İ R S
Böyük alim,
müdrik insan Əlövsət Quliyevin işıqlı xatirəsinə
Dəniz kükrəyib coşur, dalğalar bir-birini qova-qova sahilə cumur, sal daşlara çırpılır, parçalanıb ağ kəpənəkləri xatırladan damlalara çevrilir, havada uçuşaraq narın qumluğa səpələnir...
Bir azdan xəzri səngiyir. Şərqdə, göyün dənizə sinə gərdiyi yerdə qırmızımtıl zolaq görünür. Günəşin gəlişini sevinclə qarşılayan səma sinəsindən qızıl muncuqlar asır, zümrüd sulara xoş qızartı çökür...
O, bu qeyri-adi mənzərəni maraqla seyr edir, sahildə narın qumluğa səpələnən, günəşin şüaları altında bərq vuran damlalara baxa-baxa düşünürdü: "Damlalar bir azdan buxarlanacaq, yerdə havaya, göydə buludlara qarışacaq. Sonra da yağışa dönüb damla-damla yenə dənizə töküləcək". Tələbə vaxtı ahıl professorun dedikləri yadına düşdü: "Təbiətdə heç nə məhv olmur, şəklini dəyişir, bir haldan başqa hala keçir". Rəhmətlik böyük tarixçi alim, fəlsəfi düşüncəli müdrik insan idi. Auditoriyada sakit, narın addımlarla var-gəl edə-edə keçdiyi mövzunu tələbələrinə dönə-dönə izah edər, ilk baxışda qəribə görünən misallar çəkərdi: "Tanrı Azərbaycana gözəl nemətlər bəxş edib. Mənim fikrimcə bunlardan ən önəmlisi Xəzərdir. Ulu babalarımız dənizə dərya deyiblər. "Dərya bir daş ilə heç dalğalanmaz, arif inciyirsə dayazdır dayaz!" Şair gözəl deyib. Arif-alim dərya kimi dərin olmalıdır. Atalarımız ağıllı-bilikli adamları dərya ilə müqayisə ediblər. "Filankəs dəryadır", - deyiblər. Yadınızda möhkəm saxlayın: tarixi olmayanların keçmişi, fəlsəfəsi olmayanların isə gələcəyi yoxdur. Bizim Azərbaycanın çox qədim tarixi var. Tariximizi öyrənəndə düşünməyin ki, tarix sadəcə quru xronologiya, faktlar yığınıdır. Xeyr, tarix insanı nümunələr və təcrübələr əsasında tərbiyə edən fəlsəfədir. Bunu hələ çox qədim dövrlərdə Azərbaycanımızın böyük tarixçi alimləri, filosofları, görkəmli elm, sənət adamları deyiblər. Onlar bizim klassiklərimiz, mənəvi sərvətimiz - Xəzər kimi bitib-tükənməyən dəryamızdır".
Sonra o, tələbələrini sorğu-suala tutar, onların fikirlərini öyrənər, söhbətini yekunlaşdırardı: "Bilirsiniz, Xəzərin suyu niyə tükənmir? Çünki yayın yandırıb-yaxan vaxtında buxarlanan sular sonradan yağışa dönüb damla-damla yenə dənizə tökülür. "Dərya damlalardan əmələ gəlir", - deyiblər. Təbiətdə olduğu kimi, cəmiyyətdə də belədir. İndicə söhbət açdığım klassiklərimizin - qədim elm-sənət dühalarımızın mənəvi dəryasına indi, müasir dövrdə bizlər - yaşlılar və sizlər - bugünün tələbələri, sabahın bilik sahibləri - hərə heç olmazsa bir damla payını verməlidir. Əlbəttə, görkəmli alimlərin, sənət adamlarının töhfələri də çox olur, Xəzərə axan çaylar kimi. İntəhası çay var, çay var. Kiçik dağ çayları dənizə çatmamış quruyur. Arazla qovuşaraq neçə-neçə dağ çayına, saysız-hesabsız gur bulaqlara Ana olan Kür həm torpaqlarımıza bərəkət gətirir, həm də dənizə öz payını verir".
Professorun sakit, təmkinli danışıq tərzi
vardı. Tələbələrinə xoş, doğma təsir
bağışlayan səsi arxa sıralarda da aydın
eşidilirdi. Azərbaycanın müxtəlif
bölgələrindən gələn səmimi, mehriban,
çalışqan həmyaşıdlar üz-gözündən
nur yağan sevimli müəllimlərini çox istəyirdilər,
onun tərcümeyi-halını yaxşı bilirdilər.
Bilirdilər ki, O, dünyaya gözünü
Kürün qırağında, qədim ata-baba yurdunda
açıb. Özünün dediyi kimi,
Kürün suyu, balığı, çörəyi, mer-meyvəsi
ilə boy atıb, sapsağlam böyüyüb.
Doğma yurdunu çox sevir, Ana Kürün bərəkətli
sahillərində yurd-yuva tikən, məskən salan,
barlı-bəhrəli bağlar becərən, nəsilbənəsil
torpaqla çarpışan, onu göz bəbəyi kimi qoruyan,
uğrunda canlarını əsirgəməyən
ulularının xatirəsini əziz tutur...
Günəş üfüqdən bir boy qalxıb Xəzərin
ayna sinəsini öz nuruna boyanmışdı. Xəfif meh əsdikcə
sular rəngini dəyişir, zərrin şəfəqlər
altında qırçın-qırçın titrəyib bərq
vururdu.
O, sahildə
durub göz oxşayan mənzərəyə baxdıqca ötən
çağlar yadına düşür, saçlarına qar
kimi ələnən illəri xatırlayırdı...
Üçüncü kursda oxuyanda atası
dünyasını dəyişdi. Kasıb ailənin
dolanışığı elə bil uçuruma
düşdü. O, taleyin qəfil zərbəsindən səndələdi.
Ailənin böyük oğlu idi. Bir
çətən külfəti kolxozla evi arasında yol
yorğunu olan anası necə dolandıracaqdı?!.
Atasının yasından sonra kənddə qalıb
işləmək, təhsilinə fasilə vermək istədi. Ancaq...
Sulara dikilən gözləri doldu. O günləri
xatırlayıb kövrəldi. Və xeyirxahı - ahıl
professor bütün vücudu ilə gözləri
önündə canlandı... İlahi, İnsan adama necə
dayaq olarmış!..
Professorun köməyilə o, həm işlədi, həm
də oxudu. Rus dilini mükəmməl öyrənmişdi, nəşriyyatda
yarımştat tərcüməçi işləyirdi.
Elmi-kütləvi məqalələrin,
kiçik həcmli kitabçaların tərcüməsindən
yaxşıca haqq alır, evlərinə kömək edirdi.
Professorun məsləhəti ilə ingilis dili məşğələlərinə
gedir, Tələbə Elmi Cəmiyyətində
çalışırdı. İşləri
başından aşsa da, dərslərindən qalmır, səylə
oxuyurdu. Gərginliyə dözməyi,
vaxtını düzgün, dəqiq bölməyi,
"qaçanı qovub" ən çətin, vacib problemin
həllinə zamanında nail olmağı müəllimindən
öyrənirdi.
Dövrünün
sayılıb-seçilən elm ocağına rəhbərlik
edən, universitetdə dərs deyən, ölkənin məşhur
elmi mərkəzlərində, simpoziumlarda dəyərli məruzələri
ilə diqqət çəkən professor eyni zamanda sanki tələbələri
ilə nəfəs alır, onlara doğma övladları kimi
qayğı göstərir, ilk baxışda xırda
görünən məişət məsələlərində
belə köməyini əsirgəmirdi. Və
bütün bunlar onun qeyri-adi xeyirxahlığından irəli
gəlirdi. O, sözün əsil mənasında
İnsan, Şəxsiyyət idi. Böyük
ürək sahibi kimi səhvləri, qüsurları
bağışlayır, ən çətin məqamlarda belə
güzəştə getməyi bacarırdı. Ancaq çox tələbkar idi. Ən vacib
saydığı bir məsələdə heç kimə
güzəştə getməzdi: tələbələrinə,
aspirantlarına və özünə! Tələbə
səylə oxumalı, aspirant dissertasiyasını yüksək
elmi səviyyədə müdafiə etməli, alim
adını uca tutmalıdır.
Özünə qarşı xüsusilə tələbkar
idi. Gündüzlər irili-xırdalı işlər,
müxtəlif tədbirlər başını qatsa da, gecələr
sübhün gözü açılana qədər qələmi
əlindən düşmür, elmi məqalələrini, əsərlərini
yazırdı. Vaxtaşırı
kitabları nəşr olunurdu.
Bu, onun həyat tərzi idi. İş rejimi nə qədər gərgin
olsa da, yaxınlarının, dostlarının təbirincə
"canına yazığı gəlməsə də",
"iki daşın arasında" dincini almaqla, təntiyən
"nəfəsini dərməklə" kifayətlənir,
vərdişindən əl çəkmirdi. Özünün
etiraf etdiyi kimi, üzərində aylarla işlədiyi əsərini
bitirib son nöqtəni qoyanda, yeni kitabı işıq
üzü görəndə bütün yorğunluğu
canından çıxırdı. İstedadlı tələbələrinin,
aspirantlarının hər bir uğuru, müdafiəsi isə
ona hədsiz sevinc bəxş edirdi...
O,
professorun ən sevimli tələbəsi, sonra aspirantı
olmuşdu. Müdafiəsi çox uğurlu
keçmişdi. Vaxtsız itirdiyi atasından sonra ona əvəzsiz
dayaq olan yaşlı müəlliminin titrək səslə
dediyi sözlər yadına düşdü:
- Təbrik
edirəm... Çox yaxşı keçdi
müdafiən. Elə belə də
gözləyirdim. O gün olsun doktorluğunu tamamlayasan.
Professor nəfəsini dərib özünəməxsus
qətiyyətlə sözünün ardını gətirdi:
-
Sağlıq olsun, onu da müdafiə edəcəksən. Mən sənə inanıram, əminəm buna.
Ancaq... - Ani olaraq fikrə getdi. Sonra
kövrək səslə, - Vəsiyyət
yüngüllükdür, - dedi. - Yadında möhkəm saxla:
həmişə çalış yarı yolda qalma, elədiklərinlə
kifayətlənmə. Özündən
razılıq alim üçün, sənət adamı
üçün durğunluqdur, yerində saymaq, inkişafdan
qalmaqdır.
Professorun
üzü xoş təbəssümdən
işıqlandı:
-
Yadına düşür birinci kursda dediklərim. Mən həmişə istəmişəm ki, tələbələrim
dərin biliyə yiyələnib elm dəryamıza damla-damla
öz paylarını versinlər. Amma sən... - Professor
alnına tökülən seyrək
gümüşü saçını barmaqları ilə
geriyə daraqlayıb yetirməsinin gözlərinə diqqətlə,
fəhmlə baxdı. - Amma sən elm dəryamıza lap
Kür-Araz kimi axa bilərsən, - qətiyyətlə, inamla
dedi, sonra ani fikrə gedib əlavə etdi, - Əlbəttə,
möhkəm çalışsan, gərgin işləsən,
dünyanın elm mərkəzlərinə, qədim
kitabxanalarına baş vurub öz tədqiqatçısını
gözləyən qatı açılmamış nadir əlyazmaları
birər-birər səhifələyib üzə
çıxara bilsən. Yadında saxla: Azərbaycanın
tarixi çox-çox qədim dövrlərə gedib
çıxır...
...Ləpələrin
pıçıldaşdığı narın qumlu sahildə
ayaq saxlayıb fikrə daldı. Professorun vəfatından
sonra dünyanın mizan-tərəzisi dəyişib, Sovetlər
İttifaqı xəritədən silinib, yerində müstəqil
dövlətlər yaranıb. Azərbaycanın
üçrəngli bayrağı dünya birliyi müstəvisində
dalğalanandan bəri nə qədər dəyişikliklər
olub. Sərhədlərin "dəmir qapı"sı
açılandan sonra az qala bütün
dünyanı gəzib o. Elə-belə yox. Tədqiqatçı
alim kimi məşhur universitetlərdə mühazirələr
oxuyub, beynəlxalq elmi simpoziumlarda iştirak edib,
sözünü deyib, qədim, zəngin kitabxanalarda
soraqladığı nadir əlyazmaları birər-birər
araşdırıb, tariximizin əsrlərin kölgəsində
qalan səhifələrinə aydınlıq gətirib,
müxtəlif dillərdə, ölkələrdə
kitabları nəşr olunub. Ancaq...
O, dərindən
köks ötürdü: "Kifayət deyil
gördüyüm işlər. Kaş
ömür vəfa edəydi, rəhmətliyin vəsiyyətini
yerinə yetirə biləydim". Fikrə
gedib kövrəldi. Sonra gözlərinə
işıq gəldi elə bil. Yadına
düşdü ki, Professorun bir vəsiyyətinə tamam-kamal
əməl eləyib. Uzun illər dərs
dediyi tələbələrdən istedadlılarını
seçib, alim kimi yetişdirib. Maşallah, az deyillər, hamısı da ürəklə,
səylə, vicdanla, əzmlə çalışır: həm
xaricdə, həm də Azərbaycanda. Özləri
də onunla əlaqə saxlayırlar, məsləhətlər
alırlar. İndi bilgisayar - İnternet zamanında
bunları eləməyə nə var ki!.. Hərənin öz saytı, elektron ünvanı,
sorğusu, cavabı. Dünya elə bil ovcunun içindədir...
- Salam,
Tural müəllim, sabahınız xeyir!..
Qanrılıb
tanış səs gələn tərəfə
baxdı. Gözləri güldü. Keçmiş tələbəsi, aspirantı idi.
Cavan olsa da, çoxdan müdafiə etmişdi.
Xaricdə təhsilini davam etdirib vətənə
qayıtmışdı. Elmi Tədqiqat İnstitutunun
elmi işçisi olan tələbəsinin uğurları
Tural müəllimi hədsiz sevindirirdi: zarafat deyil, diqqət
çəkən tədqiqatları elm aləmində maraq
doğurur, kitabları xarici ölkələrdə çap
olunur, məşhur uniersitetlərə dəvət edilir,
mühazirələr oxuyurdu. Olduqca sadə,
ünsiyyətcil, təvazökardı.
- Nə yaxşı oldu. Ürəyimdə danışırdım səninlə, keçmiş tələbələrimlə. Fəhmim aldatmadı məni, Toğrul!
- Eşitdim dünən axşam gəlmisiz. Fikirləşdim bu istidə bağda olarsız. Adətiniz üzrə səhər tezdən sahildə....
- Hə, elədir... Dünyada heç bir dəniz, ümman sular Xəzərin yerini vermir mənə. Çox darıxmışdım onunçun. Gecə xəzrinin səsinə oyandım. Bağdan baxanda mənə elə gəldi ki, dağ boyda dalğalar sahili aşıb həyətə dolacaq... Ancaq... dünyanın harasında belə möcüzə var?! Dan yeri qızaranda sahilə gəldim. Nə görsəm yaxşıdır? Bax belə...
O, dənizi qucaqlamaq istəyirmiş kimi qollarını qoşalayıb irəli uzatdı. Toğrul artıq ahıl yaşına çatmış müəlliminin göstərdiyi səmtə baxdı: yay günəşinin göz qamaşdıran şüaları sakit mavi sularda bərq vururdu. Qeyri-adi sükutun ağuşunda elə bil Xəzər mürgüləyirdi...
Araya çökən sükutu Tural müəllim pozdu:
- Xəzərin sahilində yorğunluğum çıxır, rahatlanıram. Nostalji duyğulara qapılıram, tələbəlik illərini xatırlayıram. Unudulmaz müəllimim, görkəmli tarixçi alimin sözləri yadıma düşür. Rəhmətlik bizə, bütün tələbələrinə dönə-dönə tapşırardı ki, irsimizin qədir-qiymətini bilək, onu göz bəbəyimiz kimi qoruyaq, inkişaf etdirək. Dəyərlərimizə daş atanların cavabını qətiyyətlə, ləyaqətlə verək... O vaxtdan neçə illər keçib, zəmanə dəyişib. Yaşa dolmuşuq, ahıllaşmışıq: mən də, keçmiş tələbə dostlarım da. Təsəllimiz budur ki, çalışmışıq vəsiyyətə əməl edək.
Tural müəllim artıq dəyərli alim kimi tanınan keçmiş tələbəsinə ümidlə, sınayıcı nəzərlərlə baxdı:
- İndi növbə səninlə yaşıdlarınındır. Bizim çatdıra bilmədiklərimizi gərək sizlər başa vurasınız. Xüsusən Qarabağ düyününün açılmaçında, əzəli, əbədi qədim torpaqlarımızın azad olunmasında!..
Toğrulun inam, qətiyyət dolu cavabından ahıl müəllimi məmnun oldu. Sonra o, səfər təəssüratını danışdı:
- Bu yaxınlarda İngiltərəyə getmişdim. Birminhem universitetində mühazirəm oldu. Azərbaycan tarixi, elmi, mədəniyyəti barədə suallara cavab verdim. Adətim üzrə ölkəmiz haqqında ümumbəşəri dünya mədəniyyəti fonunda danışdım. Tələbələrdən biri divardan asılan dünya xəritəsində Azərbaycanı göstərməyimi istədi. Əvvəlcə Xəzəri, sonra da dənizə kiçik sivri ox kimi tuşlanan xətti göstərdim. Dedim, budur Azərbaycan, ərazisi kiçik olsa da elə bil miniatür Yer kürəsidir: burada on bir iqlim tipindən doqquzu mövcuddur. Mən sizə yeraltı-yerüstü sərvətləri zəngin olan Azərbaycanın tarixindən, klassiklərimizdən danışdım. Bəs müasir elmimiz, mədəniyyətimiz?! Bu barədə gələn mühazirəmdə ətraflı danışacağam. Hələlik, müəyyən təsəvvürünüz olsun deyə hazırda Amerikada yaşayan dünya şöhrətli alim Lütfi Zadə-nin adını çəkə bilərəm.
O, nəfəsini dərib xoş təbəssümlə tələbəsinə baxdı:
- Mən hər dəfə xarici səfərdən qayıdanda təyyarədən Xəzərə baxıram, ox kimi dənizə tuşlanan xətti görürəm. Ustad onu qartal dimdiyinə, Azərbaycanı isə qanadlarını geniş açaraq uçan şahinə bənzədir:
Xəritəyə baxıram,
Və görürəm:
nəhəng quş,
öz qanadlarını gərib
Xəzərin üzəriylə
uçub gedir.
Azərbaycan görünür...
O şahindir.
Dimdiyi dalğalarda,
qanadları göydə...
Əlövsət
Bəşirli
Ədalət.-2013.-7 sentyabr.-S.9.