iş yerlərinin açılması, sosial obyektlərin istifadəyə verilməsi, məhsul istehsalının artırılması və digər problemlər öz həllini tapır. Rəqəmlərə müraciət edərkən bəlli olur ki, bu gün rayonun maliyyə idarəsi cari ilin 6 ayı üçün dövlət büdcəsindən verilmiş 12 milyon 954 min manat datasiya proqnozuna qarşılıq olaraq 18 milyon 090 min manat həcmində gerçəkləşdirə bilmişdi. Bütövlükdə rayon üzrə ümumi xərclər 15 milyon 231 min manat proqnozuna qarşı 17 milyon 612 min manat olmuşdu. Rayonun Statistika komitəsinin apardığı hesablamalar nəticəsində bəlli olmuşdu ki, bu gün Ağdamda demək olar ki, bütün sahələrdə müsbət irəliləyişlər qeydə alınıb. Hətta rayonda sərnişindaşıma və yükdaşıma sahəsində əhaliyə 451 min manatlıq nəqliyyat xidməti göstərilmişdir.
Təbii ki, rayon əhalisinin öz imkanlarını genişləndirməsində sakinlərə verilən kreditlərin, subsidiyaların öz əhəmiyyəti danılmazdır. Məhz bu gerçəklikdən yararlanan Ağdam sakinləri cari ilin 6 ayı ərzində rayonun Kapital bankından 801 nəfərə 580 min manat kreditin ödənilməsi təmin olunmuşdu. Təbii ki, bu da ötən illə müqayisədə xeyli irəliləyiş deməkdi. həmin götürülən kreditlərin əsas hissəsini sahibkarlıqla məşğul olan şəxslər əldə edir. Çünki rayonda sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Rəqəmlərə baxsaq bəlli olar ki, artıq Ağdamda ilin 6 ayının nəticələrinə görə, 520 nəfər fiziki,10 nəfər isə hüquqi şəxs kimi qeydiyyatdan keçərək sahibkarlıq fəaliyyəti göstərir. Həmin sahibkarlara isə dövlətin ayrı-ayrı qurumları, həmçinin özəl sektorları da maliyyə dəstəyi verirlər. Rayon üzrə statistikanı nəzərdən keçirəndə bəlli olur ki, 2013-cü ilin 6 ayı ərzində "Qafqaz kredit" təşkilatı tərəfindən 509 nəfərə 403500 manat məbləğində "Kaspian-invest" kredit təşkilatı tərəfindən 201 nəfərə 187200 manat və "Azərkredit" tərəfindən isə 8095 nəfərə 2 milyon 362 min manat mikro kredit, İqtisadi İnkişaf Nazirliyi Sahibkarlara Dəstək Fondu tərəfindən isə 18 nəfərə 147500 manat kredit verilmişdi. Bax bu quru rəqəmlərin arxasında isə hal-hazırda Ağdamda görülən böyük işlər dayanır. Yəni göstərilən diqqət və maliyyə dəstəyi qurub-yaratmaq əzmi ilə yaşayan, bölgəsini, regionunu çiçəkləndirmək istəyən sadə vətəndaşlara sözün həqiqi mənasında əsl əl tutmaq deməkdir.
İndi Ağdamda həm Əhalinin Sosial Müdafiə Mərkəzi, həmçinin Dövlət Sosial Fondunun rayon şöbəsi, paralel olaraq xeyli işlər görməkdədilər. Rəqəmlərə diqqət yetirsək, onda aydın olar ki, ƏSSM tərəfindən 1522 nəfər Qarabağ müharibəsi veteranına, 560 nəfər müharibə əlilləri uşaqlarına, 5 nəfər Çernobl əlilləri uşaqlarına, 4 nəfər şəhid ailələri uşaqlarına müntəzəm olaraq, həmçinin 916 nəfər yeni doğulan uşaqlara birdəfəlik müavinətlər verilmişdir. Bu istiqamətdə görülən işlərin sırasında DSMF-nın Ağdam rayon şöbəsi təbii ki, öz uğurlu işi ilə seçilir. Bu təşkilat təqaüdçülərə, pensiyaçılara, əlillərə, qocalara, ailə başçısını itirmiş insanlara daim diqqət göstərir, onlara çatacaq vəsaitlərin vaxtlı-vaxtında ödənilməsini təmin edir.
Bu gün Ağdamda səhiyyənin, təhsilin artan imkanları və keyfiyyəti də diqqət mərkəzindədi. Təbii ki, burada ilk öncə məktəblərin, səhiyyə ocaqlarının müasir tələblərə cavab verməsi diqqət mərkəzində saxlanılır. Təhsil və səhiyyə ocaqlarının avadanlıqlarla təminatı, burada yüksək səviyyəli həkim və müəllimlərin işləməsi önəmli məqamlardan biridir. Yenə rəqəmlərə üz tutsaq, onda görərəik ki, rayonda həm dövlətin, həm Heydər Əliyev Fondunun, həm də yerli imkanların hesabına tikilib istifadəyə verilən məktəblər, səhiyyə ocaqları demək olar ki, hər kəsin diqqətini özünə çəkib və buradakı işgüzar mühit, insanların sabahı üçün görülən işlər hamını sevindirir. Məhz bunun nəticəsidir ki, Ağdam məktəblərinin yetirmələri həm rayon, həm respublika müsabiqələrində öz yüksək nəticələri ilə müəllimlərini və valideynlərini sevindiriblər. Məktəblilərin müxtəlif idman yarışlarında da qazandıqları uğurlar artıq ənənəyə çevrilibdir.
Rayonun səhiyyə işçilərinin gərgin əməyi nəticəsində bu gün demək olar ki, Ağdam mərkəzi xəstəxanası tam gücü ilə işləyir. Cari ilin 6 ayı ərzində Qarabağ əlillərinə, müharibə veteranlarına, şəkərli diabet xəstələrinə və digər vətəndaşlara yüksək səviyyədə səhiyyə xidməti göstərilmişdir. Ümumiyyətlə, bu gün Ağdam mərkəzi xəstəxanası ilə yanaşı, kənd xəstəxanaları da sakinlərin sağlamlığının keşiyində dayanmaqda davam edir. Peşəkar həkimlər qazandıqları təcrübə və inam hesabına xəstələrin digər bölgələrə üz tutması hallarını demək olar ki, minimuma endiriblər.
Ağdam rayon Mədəniyyət və Turizm Şöbəsinin həyata keçirdiyi təşəbbüskar iş prinsipi sahəsində demək olar ki, rayonun bu sahəyə aid olan bütün təşkilatları və uşaq musiqi məktəbləri artıq öz səs-soraqlarını rayon hüdudlarından kənara daşıya biliblər. Bu şöbənin xətti ilə keçirilən tədbirlər, musiqi və teatr müsabiqələri həmişə böyük tamaşaçı auditoriyasını öz ətrafına yığa bilib.
Ağdamda keçirilən və respublika ictimaiyyətinin diqqətini özünə çəkən mötəbər tədbirlər sırasında "Şöhrət" və "İstiqlal" ordenli, Prezident təqaüdçüsü, professor, xalq artisti Arif Babayevin 75 illik yubileyi demək olar ki, böyük əks-səda doğurmuşdur. Həmin mötəbər tədbirlər sırasında ümumilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilən yubiley tədbirləri və bu tədbirlərdə çıxış edən Ağdamın məşhur "Şur" xalq çalğı alətləri ansamblının, həmçinin rayonun uşaq musiqi məktəblərinin kollektivlərinin çıxışları böyük və gurultulu alqışlara səbəb olmuşdur.
Bəli, bu gün səngərdə olan, düşmənlə üz-üzə dayanan Ağdam özünün uğurlu inkişaf proqramını zamanın və dövlət başçısının tələbləri səviyyəsində quraraq torpaqlarımızın işğaldan azad olunacağı günün böyük özülünü yaradır.
Ceyhun RÜSTƏMOV
Ədalət.-2013.-3 sentyabr.-S.3.