İNSAN SEVGİSİ, İNSAN AĞRILARI
Ay işığı ağ güllərdən toxunmuş
bəyaz bir çələng kimidir. Elə bil, gecənin boynundan asılıbdır.
Gecə sanki bir məktub
kimi işıqla yazılıb. Ay işığı
bu gecə az qala dizə çıxır.
Ağaclar bir durna qatarı
tək cərgə-cərgə
düzülüblər. Bəs sonra?
Sakit, səssiz, qayğısız,
Hər şey duyğu tək təmiz.
İşıq yağır göylərdən,
Göylər könlümə əziz.
Yerlər könlümə yaxın.
Dünya işıq içində.
İşıq tutub dağları,
Üfüq boyu açılır
Qollarım sənə sarı.
Göylə mənim aramda
Bircə qarış yer qalır.
İşığa bürünürəm,
Hər telim ay işığı.
Enib mənə sığınır
Sevginin ay işığı.
Bu mənzərəni ancaq poeziya dililə
ifadə etmək olar və şeirlərini
çoxdan izlədiyim,
artıq altı kitabın müəllifi olan Məmməd Tahirin "Bu gecə ay işığı" şeirini
oxuyanda bu həqiqətə bir də əmin oldum. Əmin oldum ki, şairlik istedadı insana verilmir, insana qandan, süddən keçir o.
Məmməd Tahirin bir şair kimi kitabdan kitaba inkişafının şahidi
olmuşam və onun özünəməxsusluğu
elə son şeirlər
kitabı olan "Könlüm came qapısı"nda
da bu fərdilik,
məxsusilik elə
ilk şeirlərindən nəzərə
çarpır. Onun şeirlərinin
əksəriyyəti sevgidəndir
və deyim ki, bu ənənəvi,
hamının qələm
çaldığı bir
mövzuda Məmməd
Tahir təzə söz deyə bilir. Daha doğrusu, onun
sevgi şeirlərində
bir qəlbin özünəməxsus hissləri,
duyğuları ilə
qarşılaşırıq.
Deyirlər ki, XXI əsrdir və şair gərək sevgidən söz açırsa, bu dövrün, zamanın sevgisini qələmə alsın,
yəni, müasir-qloballaşma
əsrinin sevgisini şeirlərinə gətirsin. Amma unudulur
ki, dünyada hər şey dəyişilə bilər,
yeniləşə bilər.
Amma sevgi müqəddəs, ali bir
hiss kimi yaşayır
və demək olar ki, Məcnun
dövründən üzü
bəri o müqəddəslik,
o ülvilik, o ucalıq
və o saflıq dəyişmir. Məmməd
Tahirin şeirlərində
də sevgi hissləri dəyişməyən
mənəvi bir sərvət kimi vəsf olunur:
Zirvənə günəş düşməz,
Ətəyin duman, çəndi.
Köksün bir qoruq olub,
Açılmaz belin bəndi.
Sinən
göy üzü kimi,
Məndən uzaqdı, uzaq.
Saralan şamamanın
Üstündən əsir sazaq.
Deyirlər ki, cənnət
var,
Dəyməz bircə telinə.
Sanaram cənnətdəyəm,
Əlim dəysə əlinə.
Ruhum bir mələk kimi
Səcdənə enir indi.
Ya öldür, ya bağışla,
Küll ixtiyar sənindi.
Bir anlığa
fikirləşirsən ki,
bu hisslər, bu duyğular ötən əyyamdan bəri elə hey çözələnir, təkrara
nə hacət, amma M.Tahirin lirik qəhrəmanının
səmimiyyətinə inanırsan. "Sanaram cənnətdəyəm,
Əlim dəysə əlinə". Həm də
inanırsan ki, o, sevgi şeirlərini "oyun" üstündə
yazmır, yalnız yaşanılan, duyulan hissləri qələmə
alır. Məsələn, sevgilinin soyuqluğu barədə yüzlərlə
şeirlər oxumuşuq.
Məmməd Tahirdə necədir?
Sən belə soyuq-soyuq
Nə baxırsan
üzümə.
Bir ümidi budayıb
Çırpı atma közümə.
Könlüm çör-çöp, palçıqdan
Yoğrulan quş yuvası.
Yazdı,
yaydı, payızdı
Ürəyimin havası.
Canım
ocaq yeridi,
Od sinəmdə tövşüyür.
Sən elə soyuq-soyuq
Baxma, könlüm
üşüyür.
Gözlərimin içində
Açar bir yaz çiçəyi.
O soyuq baxışlardan
Tökülər ağ ləçəyi.
Ümumən, Məmməd Tahirin sevgi şeirləri məhz hisslərinin təmizliyi və saflığı ilə diqqət çəkir. Olsun ki, bu şeirlərdə
yerinə düşməyən
misralar, lap bəndlər
olsun, amma bunlar o hisslərə xələl gətirmir. Biz bu şeirlərdə
ürəyinin hökmü
və diktəsi ilə yaşayan, bir gözəl sevgi üçün əzaba qatlaşan AŞİQin duyğularının
izinə düşürük.
Bu izlər bizi
həmin aşiq olan insanın mənəvi dünyasına
aparır. "Bəlkə
bu dünyada heç görüşmədik",
- deyir o Aşiq. Doğrudan da, sevgi deyilən o ali hiss, o məhrəm
duyğu zaman keçəndən sonra insana bir yuxu
kimi gəlir. Amma sevənlər yuxuda da görüşür.
"Unuda bilmirəm, Unutmaq olmur", -bu da bir
həqiqətdir. Çünki sevgi insana əzab
verirsə, o əzabdan
ayrılıq doğursa,
unutmaq olmaz yaşanılan hissləri.
Məmməd Tahirin bir şair
kimi özünəməxsusluğunu
təkcə sevgi şeirlərində deyil,
digər mövzularda da izləmək olar. Məsələn, əbədi mövzu
olan DÜNYA onun şeirlərində fərdilik,
məxsusilik qazana bilir, yəni DÜNYA M. Tahirin içindən keçən, duyğularına
hakim olan dünyadır.
Çiçəyi, gülü ilə
Dünya gözəldi, qardaş.
Dünyanı dünya edən
Bir xoş əməldi, qardaş.
Ya səndə, ya məndə var,
Unutdun bir bəndə var,
Urvasız bir kündə
var,
Ağaran küldü, qardaş.
Şeh düşür, gülə
düşür,
Şeh gülə-gülə
düşür.
Bir gül üstə ötüşür,
Dünya bir güldü, qardaş.
Məmməd Tahirin bir çox
şeirlərində
İNSAN-TƏBİƏT harmoniyası ilə qarşılaşırıq. Onun sırf,
peyzaj xarakterli təbiət şeiri yoxdur ("Yağış
yağır" şeiri
istisna olmaqla), çünki təbiətdən
söz açanda ya təbiətin bir fəslindən, gözəl bir lövhəsindən danışanda
insanı yada salır, üzünü insana tutanda da təbiəti düşünür. Qışın qarı şairi ona görə maraqlandırır ki, yollar xatirəylə doludur, sevgili gedən yola qışın qarı yağır. Sevdiyi qadının gözəlliyini
təsvir edəndə
də təbiətin gözəllikləri ilə
müqayisə olunur:
"O yanaq sənindimi,
Üstündə gül
göyərir. Şeh düşər
gül üstünə,
Bənövşə yuxun
qaçar".
Məmməd Tahirin şeirlərində
işlənən təşbihlər
(bənzətmələr), bədii təyinlər, metaforalar da maraqlıdır, bir çoxu lap təzədir,
kimsə onları şeirlərində işlətməyib. "Kimi"
şeirini misal gətiririk:
Sənin
könlün oxunmaz,
Bir daş kitabə kimi.
Mən sənin hüzurunda
Durmuşam təbə kimi.
Bir zirvənin çənində,
Dərd
saçımın dənində,
Dayanıram önündə
Uçuq xərabə kimi.
Saçım ağ, günüm qara,
Hörüyün dönüb tora,
Bir eşqi çəkib dara,
Saxlar sərdabə
kimi.
Daş atmaz çöl quşuna,
Qan qatmaz göz yaşına,
Bu can sənin başına,
Dolanar Kəbə
kimi.
"Könlüm came qapısı"
kitabında Məmməd
Tahirin "Gəncləşən
şəhər", "Çernobıl
zəngi" lirik poemaları və "Məhkum" epik-lirik poeması da təqdim edilir.
Hələ dörd pərdə,
on şəkilli "Mağara
əshabələri" adlı
bir mənzum dramı da var. Bu poemalardan da söz açmaq lazımdır və mən deyim ki, şairlik təbiəti etibarilə lirik olan Məmməd
Tahir bir çox şeirlərində
olduğu kimi, lirik poemalarında da uğur qazana
bilir. "Gəncləşən
şəhər"də Naxçıvanın-qədim
odlar diyarının bugünkü abadlığında,
şəhərlər içində
"çiçək kimi"
seçilməyindən, hər
qarışında yaradıcılıq,
quruculuq işləri getdiyindən söz açır. Bu balaca poemada müəllif Naxçıvan
haqqında çox söz deyə bilir. Hiss olunur ki, Məmməd Tahir bu poemada
öz doğma məkanına-doğulduğu torpağa
məhəbbətini poetik
ilhamla qələmə
alıb. Hərçənd ki, poemada bəzi misralar publisistik şərh kimi səslənir. "Çernobıl zəngi" poeması da lirik tonda
yazılıb.
Poemada şairin
bədii təsvir vasitələrindən uğurla
istifadə etdiyi diqqəti cəlb edir.
Udduğu
hava
Bir az isti,
Bir az bürkü.
Bəbəklərində dəhşət,
Kirpiklərində ölüm yükü.
Fəlakətdən
Əriyirdi qovrula-qovrula.
Bu ölüm mələyi,
Əynindəki qurğuşun köynəyi
Çıxarmaq istəyirdi.
Axırdı al qanı.
Poema insanları
dəhşətdən, vəhşətdən
qorumağa səsləyir.
Təəssüf ki, "Məhkum" poeması uğurlu deyil. Təxminən min misradan artıq
olan bu poemada
obrazlar sxematikdir.
Əsərin qəhrəmanının xarakteri
solğun və bəzi məqamlarda bəsit nəzərə çarpır. Belə bir uzun poema yazmaqdansa, gözəl lirik şeirlərin sayını
artırmaq olardı.
Məmməd Tahirin təbii ki, lirik şeirləri içərisində də nisbətən zəif təsir bağışlayan nümunələr, yaxud ayrı-ayrı şeirlərin içində gücsüz səslənən misralar, bəndlər də olmamış deyil. Amma Məmməd Tahir lirikada istəyinə nail ola bilir və təbii ki, bəzi qüsurlar onun gözəl bir lirik kimi imicini kölgələmir. Uğurlar, Məmməd Tahir!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-21 sentyabr.-S.13.