Kamal Abdullanın yeni
kitabı
İstanbuldakı
"Ötüken" nəşriyyatı Bakı Slavyan
Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor
Kamal Abdullanın "Mitten yazıya ve ya Gizli Dede Korkut"
kitabını çap edib. APA-nın məlumatına görə,
əsəri türkcə çapa Balıkesir Universitetinin
professoru Ali Duymaz hazırlayıb. Kitabda professor Ali
Duymazın, professor Rəhman Bədəlovun və müəllifin
ön sözləri də öz əksini tapıb.
Xatırladaq
ki, professor Ali Duymaz azərbaycanlı yazar-alim Kamal
Abdullanın 1997-ci ildə "Ötüken" nəşriyyatında
çapdan çıxmış "Gizli Dede Korkut"
kitabını da Türkcə yayına hazırlamış
elm adamıdır.
O,
APA-ya açıqlamasında Kamal Abdullanın kitabının
genişləndirilmiş şəkildə ikinci dəfə
çap edilməsini "Türkiyənin elmi-ədəbi həyatında
önəmli hadisə" kimi dəyərləndirib:
"Kamal bəyin kitabı Türkiyədə sadəcə
"Kitabi-Dədə Qorqud" dastanının tədqiqatçıları
üçün deyil, elmin humanitar sahələrində
araşdırmalar aparan hər kəs üçün qiymətli
bir əsərdir. Bunu nəzərə alaraq Kamal Abdullanın əsərinin
ikinci nəşrini çapa hazırladım və nəşriyyat
"Mitten yazıya ve ya Gizli Dede Korkut" kitabını
böyük istəklə çap etdi. Kamal Abdullanın
"Kitabi-Dədə Qorqud" dastanlarına semiotik
baxımdan yanaşması türk filologiyası
üçün yeni bir olaydır. Əsəri daha geniş
variantda ikinci dəfə Türkiyənin elmi dairələrinə
təqdim edə bildiyimə görə özümü
xoşbəxt sayıram".
"Ötüken"
nəşriyyatından APA-ya bildiriblər ki, Kamal Abdulla bu nəşriyyatda
kitabı ikinci dəfə çapdan çıxan ilk azərbaycanlı
müəllifdir.
Qeyd
etmək yerinə düşər ki, Türkiyədə
semiotik-strukturalist metodla aparılan araşdırmaların
sayı çox azdır. Son illər semiotik-strukturalist metodun
dünya miqyasındakı önəmli təmsilçiləri
olan Claude Levi-Strauss, Roland Barthes,Michael Faucault, Tzvetan Todorov,
Viktor Şklovski və başqalarının əsərlərinin
türkcə çap edildiyi, semiotuk-strukturalist metodun bəzi
özəl universitetlərdə tədris edilməyə
başlandığını görünür. Bu baxımdan
professor Kamal Abdullanın "Mitten yazıya ve ya Gizli Dede
Korkut" kitabı Türkiyədə həm "Kitabi-Dədə
Qorqud" dastanını yeni metodlarla araşdıranlar, həm
də semiotik-struktur metodu öyrənənlər
üçün qiymətli bir mənbə olacağı
şübhəsizdir.
Ədalət.-2013.-8 yanvar.-S.6.