İmişlinin sabaha inamı daha böyükdür

 

Bir neçə gün əvvəlki güclü yağışlardan sonra təbiət tamam dəyişib. Ağacların yarpaqlarındakı toz-torpaq töküldüyündən hər tərəf günəşin şüaları altında sanki bərq vururdu. Arxada qalan İmişli rayonunun Bəcrəvan, Mirili, Qaravəlli və digər kəndlərinin həyətlərində bir-birinə sığınmış mal-qara sanki havanın istiləşməyini gözləyir. Sakitlik içərisində uyuyan ətrafda, bağ-bağçada payızın nəfəsi aydınca hiss olunur. Xeyli uzaqda olan, ancaq aydın görünən dağların başında qarı da görmək mümkündür. Dağlardan əsən meh qarın soyuqluğunu arana gətirir.

İmişli şəhərinin girəcəyindəki ab-hava bir az əvvəlki soyuqluğu tamam unutdurur. İmişli rayonunun ən böyük prospekti olan Heydər Əliyev prospekti burdan başlayır. Asfaltlanmış geniş küçənin sağsol tərəflərinə müasir işıqlandırma dirəkləri quraşdırılıb. Bir-birindən gözəl, yaraşıqlı inzibati və yaşayış binaları prospektə tamam başqa bir görkəm verir. Hündür ağacların yarpaqlarına xal düşsə də, hələ dözümlüdürlər. Mədəniyyət sarayının, "Beynəlxalq Bank"ın, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının, Polis şöbəsinin yeni və möhtəşəm binaları da burda yerləşir. Üzü Füzulidən tutmuş, digər rayonlardan gələn minik maşınları məhz bu prospektdən keçərək paytaxta şütüyürlər.

Bu prospektdə tikinti işləri hələ də davam etdirilir.

Yəqin ona görə ki, Ulu Öndərin adını daşıyan bu prospektdə bir sıra daha gözəl binaların inşası nəzərdə tutulur. Son vaxtlar simasını tamam dəyişən İmişli şəhəri belə tikililər hesabına daha da gözəlləşəcək, bir qədər də müasirləşəcək.

Hələ ki, payızın ilk günləridir.

Təsadüfi heçolmur

Azərbaycanın üçrəngli bayrağının dalğalandığı, yaşıllıqları, oturacaqları, rahatlığı ilə könül oxşayan Heydər Əliyev parkında insanlar daha çox istirahət edirlər. Ulu Öndərin heykəlinin yerləşdiyi bu parkda Gənclər Mərkəzi də fəaliyyət göstərir. Əzəmətli Heydər Əliyev Mərkəzinin qarşısında gənclərin daha sıx toplaşdığı hiss edilir.

Son vaxtların tanıdığım və artıq münasibətlərimizin dostluğa çevrildiyi İmişli rayon Ağsaqqallar Şurasının sədri Mirələkbər Həsənovla yenə burda görüşürük. Mirələkbər müəllimin tez-tez üz tutduğu bu məkanda olması tamam təbiidir. Yaşıllıqlar əhatəsində, sakitlik qoynunda uyuyan bu bağda istirahət etməyin özgə ləzzəti var.

Görüşürük və təbəssümlə yenə sözə başlayır:

- Çoxdan gəlmirsən, qəzetiniz də bizdən heç nə yazmır. İnciyib eləməmisən ki?

Hə, bax bizim bu İmişli şəhəri son vaxtlar bir az da gözəlləşib. Şəhərimizin küçələrini, meydanlarını özün gəzib görmüsən. Görüşdüyümüz bu Heydər Əliyev parkınınsa bir ayrı hüsnü var.

Bax, bu Gənclər Mərkəzinin tikintisini yekunlaşdırmışıq. Fəaliyyətinə yaxınlarda rəvac vermişik. Mərkəzdə konfrans zalı, kinoklub, kitabxana, şahmat dərnəyi, idman zalı, çayxana və digər xidmət növləri fəaliyyət göstərir.

180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbini inşa edib qurtardıq.

Şagirdlər bu ildən orada təhsil alacaqlar. 960 şagird üçün inşa edilən şəhər 5 saylı məktəb-liseyi əsaslı təmir etmişik, bir ora da baş çəkərsən. Xançobanlı kənd tam orta məktəb üçün yeni korpusun tikintisi davam etdirilir. Rayon Tarix Diyarşünaslıq muzeyini təmir etdik, dam örtüyünü dəyişdirdik. Bina layla yenidən üzləndi. Sahəsi 200 kvadrat metr olan muzeyin daxili tərtibatı yenidən quruldu, eksponatların sayı 4 minə çatdırıldı. Gəzib gördüyün İmişli şəhərinin 20 Yanvar küçəsinin, rayonun Çahar, Bəcrəvan Cəfərli kəndlərinin giriş yollarının təmirinə 5214 min manat pul xərclədik. Bundan başqa şəhərin M. Əsədov, Həsənoğlu, Aşıq Ələsgər, 20 Yanvar küçələrində, Heydər Əliyev prospektində, Bayraq Mərkəzi Rayon Xəstəxanasının qarşısındakı meydançalarda abadlıq işləri aparmışıq.

Bu işlərə 500 min manat vəsait xərcləmişik. Heydər Əliyev prospektində, A.Şadlinski T.İsmayılov küçələrində müasir tipli elektrik dirəklərinin quraşdırılması işləri son mərhələdədir. Regional Ədliyyə Şöbəsi üçün 4 mərtəbəli inzibati binanın inşası yekunlaşmışdır.

Onu da qeyd elə ki, 2013-cü ilin 6 ayı ərzində rayon üzrə 818 yeri açılmışdır ki, onun da 345-i daimidir. , jurnalist qardaş, təsadüfi heç olmur. Mən bu parkda dincəlməyi sevirəm, sən bu parkda gəzməkdən ləzzət alırsan. Bu qoca vaxtımda onu da bilirəm ki, İmişlinin sabahı daha parlaq olacaq. İşlərini qurtar, bir zəngləşək.

Mirələkbər Həsənovla, bu ziyalı ağsaqqalla vidalaşıram, işlər doğrudan çoxdur.

İmişlililər torpağa bağlı insanlardır

Qeyd edək ki, rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüşdür. "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsindəki 50 min tonluq taxıl anbarı, Qaragüvəndiki kəndində damazlıq yumurta istehsal edən "Araz Damazlıq Quşçuluq" MMC istifadəyə verilmişdir.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

Ədalət.-2013.-26 avqust.-S.3.