YARIMÇIQ QALAN ÖMÜR

O eldən getdi

 

Mən onu bir dostun təqimatı ilə tanıdım. Həmin dostum bizi tanış edərkən bildirdi ki, Vaqif müəllimlə tələbəliyimiz bir keçib. Yaxşı günlərlə yanaşı, qayğılı, çətin anları da bölüşə bilmişik. həyat elə gətirib ki, qaçqın düşəndə ilk qapısını döydüyüm elə Vaqif müəllim olub...g

Bu tanışlığın yaşı 1993-cü ilə təsadüf edir. Onda Xocavənd rayonu bütünlüklə işğal olunmuşdu biz Beyləqan, Ağcabədi, həmçinin digər bölgələrin ümid yeri bildiyimiz ünvanlarında məskunlaşmışdıq. Həmin illərin bizə yaşatdığı ağrı-acısının içərisində ümid yeri olan insanların varlığı əlimizdən tutub yol göstərən, qayğımıza qalan xeyirxahların bizə yaşatdıqları sabaha inamımızı ölməyə qoymurdu. Təsadüfi deyil ki, Vaqif müəllimlə olan görüşlərdə onun nikbin söhbətləri az qala bir amirəliklə, hökmlə verdiyi qərarlar öləziyən ocaqlarımızı sönməyə qoymurdu. Bu insanın çöhrəsindəki inam, səmimiyyət bir az da uzaqlara dikilmiş baxışlarındakı sabaha sonsuz ümidlər bizi öz dalınca çəkib apırırdı. Biz ona qoşulub ümidli, inamlı gələcəyə doğru gedirdik.

Artıq barəsində xatirələr danışıb xatirələr yazmağa məcbur olduğum Vaqif Şahlar oğlu Hüseynov 1958-ci ilin mart ayının 28-də Ağcabədi rayonunun Yeni Qaradolaq kəndində dünyaya gəlmişdi. O, böyüdüyü evdə, ailədə bu dünyanın gəlişindən, gedişindən xəbər verən kitab-dəftərin, böyük tərbiyənin içərisində bütün yaşıdları kimi qayğısız böyümüş orta məktəbi uğurla başa vurmuşdu. Ali təhsil üçün Vaqif müəllim çox da uzaq ünvanlar seçməmişdi. Necə deyərlər, elə özlərinin beş addımlığında olan Xankəndində o vaxtkı pedaqoji instituta daxil olmuş fizika, riyaziyyat fakültəsində riyaziyyat müəllimi kimi təhsilini başa vurub doğulduğu rayona qayıtmışdı. Təhsil aldığı Xankəndi Pedaqoji İnstitutunda o dostlarının, tələbə yoldaşlarının sevimlisi ola bilmiş, onların, eləcə müəllimlərinin hörmətini, sevgisini qazanmışdı.

Vaqif müəllim 1979-cu ildə ali təhsilini başa vurub bir vaxtlar orta təhsil aldığı Ağcabədi rayon Füzuli adına orta məktəbdə riyaziyyat müəllimi kimi öz müəllimləri ilə çiyin-çiyinə işləmişdi. 3 il müəllim kimi fəaliyyət göstərən Vaqif müəllim 1982-ci ildən 1988-ci ilə kimi həmin məktəbin direkitor müavini kimi fəaliyyət göstərmiş, 1988-ci ildən 1999-cu ilə kimi məktəbin direktoru olmuşdur. Təcrübəsi, müəllimlərə, təhsilə yanaşması, bütövlükdə pedaqoji kollektivin hörmətini qazanması Vaqif müəllimin yolunda yaşıl işıq yandırmışdı. Belə ki, 1999-2000-ci il tarixində Ağcabədi Rayon Təhsil Şöbəsində metodist işləyən Vaqif müəllim qısa bir müddətdən sonra, yəni 2000-ci ilin avqust ayından 2005-ci ilə kimi Ağdaş Dövlət Humanitar Kollecinin Xocavənd Rayon Şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdi.

Həyat yolundakı bu maraqlı məqamlar bir-birini əvəz etdikcə Vaqif müəllimin rayonda, ictimaiyyət arasında, eləcə fəaliyyət göstərdiyi sahədə nüfuzunun getdikcə artmasına səbəb olmuşdu. Məhz bunun nəticəsində 2005-ci ildə Vaqif Hüseynov Ağcabədi Pedaqoji Texnikumuna direktor təyin olunmuşdu. Əmək fəaliyyətinin müxtəlif illərində özünün rəhbərlik məharəti, həmçinin elmə böyük marağı onun yuxusuz gecələrinin sayını artırır, daha da irəli getmək, daha çox qurub-yaratmaq həvəsini tükənməz edirdi. Görünür, Tanrının ən çox sevdiyi bəndələrindən biri olduğundandır ki, Vaqif müəllim hər işə vaxt tapmağa, hər kəsə diqqət yetirməyə, hər kəsə qayğı göstərməyə tələsirdi. Ona görə elmi fəaliyyətini unutmur, "Nəsrəddin Tusinin pedaqoji irsinin Azərbaycanda pedaqoji fikrin inkişafına təsir" mövzusunda dissertasiyasını uğurla müdafiə etmiş, pedaqoji elmlər namizədi adı almışdır. Düşünmək olardı ki, işinin çoxluğu onu dayandırar, həvəsdən salar. Ancaq hər şey əksinə olmuşdu. Vafiq müəllim elmlər namizədi olandan sonra yaradıcılıq fəaliyyətini, araşdırmalarını daha da genişləndirmiş o, Respublika Təhsil Problemləri İnstitutunun doktorantı kimi elmimizə töhfələr vermək istiqamətində gərgin fəaliyyət göstərmişdi.

Torpağına, ailəsinə, əqidəsinə sadiq olan Vaqif Şahlar oğlu Hüseynov Ulu Öndərimizin əqidəsini, arzularını yaşadan inkişaf etdirən Yeni Azərbaycan Partiyasının üzvü kimi Ağcabədi rayonunun ictimai-siyasi həyatında yaxından iştirak edirdi. Onun 4 kitabı, 12 elmi məqaləsi təhsil problemlərimizin həllində bir mənbə kimi yüksək dəyərləndirilmiş, gənc müəllimlərə vəsait kimi tövsiyə olunmuşdug

Təəssüf ki, həyatın qəribə anları bəzən amansızlıqları da olur. Ömrünün bu gözəl çağında ailəsinə, doğmalarına, istədiyi kollektivə, aid olduğu bölgəyə daha çox fayda vermək üçün gecəsini gündüzünə qatan Vaqif Şahlar oğlu Hüseynovu əcəl vaxtsız əlimizdən aldı. Onun arzuları, istəkləri yarımçıq qaldı. Bir ev, bir kənd, bir bölcə, eləcə təhsilimiz işıqlı bir insanla vidalaşmalı oldu...

Bu gün ölümü hər kəsi göynədən, yoxluğu diqqət çəkən Vaqif Şahlaroğlu təkcə ailəsinə, dostlarına deyil, həm onu tanıyan hər kəsə ürək ağrısı yaşadır. Bu cür insanlar həm eldən gedir. Ailəsinin , elinin başı sağ olsun! Allah rəhmət eləsin! Ruhu şad olsun!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2013.-13 sentyabr.-S.4.