"...Bunların hamısının günahı
atamdadır"
İradə
Tuncay: "Mən ruhən Cəfər Cabbarlının varisiyəm"
"Yeni Müsavat" bir neçə aydır sizə fərqli bir layihə təqdim edir. Tanıdığınız, bildiyiniz məşhurların "gözünün işığı" olan övladlarını, varislərini söhbətə çəkirik. Maraqlıdır axı: cəmiyyətdə tanınan, populyar, reytinqli... birisi övladının gözündə necə görünür? Övladını necə yetişdirib, ona necə ata (ana) olub? Onlar sıradan gənclərdən nə ilə fərqlənir, necə həyat tərzi keçirir, valideynlərindən çoxmu fərqlidir? Rubrikanın adı "VARİS"dır. Bu adın cəmiyyətdə hansı assosiasiya yaratdığının üzərindən kinayəli bir təbəssümlə ötüb, bugünkü qonağımızın təqdimatına keçək.
Açığı, bu qədər ağrılı müsahibə olacağını düşünməmişdim. Düzdü, dünyasını dəyişmiş valideynlə bağlı danışan "varis"lərim hər zaman olub, amma az qala hər kəlməsi, xatirəsi ağrı, gözyaşı, qəhərlə müşayiət olunan müsahibim olmayıb. Mərhum xalq şairi Məmməd Arazın varisi, "Ədalət" qəzetinin baş redaktoru, publisist İradə Tuncayın varisliyi kövrək olsa da, maraqlı idi. Amma ağzında İradə Tuncay deyirsən, söhbətə rubrikanın adına etiraz etməklə başlayır...
- Sevinc, varis padşah olar, kral olar. Yazıçının varisi olmaz axı. Yazıçılıq elə bir şeydir ki, Allah vergisidir.
- Amma hər insanın övladı onun varisi
sayılır. Genetik olaraq ən azından...
- Maddi anlamda bizə heç bir irs qoymayıb (gülür). Kasıb,
heç nəyi olmayan bir şair olub da.
- Amma ad var...
- Bəli, ad var. Guruldayan adı...
- Rubrikanın adında
anlaşdıq (gülüşlə). Keçək
söhbətə. İradə xanım, mənim
varis müsahiblərim iki kateqoriyaya ayrılır adətən.
Haqqında danışacağı valideyni həyatda
olanlar və onu itirənlər, atası haqqında felin
keçmiş zamanında danışanlar. Siz ikinci kateqoriyaya aidsiniz. Və
yəqin ki, bu, sizin üçün xeyli çətindir.
- Mən bunu bugünlərdə
Türkiyədə atamla bağlı keçirilən tədbirdə
də dedim. Məndən xahiş etdilər ki,
atanız haqqında anılarınızı (xatirələrinizi)
danışın. Mən də dedim ki, mənim atam
haqqında anım yoxdur. O, mənim üçün çox
canlıdır, hər zaman mənim yanımdadır, hər
şey o qədər təzədir ki, keçmiş zamanda
danışmaq mümkün deyil. Hər səhər
yerimdən durub, gözümü açıb, tavana baxanda onu
görürəm (gözləri dolur).
- Hələ də bu mövzuda
danışanda gözləriniz dolur, səsiniz
qırılır... Aradan bu qədər illər
keçsə də. Atanız barədə mətbuata
danışmaq missiyası ailədə ancaq sizin üzərinizdədir
- Yox, niyə ki? Anam
danışır, bacım var. Sadəcə, mətbuat məni
daha çox tanıyır deyə elə mənə üz
tuturlar. Çox vaxt tədbirlərdə
deyirəm ki, məni danışdırmayın, bu mövzuda
danışacaq adamlar var.
-
Maraqlıdır, sağlığında atanız sizi necə
görmək istəyirdi? Jurnalist kimi, yazıçı kimi,
yoxsa məsələn, həkim kimi?
- Bütün kişilər
boyunlarına almasalar da, onların içində bir oğul
nisgili olur. Mən bilirəm ki, bu, onun içində
var idi, şeirlərində də bu, keçir. Allah imkan vermədi ki, onunla bir ürəkdolusu nə
barədəsə danışaq, fəlsəfi fikirlərimizi
bölüşək. O, mənə heç vaxt demədi
ki, bu sahəyə get və ya getmə. 8-9-cu
siniflərdə oxuyanda bütün qızların içində
bir ulduz - aktrisa, kino ulduzu olmaq istəyi olur. Məndə də bu, vardı. Onda anam deyirdi
ki, bizim ailədə aktrisa ola bilər? Amma mən uşaqlıqdan yazmağa meylli idim, bariz
bilinirdi. Ona görə də mənim
jurnalistika fakültəsinə getməyim təsadüf və
ya Məmməd Arazın qızı olmağıma görə
deyildi. Yazıya meylli idim, çox
mütaliəli idim. Yaşıdlarımla müqayisədə
mütaliə baxımdan "Mehman" filmindəki Kamilov
demişkən, aramızda o qədər fərq vardı ki
(Əllərini tərəzi misalı,
birini çox yuxarı, o birini aşağı tutur-S.T).
- Həyatınızın
bütün dönəmlərində "Məmməd
Arazın qızı" statusunu daşımısız.
Dövrlər də fərqli olub, həyat şərtləri də. Maraqlıdır,
bu statusun türklər demiş, artılarını daha
çox yaşamısız, yoxsa əksilərini?
- Ağırlıqları daha
çox idi. Bunun o qədər xırda
nüansları var ki, izah eləmək çətindir. Çünki mən həmişə ürəyim
istəyən heç bir hərəkəti edə bilmirdim,
çünki ad var idi. Mən də həmişə
o adı gözləməliydim və çox vicdanla da
gözləyirdim.
-
Ürəyim istəyən... deyərkən?
- Tutaq, demək, gülmək,
şənlənmək, ürəyim istəyən yerə
getmək. Bunlar mənim üçün yox idi.
Mən bəlli bir çərçivənin içində
yaşamışa
- İndiki dönəmin varisləri narahatdılar
ki, əgər ehtiyatsız bir hərəkət etsələr,
şəkilləri çəkilər, bundan atasına
qarşı istifadə edərlər və sair. O
dövrdə də belə şeylər var idi? Yəni
ehtiyatlılığın arxasında nə dayanırdı?
- O dövrün də öz problemləri,
düşüncə tərzi vardı. Düzdü,
indi düşüncələr daha sərbəstləşib.
Amma o vaxt kluar arxası
pıçıldaşmalar vardı. Bunu
belə izah etmək olar (gülümsünür).
- Yəqin
ki, üstünlükləri də az
olmamış deyil. Məşhur bir şairin
övladı olmaq indikindən daha prestijli sayılırdı
həmin dönəmdə. Tam səmimi, həmyaşıdlarınızın
sahib olmadığı nələrə sahib idiz, onların edə
bilmədiyi nələri edə bilirdiz?
- Üstünlükləri o idi ki,
mən çox gözəl bir mühitdə
böyüdüm. Mənə görə təbii
ki. Bəlkə bir başqasına görə
o mühit heç maraqlı deyil. Amma mən
gör necə gözəl, maraqlı insanların arasında
böyümüşəm, onların söhbətlərinə
qulaq asmışam. Mən bir az
ensiklopediya, canlı tarix də sayıla bilərəm. Mənim üçün bu, çox böyük
avantajdır.
- Bu qədər
maraqlı xatirəni, bilgiləri niyə kitab halına gətirmirsiz?
- Mən onları yazmaq istəyirəm,
amma içinə girə bilmirəm, qorxuram...
- Niyə?
Ya da nədən qorxursuz?
- Çünki atamla bağlı hər
şey çox böyük ağrı ilə gəlir. Və mən qorxuram ki, onun içinə girə bilmərəm.
Ölərəm, ondan qorxuram. Psixoloji gərginliyi var. Mən onun haqqında hər
hansı bir cümləni yazanda onu yaşayıram.
- Hər zamanmı bu əhvalda
olmusuz? Yəni onu itirəndən sonrakı illəri
nəzərdə tuturam.
- Yox, yox. İtirmək
deyil. Mən həmişə deyirəm ki,
mən onun ölümünə yox, həyatına
ağlamışam. Çox çətin
həyatı olub onun. O da mənim gözümün
qabağında olub
- Çətin, yəni necə? Məşhur
insan olub, şan-şöhrət, üstünlüklər,
xalqın sevgisi...
- (Etiraz
edir) Gözəlim, xalq sevgisi adama nə verə bilər
- Müsbət emosiya, yazmaq həvəsi...
İradə xanım, mən aysberqin
görünən tərəfini deyirəm. Bəs görünməyən tərəfində nələr
baş verirdi ki, siz hər zaman bunu danışanda
ağrıyırsız?
- Bilmirəm, izah edə biləcəyəm,
ya yox. Sizin haqqında
danışdığınız imtiyazlar 90-lardan sonra gəldi.
O zaman artıq onun yaşı 60-ı keçmişdi və
20 il idi ki, xəstə idi. Bu adam həyatının ən gözəl
çağında-təsəvvür edin, 40 yaşında
yaraşıqlı bir kişi ən ağır xəstəliyə
tutulur. Bu da elə dövr idi ki, siz dediyiniz o
xalqın sevgisi adama kömək etmir. Sənin
kitabın çıxmalıdır, plana salmırlar. Sənin fiziki imkanların və xarakterin icazə
vermir ki, gedib bunun davasını edəsən. Bu adam heç vaxt heç kimin qabağında əyilən
olmayıb. Kitab plana düşmürsə,
qazanc yerin yoxdur. Ömrün xəstəxanada,
dərmanlarla keçirsə, bunu təmin etmək
lazımdı. Bunlar maddi tərəfləridir,
amma mənəvi tərəfləri var. Xalq səni sevir,
şeirlərini əzbər bilir, amma hər bir yerdən sənin
adını pozurlar, Bunlar da insanın həyatını təşkil
edəcək nüanslardır. Hamı bilir ki,
yaradıcı adam çox kövrək, hər
şeydən inciyən olur. Bunları
gözümüzlə görmüşük. Elə
övlad ola bilərdi ki, bunu anlamasın. Amma mən hər zaman bunu yaşamışam.
- Bəs
bunları sizinlə bölüşürdümü? Ata-balanın dərdləşməsi tez-tezmi olurdu?
- Məni indi bilirsən nə
ağrıdır? Danışa bilmirdi o.
Sözlərini mənə deyə bilmədi, içində
qaldı hamısı. O xəstələnəndə mənim
14 yaşım vardı. Bir dəfə sənə
müsahibəmdə demişdim ki, mənim uşaqlığım
o xəstələnən gün bitdi. Həmin
yaşda bir ata öz qızına nə danışa bilər?
Amma onun dediklərini anlaya, hətta yaza biləcəyim vaxt da
o, danışa bilmirdi
- İki bacısız səhv etmirəmsə.
Bacınız da sizin kimi, danışa bilmədi onunla?
- Bacım məndən 7 yaş
balaca idi. Atam xəstələnəndə
bacımın 7 yaşı var idi. Bacım
həmişə mənə deyir ki, "yadıma salanda ancaq
atamın yaxşı vaxtlarını xatırlayıram.
Halbuki bunlar mənim yadımda qalmalı deyil,
balaca idim".
- Bu qədər
kövrək tonlardan sonra məni səmimi şəkildə
maraqlandırır: siz də atası haqqında ancaq müsbət
tonda danışan varislərdən olacaqsız?
- Yoox, nə
danışırsız? Həyatımdakı
bütün əyintilər ki olub, onların
günahını atamda görürəm.
- Əyinti deyərkən?
- Mənim xarakterim, komplekslərim,
susmağım, haqqımı istəməməyim. Bunların hamısının günahkarı odur.
Bu adam mənə düzgün tərbiyə
verməyib. Həyata uyğun tərbiyə verməyib.
Qızı belə böyütməzlər.
Qız gərək ləçər olsun, həyasızlıq
eləməyi bacarsın, haqqını istəyə bilsin.
"Bu olar, bu olmaz" deyə, tərbiyə
olunmuşam. Həyatımda
"olmazlar" çox olub. Mən
"olmazlar"ın içində böyümüşəm
və indi başlamışam o "olmazlar"ı
qırıb dağıtmağa. Görürəm
ki, indi adamlar mənə heyrətlə baxırlar buna görə.
-
Keçək sizin övladlarınıza. Yəni
varisin varisinə. Onlar babaları, onun
yaradıcılığı barədə çoxmu məlumatlıdırlar?
- Atam rəhmətə gedəndə
onlar böyük oğlanlar idi. Birinin 20
yaşı vardı, o birinin 21. Atamın
axırıncı saniyələrində kiçik oğlumla
birgə onu qucağımızda düşürdük ki, xəstəxanaya
çatdıra bilək. Bizim evimiz
olmayıb uzun müddət. Ona görə
də onlar elə atamın yanında böyüyüblər.
Atamdakı oğul nisgili ki vardı, onu oğlan
nəvələri ilə keçirirdi. Təbiət
sanki tənzimləmişdi. Bacımınkı
da oğlandır. Mənim oğlanlarım
da babaları ilə gəzməyə gedərdi, onunla vaxt
keçirərdi. Uşaq vaxtı onun kimliyini dərk etməsələr
də, böyüdükcə onun kim
olduğunu dərk edə bildilər. Məmməd
Arazın ən böyük xoşbəxtliyi bilirsiz nədir?
Olur ki, övladları dahilərin yanında yaşayırlar,
amma onlar yanındakı adamın kim
olduğunu bilmir, ya da dərk etmir. Amma bizim evdə hamı
onun kim olduğunu bilirdi
-
Genetik ötürücülük məsələsi də
var. Məsələn, heç də hər şair öz
istedadını övladına ötürmür...
- Onu Allah ya verir, ya
vermir. Məmməd Arazın anası oxumuş
olmasa da, çox istedadlı qadın olub. Xalq
şeirini gözəl bilirmiş, bayatılar deyirmiş.
Bəs ondan əvvəlki nəsil? Bəlkə olub, bilmirəm. Amma
genetik ötürücülük məsələsini biz yox,
yuxarıdakı qüvvə edir. Məsələn,
bizim qohum-əqrəbada hamı şeir yazır və özünə
Araz təxəllüsü götürür. Koroğlu olmaq üçün atanın
gözünü çıxarmaq lazım deyil. Uzaqbaşı kor kişinin oğlu olarsan. Mən bundan qaçmaq istədim. Mənim yenidən mətbuata qayıtmağım
uzun fasilədən sonra oldu. Qayıdanda mən
onun adını götürmədim. Çünki
dərhal deyəcəkdilər ki, Məmməd Arazın
qızıdır. Mən bundan qaçmaq
istəmişəm həmişə. Çünki
özlüyümdə onun qızı olmağımla bərabər
hesab edirəm ki, ayrı bir planetəm. Özü
də dərk edə bilmədi mənim içimdəki təbəddülatları
da, qaynayan fırtınaları da. Bunları hiss etmək
imkanı olmadı.
- Təxəllüs
məsələsinə qayıdaq. Atanızın
adını təxəllüs olaraq götürməmənizin
səbəbini dediz. Bəs niyə məhz
Tuncay?
- Mən mətbuata yeni qayıdanda
oğlum Tuncay təzəlikcə Türkiyəyə
oxumağa getmişdi. Tuncay xarakter etibarilə mənə,
atama çox yaxındır. Böyük
oğlum atasına oxşayır, qarabağlılara
oxşayır. Tuncay
naxçıvanlıdır, xarakterindən (gülür).
Tuncay o qədər canayaxın uşaqdır ki.
Hər şeydən ötrü özünü
öldürər, qəlb ağrısı ilə fikirləşər.
Böyük bir başqa cürdür, gizlədir
hər şeyi. Amma bu, gizlətmir. Onu deyirdim, Tuncay Türkiyədə idi və mən
onun getməyinə görə elə bir özləm
içində idim ki, hər gün telefonla
danışırdım, ağlayırdım. Bu vaxt mən televiziyaya qayıtdım. Düşündüm ki, 40 yaşım var, uşaq
deyiləm. Mən elə gəlməliyəm
ki, itirdiyim vaxtı da qazanmalıyam, yeni nələrsə də
deməliyəm. Həm də o adım
yadımda qalmalıdır. Tuncay burda da
köməyimə gəldi. Bu adı Azərbaycana
biz gətirmişik, sonradan yayıldı, yadda da qaldı.
Ədəbiyyatda təxəllüs də
böyük şeydir.
- Sizdən müsahibə
götürəcəyimi deyəndə bəzi həmkarlarım
yarızarafat dedilər ki, İradə Tuncay karyerada, konkret
olaraq isə "Ədalət" qəzetində Aqil
Abbasın varisidir...
- Gəlin belə danışaq. Qəzet 1990-cı ildə, iyulda yaranıb. Qəzet yarananda Aqil Abbas "Sovet kəndi" qəzetində
çalışırdı, yavaş-yavaş ad qazanmağa
başlamışdı. Amma qəzet
yarananda onun bütün maddi-mənəvi dəstəkləri
məndən gəlibsə, qəzetdə gedən materiallara qədər
İradə baxıbsa, İradənin sözünə
baxmayanda başı dərdə düşübsə, bunu necə
deyək? Necə deyim ki, izahatı
düzgün olsun (düşünür).
- İradə xanım, hər halda
qəzeti siz ondan almısınız...
- Anam, qəzet
çökürdü. Mən də həmin an
televiziyadan çıxmışdım, nəsə eləməliydim.
2006-cı il idi, pərakəndəlik idi qəzetdə.
Mən gəldim və nə yaxşı ki, gəldim
- Amma onun varisi olduğunuzu qəbul
etmirsiz.
- Aqil Abbas mənim
iki oğlumun atasıdır. Mənim cəmiyyət
və şəriətlə həyat yoldaşımdır.
Amma onun heç bir anlamda varisi deyiləm (gülür)
- Sizi
tez-tezmi müqayisə edirlər atanızla?
- Yox, müqayisə etmirlər. Sadəcə deyəndə ki, İradə Tuncay...
deyirlər, hə, filankəsin qızıdır da, məlum məsələdi,
belə də olmalıdır. Yəni xoşa
gələndən sonra deyirlər bu sözləri. İstedad vergi məsələsidir. Bu mənada mən özümü daha çox Cəfər
Cabbarlının varisi hesab edirəm. Mənə
hər zaman elə gəlir ki, Cəfər Cabbarlının
ruhu məndə təcəlla edib. Onun asi
ruhuna görə.
- Bunu
yeni kəşf etmisiniz özünüz üçün?
- Yox, lap uşaqlıqdan. Sadəcə, heç kimə deməmişəm.
Heç atama da.
- Bu qədər
söhbət etsək də, mən sonda bu sualı verməliyəm.
Sizi varis sayaqmı, İradə xanım?
- Varislik böyük anlamdır.
Onu hər adam daşıya bilmir. Mən onun böyük istedadının bəlkə
zərrələrini daşıyıram. Psixoloji,
mənəvi anlamda biz çox yaxınıq. Üzdən də çox oxşayıram. Belə
də, varisəm demək...
Sonda... Şəkillərə
baxırıq, seçirik, İradə xanım onların hər
biri haqqında danışır. Amma sonda lap səmimi
etirafını edir: "Mən Aqil Abbas və Məmməd
Araz suallarından yorulmuşam, bezmişəm. Hər
dəfə jurnalistlər zəng edəndə soruşuram yenə
onlar haqda danışacağıq? Zəhmət
çəkin, mənim özümlə maraqlanın".
Biz razı, İradə
xanım bizə daha bir müsahibə borcludur o zaman.
Qeyri-varis statusunda bu dəfə...
Sevinc TELMANQIZI
Ədalət.-2012.-1 iyun.-S.5.