ŞEİRİMİZDƏ
QARABAĞ
ƏDƏBİ
HƏYAT
(VII məqalə)
Şeirmizdə Qarabağ olaylarından söz açırkən Xalq şairi Zəlimxan Yaqubu xatırlamamaq, onun bu mövzuda qələmə aldığı şeir və poemalarından söz açmamaq mümkün deyil. Hadisələrin lap başlanğıcında Zəlimxanın yurdu mübarizəyə, qələbəyə çağıran səsini eşitdik:
Baxma ki,
yollarda duman var, toz var,
Qəlbimdə atəş var, dilimdə köz var.
Bu gün
dodağımda tək bircə söz var
Qələbə!
Qələbə!
Ancaq Qələbə!
Haqsızın
gücü var, haqqın Allahı,
Allah yerdə qoymaz çəkilən ahı.
Bu gün
millət üçün sözlərin şahı
Qələbə!
Qələbə!
Ancaq Qələbə!
Bu o vaxtlar idi ki, Azərbaycanda döyüş əhval-ruhiyyəsi,
cəng-cidal ovqatı yüksək idi. Şeirimizdə
də bu mənada səfərbərlik,
çağırış motivləri güclü idi. Zəlimxanın "Əsgər qardaşıma məktub"
şeirində də "Özün qaz səngəri,
özün aç yolu, Dumandan, gümandan çıxart milləti!
Ən güclü ordunun zərbəsinə dön, Ən
ağır zamandan çıxart milləti!..
Millət taleyini tapşırıb sənə,
Ən böyük şərəfim sən olmalısan!"
çağırışı səslənirdi. Ancaq təəssüf ki, meydanda tək idik,
güclü ordumuz hələ yaranmamışdı, ölkənin
daxilində isə xaos, hərcmərclik hökm
sürürdü və qaçqınlıq,
köçkünlük bəlası da böyük bir dəhşət
kimi ortaya çıxdı.
Həmin illərdə Zəlimxanın şeirlərində
gah çılğın, sərt nidalar, gah da kövrək, məyusluqdan
yaranan həzin sətirlərin olması təbii idi. Çünki
dövrün özü təzadlı idi, mürəkkəb
idi.
Əlbəttə, o illərin mühüm ictimai-siyasi
hadisələri, Azərbaycanın ağır müharibə
şəraiti, istedadından, yaxud hansı partiyanın
mövqeyində durmasından asılı olmayaraq bütün
şairləri həyəcana gətirmişdi. Ancaq bu həyəcanın,
bu göynərtinin poetik ifadəsi hər şeirdə eyni səviyyədə
deyildi. Poeziyada Laçın harayı, Kəlbəcər
dərdi, itirilmiş digər torpaqlarımızın həsrəti
çox zaman bir nəzmçilik səviyyəsində idi.
Digər tərəfdən, daha haray çəkməyin,
fəryad qoparmağın, sızıldamağın poeziyada nə
qədər göz yaşları vahəsi yaratdığı
bəs deyildimi? Mirzə Ələkbər Sabirin bu
misrası bizə görk olmalıydı: "Ağladıqca
kişi qeyrətsiz olur!" Ona görə də
Zəlimxan Yaqub sazında-sözündə "Dur ayağa, məmləkətim!"
çağırışını, nidasını eşidəndə
bunu həmin o göz yaşlarına bir vida, bir təəssüf
kimi dərk etdik.
Haqsız
meydan suladıqca
əlimizdən haqq gedir,
Gözümüzdən
arx açılır,
çay
gedir, bulaq gedir.
Qarış-qarış,
parça-parça yurd gedir,
torpaq
gedir,
Mən ki
əsir olmamışdım,
nədir
bu əsarətim?
Dur
ayağa, məmləkətim,
qalx
ayağa, millətim!
Nifrətini
silah elə, gəl silahı gözləmə,
Sarıl
bu gün inamına,
gəl
sabahı gözləmə.
Haqqa
güvən, nə gədanı,
nə də
şahı gözləmə,
Ona-buna
göz tikənə yoxdu
mənim
rəğbətim,
Dur
ayağa, məmləkətim,
qalx
ayağa, millətim!
Zəlimxanın
bu silsilədən olan şeirlərində ("Qəbələ",
"Goranboydan gəlirəm", "Axmayın, göz
yaşları", "Əsgər qardaşıma məktub",
"Çıxış edir Xəlil Rza", "Sən
qalib gələcəksən", "Barışmaram",
"And yerimiz", "Onun ruhuna söykən",
"Qalmaz") artıq müharibə şeiri necə
olmalıdır sualına cavab tapmaq olar. Yuxarıda
biz poeziyada yersiz harayın, fəryadın, göz
yaşlarının əleyhinə çıxdıq. Qeyd edə bilərik ki, bu şeirlər öz səviyyəsinə
görə poeziyada heç bir iz buraxmayacaq. Ancaq kədər hissi müqəddəsləşəndə,
yurd itkisi, torpaq ağrısı şeirdə əsl
ağrı kimi səslənəndə həqiqi poeziya
nümunəsi yaranır. O kədərin içində
ağrı və göz yaşlarıyla bərabər bir inam
hissi də boy atır. "Bu gecə yuxuma girmişdi
Şuşa" şeirində olduğu kimi:
Bu gecə
yuxuma girmişdi Şuşa,
Pənah xan qəzəbdən tir-tir əsirdi.
Şuşanı
satanlar verib baş-başa
Şəhərin üstündə qiymət kəsirdi.
Od tutub
yanırdı Vaqifin goru,
Natəvan ah çəkib ağı deyirdi.
Usta
toxunmuşdu hiylənin toru,
Hələ ki, sözünü yağı deyirdi.
Vidadi
Qazaxda qalxıb məzardan,
Gəlirdi Vaqifin qəbrinə sarı.
Qurtarın!
- deyirdi milləti dardan,
Qurtarın!
- deyirdi bu torpaqları.
Zəlimxanın "Kəlbəcərdən gələn
qarı" şeiri
qaçqınçılığın, didərginliyin
acı aqibətini canlandırmaq baxımından ən təsirli
şeirlərdən biridir və illər keçdikcə, həyata
yeni nəsillər gəldikcə, dönüb arxaya
baxdıqda Kəlbəcərdən gələn o
qarının məhzun görkəmi unudulmayacaq. O qarı öz qəmli
taleyilə göz önündə canlanacaq:
Üzündə
ruzgarın nəmi,
Gözündə
dünyanın qəmi,
Kürəyində
əsrin yükü,
Ürəyində
dərdin kökü,
Çiynində
evi, şələsi,
Beynində
topların səsi,
Tökülən
gözünün yaşı,
Sökülən
bağrının başı,
Canında
qışın sazağı,
Saçında
dağların qarı,
Bir
yuvanın uçan quşu
Kəlbəcərdən gələn qarı.
Xocalı
faciəsindən 21 il keçir və 21
ildir ki, bu faciənin ağrısıyla qovruluruq. XX əsrdə baş verən və xeyli insan
ölümünə səbəb olan kütləvi
qırğınlarla tən tutulan Xocalı faciəsi millətimizin
qurumayan göz yaşlarıdır. Təbii
ki, bu ümumxalq faciəsi söz sənətində də
öz ağrısını yaşayıb, yaşayır və
yaşayacaq. Mən onlarla bədii əsərin
- şeirin, poemanın, dram əsərinin, hekayənin,
romanın, publisistik məqalənin adını çəkə
bilərəm. Ancaq mənim fikrimcə, dərdin,
kədərin, ağrının miqdarını hesablamazlar.
Bircə onu deyə bilərəm ki, bu əsərlərin
xeyli qismi bədiiyyatca aşağı səviyyəli olsa da,
hər halda ürək ağrısından qopub. Amma bu faciədən söz açan bir əsərdən
- Zəlimxan Yaqubun "O qızın göz
yaşları" poemasından danışmamaq
insafsızlıq olardı. Çünki
bu poema Xocalı faciəsi haqqında yazılan ən
yaxşı poetik əsərdir.
Z.Yaqubun
poemasının əsasında belə bir əhvalat durur:
"Xocalı faciəsinin 13-cü ildönümü ilə əlaqədar
yas mərasimi - şəhidləri anma günü
keçirilirdi. Hər çıxışda
bir üsyan, hər baxışda bir leysan var idi. Dərdini dilə gətirənlərə bir-bir
söz verilirdi. 21 yaşlı Xocalı
qızı Xəzangülə də söz verdilər. Ermənilər onun 36 yaşlı anası Raya
xanımı, 5 yaşlı bacısı Yeganəni Əsgəran
meşəsində güllə ilə dəlik-dəlik
etmişdilər. 38 yaşlı atası Təvəkkülü
8 yaşlı Xəzangülün, körpə
qızcığazın gözləri baxa-baz-xa, diri-diri
ağaca sarıyıb yandırmışdılar. Təvəkkülün günahı ondan ibarət
olmuşdu ki, ermənilər "Qarabağ erməni
torpağıdır" sözünü ona dedirdə bilməmişdilər".
Zəlimxan poemaya elə bu dərdin poetik izharı ilə
başlayır, daha doğrusu, Xocalı faciəsini
poeziyanın ağrısına, kədərinə
çevirir.
O gün
qan üstündə açıldı səhər,
O gün
Xocalıda yer qırmızıydı.
Qırmızı-qırmızı
üzümə durdu,
İblis görkəmində şər
qırmızıydı.
Doğrandı
dayağı, kəsildi soyu,
Qan oldu bayramı, yas oldu toyu.
Qarı ağ görmüşdük ömrümüz
boyu,
O gün
Xocalıda qar qırmızıydı.
Beləcə, Xocalıdan gələn qızın qəmli,
faciəli hekayəti başlanır və poemanın sonuna qədər
biz bu qəmli hekayətin təsirilə yaşayırıq. Ancaq poema təkcə
"o qızın göz yaşları" ilə məhdudlaşmır,
bir qızın dərdi timsalında tillərdir həlli
düyünə çevrilmiş Qarabağımızdan,
torpaq itkisindən, xalqın bu ağır dərdi necə
yaşamasından, sabaha inamından da söz açır.
Poemada ən təsirli səhnə qızın
atasının-Təvəkkülün ağaca sarınıb
vəhşicəsinə qətlə yetirilməsidir. Şair bu səhnədə
bədii təsvir vasitələrindən kifayət qədər
istifadə edib-bənzətmələr, mübaliğələr,
metaforalar bədii niyyətin reallaşmasına imkan
yaradır. Bu səhnəyə
"göydən ulduz baxırdı, qayadan çiçək
baxır, zirvədən buz baxırdı, yaraların
üstünə səpilən duz baxırdı, burada ağac
da Təvəkkülə ürək-dirək verirdi, odunu
söndürməyə dağlar külək verirdi".
Poema nikbin notlarla başa çatır. "O qızın göz
yaşları" qəzəbə, nifrətə, qisas
harayına çevrilir:
Iların
təpəsinə
mərmi
kimi yağmalıyıq.
Bu gün
bizdə olan nifrət
ən
güclü silahdı, qızım.
Hər
alçağın qarşısında
dizlərini bükməz Vətən.
Yer
dağılar, göy alçalar,
heç
vaxt yerə çökməz Vətən.
Səciyyəsinə görə poema lirik-publisistik səpgidədir. Zəlimxan üslubuna xas
olan bir çox komponentlər bu poemada da daha qabarıq nəzərə
çarpır: onun "Saz", "Yunis İmrə
dastanı", "Ey Vətən oğulları",
"Göyçə dərdi" və s. poemalarında
dastançılıq ənənələrindən bəhrələnmə
bir üslubi məziyyət kimi diqqəti cəlb edirdi.
Folklordan gələn güclü nəfəs "O
qızın göz yaşları" poemasında da
açıq-aşkar hiss olunur.
Zəlimxan
folklor nəzəriyyəçisi deyil, lakin folkloru, el ədəbiyyatını
bəlkə nəzəriyyəçilərdən daha
artıq mənimsəyib, çünki folklordan enerci alan yaddaşı güclüdür, xalq ədəbiyyatının
bütün janrlarına yaxşı bələddir. Zəlimxan qoşmanın özünü yaradır,
şəklini çəkmir, dastan poetikasını şairlər
içərisində heç kəs onun kimi yaxşı mənimsəməyib.
Ancaq bütün bunlarla yanaşı, onun poetik
təfəkkürü müasirliklə bağlıdır.
Bu mənada "O qızın göz yaşları"
poeması Zəlimxanın əvvəlki poemalarından fərqlənir. Bu poemada
dastanvari üslubu müasir şeir texnikasına xas olan
komponentlər əvəz etmişdir.
Ağzına
daş basıblar
dağ
boyda həqiqətin.
Hanı səkkiz
milyonu
bu boyda
məmləkətin?
...Qəlbi
şübhə-gümanda,
dili
ahda-amanda,
İniltidə,
ağrıda,
səksəkədə, gümanda,
Ən
qorxulu saatda,
ən dəhşətli
zamanda
Yerə-göyə
yalvarıb,
Qayğı-kömək
umanda
O səni
çağırırdı,
O məni
çağırırdı.
Vətənsiz
qalan cocuq
Vətəni çağırırdı.
Adətən, qədim dastanlarda hadisə hadisəni əvəz
edir, qəhrəmanların taleyi, qələbəyə və
ya vüsala doğru gedən yolu tədricən, pillə-pillə
dastan süjetinin sonuna-kulminasiyaya səmt alır.
Ancaq burada hadisə yalnız öncə qeyd etdiyimizdir, əsas
diqqət qızın monoloquna və atasının
ölümdən sonrakı xitabına yönəlmişdir.
Bu monoloq və xitablar isə Xocalı faciəsinin daxili və xarici səbəbləri üzərinə yönəlir, tədricən fəryad və harayı nifrət və kin, qəzəb və qisas hissi əvəz edir. Fəryaddan qisasa gedən yolun poetik şərhi, poetik bəyanıdır Zəlimxanın poeması. Göz yaşları illərdən bəri ürəkdə buz bağlayarsa, onu qırmaq, əritmək çətin olacaq. Amma bu göz yaşları qəzəbə, nifrətə, qisas harayına çevrilərsə:
Yağıların təpəsinə
mərmi kimi yağmalıyıq.
Bu gün bizdə olan nifrət
ən güclü silahdı, qızım.
Hər alçağın qarşısında
dizlərini bükməz Vətən,
Yer dağılar, göy alçalar,
heç vaxt yerə çökməz Vətən.
Qarabağın həsrətini
çox da uzun çəkməz Vətən.
Ellər deyər: "Gözün aydın,
dur oyan, sabahdı, qızım.
Hələ Şuşa qalasının
qapısından girməmişik.
gKim qaytarsa Qarabağı,
o elə Allahdı, qızım".
Bu yaxınlarda eşitdik ki, Zəlimxan Yaqub Qarabağ hadisələrindən söz açan böyük bir poemanı ("Şuşa şikəstəsi") yazıb bitirmiş, çap olunmaq üçün "Azərbaycan" jurnalına təqdim etmişdir. Allah qoysa, onu da oxuyarıq, təki şairin canı sağ olsun!
Vaqif
YUSİFLİ
Ədalət.-2013.-14 sentyabr.-S.13.