Onun ağlamağı mənim üçün dəhşətli zərbə oldu...

 

Bugünkü müsahibim bir çox fotolara öz imzasını atmış fotoqraf Abbas Atilaydı.

 

- Abbas bəy, ixtisasca politoloqsunuz. Necə oldu ki, fotoqrafiya sənətini seçdiniz?

- 2008-ci ilin yayında belə bir hadisə oldu. Rusiya qoşunları Gürcüstana müdaxilə edən ərəfələrdə mən Norveçdəydim. O zaman Qoridə çəkilmiş maraqlı bir şəkil görmüşdüm. Bir nəfər oğlan cansız vəziyyətdə yerdə uzanmışdı. Qardaşı isə onun başını qucaqlayıb ağlayırdı. Həmin foto mənim yadımda qalmışdı... Başqa bir gün isə parkda oturmuşduq, gördüm bir nəfər oğlan otluğun üstündə uzanıb, başını sevgilisinin dizləri üstünə qoyub söhbət edirlər. Onda həmin Qoridə çəkilmiş foto mənim yadıma düşdü. Bu mənə çox pis təsir elədi. Yəni, iki eyni epizod idi, amma məkanlar və məna fərqli idi. Bir tərəfdə müharibə gedirdi. O biri tərəfdə isə sülh...

Mənə belə gəlir məndə əsas dönüş nöqtəsi həmin anda baş verdi. Ondan əvvəl də həvəskar kimi fotolar çəkirdim. Həmin fotolar həm texniki cəhətdən, həm də mövzu baxımından yaxşı fotolardı. Amma peşəkarlıq baxımından həmin ərəfədən başladı. Fikirləşdim ki, bu sənət çox maraqlı sənətdir.

- Bir müddət Norveçdə yaşamısınız. Sonra geri qayıtmalı oldunuz. Bu dönüş nə ilə bağlı oldu?

- Elə həmin ildə də mən qərara gəldim ki, vətənə qayıdım. Çünki, Norveçdə mən çəkəcəyim fotolar ancaq parkda olan o iki nəfər idi. Mənə isə çətinlik çəkən, ağır həyat yaşayan insanlar daha maraqlı idilər. Bunun üçün Norveçdə qalıb işləyə bilmədim. Düzdü, qayıtmağımın başqa səbəbləri də vardı... Mən orda qalsaydım, çox varlı ola bilərdim. Yaxşı güzərana sahib olardım. Amma zövqlə yaşaya bilməzdim. Çünki, mənə hal-hazırda Azərbaycanda yaşamaq Norveçdə yaşamaqdan daha maraqlıdır.

- Bildiyiniz kimi yaradıcı sahələrin bir çoxunda böyük çətinliklər var. Fotoqrafiya sənəti bu baxımdan hansı vəziyyətdədi?

- Foto sahəsi onların içərisində bəlkə də ən çətin, ən ağır vəziyyətdə olan sahədir. Çünki, ədəbiyyat sahəsinə baxanda, yenə pisdən, yaxşıdan dörd, beş roman var. Kimsə hərdən səhv edib bir kitab alır. Pul verib şkafına yerləşdirir. Kinematoqrafiya sahəsində o qədər ürəkaçan məqamlar olmasa da, orda da nəsə var. Amma fotoqrafiya sahəsi, əsasən də xəbər fotoqrafiyası çox bərbad vəziyyətdədir. Çünki, mediya istədiyi fotonu internetdəki saytlar vasitəsi ilə axtarış edib tapır. Və heç kim fikirləşmir ki, sabah müəllif hüquqları üstündə kimsə şikayət edib, məhkəmə prosesi tələb edər. Yəni konkret olaraq, müəllif hüquqları yoxdur. Bunun üçün də bizdə bu sahədə işləmək çox çətinir. Maddi baxımdan əsasən bizə dəstək olan xarici medialardı. Ona görə ki, onlar oğurluq fotolardan istifadə edə bilmirlər.

Amma fotoqrafiyanın başqa sahələri, məsələn, toy fotoqrafiyası bizdə durmadan inkişaf edir. Mən bunu qısqanclıq baxımından demirəm. Sadəcə olaraq toy fotoqrafiyası ilə yanaşı, bu biri sahədə inkişaf etməliydi. Amma nədənsə insanlar yüngül çəkili şeylərə daha çox maraq göstərirlər.

- Ölkəmizdə fotoqrafiya məktəbi, ənənəsi var?

- Nə məktəbi, nə də hər hansısa ənənəsi yoxdur. Kinematoqrafiya Gürcüstanda, fotoqrafiya Ermənistanda çox güclü inkişaf edib. Azərbaycan bunların ikisindən də yarımayıb. Ermənistanda xəbər fotoqrafiyası sahəsində mən yaşda olanlar artıq dünyada tanınırlar.

- Əlli il geriyə qayıtsaq, məşhur bir azərbaycanlı fotoqrafının adını çəkə bilərsiniz?

Bilirsinizmi, Azərbaycanda yaxşı fotoqraflar var. Sadəcə olaraq, onları üzə çıxara biləcək media yoxdur.

Birdə ki, yaxşı fotoqrafın gərək yaxşı da ayaqqabısı olsun. Yəni bu sənət elə bir sənətdir ki, gərək durmadan səyahət edəsən. Bunlar hamısı da təbii ki, pul tələb edir. İndi tutaq ki, mənim imkanım var mən birtəhər gedib, gəlirəm. Bəs başqaları necə getsin?! Məndən qat-qat güclü fotoqraflar var ki, evdən bayıra çıxa bilmirlər.

Fərid Məmmədov adlı çox xoşladığım yaşlı bir fotoqraf var. Mən əminəm ki, foto sənəti ilə məşğul olan adamlar heç onu tanımırlar. Mirnaib Həsənoğlu var. Müharibə dövrünü görmüş, çəkilişlər aparmış fotoqrafdı.

- Bəs bu sahəyə həvəsi olan gənclik sizcə nə etməlidir? Yəni mütləq xaricə gedib orda təhsil almalıdılar?

- Bir məsələ var ki, iyirmi, otuz illə müqayisədə indi öyrənmək, çalışmaq baxımından vəziyyət çox yaxşıdır. Çünki, hal-hazırda internetin özü bir məktəbdir. İnsanlar Bakıda ola-ola Suriyada baş vermiş olayların fotolarına baxa bilirlər.

Çoxlu sayda gözəl fotoya baxmaq, həmin fotoları oxumaq özü elə bir məktəbdir. Fikir verirsinizsə, indi bir çox gənclərin əllərində fotoaparat var. Onlar çalışırlar ki, maraqlı kadrları tutsunlar. Amma bunun ardı daha çox professionallığa doğru getməlidir. Həvəs var, amma məktəb yoxdur. Açığı mən də hələ bilmirəm bunu necə etmək olar. Amma ilk növbədə maliyyə durumunu nəzərə alıb bu sənətə başlamaq lazımdır. Özəl sektor da olmadığına görə bu işlə dövlət məşğul olmalıdır. Misal üçün İraqa gedən fotoqraf bilsə ki, orda onun təhlükəsizliyi təmin olunacaq, çəkdiyi əziyyətlərin qarşılığı ödənəcək, o zaman bir nəfər yox, əlli nəfər gedər. Və beləliklə də ənənə, məktəb yaranar.

- Müəyyən dönəmlərdə ədəbiyyata da maraq göstərmisiniz?

- Norveçdə yaşayanda miqrant həyatyından bəhs edən bir roman yazırdım. Ancaq sonradan anladım ki, mənim üçün ən yaxşısı elə fotoqrafiya sənətidir. Bir də mən bir söz deyim ki, sənətin bütün sahələri bir-biri ilə bağlıdır. Mənə belə gəlir ki, dəqiq elmlərlə məşğul olan adam həmin elmlə özünü ifadə edə bilməz. Misal üçün insan riyazi bir düstura uşaqlığını necə əlavə edə bilər? Amma sənət belədi ki, insan öz həyat tərzini ifadə edə bilir.

Çox travmalı həyat keçirmiş adam gedib toyda normal çəkiliş edə bilməz. O, gedib mütləq toyda qəmli-qüssəli insanları, ağlayan uşaqları, içib, keflənib narahatçılıq edən adamları çəkəcək. Çox komfortlu, rahat həyat yaşamış varlı bir adamı da aparsaq Əfqanıstana o, da orada öz həyatına uyğun şəkil tapıb çəkəcək. Çünki, həmin həyat, o həyatın insanlarına yaddı. Ona görə də ədəbiyyatdı, incəsənətdi, bunlar hamısı bir-birinə bağlıdı. Bu baxımdan ədəbiyyata indi də marağım var. Ədəbiyyat məncə bütün sənətlərin şahıdı.

- Bir çox məşhur rejissorlar kinoya fotoqrafiya sənətindən gəliblər və çox böyük uğurlar əldə ediblər. Nə vaxtsa siz də kino sahəsinə üz tutursunuz?

- Sözün düzü mənə daha çox stop kadrlar maraqlı olur. Videogörüntülər, hərəkət o qədər də maraqlı deyil. Amma bu yaxınlarda mən fikirləşirdim ki, qısametrajlı foto klip hazırlayım. Danışıq, səs, canlandırma olsun, amma fotolarla. Sonra gördüm ki, hələ belə işlərə hazır deyiləm. Amma sonradan Orxan Ata ilə danışdım, onunla birlikdə qərara gəldik ki, bu yaxınlarda qısa metrajlı bir film çəkək.

Amma xüsusi olaraq bir rejissor kimi kino sahəsinə mənim marağım yoxdur. Mən demirəm ki, kino sahəsi maraqsızdı. Sadəcə olaraq mən özümü hələ film çəkmək səviyyəsində hiss etmirəm.

- Abbas bəy, Qarabağ müharibəsi sizə nə deyir?

- Mən Qarabağ müharibəsini elə yaxşı görməmişəm. Amma yadıma gəlir ki, 1992-ci il idi. Biz hələ Naxçıvanda olurduq bacım xəstələnmişdi, onu Bakıya gətirmişdik. Gecələr birdə eşidirdim ki, binalardan ağlaşma səsi gəlir, qadınlar çığırır. Demək olar ki, hər gün bu hal davam edirdi. Bir dəfə mən bunun səbəbini öyrənmək istəyəndə, ev sahibi mənə dedi ki, müharibəyə əsgər aparmağa gəlirlər. Qışqıran isə həmin əsgər gedənlərin valideynləri, yaxınlarıdı. Bu hal mənə həddindən artıq pis təsir etmişdi. Üstündən iyirmi il keçməsinə baxmayaraq, mən o günləri xatırlayıram. Çox dəhşətli günlər idi.

Bir dəfə də İran tərəfdən Zəngilanın işğal olunmuş kəndlərini çəkirdim. Baxırdım o evlərə çox narahat olurdum. Evlərin tavanı yoxuydu, pəncərələri yanmışdı. Fikirləşirdim ki, bir vaxtlar adamlar həmin evləri gözəl niyyətlə tikmişdilər.

- Çəkdiyiniz şəkillərdə əzabkeş, yaşlı insanların, kasıb uşaqların simasına tez-tez rast gəlirik. Bu qədər əzablı simaların yaddaşınıza hopması sonradan sizə çətinlik yaratmır?

- Hərdən evdə mənə deyirlər ki, bu qədər fotolar çəkirsən bizim də şəklimizi çək. Mən də deyirəm ki, o qədər qaçqın şəkli çəkirəm ki, sizin də şəklinizi çəksəm qaçqın kimi çəkəcəm... Çünki, insan nə cür düşünürsə, keçmişi necədirsə, o cür də çəkəcək. Nədənsə o insanları çəkmək mənə daha maraqlıdı. Həm də ki, mən onları çəkərkən o qədər də əzab çəkmirəm. Fotoaparatı gözümə qoyduğum anda hər şeyi unuduram. Tutaq ki, mən yoxsul bir uşaq şəkli çəkəndə onun yoxsulluğuna narahat oluram. Ancaq, şəkil hazır olandan sonra o uşaqın yoxsulluğunu, miskinliyini dəqiq çəkə bilməyim məni sevindirir. Bu da görünür mənim tərcümey-halımla bağlıdı...

Yəni elə fəlakətli bir uşaqlığım olmayıb. Amma uşaqlıq illərim 90-92-ci illərə təəssüf edib. Çörək növbələri, ərzaq qıtlığı, müharibə ab-havası bizə maraqlı idi. Atamla mitinqə gedirdim. Mənə elə gəlir ki, biz, o dövrün uşaqları zədə almış uşaqlarıq.

İyirmi yanvar hadisələri zamanı mən atamın ağlayarkən gördüm. Həmin vaxta qədər atamın o vəziyyətdə görməmişdim. Onun ağlamağı mənim üçün dəhşətli zərbə oldu. Və onun ağlamağının fonunda anladım ki, iyirmi yanvar hadisəsi çox dəhşətli hadisədi.

- Çəkiliş vaxtı sizi təsirləndirən məqamlar yəqin ki, olub?

- Əlbəttə çox olub. Türkiyədə Gezi parkında baş verən hadisələr zamanı mən də Türkiyəyə getdim. Polis jurnalistlərə deyridi ki, gəlin bizim arxamızda dayanın, sizin təhlükəsizliyiniz qoruyaq. Mən getmədim. Çünki, polisin arxasında dayanıb mən nə çəkə bilərdim?! Əsas etirazçılar hardaydı orda olurdum. Elə oldu ki bibər qazına düşdüm. Polisin atdığı, bibər qazı mənim əlimə dəydi. Vəziyyətim çox pisləşdi. Məni tədricən bir az axa tərəfə çəkib apardılar. Bir az özümə gələndən sonra orda bibər qazından zəhələnən insanlara yardım göstərən tələbə qızlardan biri mənə yaxınlaşdı. O süddən hazırlanmış dərmanı gözümə töküb iki metr məndən aralanmışdı ki, bibər qazı gəlib onun başından dəydi. Qız özündən gedib, yerə yıxıldı. Sonra orda könüllülər gəlib o qızı apardılar. Baxdım ki, o qızın yaylığı düşüb yerdə qalıb. Həmin yaylığı götürüb boynuma bağladım. Özümlə evə gətirdim ki, xatirə qalsın.

Çünki, fikirləşdim ki, mən bibər qazına düşməsəydim, o qız da köməyə gəlməsəydi, ona heç nə olmazdı. Güman edirəm ki, o yaşayır. Çünki, nəsə olsaydı xəbərimiz olardı.

- Foto sənəti ilə bağlı nə kimi yenilikləriniz olacaq?

- İraq səfəri zamanı çəkdiyim fotolarla bağlı bir sərgi hazırlamağı düşünürəm. Və "Yüz azərbaycanlı" adlı bir foto kitab hazırlamağı düşünürəm. Azərbaycanın müxtəlif yerlərindən, müxtəlif etnik qrupa, cinsi qrupa aid olan yüz insan portreti çəkməyi fikirləşirəm.

 

Samirə Əşrəf

ədalət.-2013.-18 sentyabr.-S.4.