"Tamaşaçını utandırmaq yox, maraqlandırmaq istəyirik"

 

Mübariz Həmidov: "Bizim "Müharibə" hələ çox ölkədə səs-küy yaradacaq"

 

Şəhərin yay günləri başa çatır. Paytaxt əvvəlki qaynar həyatına qayıtmaq üzrədir. Tətildən qayıdan teatr kollektivləri də yeni mövsümün hazırlıqlarına başlayıblar. Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 86-cı mövsümünə start verir. Teatrın direktoru əməkdar artist Mübariz Həmidov bizimlə söhbətdə kollektivin planlarını açıqlayır.

- Gərgin keçən 85-ci mövsümün ardından yaxşı dincəlib yenidən iş yerinə qayıtmısınız. İndi də yəqin ki, yeni mövsümün planlarını götür-qoy edirsiniz. Bu barədə söhbətimizin gedişində ətraflı danışmaq imkanımız olacaq. İstərdim ki, əvvəlcə ötən mövsümün yekunlarını dəyərləndirək...

- Həqiqətən də ötən mövsüm çox gərgin keçdibir çox əlamətdar hadisələrlə yadda qaldı. Dövlət başçısının sərəncamı ilə Azərbaycan milli peşəkar teatrının 140 illiyi təntənəli şəkildə qeyd olundu. Heydər Əliyev Sarayında keçirilən yubiley tədbirinin hazırlanmasında teatrımızın 80-nə yaxın işçisi-yaradıcı və texnikin heyətin üzvləri yaxından iştirak etdilər. Sevindirici haldır ki, yubiley mərasiminin quruluşçu rejissorluğu məhz bizim teatrın rejissoru xalq artisti Vaqif Əsədova həvalə olunmuşdu. Tədbirin sonunda çox maraqlı və həyəcanlı anlar yaşadıq. Səhnəyə çıxan mədəniyyət və turizm naziri hörmətli Əbülfəs Qarayev prezidentimiz İlham Əliyevin bir qrup teatr xadiminə dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı sərəncamlarını oxudu. Fürsətdən istifadə edib teatr işçilərinə göstərdiyi diqqət və qayğıya görə möhtərəm prezidentimizə kollektivimiz adından minnətdarlığımı bildirirəm. Son illər mədəniyyətə, incəsənətə dövlətimizin qayğısı göz qabağındadı. Bütün ölkə boyu aparılan böyük həcmli abadlıq-quruculuq işləri mədəniyyət müəssisələrindən, teatrlardan da yan keçməyib. Bu gün Bakıdakı bütün teatrlar təmir edilib, yenidən qurulub. Proses artıq rayonlarımızda fəaliyyət göstərən dövlət teatrlarında da davam edir, orada çalışan həmkarlarımız üçünmüasir tələblərə uyğun şərait yaradılır. Təbii ki, görülən bütün bu işlər fəaliyyətimizin məzmununa və keyfiyyətinə müsbət tərəfdən təsir edir. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru kimi bunu kollektivimizin gündəlik həyatında yaxından görürəm.

Gərgin və maraqlı keçən ötən mövsüm bizim üçün daha bir yubileylə əlamətdar oldu. Dövlət Gənc Tamaşaçılar Teatrı 85-ci mövsümünü başa vurdu. Azərbaycanın teatr tarixində özünəməxsus izimövqeyi olan Gənc Tamaşaçılar Teatrı yubiley mövsümündə maraqlı tamaşalar hazırladı, uğurlu yaradıcılıq işlərinə imza atdı. Beynəlxalq layihə əsasında Aleksey Tolstoyun "Buratinonun macəraları" tamaşasını hazırladıq. Tamaşaya Xorvatiyadan dəvət etdiyimiz rejissor İvisa Simiç quruluş verdi. Onunla birgə çalışan quruluşçu rəssam Dinka Jeriçeviç, bəstəkar İqor Karliç təxminən bir ay müddətində yaradıcı heyətlə sıx əməkdaşlıq etdilər və nəticədə maraqlı bir tamaşa alındı. Ukraynanın Donetsk şəhərindəki Gənc Tamaşaçılar Teatrının rejissoru Tatyana Şevçenko isə bizim teatrın kollektivi ilə İsveç dramaturqu Asrtid Lindqrenin "Balacadamda yaşayan Karlson" tamaşasını təqdim etdi. Xalq artisti Cənnət Səlimova İtalyan dramaturqlar Dario Fonun "Markolfa" və Pepino de Filipponun "Don Raffoel Tranbomçu" əsərləri əsasında "İtalyansayağı xoşbəxtlik" tamaşaçına quruluş verdi. Əməkdar artist Nicat Kazımovun quruluşunda isə Mikayıl Müşfiqin "Şəngül, Şüngül, Məngül" tamaşası balaca tamaşaçılarımıza təqdim olundu. Sözün açığı, bu əsəri Novruz bayramı ilə bağlı hazırlamışdıq və yaz tətilində balacalar üçün oynadıq. Lakin tamaşa maraqlı alındığı üçün onu repertuarımıza daxil etdik.

- 85-ci mövsümün uğurlarından söhbət açarkən "Müharibə" tamaşasından danışmamaq mümkün deyil. Mənim fikrimcə, "Müharibə" son illərdə Azərbaycan teatrının ən uğurlu tamaşalarından biridi...

- "Müharibə"ni mən özüm qəsdən sona saxlamışdım. Bilirdim ki, bu tamaşa barədə sual olacaq. Çünki bu tamaşa geniş əks-səda yarada bilib, haqqında müsbət fikirlər səslənib. Teatrımızın baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovun İsveç dramaturqu Lars Norannın "Müharibə" pyesinə verdiyi quruluş ötən mövsümdəki ən uğurlu yaradıcılıq işlərimizdən biridi.

- Tamaşanın xarici ölkələrdə oynanılması, beynəlxalq festivallarda göstərilməsi üçün hansısa bir planınız varmı?

- Təbii ki, teatrımız ən uğurlu işlərindən birini başqa ölkələrdə də nümayiş etdirməkdə maraqlıyıq, bu yöndə işlər görürük. Sentyabrın 30-dan oktyabrın 2-dək Rusiyanın Həştərxan vilayətində qastrolda olacağıq. Həştərxan Gənc Tamaşaçılar Teatrının səhnəsində oynayacaq tamaşalar arasında "Müharibə" də var. Oktyabrın 3-də Kalmıkiya Respublikasına qastrola gedəcəyik. 3 gün ərzində Milli Dram Teatrının səhnəsində tamaşalar oynayacağıq. Kalmıkiya Milli Dram Teatrı rəhbərliyinin xahişi ilə "Müharibə" tamaşasını da aparacağıq. Bir neçə nüfuzlu beynəlxalq teatr festivalının təşkilatçıları ilə danışıqlarımız gedir, tamaşa barədə məlumatları artıq onlara göndərmişik. İnanıram ki, bizim "Müharibə" hələ çox ölkələrdə səs-küy yaradacaq.

- Yeni mövsümdə hansı tamaşaların hazırlanması nəzərdə tutulur?

- Söhbətimizin əvvəlində ötən mövsümün ardından yaxşı dincəldiyimizi qeyd etdiniz. Sözün açığı, dincəlməyə o qədər də çox vaxtımız olmayıb. Çünki teatrın rəhbərliyi olaraq yeni mövsümün planları, repertuar siyasəti üzərində düşünmüşük. Yeni mövsüm, tamaşaçılarla hər görüş bizim üçün böyük məsuliyyətdir. Təzə səhnə əsərləri ilə bağlı artıq müəyyən addımlar atılır. Bu ilin sonuna kimi bir neçə yeni tamaşa üzərində yaradıcılıq işi aparılacaq. İstedadlı dramaturq Əli Əmirli öz yeni pyesini teatrımıza təqdim edib. "Hasarın o üzündə" adlı həmin pyesə teatrımızın baş rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək. Əməkdar artist Nicat Kazımov isə balaca tamaşaçılarımız üçün Abdulla Şaiqin "Danışan gəlincik" əsərini hazırlayacaq. Bu mövsümdə kiçik səhnəmizdə daimi tamaşalar oynamağı düşünürük. Orada oynanılacaq tamaşalar üzərində gedir. Yəqin ki, oktyabrın 10-dan sonra bu məsələ öz həllini tapacaq. Əvvəlki illərdə olduğu kimi, bu mövsümdə də bölgələrimizə qastrollara gedəcəyik. Biz bu məsələyə həmişə diqqətlə yanaşmışıq. Azərbaycan prezidentinin təsdiq etdiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı isə bunu bir vəzifə olaraq qarşımıza qoyur. Bölgələrimizdə yaşayan tamaşaçılarımızla görüş bizim üçün çox maraqlı olur. Onlarla təmas quranda teatr üçün necə darıxdıqlarını görürük.

- Dünya şöhrətli teatrkino xadimi Kşiştof Zanussi deyir biz necə edək ki, tamaşaçı teatra gəlmədiyinə görə utansın? Sizin teatr bunun üçün görür?

- Bu gün teatrın funksiyası dəyişib, ona qarşı tələblər də artıb. İnformasiya əsrində yaşayan, evində rahat oturub 100-dən çox telekanalı izləmək imkanı olan tamaşaçını teatra gətirmək asan məsələ deyil. Biz tamaşaçını utandırmaq yox, maraqlandırmaq istəyirik. Mənim fikrimcə, əgər tamaşaçı teatrdan narazı gedirsə, günah onda yox, teatrdadı. Teatrımızda işi elə qurmaq istəyirik ki, tamaşaçı bizdən narazı getməsin, növbəti dəfə yenə gəlsin. Qismən də olsa, buna nail ola bilmişik. Bu yöndə fəaliyyətimizi davam etdiririk.

 

Etibar CƏBRAYILOĞLU

Ədalət.-2013.-7 sentyabr.-S.6.