Qürbətdə vətənim – Məmməd
İsmayıl
Kiminsə yadında qalan bənddəyəm,
Hələ söz Vətəndə, mən qürbətdəyəm!
Məmməd İsmayıl
Hardan başlanır Vətən?!
Vətən bir körpənin
beşiyi ("Ömrün uşaqlığı Vətəndi
bəlkə, sonra əlimizdən çıxan Vətəndi!"
M.İ), bir ananın laylası, bir oğulun səngəri,
bir gəlinin ismətindən, “Durna dimdiyinin ucundakı bir dən”dən
(M.İ) başlayır bəlkə... Lakin harda
bütövləşir, harda ucalır, harda qocalır –
soruşsaq, bunun da yozumu elə bir bulaqdan başlayıb da
qovuşa-qovuşa, yovuşa-yovuşa dənizlərə
üz tutan su inadı ilə yol getməkdir...
...Məmməd İsmayıl adı çəkiləndə mən həmişə ilk olaraq Vətənimi – qürbətdəki Vətənimi xatırlamışam. O xatırlama gözlərimin önündə sovetlər dönəmində Vətən yanğısıyla inləyən M.Ə.Rəsulzadəni, Hüseyn Cavidi, Dr-A.Baycanı... canlandırsa da, təssüf ki, bu günün gerçkliyi qürbətdəki vətənlərimizin olmasından acı-acı xəbər verir - Müstəqil və Demokratik Azərbaycanın bu gününün....bir gerçəkliyi də budur!
Məmməd İsmayıl da – qürbətdə Vətən olan, Vətənindən gen olan vətənlərdəndir!
Ədəbiyyatda ədəbi nəsil deyilən bir məfhum var: altmışıncılar, yetmişincilər, səksənincilər... Məncə bu nəsillər arasında ən çox uğur qazananlar elə altmışıncılardır. Məmməd İsmayıl da altmışıncı illərdə ədəbiyyata gəlsə də (“Sən yaş olaraq altmışıncı illərdə ədəbiyyata gələnsən. Ancaq sən onların içində təksən! Çünki ədəbiyyata axınla, tənqidçi, ata-ana, əmi-dayı dəstəyiylə kitabdan gəlməmisən... Koroğlu kimi köksündə saz, yalınqılınc ilham atında gəlmisən!” Akif Səməd) onun yaradıcılıq məhsulları bu gün də gündəmdədir. “Bir adam yol gedir bizdən qabaqda”, “Hələ yaşamağa dəyər”, “Mən şair deyiləm”, “Şeytan”, “Bir də keçməyəcək ələ bu anlar”, “Ağacdələn, döy qapımı”, “Kimi aldadırsan, ay zalım oğlu”, “Qoymayın dünyanı adiləşməyə”, kitabları o illərdən üzü bu yana elə mətin addımlarla irəlilədi ki, bu gün “Yoxun varlığı” şeirlər toplusunda zirvəni fəth elədi!
Məmməd İsmayılı şeirlərindən tanısam da ilk görüşümüz şairin filologiya elmləri doktoru Nəsir Əhmədli haqqında “Ziyalı” verilişinə verdiyi müsahibə zamanı baş tutdu. Onun səmimiyyətinə, mədəniyyətinə, yaşından çox gənc görünən qamətinə heyran qalmışdım. Sonra isə Məmməd İsmayılın 70 illik yubiley mərasiminə onu yenidən görmək ümidilə yollandım. Orada Azərbaycan ədəbiyyatının azman yazarları – R.Rövşən, M.Yaqub, S.Rüstəmxanlı... çox təəssüflə “O, bu zəmanədən söz götürmədi, başını götürüb getdi (M.İ)” misraları altında fikirlərini bildirsələr də, mənim içimdən başqa bir pıçıltı yüksəlirdi: “Tutmağa bir yeri yoxdu, ürəyini tutub getdi” (M.İsmayılın Y.Kuznetsovun xatirəsinə yazdığı şeirdən) və gizlincə öz-özümdən: “O yerlər dirimə sahib durmadı, gəlib ölüməmi yiyə duracaq?... (M.İ)”...sualının cavabını soruşurdum.
***
...Kösöv misralarım dilimdə qürbət,
İçərim də qürbət, çölüm də qürbət.
(M.İ.)
...Hər bir yaradıcı insanın yaradıcılığının onurğa sütunu olur. Məmməd İsmayıl yaradıcılığının onurğa sütunu Vətən sevgisindən Vətən həsrətinə qədər uzanır. Amma yaşının irəlilədiyindəndir, ya nədənsə son zamanlar Ölüm gəzişmələri də şeirlərinə yol tapıb. Əslində Ölüm (!) bu ahıllaşan, aqilləşən, uşaqlığı nağıllaşan bir insanın iztirablarından doğulmur, bu, yaşından asılı olmayaraq qürbətdə qərib olanların sinəsindən qopan ahdan rişələnən bir qavramdır. Bu, “Sarı saman çöpü kimi canını dişinə tutub” (M.İ) da yaşayan bir adamın Ölümlə söhbətindən yaranır:
Ürəyin Vətəndə,
Bədənin qürbətdə...
Qürbətin qərib yeri,
Bir edamlıq ip yeri...
Qədərdi bu, qədərdi,
Bir göz yaşı qədərdi
Ölüm!
(M.İ.)
Və yaxud:
Səni böyüdür, səndə böyüyür,
Ölüm sonuncu duracaqdı...
(M.İ.)
- Və beləcə qibləgahı
bildiyi son duracağına – Ölümə
tapındığı bir zamanda yenə də unudulduğu
(Siz əsla unudulmadınız, Məmməd İsmayıl! İradə
A.), ögey övlad olduğu yerdə Vətən
çatır harayına-
Sən
ey doğma Vətənin ögey övladı, Məmməd...
...Nə
yaxşı ki Vətən var yaddan
çıxdığın yerdə ...
(M.İ.)
- Və
“Qara yaylığını borc ver gözümə basım,
ay bulud!” – pıçıltısıyla
Qazanlar
qaynayır qapağın altda,
İgidlər
çürüyür papağın altda,
Hayanda
biz səni axtarıb gəzək
Məyər
yer qəhətdi Allahın altda?!
Sən
indi hardasan, Məmməd İsmayıl! –
(M.İ.)
- deyə haray qoparanlara “Bir ilham misra gəzər
qoynunda dincəlməyə...” söyləyir. Bəli, Məmməd
İsmayıl nə qədər uzaqlarda olsa da, biz onu
misralarının qoynunda dincələn ilhamında, dünyaya
sülh, insanlara birlik, hürlük arzularında
tapacağız...
Bağça
uşaqlarının birliyi
Yaşıl
işıq yandırır,
Maşınları dayandırır.
Bəlkə
ordular da dayanar
Bu birliyin
önündə...
(M.İ.)
Bir anlıq balaca mələkləri – körpələri
müharibələr törədən, qırğınlar edən
böyüklərin qabağında gördüm, birlikdə, əl-ələ. İnandım,
inandım ki, belə bir birlik qan-qadaya son qoyar, dünyanı
xilas edər. Gördüm ki, “Hardasa ümid yeri var”
(M.İ.)...
***
...Ana
müqəddəsliyi, qız-gəlin ismətinə verilən
dəyər Məmməd İsmayıl
yaradıcılığında çox yüksək yerdədir.
Məmməd İsmayılın atası Böyük Vətən
Müharıbəsinə yollananda “Gözəlliyin gəlini”-nin - anası Gülzar xanımın çox gənc
çağları olub. O, oğlu Məmmədi
qınından sıyırıb (“Analar qınından
sıyırıb bizi, qoymuşdu nəfsiylə öz
arasında” M.İ.) nəfsiylə öz arasına qoyaraq,
“Şenlədə-şenlədə ər ocağını,
namus ocağına” (M.İ.) dönmüşdü.
...Və...
şair anasını çiyinlərində
məzara aparanda
Ana,
ağır olan cənazən deyil,
Analıq
haqqındır çiyinlərimdə...
- deyə inildədi, -
Nə
deyim həyatın qanunlarına,
Gör niyə fəryadlar qoparıram mən.
Sən məni
dünyaya gətirdin, ana,
Sənisə
dünyadan aparıram mən... –
(M.İ.)
- harayı çəkdi... Bu misralar fikir
yükü və haqdangəlmişliyi sonralar bir çox
şairi, həm də M.İsmayıldan daha
yaşlılları da təkrara zorladı…
***
...Məmməd İsmayılın
söz çələngini toplasaq o çələngdə
(al rəngi ilə seçilən qızılgüllər
kimi) hikmət çiçəklərinin – aforizmlərin necə
məntiqi düzüldüyünü görəcək, o məntiqə
heyret edəcəyik: "Millət fərdlərinin sayı ilə
deyil, mərdlərinin sayı ilə millət olur",
"Var olmaqla deyil, gərək varis də olsun","Hələ
yaşamağa dəyər","Özü öz suyundan
içirmi bulaq, barından nə qalır bar
ağacına",“Bu cığırın bir ucu uzanıb ya
ölümə, ya da Allaha çıxar”, İtən gəncliyimdir
ağrıyan dişim, diş düşər, yerindən
qocalıq çıxar”, “Dünyanın əvvəli söz,
sonu da söz olacaq”, “Şairləri susmayan bir Vətən
basılmayıb!”, “Biz qürbətə düşəli
Tanrı da qürbətdədir”, “Sevmək yenidən
doğulmaqdı”, “Ölüm bir addım öndədir,
insanlar arxada gedir”, “Hər insan öz taleyinə kölədi...”,
“Bir zaman canını verdiyi torpaq gör necə
çürüdür o yarpaqları”, "Sən mənim
yadımda qalan deyildin, saralan yarpaqlar budaqda
qalmaz",“Yağışın yağacağına inanan
torpaq kimi arxayın(san)”, “Ölüb məzarımı
üstümə çəkim, qürbətin qapısı
açıq qalmasın!”, “Halal yaşamaq üçün təkcə
yuxusuna haram qatardı”, “Şeirin yaşı yox, yaşın
şeiri var” və s.
Bu aforizmlər
sadəcə Məmməd İsmayılın kitab səhifələrinə
səpilib qalmamış, axtarsanız internet saytlarında
(xüsusilə Türkiyə internet saytlarında) bu aforizmləri
Məhəmməd peyğəmbərin, Həzrət Əlinin
və digər hikmət sahiblərinin fikirləri ilə eyni
sırada oxuya bilərsiniz. Və Məmməd
İsmayılı bu aforizmlər bütün türk ellərinə
biletsiz gəmidə aparır:
İçində
biletsiz sərnişin təki,
Mənim
düşüncəmi daşıyır gəmi...
(M.İ.)
... Məmməd
İsmayılın sevgi şeirləri də özü kimi qəriblik
libası geyinib. Amma bu qəriblik qürbət
qəribliyi deyil, məhz sevginin qəribliyindəndir.
Sevgi nə zaman qərib olur; qarşılıqsız olanda,
arada Çin səddi kimi yaş həddi, ayrılıq
çəpəri və.s olanda...
Yerini dəyişir
çox şey dünyada,
Vaxt qəmin başını qatanda gəlim.
Ya sənin
yaşına qayıdım, ya da
Sən mənim yaşıma çatanda gəlim.
(M.İ.)
Və
yaxud:
Vədə
ver yenidən gəlim görüşək,
Otuz il əvvələ qayıt, nə olur.
Qərib
yuxulara dalıb bu ürək,
Qəfil
gəlişinlə ayılt, nə olur...
Sonrakı bənddə isə:
Sən məndən
betərsən, mən səndən betər,
Gəl daha bu başı batmışını sev.
İyirmi
yaşımı sevmədin yetər,
Gəlim,
üzə duran altmışımı sev -
(M.İ.)
- söyləyir
şair. Burada “Otuz il əvvələ qayıt,
nə olur” iniltisiylə “İyirmi yaşımı sevmədin
yetər, gəlim, üzə duran altmışımı sev”
- deyir. Düşündürücüdür:
altmışda şair otuz il əvvəli
istəyirsə deməli, otuz yaşa qayıtmaq istəyir,
amma “İyirmi yaşımı sevmədin” də var. Bir az
dolaşıq fikir olsa da, yozumu budur: şairin otuz yaşı
iyirmi-qırx vusalındadır...
***
...Tovuzun Əsrik
dərəsindən boy verdi Məmməd
İsmayıl. "Atalar hər kənddən deyib bir dəli,
Əsrikdən əlinə kim keçsə
gətir" deyilən dəliqanlı bir yurdun oğludur, əsriklidir
Məmməd İsmayıl. O, öylə boy verdi
ki, boyu böyük Türkiyədə məskən salaraq ta
Türk ellərinə qədər ucaldı. Və -
- Dən
gəzirsən saçlarımın dənində,
Atamoğlu,
az qapını döy görüm!-
(M.İ.)
-
misrasıyla illərdir insan hənirinə həsrət
qalmış qapılarını döyəcləyən
ağacdələnə üz tutdu, qürbət
sokaklarında taxta qapıdan başlayan ovxam vaxtına
acıdı (“Yavaş-yavaş çürümədə,
taxta bax, o taxtada ovxam olan vaxta bax”), saçlarına dən
düşdü, yenə Əsrik dərəsini, doğma kəndini
unutmadı, könlünün söz qapısını
döyərək, dara çəkildi, dar ağacına
döndü:
Bu yerlər
göylərin kəsik dilimi,
O yerə,
bu göyə maraq acıyam!
Çarmıxa
çəkmişəm neçə ilimi,
Mən
başdan-ayağa dar ağacıyam!
(M.İ.)
Əsrikli
olmaq bir az kövrək, bir az sərt, bir
az dəli (Koroğlu dəlisi) olmaqla yanaşı, sözə
qiymət vermək, sözü sevmək (“Dünyanın əvvəli
söz, sonu da söz olacaq” M.İ.) deməkdir:
Anadolu
yolunda
Yorulub
yolda qalan Quzum,
Doqquz oğuzum,
Tovuzum—Ana yurdum.
Dunyanın
harasında oldumsa
Sәni sordum...
Eşqdә sevgi sәrxoşu,
Mәşqdә dәliqanlıyam,
Hәr
işdә boz
üzüyәm.
Demә, görmә mәn oyam,
Mәn Әsriyin özüyәm...
Qayası
çaxmaq daşı,
İçindә qığılcımı.
Kәmәrdә büloylәdim
Sonra
söz qılıncımı...
Havasını,
suyunu
Әsirgәmәdi Әsrik,
Gәlib
çatdım әrsiyә.
Nәyim var onunkudur
Canım
qurban Әsriyә..
Bir
oğlun da vardı
Ha saysan,
çıxacaq əksik.
(Lənət
qafiyəsinə ! )
Qürbətlərdə
əsirdi
Xəbərin varmı, Əsrik?!
Açım söyləyim nəyi?
Tək
suçu, tək günahı
Səni,
yəni vətəni Canı qədər sevməyi…
(M.İ.)
Necə ki, Əsrik dərəsi əsriklilərə
sadiqdir, eləcə də əsriklilər Əsriyə
layiqdirlər – məhz Məmməd İsmayıl kimi söz
adamlarının timsalında. O söz adamları ki, yenidən
dünyaya cığır açacaq:
Bir adam yol gedir bizdən qabaqda
Yaxşı
ki dünyaya cığır açan var!
(M.İ.)
O söz adamları ki:
Bu xalq
yeddi yerdən zavala gəldi,
Bu xalqın danışan dili olmadım.
Bu
xalqın başına min bəla gəldi,
ən
ki dözüb durdum, dəli olmadım,
Mən
şair deyiləm, atam balası!
(M.İ.)
- desələr belə, zavala gələn
xalqı yaşadacaqlar, yaşayacaqlar!...
İradə AYTEL
Ədalət.-2013.-8
yanvar.-S.7.