Mənim lüğətimdə xəyanət
sözü yoxdu
Bugünkü
müsahibim gənc yaşlarından bir çox filmlərə
çəkilmiş və yaddaşımıza "Ölsəm
bağışla" filmindəki Gülya obrazı ilə həmişəlik
həkk olunmuş aktrisa Gülzar Qurbanovadır.
- Gülzar xanım, bir az aktrisalıq sənətini seçiminizdən, gənclik illərinizdən danışardınız.
- Əslində bu haqda özüm də həmişə düşünmüşəm. Uşaq vaxtı çox dəcəl qız olmuşam. Oğlansayağı, dəlisov, arıq qız idim. Bu da ən çox baxdığım o vaxtkı sovet filmlərindən və çox enerjili bir uşaq olmağımdan irəli gəlirdi. Axşam baxdığım filmdəki hadisələri səhər uşaqları başıma yığıb həyata keçirməyə çalışırdım. Həmişə də başçı mən olurdum. Bəzən o qədər dəcəlliklər edirdim ki, valideynlərim bezirdilər. Təsəvvür edirsiniz, od vurub evi yandırmaqdan tutmuş, isti havalarda soyuducuya girib yatmaq kimi ərköyün istəklərim vardı.
Sonra musiqi məktəbinə getdim. Yeddi illik
pianino sinfini bitirmişəm. Musiqi mənim
zövqümün formalaşmasında çox mühüm
rol oynayıb. Çünki, mən hər
nə edirdimsə, musiqi ilə edirdim. İndinin
özündə də bir iş görəndə, kitab
oxuyanda xüsusi seçdiyim musiqilərin müşayiəti
ilə edirəm. Hərdən deyirəm ki, bu dünyanı
sevgi və musiqi xilas edəcək...
Yeniyetməlik çağlarımda isə artıq mən
Akademik Milli Dram teatrının səhnəsində qoyulan
bütün tamaşalara gedib baxmağa başladım. O vaxt fikirləşmirdim ki,
mən haçansa, aktrisa olacam. Bu sadəcə
olaraq mənim içimdən gələn bir istək idi.
Bəzən elə olurdu ki, mən bir gündə
iki tamaşaya gedib baxırdım. Belə-belə
daxilimdəki enerji və musiqiyə, teatra olan sevgim məni bu
sənətə gətirdi.
- Çox gənc
yaşlarınızdan filmlərə çəkilmisiniz. Kinoyla bağlılığınız necə
başlandı?
- Onuncu
sinifdə oxuyanda Ümumittifaq Kinomatoqrafiya İnstitutuna qəbulun
başlandığını eşitdim. Valideynlərimin
xəbəri olmadan gedib yazıldım. Birinci
tura gedəndə bir şeir əzbərləyib getdim.
Rasim Ocaqov rəhmətlik məni görəndən sonra dedi
ki: "Bu qızda nəsə var, gəlin bu qızı
saxlayaq". İkinci turda da Şəfiqə Məmmədova
eyni ilə Rasim Ocaqovun dediyi sözləri deyib, məni
saxlamağı məsləhət bildi. Mən
də arıq, qarayanız, oğlansayağı bir qız
idim. Elə gözəlliyim-filan da yox idi.
Turda da üç yüz əlli nəfərə qədər
adam var idi. Məşhur
insanların övladları da çox idilər. Artıq üçüncü, dördüncü
turda Moskvanın özündən gəlmiş nümayəndə
heyəti vardı. Hətta o vaxtı
Aleksey Batalov da gəlmişdi. Və həmin
turlarda o adamların hamısı kəsildi. Cəmi altı nəfər qaldıq ki, onlardan biri də
mən oldum. Bizi Azərbaycan
yığması kimi Moskvaya dördillik oxumağa
apardılar.
- Sonra
Bakıya qayıtdınız...
- Sonra
İnstitutu bitirib ən ağır vaxtda, 1990-cı ildə
Bakıya qayıtdım. İyirmi yaşım
vardı. Gələn kimi də Vaqif
İbrahimoğlunun "Yuğ" teatrına getdim. İndi də hesab edirəm ki, mənim bəxtim onda
gətirdi ki, gələn kimi Vaqif İbrahimoğlunun
teatrına getmişəm. O vaxtdan bu günə qədər
də iyirmi üç ildi ki, fasiləsiz olaraq
"Yuğ" teatrında işləyirəm.
- Tamaşaçıların
yaddaşında həmişəlik oturuşmuş
"Ölsəm Bağışla" filminə çəkilməyiniz
necə oldu?
- Hələ Moskvada oxuya-oxuya filmlərə çəkilirdim. "Qəm pəncərəsi",
"İmtahan", "Aeroportda hadisə" filmlərinə
çəkilmişdim. İkinci kursun
sonunda Bakıda festival keçirilidi. Həmin
festivalda nümayiş olunan "Əziz Yelena Sergeyevna"
tamaşasında Yelena Sergeyevnanın oynayırdım. İş elə gətirdi ki, Rasim Ocaqov məni həmin
tamaşada görüb "Ölsəm
bağışla" filminə dəvət elədi. Rasim müəllim məni görən kimi demişdi
ki "mən qəhrəmanımı tapdım". Çünki, o, elə bir rejissor idi ki, film çəkilməmişdən
əvvəl artıq öz filmini görürdü.
- Gülzar xanım yaradıcı
qadının azadlığına münasibətiniz necədi?
- Mən
bayaq dediyim kimi çox azad uşaqlıq və gənclik həyatı
keçirmişəm. İndi yadıma
salıram gənc yaşlarımda məktəbə həmişə
velosipedlə gedib gələrdim. Sonra
çox maraqlı bir vərdişim də vardı, lap məktəb
illərimdən qalmışdı. Harda
pilləkan görürdümsə onun sürahisindən
sürüşməyi çox sevirdim. Çünki,
evimiz beşinci mərtəbədə yerləşirdi. Həmişə evdən birinci mərtəbəyə
elə düşürdüm.
Hesab edirəm ki, bu günə qədər də
içimdə qoruyub saxladığım o uşaq səmimiliyim,
azadlığım mənim bu gün sənətdə də,
yaradıcılıqda da azad olmağıma, imkan yaradır. Hərdən
fikirləşirəm ki, cəmiyyətin basqısı olmasa,
mən o içimdə qalan, uşaqlıqda edə bilmədiyim
hərəkətlərimi təkrar edərdim. Çünki, mən burda heç bir qəbahət
görmürəm. Özüm olmaq,
özümü yaşamaq istəyirəm. Məncə individuallıq, fərqlilik burdan
yaranır. Baxmayaraq ki, cəmiyyət
qınağı ilə tez-tez üzləşirsən, amma
özün olursan. Bu çox gözəl hisslərdi...
- Vaqif İbrahimoğlu boşluğu
yəqin hər bir tələbəsi kimi sizi də çox
incidir?
-
Haqlısınız. O elə bir insan, müəllim idi ki, onun
yerinin heç kim doldura bilməz. Mən onu özümə həmişə mənəvi
ata hesab etmişəm. Sağlığında
da, elə bu gün də. Çox gözəl
insan idi. Bizim hansı birimizin bir dərdi-sərimiz,
ruh düşkünlüyümüz olanda o, bunu bizim
baxışlarımızdan oxuyardı. Çağırardı
otağına, ordan-burdan bizimlə söhbət edərdi.
Biz ondan ayrılanda artıq tam gümrah formada
olardıq. Birdə ki, Vaqif müəllim
bizə ətrafda baş verən hadisələrə təbəssümlə,
yumorla yanaşmağı öyrətmişdi. Mən hərdən
deyirəm ki, mən öləcəm heç kim
inanmayacaq. Çünki, bəzən xəstələnəndə,
ağrıyanda təbəssüm edirəm, artıq mənə
heç kim inanmır. Yəni
bu xasiyyət məhz Vaqif müəllimdən qalmadır.
Mən indi xatırlayıram o hər
tamaşadan əvvəl də, sonra da oturub bizimlə saatlarla
elə söhbətlər edərdi ki, biz gecə saat on ikidə
özümüzü güclə metroya çatdırıb
evə gedərdik. Həmin söhbətlər
bizi kamilliyə, şəxsiyyət olmağa doğru aparan
anlar idi. İndi o günlər, söhbətlər
üçün o qədər çox darıxıram ki... Mən demirəm ki, bu gün biz nəhəng rollar
oynamış aktyorlarıq. Amma biz Vaqif
İbrahimoğlu məktəbindən çıxmış
şəxsiyyət kimi yetişdik. Mən
də özümü bu teatrda tapdım. Və
mənim lüğətimdə xəyanət sözü
yoxdu. Mən buranı yalnız onun xeyir-duası
ilə tərk edə bilərdim. Amma hara
getsəydim də yenə bura qayıdardım. Çünki, ocağım Yuğ teatrıdı.
İndi çox sevinirəm ki, o, özündən
sonra neçə nəsil yetişdirib getdi.
- Gülzar xanım, həyat
yoldaşınız Elxan Cəfərovla necə tanış olmusunuz?
- Biz Elxanla
bir məktəbdə oxumuşduq. O, məndən üç
sinif yuxarıda oxuyub. Mən onda onu artıq
filmlərdən tanıyırdım. Amma
ağlıma da gəlməzdi nə vaxtsa onunla ailə quraram.
O, orta məktəbi bitirdikdən sonra Moskvada mən
oxuyacağım İnstituta məndən bir neçə il əvvəl tək qəbul olunmuşdu. Sonra o, əsgərliyə getdi. Qayıdanda
isə mənim oxuduğum kursa düşdü. Biz
çox yaxşı dost olduq. Mən yaxşı dost
olmağı bacarıram. Dördüncü
kursda oxuyanda artıq bizim münasibətlərimiz vardı.
Elə dostluğun da sonu gəldi
çıxdı sevgiyə və biz ailə qurduq. (gülür)
-
"Dolu" filmində şəhid anası rolunuz barədə
nə deyə bilərsiniz...
-
Çox ağrılı rol idi... Bir ana nə qədər desə
də ki, "mən oğlumu vətən uğrunda qurban
verirəm", yenə də bu sözlər şəhid
anasının daxilinəki əzabı dindirmir... Çünki, ananın canından canı, onun bədənin
bir parçası ondan qopub torpağa qovuşur. Filmdəki ana da ərini itirmiş, oğlu
müharibədə olan tənha ana olur. Sonunda
oğlunu da faciəli şəkildə itirir.
İndi bugünkü şəhid analarımıza da
heç bir təskinlik verə bilmərik. Ancaq
torpaqlarımızın alınması onların ürəyini
sərinlədə bilər.
- Yeni filmlərə çəkilirsiniz.
Bu günün rejissorları ilə işləmək
necədi?
- Mənim
cavanlarla işləmək daha çox xoşuma gəlir. Cavanlar qulaq asmağı bacarırlar. Mən xoşlamıram ki, rejissor nə desə mən
onu etməliyəm. Əsla! Mən də
yaradıcı bir insanam. Və öz
üzərimdə yaxşı işləməyi bacaran
insanam. Əgər rejissor məni
inanırıb əsaslandırsa ki, o düz deyir, mən təbii
ki, rejissorla razılaşıram. Amma
görəndə ki, yox xarakter açılmır, ortada
yalnışlıq var, o zaman məcbur oluram mən öz əsaslarımı
irəli sürməyə. Ümumbəşəri
mövzular çox olsa da, ancaq mən həyatda bir həqiqət
tanıyıram, o da sevgidi!
- Yuğ
teatrının tamaşaçıları barədə nə
deyə bilərsiniz?
-
Bilirsinizmi, bizim teatrımızın şəraiti, istilik
sistemi yoxdur. Qış vaxtı çox soyuq
olur. Tamaşa vaxtı görəndə
ki, tamaşaçı yağışa, qara baxmadan,
çovğunda gəlib oturub bizim tamaşalarımıza
baxır, bu həqiqətən də aktyora olan sevginin əlamətir.
Aktyor da çəkdiyi zəhməti həmin
tamaşaçı ilə ürəkdən paylaşmasa, bu
artıq günah olar.
Şükürlər
olsun ki, "Yuğ"un artıq öz
tamaşaçıları var. Çətin də olsa, bunu
formalaşdırmağa nail olmuşuq.
- Dünya
kinosundan hansı rejissorları, aktyorları izləyib
sevirsiniz?
- Əslində çoxdurlar. Amma rejissor kimi Federiko
Fellinini, Stiven Spilberqi çox sevirəm. Aktrisalardan
Culetta Mazina, Anna Manyani mənə daha yaxındılar. Həyatda mənən qalib gələn, sınmayan
insanları çox sevirəm. Həmin bu
adlarını çəkdiyim qadınlar həyatın bir
çox çətinliklərindən
çıxdıqları üçün yəqin mənə
daha yaxındılar. Aktyorlardan isə
heç vaxt dəyişməyən üç kumirim var.
Marlon Brando, Entoni Hopkins, Malkoviç. Mənim
fikrimcə bunlarda üç amil birləşib. İnsanlıq, şəxsiyyət və aktyor olmaq sənəti.
Çünki, insan var ki, dahidi, amma müəyyən
situasiyada bir çamadan pula öz şəxsiyyətini itirər.
- Teatr aktrisası olmaqla
yanaşı, həm də kino aktrisasınız. Kinomuzun gələcəyi barədə nə deyə
bilərsiniz?
-
Bilirsiniz, heç kimə demək olmaz ki, sənin gələcəyin
yaxşı olmayacaq. Yəni hər şey irəliədi.
Xüsusilə gənclərə demək olmaz
belə söz. Məsələn, biz teatra maaş üçün gəlmirik ki. Sənətkar artıq öz işinin məcnunudur.
Və sevdiyinə görə də məcbursan
ki, gələcəyə doğru məcnun olub getməyə.
Şablon səslənsə də "sonuncu
ölən ümiddir". Bəlkə də
kobud müqayisə olacaq. Amma mən həyatda
bir çox ağır, ölümcül xəstəlikləri
olan insanlarla rastlaşmışam. Həmin
insanın ətrafında olan insanlar biliblər ki, bu
insanın artıq sonudur. Amma o insanın
son anda belə gözlərində yaşamaq üçün
ümid işığı olub. Həmin
insana heç vaxt demək olmaz ki, sən öləcəksən.
Bax bilirsinizmi, sənət də bu cürdü.
Bəlkə də biz özümüzü
aldadırıq. Amma yenə də
yaxşı mənada özümüzə pozitiv enerji
ötürürük.
Bizdə
kino sahəsində çox isteadlı insanlar var. Sadəcə
olaraq bizdə bu işlər bir az asta
gedir. Bunu üçün mütləq məktəb
oxumaq lazımdır. Rejissorlar çoxlu
işləməli, mütaliə, müşahidə etməlidirlər.
Mütləq dünya kinosundan bəhrələnməlidirlər.
İndi biz oturub gözləyə bilmərik
axı kimsə bizi Moskvaya oxumağa göndərsin. Adicə mobil telefonla parkda əyləşib
insanları çəkib sonra montaj etsələr, nə qədər
maraqlı süjetlər, kadrlar əldə edə bilərlər.
Yəni, istedadı, marağı olan insan zəhmət
çəkib istədiyi filmi, əsəri yarada biləcək.
Samirə
Əşrəf
ədalət.-2013.-12 sentyabr.-S.4.