AŞIQ AVDI

QAYMAQLININ MƏNZƏRƏSİ

 

İnsan Mənzərələri

Xalqımızın böyüksevimli şairi Zəlimxan Yaqubun "Nurlan" nəşriyyatında çapdan çıxmış "Səhra gülləri" kitabım haqda qələmə aldığı təəssüratlarını oxuyuram. Elə bu başdan böyük ustadımız, Xalq şairi Zəlimxan Yaquba öz dərin təşəkkürümü bildirirəm. Xəstəhal olmasına baxmayaraq, zəhmət çəkib bu yazını qələmə alıb. Yazı başdan-başa səmimiyyət və sevgi bulağına bənzəyir. Və çoxdan bəri Avdı baba haqda yazacağım mənzərənin politrasına çevrildi.

Ustad yazır: "...Mən sənin kitabını böyük sevgi və sayğılarla oxudum. İstər-istəməz Qazax mahalının İncə dərəsini və aşıq Avdının "İncəgülü" havasını xatırladım. İncə dərəsində yetişən şairlərin hamısının dili sazdan şirə çəkib, güllərdən bal çəkib, çiçəklərdən ətir çəkib. Adı İncə dərəsi olan yerdə doğulan şairin sözlə kobudcasına rəftarına Tanrı icazə verməz. " İncəgülü" havası adama qənim olar. Bu hava insanı pəltək danışmağa qoymaz.

Hərdən fikirləşirəm ki, əgər dilimizin qoşma, bayatı, divani ləngəri olmasaydı dilimiz də torpaqlarımız kimi çoxdan işğal olunardı..."

" Ya Allah", - deyib oturdum bu yazını yazmağa. Xatirələr məni çox uzaqlara apardı...

Adətimiz üzrə məclis qurub, yenə mürşidimiz Ağamalı Sadiqin işığına yığışmışdıq. Tufanası dağılmamış sazı sinəsinə basanda gah Koroğlu olurdu, gah Cünun olurdu, gah Kərəm olub yanır, gah da Xıdır Peyğəmbərin Tərkində göylərə qalxıb qırx günlük mənzili bir an içində Tiflisə gələn Qərib olurdu.

Mənim təsvir edəcəyim bu etüddə o aşıq Avdı Qaymaqlıyı:

- Həə... Mənim əzizlərim, vaxt o vaxtıydı ki, çiçəklər qönçə örpəyini aralayıb günəşin əlvan şüalarından nur əmə-əmə ətrafa ətir səpir, bülbüllərin cəh-cəhi xəfif meh havasına qarışıb cənnət nəğmələri oxuyur, puçurunu açan budaqlar sallanıb şır-şır axan İncə çayının zümzüməsində çimişirdilər. "Kərəm" bulağının başında qoşalaşmış iki gənc sanki bu füsunkar gözəlliyin içində daha cazibəli, daha ətirli, daha şirin nəğməli bir məkana qovuşub, ətrafda Allahın özünü belə heyrətə salacaq bu mənzərəni görmürdülər sanki.

Mehriban yana çevrilib, üzünün Avdı tərəfini örpəyi ilə yaşmağa almış, nəmli gözlərini çiçək üstündə vurnuxan arıdan çəkə bilməyir, gənc Avdı isə köksünü yırtıb dağıdan sarı bülbülün ah-naləsinə qərq olub, illərlə həsrətini çəkib, vüsalına yetə bilmədiyi Məhribanına nələr deyəcəyini, nələr oxuyacağını anşıra bilmirdi.

Qəfil çağırış Avdını bu sehrli dünyadan ayırdı. Diksinib ətrafa baxdı. Mehribanı qeyb olmuşdu. Çağıran anası kişi Yetər idi.

 

İNCƏGÜLÜ

 

Dərya Məhəmməd İncə dərəsinə çatanda ilkindi vaxtı idi. Çoxdandı dostu Avdı ilə görüşmürdü. "Bir gedim görüm, hal-əhval tutum, bir də Borçalıdan aldığım toy sifarişimizi ona da çatdırım", - deyib Şıxlıdan İncəyə at belində gəlmişdi. (Qeyd edək ki, hələ öz halal haqqını almamış böyük saz-söz ustası Şıxlı Dərya Məhəmməd aşıq Avdı Qaymaqlı ilə birgə, aşıqlar sultanı aşıq Sadıq Sultanovdan dərs alıb ömürlərinin sonunacan dost olublar.) Dərya Məhəmməd qapıya çatıb:

Avdı! Avdı! - deyə çağırır. Qapıya Avdının anası kişi Yetər çıxıb:

- Xoş gəldin ay Məhəmməd, xoş gəldin. Atdan düş, keç içəri. Avdı aşağı bağa enib, indi çağıraram - deyib, təpənin başından İncə çayını sinəsinə sıxmış, , narıncı, çəhrayı çiçəklərə bəzənib cənnət bağını xatırladan Leyli dərəsinə üz tutaraq Avdını çağırdı.

Dostunun gəlişini eşidən Avdı bir "Kərəm" bulağına baxdı, bir qeyb olan Mehribanının izlərinə, bir də lildə batan lilpara baxıb köks ötürdü. Leyli dərəsini bir nəfəsə qalxıb, heç nəfəsini belə dərmədən Məhəmmədi görmürmüş kimi özünü içəri saldı.

Dərya Məhəmməd:

- Avdı! Avdı! Ayə nə oldu sənə, ölmüş! Hara qaçırsan? - deyib, Yetər ananın üzünə baxdı. Gözləri heyrətdən donmuş kişi Yetər oğlunun arxasınca baxıb, baxıb çiynini çəkdi. Sazla geri dönən Avdı dostu Məhəmmədə baxıb:

- Məhəmməd, xoş gəldin, ancaq məni dindirmə. Qoy əhvalımı sazla deyim, qulaq as - deyib, sazın zilini zil, bəmini bəm eylədi. Dərya Məhəmməd, Yetər ana mat-mat Avdını seyr edirdilər. Birdən-birə sazdan bir ilahi nalə qopdu, aşıq Avdı dönüb oldu İşıq Avdı, min rəngə boyandı, min ətirə döndü:

 

Bir gün durdum çıxdım gülşən seyrinə,

Gördüm ki, bülbüllər gülə yalvarır.

Bənövşə boynunu büküb nərgizə,

Nərgiz özü şirin dilə yalvarır.

 

- Avdı, ayə bu nə havadı çalırsan, busözdü oxuyursan, evin yıxılmasın? Mən belə bir hava eşitməmişəm, Bu nə hərəkətdi?

 

Avdı özündə, sözündə dəyildi:

 

Bir yanda dayanıb xumar gözlü yar,

Bağda hər çiçəyin öz nəşəsi var.

Bir neçə addım da bulaqdan kənar,

Lilpar batıb dərin lilə yalvarır.

 

Bu səsə, Avdının həyat yoldaşı Yasəmən xanım da çölə çıxır. Ərinin belə havalı-havalı oxumasına o da maraqla tamaşa etməyə başlayır. Avdınınsa gözlərinə heç görünmürdü:

 

Hər otun başında var bir piyalə,

Mehriban dalğındı, batıp xəyala.

Yasəmən çıxanda sorğu-suala,

Avdı yaşın silə-silə yalvarır.

 

...Məclis əhli qulaq asır, Ağamalı tərini silir, sanki, dərin bir yuxudan ayılıb, heyranlıqdan məst olmuş məclis üzvlərinə (mən idim, Məmməd İlqar idi, Akif Səməd idi, qardaşım Tahir idi bir neçə dostlar);

Həə... Avdı babamız bax beləcə yaradır "İncə gülü" havasını. Sonra üzünü Məmməd İlqara tutub, müxəmməs əvəzi; "Məmməd, beləmi yazıbsan?" - deyib, sazı yenə sinəsinə basdı:

 

Bu dağların bəxti bir durulmaz,

Cığırları bulağlara burulmaz.

Həsrət-həsrət gözləməkdən yorulmaz,

Kimi gözlər köç yolları, yurd yeri,

Avdı baba, "Yurd yeri" çal, "Yurd yeri"...

 

Bax beləcə, əziz oxucular, sinəm doludu. İncə Dərəsinin mənəvi atası olan Avdı babamız haqda o qədər yazardım çox hayıf vaxtımız, yerimiz dardır. Qısaca ömür mənzərəsi isə belədir:

1909-cu ildə Qazax mahalının İncə Dərəsində dünyaya göz açıb. Böyük Vətən müharibəsində döyüşüb, yaralanıb tərxis olunmuşdur. Səməd Vurğunun dostu olub, bir neçə gün qonağı olub. Saz mülkünə klassik saz havalarına qoşulmuş "İncəgülü" havasını bağışlamış, aşıq Cəlal Qəhrəmanov, aşıq Sadıq, aşıq Yəhya, aşıq Sədi, bir çox ustad sənətkarların ustadı olmuşdur. Akif Səməd deyərdi ki, hara aşıq Avdının suyu sıçrayıb, orada saz göyərib, söz bitib. 1988-ci ildə, 79 yaşında dünyasını dəyişib. 2009-cu ildə öz həmyerlilərinin Aşıqlar birliyinin təşəbbüsü ilə 100 illik yubileyi təntənəli formada qeyd edildi. Nəfis bir kitabı çap olundu.

Dərya Məhəmmədlə bir deyişməsini ərməğan edib sizlərlə vidalaşıram.

Aşıq Avdı ilə Şıxlı Dərya Məhəmmədin Dördüncü deyişməsi.

 

Aldı dərya Məhəmməd:

 

Gözüm yolda, könlüm haxda qalıbdı

Gözlərəm gələcək ay beləsinnən.

Hərdən durasan qarşı-qarşıya,

Ömür-gün sürəsən ay beləsinnən.

 

Aldı Aşıq Avdı:

 

Üzərdə insandır, ürəkdə şeytan,

Heç xəbərin varmı ay beləsindən?

Dilində şirində, feyildə filman,

Haqq özü saxlasın ay beləsindən.

 

Aldı dərya Məhəmməd:

 

Eşit deyim sözlərimi mərdana,

Mərd insanlar bəsləyirlər mərd ana.

Gedərəm ölümə mərdi-mərdana

Qatsalar yanıma ay beləsinnən.

 

Aldı Aşıq Avdı:

 

Dost, qardaş yanında üz olarsan,

Məhəbbət gölündən uzağ olarsan,

Hər dərddən-bəladan irağ olarsan

Əgər ki, gen gəzsən ay beləsindən.

 

Aldı Dərya Məhəmməd:

 

Dəryalar içində ada keçibsə,

Yazıq cismim yanıb oda, keçibsə,

Məcnun Leyli sevib o da keçibsə,

Məhəmməd keçər ay beləsindən.

 

Aldı Aşıq Avdı:

 

Avdı deyər hər bir yana var, canım,

Eyləməzmi namus, qeyrət, ar canım?

Əsirgəmə devlət, canım, var, canım,

Ver qurtar özümü ay beləsindən.

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2013.-21 sentyabr.-S.10.