MƏNİM MƏMMƏD ARAZ DÜNYAM

ƏDƏBİ HƏYAT

 

 (Böyük şairimizin 80 illiyinə)

Azərbaycan poeziyası Azərbaycan torpağına oxşayır. O torpağa hər il, bəlkə də hər gün qayğı göstərilməsəydi, bar verməzdi. Bu mənada böyük şairimiz Məmməd Araz o torpağın ən bərəkətli, ən məhsuldar ərazilərindən biridir.

Etiraf edim ki, Məmməd Arazı bir az gec dərk eləmişəm, yəni, bir şair kimi - o, mənim varlığıma hakim kəsilənə kimi illər keçib.

Əvvəlcə ilk tanışlıqdan başlayım.

Yaxşı yadımdadır, 1965-ci ilin sonlarıydı. XI sinifdə oxuyurdum və artıq gələcəkdə ədəbiyyatçı olacağıma qəti qərar vermişdim. Bütün günü şeir, nəsr kitabları əlimdən düşmürdü və sevdiyim bir şair vardısa, o da Səməd Vurğun idi.

Həmin qış günü məktəbdə ədəbiyyat müəllimimiz dedi ki, sabah rayona Bakıdan şairlər gələcək, biri Söhrab Tahirdir, biri də Məmməd İbrahim. O, bunu deyəndə mənim üzümə baxdı, elə güman elədi ki, mən bu şairlərin əsərlərini oxumuşam. Başımı aşağı saldım, qızardım, axı, Söhrab Tahirin və Məmməd İbrahimin heç bircə misrasını da bilmirdim, tanış deyildim.

Səhərisi gün dərsə getmədim, günün çox hissəsini rayon mərkəzində (bizim Ərkivan kəndi ilə Masallının mərkəzini 3 km ayırırdı), mədəniyyət evinin qarşısında gəzindim. Axşamüstü, saat beşdə görüş başlandı. Amma iki şair yox, üç idi, biri də Tofiq Bayram. Bu üç şair Masallı rayonunun Ərkivan kəndində yaşayan bir kəndli cavanın - bir ədəbiyyat həvəskarının dünyada gördüyü ilk canlı şairlər idi. O görüşdə mən 32-33 yaşlı Məmməd İbrahimin (az sonra o, Məmməd Araz olacaqdı) dilindən bir neçə şeir eşitdim. Onun səsi də cavan idi, saçları qapqaraydı, əlləri də şeir deyirdi. O, Arazdan şeir oxuyurdu:

 

Yox, Araz deyəndə mən,

Yalnız çay düşünmürəm!

Mənim tək baxsan ona,

Deməzsən adi sudur.

O, bir gəlin hörüyü,

Bir uşaq yuxusudur.

O, Qıratın yalmanı,

Bozatın tərliyidir.

Nənəmin ipəkliyi,

Babamın sərtliyidir.

 

O görüşdən sonra mən cavan Məmməd İbrahimin "Araz axır" kitabını tapdım, oradakı üç poemanı su kimi içdim. İki il sonra ADU-nun filologiya fakültəsinin tələbəsi oldum. Amma şəhərə, bu səs-küyə, izdihama, insan basırığına dözə bilmirdim, tez-tez kəndim yadıma düşürdü, Məmməd Arazın şeirində olduğu kimi o göy təpəlik, o muzey dərələr, o buzlu bulaqlar, o ala inək, o yaşıl biçənəklər yadımdan çıxmırdı.

Tələbəlik illərində tez-tez ədəbi tədbirlərə gedir, orada məşhur şairlərin görüşündə iştirak edir, böyük həvəslə onları dinləyirdim. Bir dəfə, 225 nömrəli orta məktəbdə praktikada olanda (onda 1971-ci il idi) Məmməd Arazı və Nüsrət Kəsəmənlini görüşə dəvət etmişdilər. Mən onların yaradıcılığı barədə kiçik bir məruzə ilə çıxış etdim. Tədbirdən sonra Məmməd müəllim əlini çiynimə qoydu, təşəkkürünü bildirdi). Şairin mənə belə bir iltifatı içimi fərəh hissilə doldurdu.

1975-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına daxil oldum. Namizədlik dissertasiyam nəsrdən olsa da, poeziyanı unutmur, respublika mətbuatında şeir kitabları haqda resenziyalarla çıxış edirdim. Ən çox oxuduğum iki şair vardı, Əli Kərim və Məmməd Araz. Bunlar üslubca bir-birindən fərqli şairlər idi, amma onları birləşdirən bir xüsusiyyət vardı ki, o da sözləri ehya etmək, onlara can vermək idi.

Məmməd Arazdan sevdiyim şeirlər çoxdur. Hansını deyim? Birincisi: "Dağlara qar düşdü" şeiri. 2001-cü ildə anam dünyasını dəyişəndə bu şeiri xatırladım və 10 il keçəndən sonra - AZ TV-nin "Ovqat" proqramında çıxış edərkən həmin şeiri əzbərdən dedim:

 

Dağlara qar düşdü, elə qəmginəmg

Dağlara qar düşdü... bilirəm bu dəm

Anamın qəbri də qar altındadır,

Anamın qəlbi də qar altındadır.

Neçə demədiyi əfsanə, nağıl

Onun sinəsində-qar altındadır.

Neçə oxunmamış bayatı, ağı

Donub sinəsində-qar altındadır.

Dağlara qar düşdü, qəribsəyirəm,

Qəlbimə bir həmdəm qəlb istəyirəm.

 

İkinci bir şeir - "Özümdən şikayət məktubu"dur. Bu şeiri Məmməd Arazın şah şeirlərindən biri hesab edirəm. Özünə amansızlığın, məsuliyyətin dərəcəsidir bu şeir. Mən onu neçə ədəbi tədbirdə, məclislərdə özündənrazı şairlərin üzünə oxumuşam. Demək istəmişəm ki, baxın, şeirin yazıldığı altmışıncı illərdə Məmməd Araz tanınırdı, sevilirdi, amma özündən qətiyyən razı deyildi.

 

Nə vaxt yazasıyam şah əsərimi,

İlk sözüm hardadır,

Son sözüm harda?!

Bəlkə də yersizəm bir səfil kimi

Şairlər ordusu gedən qatarda...

 

Qələm var əlimdə

Gör neçə ildir,

Bir nəğməm dillərə nə vaxt düşəcək?

Mənim gəlişimlə nə dəyişildi,

Mənim gedişimlə nə dəyişəcək?

 

Bəzən kipriyimdə buz salxımlanır,

Beynimdə vulkana qulaq asıram.

Məni də çoxları bəxtiyar sanır,

Adım-sanım vardır,

Şeir yazıram.

 

Nə yazdım, neylədim?

Harayım, səsim

Barı bir ürəkdə qala bildimi?

Mənim bir planet olmaq həvəsim

Bir peykin peykimdə ola bildimi?

 

Bəli, Məmməd arazdan sevdiyim və əzbər bildiyim şeirlər çoxdur: "Mövzularım tükənəndə", "Məhəbbət körpümüz", "Duman ömrü", "Babək qılıncı", "Məndən ötdü...", "Oxuyan Təbriz", "Vətən mənə oğul desə", "Atamın kitabı" poemasından xeyli hissələr, "Dünya gözəl dünyadı", "Bu gecə yuxumda Arazı gördüm", "Gəlmədi Rəsul", "Tarixçi Alimə", "Daş harayı", "Dünya sənin, dünya mənim...", "Dünya düzəlmir", "Ya Rəbbim, bu dünya sən quran deyil", "Ata millət, ana millət, ağlama", "Ayağa dur, Azərbaycan!" və s. Bunların sayını artıra da bilərəm.

1993-cü ili xatırlayıram. Mənim "Azərbaycan" jurnalında Məmməd Arazın 60 illiyi ilə əlaqədar onunla müsahibəm dərc edilmişdi. Mən şairimizə əlli sual göndərmişdim, o isə əlli bir cavab göndərmişdi. Həmin il Məmməd müəllimin yubileyi Bakıda, müxtəlif məktəblərdə və müəssisələrdə, bir də Naxçıvanda böyük təntənə ilə keçirildi. Naxçıvana mən də getmişdim. Deyəsən, bu Məmməd Arazın təşəbbüsüylə olmuşdu. Naxçıvanda, teatrın binasında əzəmətli bir tədbir keçirildi və mən də çıxış etdim. İçəri tamaşası ilə, Məmmədsevərlərlə dolmuşdu, hələ nə qədər adam da çöldəydi. Naxçıvan televiziyasında da çıxış etdim.

Naxçıvanda qərara alındı ki, Məmməd Araz ədəbi mükafatı təsis edilsin. Onun təşəbbüsçüsü M.Arazın həmyerlisi, iş adamı Heydər Həsən oğlu Əliyev idi. Bakıya qayıdandan sonra 56 gün ərzində mən "Məmməd Araz dünyası" adlı monoqrafiya yazdım və onu mükafat komissiyasına təqdim elədim.

"Məmməd Araz dünyası" monoqrafiyası böyük sevgidən doğmuşdu. Bu kitabda mən Məmməd Arazın tərcümeyi-halını, şeirə ilk gəlişini, şairin özünəməxsus fərdi üslubunu, fəlsəfi lirikasını, vətənpərvərlik ruhunda olan şeirlərini, poemalarını, tərcümələrini, təbiət şeirlərini təhlil etmişdim. Bundan başqa şairin ədəbi görüşlərindən söz açan "Klassiklər, müasirlər" və ədəbi tənqidin Məmməd Araza münasibətini əks etdirən məqalə və çıxışdarını təhlil edən iki fəsli də kitaba daxil etmişdim. "Məmməd Araz dünyası" monoqrafiyam bu böyük şair haqqında ilk sistemli elmi-publisistik bir əsər idi. Həmin monoqrafiya Məmməd Araz ədəbi mükafatına layiq görüldü. Bu, mənim ədəbiyyat aləmində ilk mükafatım idi.

Həmin il (1993) mən Məmməd Arazla bir neçə dəfə Bakı görüşlərində oldum... Məruzə etdim. Şairin həyat yoldaşı Gülxanım müəllimə də bunun şahididir.

Ömrünün son on ilini Məmməd əmi amansız xəstəliklə mübarizə apardı. Çətin danışırdı, sonralar nitqi lap zəiflədi. O, "Azərbaycan təbiəti" jurnalının redaktoru işləyirdi və mənim yolum "Azərbaycan" nəşriyyatına düşəndə hərdən Məmməd müəllimlə rastlaşırdım. Dayanır, qarşısında baş əyirdim, o da əlimi tutur, gözlərimin içinə baxırdı.

Məmməd Araz poeziyası minillik Azərbaycan poeziyasının ayrılmaz bir qoludur və əgər məndən soruşsalar, onun ədəbiyyat tariximizdə mövqeyini necə müəyyənləşdirmək olar, - o zaman deyərəm ki, o da poeziya zirvələrindən biridir. Nizami, Füzuli, Nəsimi, Sabir, Şəhriyar, Səməd Vurğun... Rəsul Rza... Bəxtiyar Vahabzadə... Əli Kərim... və Məmməd Araz zirvələri. Təbii ki, zirvələri müqayisə etməzlər, onlara baxıb qürur hissi keçirərlər.

Məmməd Araz şeiri ilk növbədə, milli şeirimizin 1960-2000-ci illər mərhələsində yeni bir hadisədir. Bir anlığa təsəvvür edək ki, Məmməd Araz adlı bir şairimiz heç əzəldən olmayıb. O zaman XX əsr Azərbaycan şeirində bir çat, bir boşluq yaranardı. Şeirimizdə sevgi, təbiət, vətənpərvərli-yurdsevərlik-insansevərlik mövzularında Məmməd Araz ahəngi hiss edilməzdi. Onda heca şeirimizin bir bəndi qırılıb düşərdi. Onda şeirimizdə fəlsəfi bir ahəng çatışmazdı.

Bu mövzuların hər biri üzərində ayrıca dayanmaq, məxsusi söhbət açmaq olar.

"Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər" - S.Vurğunun məşhur "Azərbaycan" şeirindən sonra bu şeir ən gözəl, ən poetik vətən şeiri deyilmi?

Azərbaycan təbətinin ən incə, ən zərif lövhələri, əkinçilik, biçinçilik, çölçülük mədəniyyəti "Atamın kitabı"ndakı kimi hansı bir poemamızda yüksək sənətkarlıqla əks etdirilib? Onun bu poemasını Təbiət dərsliklərinə salmaq lazımdır.

Onun bu mövzulu şeirlərində təbiətdən cəmiyyətə, cəmiyyətdən də cəmiyyətə bir boylanış var.

Günahkaram, nə əmr etsən, hazır durmuşam,

Ucalıqdı bağışlamaq, bağışla məni.

Necə deyim son ayaqda könül qırmışam

Necə deyim qara torpaq, bağışla məni.

 

Sevgi şeirlərində kişi-qadın münasibətlərindəki ən incə məqamları Məmməd Araz qələmində öz əksini tapıb. Onun sevgi şeirlərində bir KİŞİ SEVGİSİ yaşayır, KİŞİ ETİRAFLARI dil açır.

 

Bizim faciəmiz qəhqəhəli qəm,

Bizim komediyamız qəm dolu gülüş.

Məhəbbət körpümüz deyə bilmirəm

Necə tikilmişdi, necə sökülmüş...

 

Çökdü süfrəmizə giley dumanı,

Tikanlar göyərdi könül yaramda.

Öldü sevgimizin baş qəhrəmanı

Öldü o səninlə mənim aramda.

 

Həyat qulağımdan bir məsəl asdı,

Sən də bil, gərəyin olar bir zaman.

Ürəyə girməyi bacarmaq azdır,

Ürəkdə qalmağı bacarmalısan!

 

Məmməd Araz şeiri sırf milli şeirdir və dünya ölkələrində çox şair tapmaq olar ki, şeiri başdan-ayağa millətinin, xalqının, vətəninin torpağına, rənginə bənzəsin. Amma bu oxşarlıqda hər şair millətini, xalqını, vətənini ləyaqətdə, poetik sözün ucalığı ilə təmsil edə bilmir. Bu mənada Azərbaycan poeziyasında Səməd Vurğundan sonra xalqın ürəyində yer tapan, orada əbədi məskən salan iki-üç şairimiz varsa, başda Məmməd Arazı görərik.

Məmməd Arazın şəxsiyyəti ilə poeziyası bir-birinə necə də bənzəyirdi. O, təkcə böyük şair yox, ən başlıcası böyük insan idi. Məmməd Araz poeziyası bu böyük insanın nəhrindən su içmişdi. Düşünürəm ki, onu aysberqə bənzətmək olar, potensialının çox hissəsindən istifadə edə bilmədi.

Çox danışmaq olar. Amma ustadın kiçik bir şeiri ilə bu söhbəti bitirək (şeir "Yazı masama" adlanır):

 

Biz iki ocaq kimi

Sinə-sinəyə yandıq.

Odumuz öpüşəndə

Közümüzə inandıq.

 

Dərd eləmə, desəm ki:

Yazı masam, ölürəm!

Ölə-ölə yazmıram:

Yaza-yaza ölürəm...

 

Vaqif YUSİFLİ

Ədalət.-2013.-28 sentyabr.-S.13.