ADİLİYİN VƏ
QEYRİ-ADİLİYİN MODERNİZMİ
Tanınmış
publisist Məzahir Əhmədoğlunu 35 ildən çoxdur
tanıyırıq. 90-cı illərdən sonra nadir hallarda
olsa da rastlaşır və bəzi uzun-qısa söhbətlərimiz
də baş tutur. Bu söhbətlərin nüvəsində
bəzən "mübhəm ziddiyyət", bəzən
normal ədəbi diskussiya, bəzən də dostlar və
özümüzlə bağlı ironik məqamlar
toplanmış olur. O, bütün bunları elə qurur ki,
"təhlükəli" heç nə baş vermir.
Bəli, gözlənilməz saçmalar, duyulan, eyni zamanda baş çatladan ironik müəmmalar müxtəlif mövzulu sahələrdə çoxbilmişliyin gözlənilməz nümunələri, ədəbiyyat, kino və idman sahəsində unikal fikir və məlumat imperatorluğu, məzmunlu və bəzən də qeyd olunması mümkün olmayan sarkazm zarafatlar və söylədiyi "real" macəralar, bunlar bir yana, jurnalist yazılarında seçilmək ehtirasının vüsətli oyanışları və Əli Kərim adına poeziya klubuna rəhbərlik edərkən orijinal və yenilikçi kimi görünmək istəyini gizlətməyəcək romantik deyimləri olan şeirlər yazması. Zənnimcə, bütün bunlar onun üzdə görünən tərəfləri idi. Bakıda - filarmoniyanın arxasındakı Zülfünün çayxanasında məşhur adamlardan eşitdiyi siyasi söhbətlər, səhv etmirəmsə, 70-ci illərin əvvəllərinə aiddir, bizə qəribə və yekəxana görünərdi. Hər halda onu dinləyər və "bizdən irəlidədir" - deyə düşünərdik.
Nəhayət 90-cı illərin olayları. Doktorluq mövzusu götürməkdən vaz keçdik, dönüb oldum həmin olayların öncüllərindən biri. Göyçaylı şəhidlər haqqındakı kitabımdan sonra, "ikinci doğuluş"umun, "Aşıq şeirinin poetikası"nın nəşrləri və Göyçayın tarixi haqqında yazdığım "Göyçay-nə bilirik" təqdimatımın əlyazmasına istinadən ictimai kanalda çıxışım. Elə həmin olaylarda özü mənə dedi ki, "Ədalət" qəzetində çıxışını tənqid etmişəm. Mənim yaradıcılıq fəaliyyətimə onun tənqidi münasibətinin koordinatı hələ 1976-cı ildən cızılmışdı; ilk mətbu şeirimə irad tutmuşdu - "Yeni həyat"da. Əslində birinci tənqidə cavab üçün arqumentim vardı, çünki şeirin deyim məzmununun 1-2 elementini H.Heynidən "çırpışdırmışdım". İkinciyə isə müəyyən səbəbə görə susmadım, "Ziyalı" qəzetində iradlara etirazımı bildirdim. Hər iki münasibət aramızda sərinlik yaratmadı. Son illər çox seyrək görüşümüz və atüstü saçmalarımız olub, vəssalam. Ona görə ki, mən onu daima rəhbər işçilərin, çinli məmurların yanında ağayana dayanmış görərdim. Bu cür görüntülərlə salamlaşmaq mənlik deyildi. Elə indi də beləyəm.
Hə, indi də keçək Məzahir bəyin (o, mənə professor deyə bilər, mən ona bəy deyə bilmərəm?) tamam özünə.
Məzahir Əhmədoğlu ötənlərin ən gənc rəhbər komsomol işçisi olub, sonralarsa mətbuat, kino, ədəbiyyat adamı kimi çoxlarının yaddaşında həm də öz qəribəlikləri ilə dərin izlər buraxıb. O, qəfil görünüb, qəfil yoxa çıxmağı, sevgisini və nifrətini birbaşa "təqdim etməyi" ilə də fərqlənib. Heç bilsəniz Məzahiri göründüyü kimi, olduğu kimi tanıyıb başa çıxmaq necə çətin və mücərrəd bir məsələdir?
Bəli, ilk gənclik illərindən həmişə dəbə uyğun yüksək zövqlə geyinən, ətrafında daima çoxlu dostları olan, bəzilərinə təkəbbürlü və bəlkə də yekəxana görünən indiki modernist publisistikanın mogiqantı əslində qeyri-adi səmimiliyi ilə çox şey qazanıb və eyni zamanda çox şey də itirib.
Mətləbə çatmamış çox uzunçuluq etdik. Belə davam etsək qorxuram "...çox əzizi xar olar". İndi isə vəziyyət belədir. Qarşımda xeyli vaxtdır onun "Uembli arayışı" dayanıb, 260 səhifədən bir qədər artıq. Nəhayət oxudum, gördüm ki, bu bəy əfəndinin yarısından çoxu yerin altındaymış. "Ədalət"də gedən bir neçə məqalə və köşəsi ilə tanışlığım olmuş və xoşuma gəlmişdi, vəssalam. Amma "Uembli arayışı" isə... Burada tanıdığım Məzahir müəllimi yox, bədii publisistikanın diqqətçəkən bir modern nümunəsini gördüm. Bütün hallarda səmimi və ya ironik bir gülüş və ictimai tənqidlə müşayiət olunan "Uembli arayışı"ndakı yazıların görünməyən tərəfində cəmiyyətə və kimlərəsə mehriban bir dəvə kini var. İntuizmim bunu mənə diqtə edir. Mənim üçün maraqlıdır ki, bu kin mayasını haradan götürüb? Bizim bilmədiyimiz çox şeylər var, ən yaxşısını onun özü bilir.
- Əzizim, sənin belə işlərin də varmış, düzü, bu səviyyədə gözləmirdim.
- Bəs necə, mən beləyəm də. Hələ 250 il yaşasan da "bu beləyəm oğlanı" kəşf edə bilməzsən.
- Yenə qəribəliyin, eqoizmin buynuz göstərir...
-
Professor, sənə səhv etməyi yaraşdırmıram. Sən mətnlərə bax, mənimlə işin
olmasın. Dara düşsən, Aqil Abbas
demişkən, kitabı təkrar oxuyarsan.
Aqil müəllim Məzahirin fərdi
yaradıcılıq simasını, üslubunu təyin edə
bilmək üçün öz yazısında doğurdan belə
bir məsləhət edib. Ancaq həm də
etiraf edir ki, bəzi məqamlarda onun nə demək istədiyini
tapa bilmirsən.
Mən elə
indidən, yəni əvvəlcədən demək istəyirəm:
qənaətim belədir ki, "Uembli arayışı"
kitabındakı yazı ədası publisistikamızda yeni
hadisədir, bəlkə də mərhələdir. Buradakı modernizm özünün bədii
tektonikasının dəyişkən variasiyalarında, dil
qatlarının çoxçeşidli metafozik təbiətində,
şeyriyyəti və şirinliyindədir. Məzahirlə tanışlıq kitabdakı
yazıların ruhundan, qanından, canından, qolundan,
budağından, yarpağından, bir əsim titrəyişli
ləçəyindən, yazağzı yağmurların yeknəsəkliyindən,
nəhayət bunların dərinliklərə işləyən
kök saçaqlarından başlayır.
"Uembli arayışı" - sən necə olan nəsnəsən? - sadə,
çevik, cari və dəyişkən, fantastik səmimiyyət,
düşünən və düşündürən
coşqun, təlatümlü və incə simli məlumat
bankları, terminlər bolluğunun ictimai-fəlsəfi
düşüncə və poetikaya
uyğunlaşdırılmış təzə-tər estetik
sistemi, "oxu məni, oxu məni" realistik səsi -
köşələr silsiləsi. Bu silsilədə
sadəlövh variasiyalar özünə yer alıb - çox
hallarda özünün həyatıyla bağlı xatirələr
işığında, paralelliklərin,
paradoksallıqların məntiqi əsaslarla
qaynaqlaşmasında, özü də necə semantik dil
qatlarıyla. Erudisiyalı bilgi axarları
mətnlərdə sərrastlıqla öz çuxurunu
tapıb və belə məqamlarda göz çəkən
dil faktlarındakı simmetrik pozuntuları belə veycə gətirmək
istəmirsən. Bir sözlə,
kiçik mətnlərdə çoxçalarlı süjetlərin,
fikirlərin məntiqi bağlılığının təmin
olunması, orijinal görümlü, müasir bədii
publisistikamızın öndərlərindən biri olan Məzahir
Əhmədoğlunun fərdi üslubunu qarşıya qoyur,
daxili aləmini oxuculara tanıdır.
Məzahir Əhmədoğlu deyir ki, köşə
publisistikanın ən son yaranan qoludur. Onun xisləti,
cövhəri fərdi üslubla bağlıdır. Məni publisistikada təəccübləndirmək
mümkün deyil. Bununla belə etiraf etməliyəm
ki, müasir publisistikamızın zirvəsi İradə
Tuncaydır. Məni təəccübləndirə
bilən təkcə odur.
Nə isə...
Qayıdaq "Uembli arayışı" barəsində
düşündüklərimizə. M.Əhmədoğlunun
modernizminin estetikliyi "qaydasız döyüş"
üzərində qurulub və bu "döyüş"
iştirakçılararası gözlənilməz xətlərin,
situasiyaların məlumat banklarının arasında qan
qohumluğu qədər bağlılığı olur. Bu da onun məqalə və köşələrinin
bədii kompozisiyası strukturunun mahiyyəti deməkdir,
köşə yazarının yaradıcılıq
üslubudur. Hətta bu üslubun özündə br qəribəlik
var. Belə ki, müəllifin şirin təsir
bağışlayan sadəlövh
şıltaqlığı üzə durur; təbii
düşüncə tərzindən, yaşamtısından
irəli gələn keçmişdə olmuş və
olacağı gözlənilən nostalji replika, yaxud
saçmalar, P.S.-vari sonuclar hansısa bir tənqidi
bağlılıqla məzmun tamlığını bərpa
edir, həm də özünü oxucuya xoşluqla
tanıtdırır, sevdirir. Məzahir müəllimin
orijinallığı, bənzərsiz görünmək
estetikası məhz bununla bağlıdır. Bəzən bu qəribəlik ifrata varır. Müəllif sanki qəsdən oxucularını
özünün "sürüşkən" və "dəyişkən"
metoforik müəmmaları ilə sınağa çəkir,
məzəli imtahanvermə aurası yaradır. Bu
imtahanda onun öz səsini də sanki eşitməli olursan: Hə,
necədir, döşünə yatır, başını
işlət, gör nə deyirəm.
Təbii ki, Məzahir müəllimin
oxunaqlığını və bu yolla da məşhurlaşmasını,
medianın fövqünə ucalmasını şərtləndirən
onun yazı ədasına, cari nostaljisinə xas digər
nüanslar da var. Haqqında yazanlar da bunu qeyd edrilər. Kitabın müzakirəsini
təqdim edən icmalların bir neçə yerində,
xüsusən də Aqil Abbasın ön sözündə,
Əli Kərim yurdunun poetik nəfəsini Əli Kərimə
yaraşan səviyyədə saxlayan Mahir Qarayevin
yazısında, eyni zamanda Əflatun Amaşovun "525"dəki
çıxışında həmin nüanslar diqqətə
çəkilmişdir.
"M.Əhmədoğlu
böyük ədəbi və incəsənət şəxsiyyətlərini
bu və ya digər münasibətlə misal çəkərkən,
şərh edərkən hamının görə bilmədiyi
tərəflərdən o insanları açır... Bu yazılarda bəlkə də heç həmin
şəxsiyyətlərin özlərinin ağlına gələ
bilmədiyini o tutur" fikrindəki Aqil israrlığı
yetərincə qəbulediləndir, Məzahir
publisistikasının möhür daşı kimi gerçəkdir.
Aqil Abbas onu Azərbaycan mediasına, Yazarlar Birliyinə
tanıtmaq istəyini "Məzahir Əhmədoğlu Rəsul
Rzanın vətənində, Əli Kərimin vətənində,
Anarın vətənində doğulub. Həmin
insanlar Göyçayı çiyinlərinə
qaldırıb, dünyaya tanıdıblar. Məzahir də çiynini həmin
ağırlığın altına verib" kimi təqdimi
doğrudur.
Məzahirin
röyalar aləmini xatırladan kəsik-kəsik xatirələrin
məhrəm, eyni zamanda "anlaşılmaz"
düzümünün vüsəti, dünya təcrübəsinə
əsaslanan bilgilərinin həm epizmi, əsasən də
lirizmi Vaqif Vəkilovun bir-birinə calanmış
"hokkularını" yada salır. Bununla
demək istəyirəm ki, onun köşələrindəki
bədiilik qəribə bir şeyriyyət ovqatı ilə
müşayiət olunur. Əlamətdardır ki, kitabda
Ramiz Rövşəndən, Vaqif Bayatlı Odərdən,
Mahir Qarayevdən, Nazim Hikmətdən, Məmməd Arazdan, Rəsul
Rzadan kitaba köç salmış şer nümunələri
Məzahirin ictimai-fəlsəfi baxışlarını, arzu
və ideyalarını məhrəm bir hissiyatla, dialektik
qanunauyğunluqla qapayır, tamamlayır, yaxud da onlarla
üst-üstə düşür.
M.Əhmədoğlunun
qəribəliyi bütün yazılarının ruhunda boy
göstərir: "Dahi bir nostalji" köşəsində
Əhməd Ələsgərovun Azərbaycan futbolu
üçün kimliyi və eyni zamanda vətəndən
uzaqlarda yaşamasının qınağa çəkilməsi
məhrəm hissiyyatla müşayiət olunur. Bu
sıralanmada dahi bir nostaljidən əsər-əlamət
yoxdur, heç buna işarə də edilmir. Fəqət,
mətnə bərkidilən P.S. ...Onun özünəməxsus
nostaljisi də, modernist görüntüsü də,
publisistikasının poetik ovqatı və lirizmi də bu mətndə
sanki komanda kimi görünür: P.S. "Ancaq günlərin
birində sən bir bəyaz yuxuya düşüb, bəyaz
bir gəmiyə minib Qara dənizdən mavi Xəzərə
üzərsən, doğma Bakıya çatarsan. Limandan
Sabunçu, Suraxanı tərəflərə tələsərsən.
Alatoranda uşaqlıq illərini
xatırlayarsan, qarşıdakı o təpəyə qalxarsan.
Bir zamanlar o yerlərə dağ da deyirdilər.
Ordan dənizi də, şəhəri də
yaxşı görərsən. Heç
Bakının bu qədər dəyişməsinin, göylərə
ucalmasının fərqində də olmayacaqsan. Çünki bütün futbol meydançaları,
uşaqlıq və gənclik xatirələri
aşağıda yerdədir, torpaqdadır, o illərdən
qalan tək-tük məhəllələrdədir. Hələ
bir Oqtay Ağayevin də səsini eşidəcəksən...
Sən bütün bunları təkrar yaşamaqdan qorxub lap
Odissey kimi özünü gəminin dor ağacına kəndirlətsən
də xeyri yoxdur. O mələk səni o sehrli adaya çəkib
aparacaqdır. Çünki o, bizim
hamımızı ovsunlayan dahi bir nostaljidir." (Necə
deyərlər "uzaq, yaşıl, mavi ada...) Yaxud
keçmiş dostların xatirələrinin anılması
aktına nəzər salaq. Söhbət
"Şıltağın ram edilməsi"ndən gedir.
Obyekt "əsgər məktubları",
açarı - Ədalət Əsgəroğlu. Təbii
başlanğıc - "Ağlınıza dahi Şekspir,
Çelentano - filan gəlməsin...". Sonra Əbülfət Mədətoğlu
axtarılır və Əlahəzrət Məzahir bəylə
üz-üzə gəlir. Uzun müddət
rastlaşmayan keçmiş dostlar görüşürlər.Mətnə
də arxivindən seçilib götürülmüş
Ədalətin əsgərlik şəkli daxil edilib. Əsgər məktublarının saxlanılması
etirafı və indiki zamanda insanların tünd, boz
uzaqlığı. Bu, qəribəlik
deyilmi? Hələ arada "tənhalığın
sahibi Mahir Qarayev işıqlı bir kölgə kimi
görünüb yox olur, sonra da "kriminalist"
araşdırmaların saf keçmişi, 34 il öncə
"törədilən cinayət", etirafa dəvət
fonunda Ədalətin gənclik illərinin portreti
cızılır - "Nə, davakar? Ədalət,
sən bir xuliqan idin. Uşaqlar səni
sakitləşdirmək, "razborkalardan" aralamaq
üçün həmişə məni axtarırdılar, məni
köməyə çağırırdılar. Sən
yalnız məni görəndə sakitləşib məsum
bir görkəm alırdın, ətrafdakıları beləcə
təəccübləndirirdin... Bu adam
öz yolunu dəqiq müəyyənləşdirə
bilmirdi. Şairmi olsun, filoloq, biznesmen, yoxsa ki,
Rembo".
Belə
bir tipik mətnin oxşarından daha bir nümunə:
"Onun (Pəri bibinin- "Orda bir kənd var uzaqlarda"
(yadıma 2002-ci ildə çap olunmuş "2-ci
doğuluşumdakı siyasi epiqrafiyam düşdü) türkəçarələri
həm də bir övliya təsiri göstərirdi. Həyətdə o nəslin ocaq dediyi bir innab
ağacı vardı və mən o ağacdan çəkinib
qorxurdum da. Hətta gecələr mən həmin
o innab ağacını divara söykənib təmbəki
çəkən hirsli bir qocaya oxşadırdım".
Təşbeh o qədər mükəmməl, o
qədər poetikdir ki, mənalıdır ki, deyərsən bəs
püxtələşmiş kitablar müəllifi olan peşəkar
bir yazıçı duyumudur. Halbuki mətndən
də göründüyü kimi Məzahir bəy bu qorxulu
poetik fiquru düşüncəsində yaradanda cəmi-cümlətanı
10-12 yaşı olardı. Belə
çıxır ki, bəyəfəndimizə Tanrı tərəfindən
hələ kiçik yaşlarından fitrətən istedad
verilibmiş. Yazının nəfəsi də
istidir, hərarətlidir, məhrəm duyğuludur, hər kəsə
təmiz, "mifik" keçmişini xatırladır.
Dil-üslub kövrəkliyi, şirinliyi də
öz yerində; necə deyərlər mətndəki
keçidlər əsl folklor yönümlü deyim tərzini
xatırladır. Maraqlıdır ki, bu
cür dil tərzi, mətndaxili obrazlarda zaman və məkan,
situasiya dəyişkənliyi bəyəfəndinin - Məzahir
müəllimin bir çox yazılarında açıq hiss
olunacaq səviyyədə görünməkdədir.
M.Əhmədoğlunun maraqlı, dərində
görünən bədii təhlil və duyum qabiliyyəti fərdi
publisistik üslubundan sonra öndə dayanan sərvətidir. O, həm də bizim sərvətimiz
idi. Əli Kərim adına poeziya klubuna rəhbərlik edəndə
bizlər - Səfəralı Sarvan, Sabir Adil, Adil Məmməd,
Ətraf Alməmmədoğlu (Sərraf), Südabə Sərvi,
ağdamlı həmkarı Mövsüm Hüseynov və mən
bəndəniz o zaman bu sərvəti duya bilmirdik. (Bizim kimi
şeirlər yazırdı - Ə.Ə) Əksinə
əsəbləşərək "ən yaxşı
deyimimi qayçılayıb" - deyə qəzəblənərdik.
İndi görürəm ki, belə
olmalıymış - hamımızın şeir kitabları
çap olunur. Rəhmətlik Sabir, Mahir, Ətraf
Yazıçılar Birliyinin üzvləridir. Onun
ötkəmliyini klubun rəhbəri kimi 2 faktla əsaslandıracam.
Birincisi, onun Aydın Məmmədov və Nadir
Cabbarovla dostluğu. Bu adamlarla bərabər hüquqda ədəbi
proses barədə söhbətdaş olub dostluq etmək... Elə onun ötkəmliyinə bu bəs edirdi.
Axı, Məzahir də yerində
saymırdı, zəhmətsevərlik və mütaliə,
müşahidə qabiliyyətini daim iti saxlamaq, çevik
hazırcavablara yüksək hazırlıq nümunəsi.
Bunu A.Abbas da ön sözdə vurğulayıb.
İkinci, konkret bir fakt olacaq.
"Qaqat" - deyə müraciət etdiyi, qeyri-adi deyimləri
ilə Məzahir müəllimin özünün də
etirafı olaraq bizləri müəmma qarşısında
qoyan Sabir Adil barədə olduqca poetik və sərrast fikir
söyləyib - Vaqif Yusiflinin Sabirin kitabına
yazdığı ön sözün ruhunu, o, yığcam və
poetik bir şəkildə ifadə edib: "O, az bir müddət
ərzində tamam ayrı bir anaxoret üslubun təməlini
qoyan (və ya yeniləşdirən) əzabkeş istedad kimi qəlblərə
yol tapırdı. O, yalnız özündən, öz
içində boy atan kədərli ovqatından yazanda tərki-dünya
olurdu. Sabirin təkliyi, tənhalığı dərindən
diqqət yetirdikdə xanəşinlik də deyildi. Çünki onun şeirlərində
başdan-başa qurumuş bir ağacın da yaşıl nəğməsini
eşidirdin". Sabir Adil haqqında bənzərsiz
poetik düşüncə Məzahirdən məhz bu ovqatda
boy göstərir.
M.Əhmədoğlu
Folknerdən, Kamyudan, N.Hikmətdən, V.Rasputindən, R.Rzadan,
Ə.Kərimdən, Ramiz Rövşəndən, Vaqif
Bayatlıdan bu və digər münasibətli məsələlərdə
misallar çəkəndə, yaxud onlar anılanda bunlar bizə
əsl ədəbiyyat adamının, professional ədəbi
mühit nümayəndəsinin diqqət çəkən
fikir və mülahizələrini xatırladır. Halbuki mən onun bütöv halda mərkəzdə
bir dənə də olsun ədəbiyyatşünaslıqla
bağlı yazısına təsadüf etməmişəm.
Bəlkə də olub...
Respublikada 10-15 köşə yazarından o, bilmirəm
neçəncisidir. Hiss etdiyim odur ki, jurnalistika sənətkarlığı,
nəzəriyyəsi haqqındakı biliyi yetərincədir,
bu sahənin xüsusilə modern yazarı kimi özünü
dördüncü hakimiyyət mühitinə layiqincə diqtə
edə bilib. Ədəbi mühitlə təmasını da buraya
gəlsək özünün dediyi kimi heç də az oxucu qazanmayıb.
Yenə
qayıdaq Məzahir Əhmədoğlunun publisistika
haqqında görüşlərinə: "Publisistika necə
də cazibədardır. Həm də
çoxçalarlı və oynaq janrdır. Yüksək dünyagörüş, intellekt, ədəbi
və siyasi məntiq, sensualizm burada ən vacib şərtlərdir.
Bunlarsız publisistikanın bir janr kimi
mövcudluğu fantaziyadır, idillik düşüncə
toplusudur. Şübhə yoxdur ki, ədəbiyyatda
və publisistikada pastarolluq müasir oxucu üçün
artıq gülməli əhvalat təsirini
bağışlayır". İntellektual
hazırlığına istinadən, zənn edirəm ki,
İradə Tuncay haqqında danışmaq, yaxud yazmaq
üçün qabaqcadan nəzəri bir gediş
müasirdir, yenilikçilikdir, həm də məsuliyyəti
etiraf etməyin gizlin ifadəsidir. Buna görə də
təqdimat olduqca ciddi və sanballı bir gerçəkliklə
üzə durur: "İradə Tuncay
yaradıcılığı haqqında danışmaq
çox çətin söhbətdir. Hətta ağır
söhbətdir... Ağıl, zəka və
gerçəkliyin söhbətidir". Bu
təqdimatda hələ ki, Məzahirə məxsus nostalji
gediş yoxdur. Niyə? Çünki əslində İradə Tuncay məhz
bu görkəmdə əsilləşən yazar
olmalıdır.
İ.Tuncayın
yazar simasının dəyəri, əhatə
bütövlüyü Məzahir duyğusallığında
yenə də meridianlar aşmalı olur:
"Duyğusallıq psixolojinin çox məqamlarında
yaşanır. Çe Gevaranı oxuyarkən,
ilk əvvəl, "Əlvida silah"ı xatırladım.
Ancaq burada Hemenquey o qədər də əl vermədi.
Birdən Etel Lilian Voyniç! Artur-Cemma-Ovod.
Yox, neyləsən də padre bu fəlsəfəyə
birbaşa daxil ola bilmir. Zavallı
Montarelli! Faciəyə qədərki həyat
tamam başqadır. Və çox qəribədir
ki, mən burada yəni guya ki, uzaq Çe Gevara əhvalatında
müəllifi məhz Ovod əsəri ilə
obrazlaşdırıram. Doğrudur, bir qədər
çətin məsələdir. Müəllif
mənim üçün burada həm Etel Liliandır, həm
Arturdur, həm Cemmadır, həm də Arturun
özüdür - Ovoddur. Bir
yazıçını və üç obrazı eyni vaxtda
(müəyyən şərtiliklərlə, təbii ki)
özündə - bir canda, bir ruhda birləşdirmək faciədir,
yoxsa ki, fantastika? Bütün bunları mənə kim açıqlayar ki?" Birmənalı
cavab - İradə Tuncay, onun mənəviyyat
böyüklüyü, zərif həssaslığı, zənginliyi,
ümumiyyətlə, polifonik erudisiyası.
Bütün bunlar qarşımızda
jurnalistikamızın ağır artilleriyası kimi səciyyələnə
bilinən, professional yenilikçinin rəssam
fırçasından çıxmış simasını
canlandırır.
Çox
güman ki, əgər bizim publisist əfəndi
yazıçı olsaydı, yəqin ki, onu unitar
yaradıcı adam kimi başqa rakursda tədqiq
edərdik. Elə aşağıdakı mətndə
yazıçı yazarla publisist yazarın qoşa qanad kimi
bir-birini necə tamamladığını görməmək
haqsızlıq olardı.
Çox yorğunam, məni gözləmə,
kaptan!
Səfər dəftərini
sən özün yazsan.
Qübbəli, çinarlı mavi bir
liman,
Məni o limana,
çıxaramazsan.
...Ancaq Onun dost nəvazişi Allahın lütfü qədər sehrlidir, məni o mavi limanlara çəkəcək yəqin. Hər dəfə fərqli və özünəməxsus tərzdə yazmağa çalışan və əsasən də buna nail olan jurnalistin hər hansı bir səbəbdən qələm götürə bilməməsi faciədir.
Sitat gətirilən həmin mətndən ("Qapalı sınıq məlhəm"i) digər parçaya da nəzər yetirək.
"Əziz dost! ...Sən bilirsən, yaxşı bilirsən ki, mən peşəmizin səltənətini həmişə qızıl kərpiclərlə ucaltmağa çalışan fədakarlardanam. Bir az da fanatikcəsinə. Mən heç kəsin oxumaq istəmədiyi mənasız və primitiv məqalələr yazmağı nə özümə, nə də özünə hörmət qoyan heç bir yazara rəva bilmərəm. Ancaq nə yazıqlar ki, pislər, savadsızlar, satqınlar, pusquda durub yaxşıları sırtından vuranlar, hər iki cinsə aid qədim peşə sahibləri və onlara qucaq açanlar bizim bu jurnalist səltənətimizə dürtülüb hər gün bünövrəsindən 1-2 kərpic çəkirlər. Hətta bəxşiş və müvəqqəti taxt-tac sahibi də olurlar. O taxt-taclarda nə qədər gülməli və zavallı görünsələr də! Taxtda oturub ayaqları yerə çatmayan liliputlar kimi...
...İndi burax məni arkadaş. Bu sonbaharı birtəhər yaşayım, ayaqlarım xəzəlləri xışıldatsın, üz-gözümü çiskinlər iynələsin - qayıdacağam...
İstəyirsən lap gedib həkimlərimə də çatdır: indən belə pulum olanda bahalı şərab da içəcəyəm, siqaret də çəkəcəyəm!" Bu isə əsl publisist yaşantısı, düşüncəsi və məsləkidir. Eyni səpkili publisistik ustalıq "Yağış və külək pəncərəmi döyəcləyəndə..." yazısında da var.
Qəribə paradoksallıq, qəribə başlıq (əksər mətn başlıqları belədir) serialları, sujet xətlərinin qəribə aşnalığı, qohumluğu və məntiqi bağlılığı, bunların fonunda dövr və zaman haqqında ictimai rəy işartıları eyni ustalıq və bənzərsizliklə "Vampyrum" məqaləsində özəlliklə oturaqlaşıb.
Nəhayət, Məzahir Əhmədoğlunun P.S-ləri - yerinə düşərlidirlər və Məzahirin üslubunun özünəməxsusluq əlaməti kimi maraqlıdırlar. Vəssalam.
Kitabda dost yazarların qəzetlərdə onun haqqında söylədiklərinin səmimiyyətinə inanıram. Bunlar kitab müəllifinin eyni zamanda populyarlığını təsdiq edən danılmaz faktor kimi maraqlıdır, xüsusən Aqil Abbas və Mahir Qarayevin yazıları.
Əkbər
Əlioğlu,
filologiya üzrə
fəlsəfə doktoru
"525-ci qəzet"
Ədalət.-2013.-10 sentyabr.-S.4.