GERİYƏ
BAXANDA: İKİNCİ DÖNƏM
O YUXULAR YADIMA
DÜŞÜR...
Zaman o Zaman idi... O Zaman ki, unudulmaz dramaturqumuz İlyas Əfəndiyev demişdi: GERİYƏ BAXMA, QOCA... Amma insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. GERİYƏ BAXANDA proyektimizin İKİNCİ DÖNƏMində də ömrün müəyyən məqamları öz yazılarımla birlikdə, zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda da son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
YUXU - 3
(Dəvətnamə
- 1)
"Röyalar gerçək olsa...
Röyalar gerçək olmur..."
...Yenə də bilgisayarın arxasına keçirəm. Və "bu mənim son yazım olacaq", -deyirəm özüm-özümə. Əslində bir-iki gün qabaq yazılarım çap olunan qəzetin baş redaktoruna da demişdim bunları. O da gülərək: "biz hamımız beləyik", - dedi.
"Bu yazı işi də bir xəstəlikdir. Əstəğfürullah heroin, nəşə kimi bir şeydi, bu yazı işi... "
Bu son sözləri mən dedim ona. Bu dəfə də güldü. Hiss elədim
ki, ürəkdən güldü telefonun o biri ucunda.
Buna görə də
bəzən yuxuda da yazı yazıram. Növbəti
bir yazı uzun illər qabaq itirdiyim bir dost kimi yuxuma
girir, onunla baş-başa oluram....
***
... görürəm ki, qızım mənə bir dəvətnamə vermək
istəyir. Mən də dəvətnaməni
almaq üçün
ha əlimi uzadıram,
ha uzadıram... ala bilmirəm
ki, ala bilmirəm.
Və nəhayət bir təhər alıram dəvətnaməni.
Baxıram. Yazılarım
çap olunan qəzetdən gəlib...
... bu adamla,
bu dəvətnaməni
göndərən adamla,
yazılarım çap
olunan qəzetin sahibiylə heç tanış deyiləm. Yəni şəxsən tanış deyiləm. Mənə yaxın bir
ölkənin Başkonsulluğunda
bir kərə görmüşəm üzünü.
Yaxşı bir insan olduğunu və gözəl bir şəxs olduğunu söyləmişdilər mənə.
Mən heç insan tanıyan deyiləm.
Adamlarda elə hey yaxşı tərəfləri görməyə
çalışan bir
insanam. Bu adamın da yaxşı olduğunun, pis olduğunun fərqinə belə varmadım. Çünki mənim yazılarımı
çap eləyənlər
tamam başqa adamlar idi. Baxmayaraq ki, bu adam qəzetin sahibi idi, türklər demişkən Patronu idi...
Bəli, mənim yazılarımı
çap eləyən
başqa adamlar idi. Heç onlar da mənim üzümü görməmişdilər.
Yazılarım xoşlarına gəlirdi,
gəlmirdi bilmirəm. Amma çap
eləyirdilər. Doğrudur,
bir-iki adam
vardı ki, məni görmüşdü.
Onlar da texniki işlərdə
çalışan adamlar
idilər.
Mən də bu adamları tanımasam da, onların yazılarını
həmişə oxuyurdum. Sevirdim bu
adamları. Güzəranları mənim kimi çox çətin olsa da, bu
məsləyin insanlarını
çox sevirəm.
"Pis-yaxşı tarix
yaradırlar" - düşünürəm. Ölümlə burun-buruna yaşayırlar.
Qazandıqları maaş az olsa da, uşaqlarının
yanında başları
aşağı olsa da, bəzən...
Bütün bunlara baxmayaraq işləyirlər bu məsləkdə....
Dəvətnaməyə baxdım. Məni, bəli məni,
şəxsən məni
qəzetdəki yazarlarla
və işçilərlə
görüşə dəvət
eləyirdilər.
Öz-özümə düşündüm:
üç ildir yazılarım qəzetdə
çap olunur. Niyə indi məni xatırladılar? Niyə şəxsən
mənimlə maraqlandılar?
Mən kiməm ki... O böyüklükdə
adamlar mənimlə görüşmək istəyirlər?
Düşündüm ki, cümləyi-aləm bilir, mən bu ölkədə yabançıyam. Qonağam. Yabançı bir yazaram.
Qəzetçiyəm. Mənim məmləkətim müstəqilliyə yeni-yeni
qovuşur. Çox qan
tökülüb məmləkətimdə.
.
Mənim doğulduğum məmləkət
bütün türk cümhuriyyətlərindən ən
yaxın və ən qohum olan
bir ölkədir bu ölkəylə, bu məmləkətlə. Dil, mədəniyyət,
adət-ənənə, eh nə bilim daha
nələrdə biz çox
yaxınıq bir-birimizə
və ət-dırnaq
kimi bir şeyik.
Və bir də düşündüm:
bəlkə yeni bilgilər almaq istəyirlər, özümlə
daha yaxından və şəxsən tanış olmaq istəyirlər. Buna görə eləyirlər
bunu.
Düşünürəm.... düşünürəm...
düşünürəm...
Və bir də görürəm
ki, toplantı salonundayam...
... Və salona keçirəm. Qəzetin sahibi, bir neçə yazar və mən keçirik yuxarı başa. Otururuq yuxarı başda. Başqa yoldaşlar da məni çox mehriban və isti bir baxışla seyr eləyirlər salondan. Hamısı da gülərüz, hamısı da çox mehriban...
Bir an düşünürəm: bəlkə də, mənə görə belə mehribandılar və gülərüzdürlər. Necə olursa-olsun mən yabançıyam.
Əcnəbiyəm.
Əcnəbi yazaram.
Bütün bunları düşünə-düşünə bir ay qabaq bir qəzetdə çıxan bir araşdırma yadıma düşür və orada bir sual vardı. Beləydi bu sual:
"Küçədəki türk insanı nədən belə qaraqabaq və düşkündü?"
Bu sual həmən ağlıma gəldi. Və mənimlə görüşməyə gələn yazarların və qəzet işçilərinin belə gülərüz və mehriban olduqları bir az bir təhər gəldi mənə.
Amma nə olsun. Bu bir təhər ortama heç bir səbəb yox. Bunlar ağıllı insanlardı, cəmiyyəti idarə edirlər hardasa, insanları və dövləti istədikləri zaman tənqid eləyirlər və tərifləyirlər. Niyə belə görünməməlidilər ki?..
Mən bu görüşə çox böyük bir məmnunluqla və böyük bir sevincilə gəlmişəm. Belə də olmalıdı, - düşünürəm. Heç Ana vətənimdə mənə belə dəvətnamə gəlməyib. Gəlmədi... Məni bu qədər saymadılar. Amma burada röyalarımın məmləkətində mənə bu intellektual hörməti eləyirlər. Və heç şübhəsiz, düşünürəm ki, məni tərifləyəcəklər. Daha nə cür ola bilər ki?.. Qonaq çağırıb, görüş eləyib, əcnəbi bir yazarı söyməyəcəklər ki... pisləməyəcəklər ki... heç görünməmiş bir şey olar bu...Yabancı bir yazarı dəvət eləyəsən, sonra da söyəsən, tənqid eləyəsən.
Əslində mənim yazılarım da buna əsas vermir...
Suallar yağmur kimi yağacaq; - düşünürəm. Mən də çox sakit, çox məmnun və çox möhtərəm cavablar verəcəm. Cavablarım etkili olduğu zaman məni alqışlayacaqlar...
Vah... vah...
Mənim ən qorxduğum və ən pis şey budu bax... eyni səviyyədə insanların bir-birini alqışlaması. Gəncliyimdən heç sevmədim bunu. Gördüm ki, sevim...
Allahım, - düşünürəm, - bu alqışlar olmasa nə gözəl olar.
Amma yox mən qonağam və yabançı bir yazaram. Onlar mənə hörmət eləmək məcburiyyətindədirlər.
Alqışlamaq məcburiyyətindədirlər.
Olsun, canım. Bunu bu qədər
şişirtməyə nə hacət. Bu bəlkə
də bir insanlıq borcudu. Onlardan biri
mənim məmləkətimə
gedib beləcə görüşdə olsa,
heç şübhəsiz,
alqışlanacaqlar. Layiq olduqları
üçün alqışlanacaqlar.
Bunu bu qədər ürəyə salmağa
nə gərək.
Dəvət edirlərsə, deməli,
bütün şərtlərə
əməl olunmalıdır.
Nə istərlərsə
eləsinlər, - düşünürəm. Sağ olsunlar. Mənə olan bu hörmətin heç əvəzi yoxdur. Belə bir milliyyətçi
qəzetdə çap
olunmaq və qonaq çağırılmaq
hər kişinin işi deyil....
... Dəvətnamənin bir o üzünə
baxıram, bir bu üzünə baxıram. İnana bilmirəm ki,
inana bilmirəm.
Ağlım bir şey kəsmir.
Düşünürəm: nə olsun ki, yazıdır yazıram. Mənim kimiləri çox. Düşünürəm: mənim heç bir işim yox, vəzifəm yox...
Millət vəkili deyiləm...
Nazir deyiləm...
Heç
parti başkanı da deyiləm...
Heç
bir yetkim yox...
O yox... bu yox...
Xeyir, amma, bir şey
var: mən yabançı yazaram. Əcnəbi
yazaram.
Bəli, mənim üstünlüyüm
budur.
***
Not: Türk yuxu yorumları mənbələrinə
əsasən:
Röyada bir yerə dəvət
aldığınızı görmək, yaxşı
olmayan bəzi hadisələrlə qarşılaşacaqsınız
deməkdir. Belə yuxular üzüləcəyinizin
də işarətidir.
Röyada
dəvət almaq, nəzərə alınmayan
əlavə xərclərin
olacağını da
bildirir
(DAVAM EDƏCƏK)
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-7 sentyabr.-S.15.