Salyan - hər gün daha əlvan

 

Hər gün inkişaf edən, hər gün bir kərpic böyüyən Salyan rayonu 2013-cü ilin I yarısında da rayonun sosial-iqtisadi inkişafı istiqamətində xeyli uğurlara imza atmışdır. Belə ki, məhsul buraxılışının həcmi müvafiq dövrə nisbətən 4 milyon 597 min manat artaraq 93 milyon 318 min manat, sənaye məhsulunun ümumi həcmi 298 min manat artaraq 25 milyon 37 min manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi isə 2 milyon 486 min manat artaraq 43 milyon 460 min manat olmuşdur.

Əhalinin işlə təmin olunması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Nəticədə 394 yeri yaradılmışdır ki, bunun da 374-ü daimidir. Rayon əhalisinin sosial problemlərinin həll edilməsi rayon İcra Hakimiyyətinin həmişə diqqətində saxlanılır. "Ünvanlı sosial yardım haqqında" qanunun icrası ilə əlaqədar 2518 ailənin 10667 nəfər üzvü sosial yardımla təmin olunur. Bir ailəyə düşən sosial yardımın orta məbləği 128,6 manat, hər bir ailə üzvünə düşən sosial yardımın məbləği 30,36 manatdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 4935 nəfərə sosial müavinət ödənilir.

Tikinti-abadlıq şəhərin simasıdır

Etiraf etmək lazımdır ki, Salyan rayon mərkəzi, eləcə də onun kəndləri son dövrlərdə öz simasını tamam dəyişmişdir. Kəndarası yollar təmir edilmiş, yeni körpülər salınmışdır. İnsanların sosial şəraiti demək olar ki, tamamilə yeni məzmun almışdır. Salyan şəhərinin mərkəzi küçələri başdan-başa asfaltlanmış, səkilər yenidən işlənmişdir. Heydər Əliyev prospektində yerləşən binaların fasad hissələri, dam örtükləri tamam dəyişdirilmişdir. Küçələrin işıqlandırma sistemi ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir.

Salyan şəhərinin küçələri ötən yarımildə də təmir olunmuşdur. Küçələrə 4682 kvadrat metr üzlük "Gülbaxt" daşları döşənmiş, 1600 kvadrat metr emulsiya vurulmuş, 361 kvadrat metr hörgü işi aparılmışdır. 2295 metr küvetin tikintisi, 170 metr küvetin təmir edilməsi də ötən müddətin hesabına yazılmalıdır. Cəmi 5989 kvadrat metr olmaqla, 7 ədəd kommunal evin və 7 ədəd fərdi evin dam örtüyü dəyişdirilmişdir. Şəhər küçələrinə 24000 kvadrat metr asfalt basılmışdır ki, bu işlər indidavam etdirilir. Rayonda 2 mərtəbəli 16 mənzilli evin istilik qazanxanasında əsaslı təmir işləri aparılmış, yanğından mühafizə avadanlığı, elektrik sistemi yenilənmişdir. Rayon İcra Hakimiyyətinin istilik qazanxanasında nasos və mühərriklər əsaslı təmir olunmuşdur. 2 və 3 saylı orta məktəblərin istilik sisteminin bəzi hissələri də təmir olunmuşdur.

Mavi qaz hər evə lazımdır

Rayonda və kəndlərdə qaz təsərrüfatının yaxşılaşdırılması üçün Salyan rayon rəhbərliyi ötən müddət ərzində ardıcıl iş aparmışdır. Şəhərin M.F.Axundov, Ə.Quliyev, İ.Quliyev, C.Cabbarlı, 20 Yanvar, Talıblı küçələrində əsaslı təmir işləri aparılmış, yeni qaz xətləri çəkilmişdir. Babacanlı yaşayış massivində 14300 metr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri qoyulmuşdur. Çuxanlı kəndində 3000 metrdən çox müxtəlif diametrli qaz xətlərinin çəkilişi isə davam etdirilir.

"Kürsəngi-Qırxçıraq" 28 kilometr uzunluğunda daşıyıcı qaz kəmərinin yeni 315 millimetrlik polietilen qaz kəməri ilə çəkilməsi başa çatdırılmışdır. 12 kilometr uzunluqda "Qardilli-Salyan" hissəsi sınaqdan keçirilərək istismara verilmişdir. Rayonun Şəkərli kəndində əsaslı təmir işləri sona çatdırılmışdır. Bu işlər Boranıkənd, Şorsulu, Dayıkənd, Seyidlər kəndlərində davam etdirilir. Kürqaraqaşlı, Aşağı Kürkənd, Aşağı Noxudlu, Yuxarı Noxudlu, Xurşud kəndlərinin və Qaraçala qəsəbəsinin qaz təsərrüfatında bu proses davam etdirilir. 2013-cü ilin II rübündə 2526 ədəd yeni qaz sayğacı quraşdırılmış, 1531-i yeniləri ilə əvəz edilmişdir. 3400 ədəd qaz sayğacının yeni qaz xətlərinin üzərinə köçürülməsi təmin olunmuşdur.

Kənd təsərrüfatında yeni uğurlar

 

Salyan rayonu ölkədə aparıcı kənd təsərrüfatı rayonlarından biridir. "Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişaf Dövlət Proqramı"nın icrası ilə əlaqədar rayon təsərrüfatlarında bir sıra tədbirlər həyata keçirilmişdir.

Bu il Salyan rayonunda 17879 hektar sahədə taxıl əkini aparılmışdır. Həmin sahənin 7310 hektarı buğda, 10569 hektarı isə arpa əkini olmuşdur. Artıq rayonda taxıl yığımı başa çatmış, hər hektardan 31,8 sentner məhsul götürülmüşdür. Ümumi nəticə belə olmuşdur ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yığılan məhsul 3414 ton çoxdur. Qeyd etmək lazımdır ki, bu il taxıl yığımına 50-dən çox kombayn cəlb edilmişdir. Bu kombaynlardan 12 ədədi "Aqrolizinq" ASC-nin Salyan filialından, 27 ədədi fiziki şəxslərdən, 11 ədədi isə qonşu rayonlardan cəlb edilmişdir.

Rayonun təsərrüfatlarında 8683 hektar sahədə yazlıq əkinləri aparılmışdır ki, bunun da 336 hektarı qarğıdalı, 665 hektarı pambıq, 7,5 hektarı günəbaxan, 3681,5 hektarı təzə yonca, 205 hektarı siloslu qarğıdalı, 492 hektarı kartof, 1527 hektarı tərəvəz, 1094 hektarı bostan sahələri təşkil edir.

Haqqında danışılan dövrdə Salyanda iribuynuzlu mal-qaranın sayı 61937 baş, xırdabuynuzluların sayı isə 184781 baş olmuşdur. Diri çəkidə ət istehsalı 4329 ton, süd istehsalı isə 2282 tona çatdırılmışdır.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

ədalət.-2013.-18 sentyabr.-S.3.