QƏLBİN
XATİRƏSİ, YAZIÇI HARAYI
Əlövsət
Bəşirli - 75
İlk dəfə onun imzasına rast gələndə hələ tələbə idi, universitetin jurnalistika fakültəsində oxuyurdu.
Vaxt ötdükcə qələminin meydanı genişlənirdi. Gənc jurnalistin qəzet və jurnalların səhifələrində imzası görünür, Azərbaycan radiosunun efirində tez-tez səsi eşidilirdi.
Orta məktəbi qızıl medalla, universiteti isə qırmızı diplomla bitirən Əlövsət Bəşirli Bakıda qalıb, nüfuzlu bir qəzetdə çalışmaq şansı qazansa da, anasının istəyinə qarşı gedə bilmədi, ürəyi gəlmədi buna.
Aradan illər keçəndən sonra o, bu barədə yazacaqdı: "1962-ci ilin iyununda Nurəddin müəllim (Nurəddin Babayev - N.H.) məni "Azərbaycan gəncləri" qəzetinin baş redaktoru Cəmil Əlibəyovun yanına apardı. Söhbət qısa, konkret oldu: "Cəmil müəllim, dediyim tələbə budur. Məsləhət görürəm sizdə işləsin". Baş redaktor razılıq verdi.
Sevincək rayona, evimizə gəlib anama dedim. O, başını buladı: "Bakıda necə qalarıq? Ev yox, həyət yox, başına dönüm, elə burada işlə".
Mən rayonlararası "Məhsul" qəzetində
işə başladım. Bir neçə il burada çalışdım".
Bizi Azərbaycan
radiosu doğmalaşdırdı. O, "Təbliğat"
redaksiyasında redaktor,
mən isə "Kənd həyatı" redaksiyasında şöbə
müdiri işləyirdim.
Əlövsət sevilən, seçilən
jurnalist idi, həftəlik "letuçka"larda
verilişləri hey təriflənirdi.
Yaradıcı kollektivdə hamı
xətrini istəyirdi.
O, bunu öz zəhməti, istedadı və insanlığı ilə qazanmışdı.
Bir-birimizə rəğbət bəsləyirdik. Aramızda gələcək
dostluqdan xəbər verən xoş bir ünsiyyət yaranmışdı. Çox keçmədi
ki, mən "Ədəbiyyat" şöbəsinə
keçdim. Baş redaktorlardan
bir neçəsi onu "oğurlamaq" istəyirdi. Əlövsət isə öz doğma kollektivindən ayrılmaq istəmirdi.
Gün gəldi Nəbi Xəzri (o vaxt sədrin Televiziya üzrə müavini idi) məni ikinci mərtəbədən
üçüncü mərtəbəyə
(Televiziya üçüncü
mərtəbədə yerləşirdi)
qaldırdı. Kollegiyanın qərarı ilə "Gənclik" Baş redaksiyasına baş redaktor təyin olundum. Mənim qarşıma şərt qoyulmuşdu: tez bir vaxtda kollektivin
ağzını bir yerə yığmaq, verilişlərin keyfiyyətini
qaldırmaq! İki şöbə müdiri
şair Tofiq Mütəllibov və yazıçı Fuad Tarıverdiyev vicdanla çalışırdılar. "Gənclər" şöbəsində isə
şöbə müdiri
vəzifəsi boş
idi. Burada aləm bir-birinə
dəymişdi.
Tərəddüd etmədən bu vəzifəyə Əlövsətin namizədliyini irəli sürdüm. Komitə sədri də, müavin də mənim fikrimə şərik çıxdılar. Bunu Əlövsətə də anşırtdım. Hiss etdim ki, könlü var. Ancaq qalırdı baş redaktoru Hacı Hacıyevin razılığı. Bu, müşkül məsələ idi. Çünki o, çox böyük nüfuz sahibi idi, rəhbərliyin yanında bir sözü iki olmurdu. Bir yandan da Hacı müəllimi qınamalı deyildi. O, istedadlı, perspektivli cavanları başına yığır, onları sözün əsl mənasında jurnalist kimi yetişdirirdi. Əlövsət də haradasa onun məktəbini keçmişdi. Ona görə də Hacı müəllimin xeyir-duası olmadan ayağını kənara qoymağı ağlına belə gətirmirdi. Bu da onun ləyaqətindən, daxili mədəniyyətindən irəli gəlirdi.
Çox xahiş-minnətdən sonra axır ki, Hacı müəllimin "hə"sini aldıq.
Yaşımızın, ömrümüzün gözəl günləri idi. Ürək-ürəyə verib işləyirdik. "Gənclər" redaksiyası az vaxtda önə çıxdı, şöhrətləndi. Bir müəllif kimi Əlövsətin bilavasitə özünün hazırladığı həftəlik "Səhər" verilişi geniş populyarlıq qazandı. SSRİ Televiziya və Radio Verilişlrəi Komitəsinin orqanı olan "Radio i televideniye" jurnalı bu proqram haqqında bir qoşa səhifə reportaj dərc elədi. Respublika qəzetləri, jurnalları, xüsusilə də gənclər mətbuatı redaksiyanın ayrı-ayrı verilişləri haqqında müntəzəm olaraq materiallar verirdi. Bu, əlbəttə, ilk növbədə şöbə müdirinin adı ilə bağlı idi.
Bir əhvalat yadıma düşür. 1969-cu il idi.
Bakıya bərk qar yağmışdı - axşamdan səhərəcən. Yollar buz bağlamışdı. Nəqliyyat işləmirdi. Gediş-gəliş büsbütün kəsilmişdi. O zaman televiziyada verilişlər efirə canlı gedirdi. "Səhər" proqramının növbəti verilişinin ssenarisini Əlövsət yazmalıydı. O, şəhərdən aralıda - Xırdalanda yaşayırdı. Səhər pəncərədən baxanda gördüm ki, qar qurşağa çıxır. Fikirləşdim ki, belə havada o, heç cür işə gələ bilməz. Mənim yolum isə o qədər də uzaq deyildi. Özümü birtəhər Televiziyaya çatdırdım. Çırpınırdım: "Bir saatlıq verilişi necə yola verəcəyəm?"
Əlimin altında elə bir material da yox idi. Özümü ora-bura vurub, bir-iki süjet hazırladım. Necə deyərlər, bununla yara sağalan deyildi. Qar da ara vermədən yağırdı. Studiya suyu sovrulmuş dəyirmana bənzəyirdi. Bir də gördüm ki, qapı açıldı. Gələn Əlövsət idi. Gözlərimə inana bilmirdim. Soruşdum: "Necə gəlib çıxdın bu qədər yolu?" "Gəlməyə bilərəmmi?" - dedi.
Verilişin ssenarisi hazır idi. Elə bil üstümdən dağ götürüldüg
Bir yerdə işlədiyimiz müddətdə belə hadisələr dəfələrlə olmuşdu. O, hər dəfə də mənim gözümdə böyüyür, ucalırdı...
Günlərin birində biz ayrılmalı olduq. Mərkəzi Komitə onu Cəlilabad rayon qəzetinə redaktor göndərməyi qərara almışdı. Bu, ürəyindən idi, sevinirdi. Bu sevincin əsas səbəbi anası ilə bağlı idi. Özünün dediyinə görə, anası burada - şəhərdə "daş evə" sığmırdı, ürəyi genişlik istəyirdi. Əlövsət də kirpiyi ilə od götürə-götürə gözünün ağı-qarası olan tək oğlunu aclığın, dərd-bəlanın əlindən alıb, bu günə çatdıran anasının istəyilə yenə də Bakını qoyub, rayona işləməyə gedirdi. O, bu gedişlə düz iyirmi il Cəlilabadda qaldı. On il qəzet redaktoru işlədi, on il də rayon partiya komitəsinin katibi.
Əlövsət hər iki vəzifədə fədakarlıqla çalışdı, bütün respublikada ad-san qazandı, tanındı, yüksək mükafatlara, təltiflərə layiq görüldü. Çoxları kimi vəzifə onu dəyişmədi. O, necə var idisə, eləcə qaldı - sadə, mehriban, dostcanlı, müdrikg
Bədii yaradıcılığa ötən əsrin 70-ci illərində başlayan Əlövsət Bəşirli bir müddət kiçik həcmli satirik yazılarını, həmçinin görkəmli sənət adamları haqqında sənədli hekayələrini qəzet və jurnallarda dərc etdirdikdən sonra, "Səssiz cinayət" povestini qələmə aldı. Əsər əvvəlcə "Karvan" jurnalında, sonra kitab şəklində "Yazıçı" nəşriyyatında beş min nüsxə tirajla çap edilib oxucular tərəfindən maraqla qarşılandı və cəmi iki-üç ay ərzində mağazalarda satılıb qurtardı.
İlk povestin
"ayağı" sayalı
oldu. Müəllifin sonrakı illərdə
bir-birinin ardınca
"Biz hara gedirik"
("Qanla suvarılan
ağac"), "Zirvədən
zülmətə", "Ömür keçdi"
povestləri və
"Qəsd" romanı
nəşr edildi.
"Ömür keçdi"
xatirə-povesti Əlövsət
Bəşirlinin necə
deyərlər, həyat
hesabatı, ömür-gün
yolunun hekayətidir. Burada təsvir
olunan hadisələr bizi uzaq-yaxın illərə aparır.
Gözlərimiz qarşısında Muğanın geniş üfüqləri açılır,
ana Kürün nəğməsi qulaqlarımızda
səslənir. Gah kövrəlir,
gah həyəcanlanır,
gah da sevinir,
qanadlanırıq.
Səhifələri çevirdikcə
uşaqlığı ağır
müharibə illərinə
təsadüf edən,
ana fədakarlığı,
ana məhəbbətilə
boy atıb, böyüyən,
Qələbəyə bir
neçə ay qalmış
cəbhədən qara
kağız alan, atasızlıq dərdinin
bütün acılarını
dadan, dözüm zirehi geyinib, 21 yaşında dul qalmış anası ilə birgə çətin imtahanlardan, sınaqlardan keçən,
həyatın eniş-yoxuşlarında
büdrəməyən, möhnətlərə
dözə-dözə bərkiyən,
xeyirxah insanların köməyi, qayğısı
ilə pərvazlanan, öz zəhməti, inamı, inadı ilə illərin qanadında ucalan, ürəyi xalqına, vətəninə bağlı
bir ziyalının, qələm sahibinin şərəfli həyat
yolu, ömür salnaməsi gözlərimiz
qarşısında canlanır.
Bu sənədli povest
memuar-xatirə ədəbiyyatımızın
nəzərə çarpan,
seçilən nümunələrindən
olmaqla, insan ömrünün mənası,
arzuların ülviyyəti,
yaşamağın fəlsəfəsi,
eləcə də beşikdən məzaracan
gedən yolun döngələri, dönəmləri
haqqında ibrətamiz,
təsirli bir hekayətdir.
"Qəsd" - çoxşaxəli,
dramatik kolliziyalar silsiləsindən yaranmış
tutumlu, oxunaqlı bir əsərdir. Burada sərt,
bəlkə də haradasa ağıla gəlməyən, amansız
həqiqətlər çeşidli
insan talelərilə qovuşur. Şəri,
yalanı təmsil edən Ağazadə, Gülmalıyev, Hiylə Nəbili, Gülnaz Şəkərova, Əhməd
Səfərov səngərin
bir üzündə,
o biri üzündə
isə düzlüyün,
haqqın, ədalətin,
daha doğrusu xeyirin çırağını
sönməyə qoymayan,
bu yolda hər cür ağrı-acıya, möhnətə
dözən Fəxri Mərdanlı, Lalə Sadıqova, Aygül, Polad, Bayram kişi,
Nəzər Vəliyev
kimi ürəyi işıqla, qurmaq-yaratmaq
eşqilə yaşayan
insanlar durur. Romanın birinci fəsli əsəbləri
tarıma çəkən,
tükürpədici dramatik
bir epizodla sona çatır:
"Elə bu zaman heç kəsin ağlına gəlməyən dəhşətli bir hadisə baş verdi. Yaylığı tapdanan qadın qəzəblə qıy vurub qucağındakı körpəsini maşının qabağına tərəf atdı. Bir anlığa hamı yerindəcə donub qaldı. Təkcə iki nəfərdən başqa. Bu iki nəfər peşəkar ustalıq, qibtəediləcək cəldlik göstərdi. Təcrübəli sürücü əyləci basdı, milis rəisi qundağı göydə qapdı və dərhal sürücüyə him elədi: "Çıx aradan".
Ağ rəngli "Niva" bir göz qırpımında gecənin qaranlığında əriyib yox oldug"
Romandakı sarsıdıcı, ürəyi yerindən oynadan səhnələri arxada qoyduqca, sanki müəllifin yanar qəlbinin səsini, fəryadını, harayını eşidirik.
"Qəsd" - roman-ittiham, həm də çağırışdır, haraydır!
Kitablar da insanlara bənzəyir. Kitab var əlinə götürəndə yerə qoymaq istəmirsən, qəlbən, ruhən ona bağlanırsan. Kitab da var...
Əlövsət Bəşirlinin bu kitabı birincilər sırasındadır. Mən onu birnəfəsə oxuyub başa çıxdım. Aldığım təəssüratdan günlərlə ayrıla bilmədim. Bu da səbəbsiz deyildi. Ölməz şairimiz Məhəmməd Hadi yazırdı: "Oxumağa layiq o kitabdır ki, yatmış hissləri, sönmüş vicdanları, qaralmış qəlbləri işıqlandırıb, hərəkətə gətirsin, ziyalandırsın". Əlövsət Bəşirlinin "Qəsd"i sözün əsl mənasında yatmış hissləri, sönmüş vicdanları, qaralmış qəlbləri təlatümə gətirən, işıqlandıran bir kitabdır.
Maraqlı kompozisiya, gözlənilməz keçidlər, oxucunu hər an intizarda saxlayan şirin təhkiyə, səlis, koloritli dil əsərin başlıca məziyyətidir.
Əlövsət Bəşirlinin
son illər "Azərbaycan", "Ulduz", "Yada düşdü" jurnallarında, "525-ci
qəzet"də və "Ədalət" qəzetində
dərc olunan povest,
hekayə, publisistik məqalə və
xatirələri ("Adamsız adam",
"İblis xisləti", "Gecə
yarısı döyülən qapılar", "Günah", "İnsan
kimi", "Qürub
çağı", "Yalqız", "Əbləh",
"Korrupsiya", "Ocağın odu", "Kimdir qatil?!", "Sözün
işığı", "Çıxıram qəlblərin
səyahətinə", "Keçib
sinəm üstdən illər karvanı", "Kürün sahilləri, ömrün
dolayları" və s.) oxucular
tərəfindən maraqla
qarşılanıb.
Ömür-gün yoldaşı, görkəmli jurnalist Dilarə Vəkilova ilə birlikdə qələmə aldığı "Bizim dünya" kitabı, tanınmış tədqiqatçı jurnalist, siyasi elmlər namizədi, övladı Aynur Bəşirlinin redaktorluğu ilə çapdan çıxmışdır.
Bu kitabı "doğma ürəklərin qoşa səsi, qoşa ürəyin nəğməsi" adlandırırlar.
Mən qələm dostumu 75 yaşı munasibətilə təbrik edir, cansağlığı, ailə səadəti, yeni yaradıcılıq sevincləri arzulayıram.
Nahid HACIZADƏ
Ədalət.-2013.-21 sentyabr.-S.8.