“Səttar Bəhlulzadə
söyüşlə danışırdı”
Ədəbiyyat onlara heç nə
qazandırmayıb. Nə şan-şöhrət, nə maddi
imkan. Siz deyən elə mükafatları-filan da yoxdur.
Onların ədəbiyyat tarixində qalıb-qalmayacaqları
da mübahisəlidir. Çünki yaddaşlarda qalmaq əhəmiyyətli
dərəcədə bu gündən asılı olan məsələdir.
Bu gün isə onlar ortada yoxdurlar, başqaları var.
Onları itirib-axtarmırlar. Onların iddiası da yoxdur.
Başlarını aşağı salıb yazırlar. Həm
də yaxşı yazırlar. Oxuyan olsa da, olmasa da.
Ədəbiyyatın
keşiyində durmaq üçün jurnal, qəzet də
buraxırlar. Oxuyan olsa da, olmasa da.
Kimdir onlar? Məmməd Orucdur, Azər Abdulladır... Və
başqalarıdır...
Onları arayıb-axtaran olmasa da biz onları axtarmaq,
tapmaq istəyirik. Bir müddət öncə Məmməd
Orucu tapmışdıq.
Dünən
Azər Abdullanı tapdıq, yazdıqları ilə
bağlı heç bir iddiası olmayan adamı...
1969-cu ildə
nəşr olunmuş ilk kitabının-“Bir durna qatarı”nın ilhamvericisi İzabellanı
soruşduq ondan. Dedi ki, “Qobustan”da ondan İzabella haqqında
çox soruşublar:
“Adam var sevgisini dünyaya sərir, sərgi kimi hamı gəlib
baxır. Adam var gizlədir, demək istəmir. Mən ikincilərdənəm. Məncə
bu barədə danışmaq doğru çıxmaz”.
“Qəmərlidən keçən qatar”a gəldik. Bu hekayənin əvvəlində
yazılıb: “Hadisə Ermənistan zəlzələsindən
on iki il öncə olub”. Burada 7 dekabr 1988-ci ildə baş
vermiş Spitak zəlzələsi nəzərdə tutulur. Hekayənin ən qısa məzmunu belədir ki, bir
dəstə erməni millətçi mövqedən
çıxış edərək bir azərbaycanlı ailəni
zorla kupedən çıxarıb, onların yerinə yiyələnmək
istəyirlər. Müəllifin “Hadisə
Ermənistan zəlzələsindən on iki il öncə
olub” yazmağı belə bir şeyin doğrudan da baş
verdiyi təəssüratı yaradır.
1976-cı ildə, xalqlar dostluğu ideyasının hələ
yüksək səviyyədə işlədiyi vaxtlarda azərbaycanlılarla
ermənilər arasında belə problemlər vardı?
Azər
Abdullanı dinləyirik: “Azərbaycanda yaşayan türklər
ermənilərin xarakterini Ermənistanda yaşayan türklər
qədər bilə bilməz. Bakıda
çoxluq təşkil etdiyimizə görə ermənilər
üzdə özlərini başqa cür aparırdılar.
Amma Ermənistanda çox olduqlarına görə
bizi hər zaman sıxışdırıblar. Mən bu
basqı və təzyiqi həmişə hiss eləmişəm.
“Qəmərlidən keçən qatar”da
yazdıqlarım realdır, düzdür artıma olub, ancaq
şişirtmə olmayıb. “Kəpənək
bayramı” kitabımdakı beş
yazının hamısı ermənilər haqqındadır. O
yazıları oxuyanda ermənilər haqqında daha aydın təsəvvürünüz
yaranacaq”.
Məmməd
Oruc yazır: “Ötən yüzillikdə Azərbaycan ədəbiyyatında
meydana gələn “Danabaş kəndinin əhvalatları” da
içində olmaqla on povest seçməyi mənə
tapşırsalar, mən o siyahını “Qəmərlidən
keçən qatar”sız təsəvvür edə bilmirəm”.
Məncə bu, daha çox dost tərifidir. Ancaq Azər
Abdulla razılaşmır: “İndiyə qədər o əsəri
oxuyub tərifləməyən adam görməmişəm.
Ədəbiyyatçılar, tənqidçilər,
rejissorlar bu hekayəni çox tərifləyiblər. Və mən də məhz bundan sonra belə qənaətə
gəlmişəm ki, mən də bəyənim bu əsəri.
Bu əsər jurnalda Anar müəllimin
“Qırmızı limuzin"i ilə eyni vaxtda çap
olunmuşdu. Anar müəllim oxumuşdu və
demişdi ki, Azər, bu, kinoluqdur. Rövşən
Almuradlı bəlkə məndən on dəfə soruşub
ki, necə edək, bu hekayənin motivləri əsasında
bir film çəkək... Mən də deyirəm,
vallah, mən gücsüz adamam, nə edə bilərəm
ki. Yazdığımı yazmışam.
Natiq Səfərov isə bu əsər
haqqında deyirdi ki, Azər, sən bunu tapmısan,
inanmıram belə əsər yaza biləsən. Seçilən tənqidçilərimizdən olan
Əsəd Cahangir də hər yerdə tərifləyir bu
hekayəni”.
Kənan Hacı “Məzələnmə” avtobioqrafik
romanının niyə işıq üzü görmədiyini
soruşur.
Müəllif deyir ki, o əsər hələ çap
olunmayacaq: “Çünki on dəfə təriflədiyin
adamı bir dəfə yüngülvarı tənqid etsən
səndən inciyəcək. Bəlkə
büruzə verməyəcək, amma ürəyinin dərin
yerində səni yamanlayacaq. Müşahidə
elədiyim 40-50 yazıçı, şair haqqında
yazmışam. Amma ehtiyat edirəm ki,
adamlar inciyərlər. Bəlkə də
indi çap olunsa daha çox rezonans doğurar, nəinki 50
ildən sonra”.
Kənan Hacı Azər Abdullanın Səttar Bəhlulzadə
ilə münasibətləri haqqında soruşur. Yaxşı
münasibətləri olub. Ancaq belə gözəl
münasibətin özülü incikliklə qoyulub: “Onun
emalatxanasına getmişdim, yazı hazırlamağa. Söhbət
edəndə hiss elədim ki, Səttar müəllimin məndən
heç xoşu gəlmir. Səbəbini
soruşanda bəlli oldu ki, Çingiz Əzizov haqqında
yazmağım Səttar müəllimin xoşuna gəlməyib.
Dedi ki, o nə rəssamdır, onun haqqında yazırsan? Sən demə onların heç arası yoxmuş.
Bu mövzuda Səttar müəllimlə bərk
mübahisə elədik. Sonra
gördüm, yazı alınmayacaq, başladım onun
qılığına girməyə. Yumşalda
bildim. Yazını yazandan sonra isə
özü gəldi redaksiyaya. Yazı
çox xoşuna gəlmişdi. Çox ərköyün
adam idi, xoşu gəlməyən adamlarla
söyüşlə danışırdı, çox vaxt
yuxarıları saymırdı. Buna görə
onun redaksiyaya gəlməyi təəccübləndirdi məni.
Mən də belə bir xüsusiyyət var. Yaxşı
bir şeyə-sənət əsərinə, teatra
baxıramsa istəyirəm ona atam, anam, yoldaşım da
baxsın.
Buna görə də nişanlımı
götürüb getmişdim Səttar müəllimin
emalatxanasına. Dedi ki, hansı əsəri istəyirsən
götür. Tək mənə yox, çox
adama əsərlərini hədiyyə etmişdi.
Çox səxavətli adam idi. Bəlkə
də dünyada heç bir adam bu qədər
səxavətli olmayıb. Səttar Bəhlulzadə
haqqında “Qapıları bir-bir döydüm” kitabını
yazana qədər 70-80 evə getmişəm. O evlərdə
Səttarın əsərləri vardı”.
“Solfecio dərsi”nə giririk. Baş qəhrəman əslində
müəllifin özüdür. Köçəri
jurnalda texniki işçi kimi çalışır, amma
işi bacarmadığından onu fəhləliyə-zada da
göndərirlər. Köçəri
işi bilmədiyindən dinə bilmir. Ancaq
bu da çox davam etmir. Köçəri
taleyi ilə barışmır, taleyindən qaçır.
Bəli, bu, Azər Abdullanın
özüdür. Uzun müddət
“Qobustan”da texniki işçi olub. Amma Köçəridən
fərqli olaraq taleyindən qaçmayın, taleyi ilə
barışıb.
Görək
müəllif nə deyir: “O hekayəni Anar müəllim bəyənməmişdi.
Sırf “Qobustan”la bağlı olduğuna görə.
O vaxt Qaraşəhərdən kağızları
özümüz yükləyib, gətirib özümüz də
boşaldırdıq. Yəni fəhləçilik
edirik. Bir dəfə mən tək getməli
oldum, çox çətin idi, çox əziyyət çəkdim.
Hekayədə onu yazmışam. Hekayə mənim öz taleyimə etirazım idi.
Amma mən “Qobustan” mənim üçün
çox doğma idi, ona görə ayrıla bilmirdim
burdakı işimdən. Mən “Qobustan”ın texniki
redaktoru kimi yox, toplunun bir əməkdaşı kimi həmişə
sevinib iftixar hissi duymuşam. Yazılarımımın
şöbə müdirləri, bəzən Anar müəllim
tərəfindən bəyənilməsi mənim
üçün toy-bayram olub. Getdyim yerlərdə
bəzən tanıdığım, bəzənsə
tanımadığım adamların yanında “Qobustan”da
işlədiyimi bildirməkdən sevinmişəm, içimdə
bir güvənc duyğusu baş qaldırıb.
“Qobustan”nın adı mənim “vizit
karoçkam” olub. Bu gün Anarı tənqid eləyənlər
vallah onu tanımırlar. İnsaf da
yaxşı şeydi. Anar o zaman orada
çox gözəl mühit yaratmışdı. Hələ
mən görmədim ki, Anar kiməsə iradını
hamının içində bildirsin, qüsurun 5 adamın
içində desin”.
“Gül
yağışı”... Müəllif bu hekayədə
öləndən sonra qəbirdə dirilmək qorxusu haqda
yazıb. Daha doğrusu öz qorxularını qələmə
alıb: “O çox dəhşətli bir qorxudur, bu dəqiqə
də məndə var. Amma etiraf edim ki, o hekayəni yazandan
sonra bir az yüngülləşmişəm. Hər dəfə
bir adam rəhmətə gedəndə onun
qəbrinə qorxa-qorxa baxıram ki, İlahi, burdan necə
çıxmaq olar. Məndə ölmək
qorxusu yoxdur, ölməyi təbii qəbul edirəm. Amma öləndən sonra dirilməkdən çox
qorxuram, hətta evdəkiləri də başa salmışam
ki, nə etmək lazımdır. Deyirəm,
bacarsaydınız, başıma bir güllə vurun, ya da toka
verin ki, dirilməyim”.
Kənan Hacı Mehdi Bəyazidi yada salır. Azər Abdulla deyir ki,
təəssüf o bədii mətn yazmadı: “O, ədəbiyyatdan
danışanda ekstaza gəlirdi. Çox maraqlı adam idi.
Onun qurduğu cümlələri hər adam qura bilməzdi.
Çox yüksək səviyyəli publisist idi, təəssüf
ki, bədii mətn yazmadı. İki dəfə vərəmdən
müalicə olundu. Yanına getmişdim. Çox sevindi, dedi
ki, yanıma gəlib-gedən yoxdur. Bir dəfə mənə
zəng vurdu və israrla xahiş etdi ki, görüşək.
Mən çox yaxın bir adamımı itirmişdim, dedim, o əhvalda
deyiləm. Çox pis vəziyyətdə idim. Bir müddət
sonra rəhmətə getdi. Onunla görüşmədiyimə
görə bu gün də ürəyim ağrıyır”.
“Məndən nə oxumusan?” Bəzi
yazıçıların qorxusu var sanki. Onlar sanki
öz-özlərinə deyirlər: İsa Hüseynovu,
Əkrəm Əylislini, Anarı qoyub niyə məni
oxumalıdırlar ki? Bizə bu sualı verən Azər
Abdulla belə bir qorxusunun olmadığını deyir,
jurnalistlərdən şikayətlənir: “Jurnalistlər
ümumi sualları ilə adamı yorur, bezdirirlər.
İnanın ki, indinin özündə də “Dünyaya bir
daha gəlsəydiniz, yazıçı
olardınızmı?” sualını verirlər. Hamıya
verilmiş sualları bir də sənə verirlər. Bu, bir
az adamı incidir. Mənim yazılarım haqqında təsəvvürü
yoxdur, amma müsahibə götürmək istəyir. Bu
cür olmaz axı. Sənin yaradıcılığın,
şəxsi həyatın haqqında heç bir məlumatı
olmayan adam səndən müsahibə almaq istəyir. Bu, nə
dərəcədə düzgündür?”
Söhbət
Azər Abdullanın üzdə olmamağından
düşür. Azər Abdulla deyir ki, ədəbiyyatla
bağlı iddiası yoxdur: “Təbliğat böyük
şeydir, ancaq mən bunu bacarmamışam. Həvəsim,
marağım olmayıb. Bir az iddiasız olmuşam.
İddiasız olmaq yazıçı üçün
nöqsandır. Amma məndən də iddiasız, ancaq
gözəl yazıçılar var, heç sizin xəbəriniz
yoxdur. Bu, çox kədərli vəziyyətdir”.
Həmsöhbətimiz
Xalq Yazıçısı Sabir Əhmədli haqqında məqaləsində
onun işdən çıxarılmağını ümumi şəkildə
qınayır, ancaq Sabir Əhmədlinin işdən
çıxarılmasının əsas səbəbkarı
Anar haqqında heç nə yazmır, başqa bir məqalədə
isə onu göylərə qaldırır. Bunu necə
başa düşək?
Azər
Abdulla bunları deyir: “Siz bu sualla məni çox çətin
vəziyyətdə qoyursunuz. Allahdan başqa hamı səhv
edə bilər. Hətta peyğəmbərimiz də. Bəlkə
də o məsələdə Anar səhv edib. Sabir
Əhmədli işdən çıxanda ürəyim
ağrıyıb, ancaq Anara ancaq buna görə qiymət verə
bilmərəm axı. On
dəfə yaxşılıq edirsən, on birinci dəfə
yaxşılıq etməyi bacarmayanda olursan pis adam. İndi
Anarın bütün fəaliyyətini vurum yerə ki Sabir Əhmədli
niyə işdən çıxarılıb? Onu
da deyim ki, Sabir Əhmədli haqqında xüsusi
buraxılış çıxardıq, o da yaxşı
qarşılanmadı”.
Kim yaxşı qarşılamadı? Həmsöhbətimiz ad açıqlamır.
Belə... Məncə söhbətimiz
alındı...
ədalət.-2013.-20 sentyabr.-S.4.