SÖZÜN İŞIĞINDAKI ADAM

 

Həmkarım Eldar İsmayılovun 65 yaşına

 

(Əvvəli ötən sayımızda)

 

O günlərin birində bizim ümumi dostlarımızın iştirakı ilə süfrə başında əyləşdik. Bu mənim ilk və ən böyük yalanım idi. Amma sonu mehribançılıqla, səmimiyyətlə başa çatan yalanim!"

 

Başqa bir xatirə yarpağı

 

"Universitetin jurnalistika fakültəsində oxuyanların hamısı görkəmli söz adamları Famil Mehdi ilə Nurəddin Babayevin münasibətlərinin sərin olduğunu yəqin ki, xatırlayırlar. 1975-ci ilin mayında jurnalistika fakültəsində diplom müdafiəm idi. Elmi rəhbərim filologiya elmləri namizədi, məşhur jurnalist İbrahim Novruzov idi. Sovet Jurnalistikası kafedrasının müdiri, görkəmli şair, filologiya elmləri doktoru, professor Famil Mehdi diplom işimə rəyçi kimi Nurəddin Babayevin adını yazmışdı. Doğrusu, bu mənə çox qəribə gəldi. Çünki onların münasibətlərindən xəbərdar idim və qorxurdum ki, Nurəddin müəllimin xoşuna gəlməsin və mənfi rəy yazsın.

Amma bir qədər sonra Nurəddin müəllimin diplom işimə yazdığı rəyi oxuyanda heyrət məni bürüdü. O, yazırdı: "Mən Eldar İsmayılovun diplom işi haqqında rəy yazmaq yox, ürək sözü demək istəyirəm. Çünki indiyədək oxuduğum diplomlar sırasında Eldarın işi tam xüsusiyyət təşkil edir..." bu böyük yazıçı, jurnalist və alim fikrini belə tamamlamışdı: "...Çox yaxşı olardı ki, sovet jurnalistikası kafedrası bu əsəri yüksək qiymətləndirməklə bərabər, onu nümunəvi bir iş kimi başqa tələbələrimizin nəzərinə çatdırmaq haqqında qərar qəbul edəydi. Nurəddin Babayev 21.05.1975 ".

Bu rəyi görüb sevindiyimi müşahidə edən Famil Mehdi dedi ki, mən bilirdim o ədalətli adamdı. Sadəcə, bu addımı ona görə atdım ki, Nurəddin müəllim bilsin ki, savadlı tələbələrin heç kimin hamiliyinə ehtiyacı yoxdur.

Bundan başqa, 1979-cu ilin fevralında məni Azərbycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar üzrə xüsusi müxbir təyin etdilər.Onlardan asılı bir slra problemləri yoluna qoymaq üçün Vilayət Partiya Komitəsinin birinci katibi Boris Kevorkovun qəbuluna düşmək istədim, lakin komitədə işləyən digər erməni funksionerlər buna süni maniələr yaratdılar. Cəhdim boşa çıxdı. Burada fəaliyyət göstərdiyim illər ərzində dəfələrlə ermənilərin xalqımıza düşmən münasibətinin şahidi oldum. Təzə işə başlayandan az sonra keçmiş Mardakert rayonu ərazisində tikilmiş böyük donuzçuluq kompleksinin inşasının başa çatması, lakin su olmadığından dövlət komissiyası tərəfindən qəbul olunmaması məndə jurnalist marağı oyatdı. Səbəbini öyrənmək üçün rayona getdim. Öyrəndim ki, kompleksdə bütün işlər pis-yaxşı başa çatdırılıb, amma nəzərdə tutulan su yoxdur. Çətinliklə layihə sənədlərinə baxmaq imkanı əldə etdim, sənədlə diqqətlə tanış oldum. 35 kilometr məsafədən, dağ bulaqlarından bura iri metal borularla həm əsas, həm də ehtiyat su kəmərləri çəkilişi nəzərdə tutulub. Sənəd üzrə kəmərlər çəkilib, pulu da subpodrat təşkilata tam ödənib, su isə yoxdur. Niyə? Suala aydınlıq gətirmək üçün neytral bir mütəxəssis tapdım, onun köməyi və iştirakı ilə kompleksin yerləşdiyi əraziyə getdim və özümlə oraya apardığım koğuşlu traktor vasitəsilə bir-birindən xeyli aralı, layihəyə görə boru xəttinin keçməli olduğu yerdə qazıntı apardıq. Amma boru tapılmadı. Mən bütün bunları həm kameraya, lentə köçürdüm, həm də şahidlərin səslərini yazdım. Bu, külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktı idi.

Məsələdən xəbər tutan Gevorkov dərhal məni yanına dəvət edib materialı efirə verməməyi xahiş etdi və bildirdi ki, özü şəxsən günahkarları layiqincə cəzalandıracaq. Bilirdim ki, Gevorkov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosu üzvlüyünə namizəd, SSRİ Ali Sovetinin deputati kimi həm respublikada, həm də ittifaq səviyyəsində böyük nüfuza malikdir və hər yerdə sözü keçərlidir, mənim materiallarım efirə verilməyəcək. Buna baxmayaraq, cinayətin üstünü açdım, nəzarətdə saxladım və bir jurnalist kimi nəyə qadir olduğumu onlara göstərdim. Qarabağ hadisələrinin ən kəskin dövrlərində bölgədə işlədim. Xain ermənilər əvvəldən mənə bəlli olan iç üzlərini bir daha açıb göstərdilər.

... 1991-ci il, 9 yanvar. 33 yaşım tamam olan gün. Laçında xidməti ezamiyyətdə idim. Jurnalist həmkarım Salatın Əsgərova ilə orada görüşdük. Salatın xanımla Ağdama qayıtmalı idik. Bizi hərbçilərlə bir maşına mindirdilər. Lakin həmin vaxt Laçın rayonuna rəhbərlik edən rəhmətlik Xanlar Məmmədov məni təkidlə maşından düşürdü. Onunla həm dostluğumuz, həm də, kitab həvəskarı kimi, məsləkdaşlığımız vardı. Bir neçə il əvvəl rayona rus dilində "Dünya xalqlarinin mifləri" ikicildliyi gəlmişdi, amma bir nüsxədə, onu da Xanlar müəllim özü götürmüşdü. Mənə də gətirdəcəyinə söz versə də, bu, mümkün olmamışdı. Bildirdi ki, "sənə söz verdiyim "Mifı narodov mira" ikicildliyini ad gününə hədiyyə edəcəm, indi özün bil, gedirsən, ğet. Bu kitab məsələsi mənim zəif nöqtəm idi. Xanlar müəllim də bunu bilirdi və mən dərhal razılaşdım. Heç bir saat keçməmiş jurnalist həmkarımın və onu müşaiyət edən rus hərbçilərin Şuşanın Qala dərəsi kəndində erməni millətçilərinin busqusuna düşərək qətlə yetirilmələri xəbəri Laçına gəlib çatdı. Düşünürəm ki, mənim onlarla yol yoldaşı ola bilməməyim təkcə təsadüf deyil, bir xilaskar qüvvənin yardımı idi..."

Ötən əsrin 60-cı illərində Ağdamda orta musiqi təhsili alıb, jurnalistikaya meyl edib, "Lenin yolu" adlı rayon qəzetində fotomüxbir kimi fəaliyyətə başlayıb, sonralar məqalələrlə, oçerklərlə çıxış edib,

Jurnalist peşəsi onu daha çıx düşündürür, narahat edirdi. O da məlumdur ki, Eldar hüquqşünas olmaq niyyəti ilə hələ 1966-cı ildə Saratov Hüqüq İnstitutuna daxil olmuşdu və bir sıra məlum və naməlum səbəblərə görə təhsilini yarımçıq qoyub Ağdama qayıtmışdı. Onu jurnalistikanın maraqlı yolları gözləyirdi. Həmin dövrlərdə məşhur olan "Kommunist", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Bakinski Raboçi", habelə Moskvada nəşr edilən "Selskaya jizn", "Sovetskaya kultura", "Komsomolskaya pravda" qəzetlərində, həmçinin bir sıra rayon qəzetlərində Eldar İsmayılovun imzası görünməyə başlamışdı.

Eldar İsmayılov Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) yaradıcısıdır desək yerinə düşər. Bu yeni jurnalist təşkilatı 1995-ci ildə Gənclər və İdman Nazirliyinin xeyir-duası ilə yaradılmış və Eldar həmin qurumun prezidenti seçilmişdi. O, həmçinin möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi Milli Olimpiya Komitəsinin üzvüdür.

Azərbaycanda idmanın sürətli inkişafının dünya miqyasında tanınmasında AİJA-nın rolu danılmiazdır. Eldar müəllim müntəzəm olaraq beynəlxalq idman tədbirlərində iştirak edir, Respublika idman ictimaiyyətinin ən nüfuzlu nümayəndəsi kimi idmanla bağlı ən mötəbər məclislərə dəvət olunur. O, mərkəzi iqamətgahı Londonda yerləşən və dünya idmanının "Oskar"ı kimi tanınan "LAUREUS" Dünya İdman Mükafatları təşkilatının həmtəsisçisidir. Beynəlxalq idman məclislərində, konfrans və simpoziumlarda fəallıq göstərir, xarici mətbuatda yazılar dərc etdirir. Eldar İsmayılovun rəhbərlik etdiyi Azərbaycan İdman Jurnalistləri Assosisasiyası - AİJA bu gün, sözün əsl mənasında, ölkəmizin ən qabaqcıl, ən çevik və ən peşəkar jurnalist təşkilatıdır.

... Qarşımdakı albomları vərəqləyirəm. Bu albomdakı şəkillər ötən əsrin 60-70-80-ci illərini özünə köçürübdü. Bu şəkillər arasında Eldar İsmayılovun Dağlıq Qarabağda - bu gün işğal altında olan torpaqlarda fotokameranın yaddaşına köçürdüyü məqamları yaşadır. Çox təəssüf ki, hələ də əlimiz o yerlərə çatmır. Ancaq xatirələrin köməyi ilə gəzib dolaşdığımız o bölgələrimizlə bağlı Eldar müəllimin qələmi, kamerası çox şeyləri tamaşaçıya, oxucuya çatdırıb. Çox mətləbləri açıb töküb ortalığa. Təəsüf ki, torpaqlarımızın işğalı Eldar İsmayılovu da Bakıya üz tutmağa məcbur etdi. O, öz qələmini dincə qoymadan jurnalist peşəkarlığını günbəgün artırmaqla Bakıda da sözünü dedi, tamaşaçı, dinləyici əhatəsində oldu. Sənətinə olan marağı həyatının yeni bir səhifəsinin açılmasına gətirib çıxartdı.

1995-ci ildə Gənclər və İdman Nazirliyinin akt zalında keçirilən təsis konfransında Azərbaycan İdman Jurnalistləri Assosiasiyası - AİJA yaradıldı. Konfransda AİJA-nın prezidenti seçilən Eldar İsmayılov çox qısa zamanda bu olimpiya yönümlü jurnalist təşkilatını, sözün əsl mənasında, tanıda bildi.

1996 -cı ildə AİJA Avropa və dünya təşkilatına müraciət edərək bu beynəlxalq qurumların üzvlüyünə qəbul edildi. 250 nəfərdən artıq üzvü olan AİJA-nın 1997-ci ilin may ayından artıq Beynəlxalq Təşkilatın həqiqi üzvüdür.

2010-cu il aprelin 28-də turizm cənnəti Antalyada, 48 qitə dövlətini təmsil edən Avropa İdman Jurnalistləri İttifaqının - UEPS-in 32-ci Konqresində təşkilatın 12 yerdən ibarət rəhbər orqanına gizli səsvermə yolu ilə keçirilən seçgilərdə ali kürsüyə yaxın dörd il üçün Yunanıstan, Rusiya, Malta, Türkiyə, Böyük Britaniya, Almaniya, Avstriya, Fransa, Serbiya, İrlandiya və Sloveniya ilə yanaşı ilk dəfə olaraq Azərbaycan nümayəndəsi də sahib oldu. Eldar İsmayılov qaliblər sırasnda yer aldı. Yeri gəlmişkən, 138 yaşlı Azərbaycan mili mediasında bugünədək heç kim hər-hansı beynəlxalq jurnalist təşkilatının rəhbər orqanına seçilməmişdi. Fikrimcə bu qələbə istər 18-ci yaşına qədəm qoyan AİJA, istərsə də bütövlükdə Azərbaycan jurnalistikası üçün böyük uğur sayıla bilər!

Azərbaycan paytaxtında keçirilən beynəlxalq idman yarışlarının təşkili, təbliği və bütövlükdə idmanla bağlı informasiya çevikliyi məhz AİJA-nın məqsədyönlü ardıcıl fəaliyyətinin nəticəsidir.

Eldar İsmayılovun təşəbbüsü ilə 2011-ci ilin oktyabrında MDB məkanında ilk dəfə Bakıda Avropa İdman Mediası İttifaqı - UEPS İcraiyyə Komitəsinin toplantısı kecirildi, bir neçə ay əvvəl isə paytaxtımızda UEFA on yeddi yaşlı qızlar arasında dünyal çempionatı zamanı Lünya İdman Jurnalistləri Birliyi - AİPS İcraiyyə Komitəsi yığıncağı təşkil olundu, eyni zamanda AİPS-in Gənc Reportyorlar Proqramına uygun olaraq dünyanın müxtəlif ölkələrini təmsil edən gənc idman jurnalistlərinin 30 günə yaxın seminarı reallaşdı. Beynəlxalq idman yazarlarının paytaxtımızda, bölgələrimizdə olması, əlaqələrin genişlənməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında öz töhfəsini verir.

Bizimlə söhbət zamanı Eldar müəllim onu da vurğuladı ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi gələn il Bakıda keçiriləcək və dünya təşkilatının 90-cı ildönümü paytaxtımızda qeyd ediləcək. Dünyanın 170-ə yaxın ölkəsindən 300 nəfərdən artıq tanınış qələm və söz adamı 6 gün davam edəcək bu möhtəşəm tədbirə qatılacaq. Bununla bağlı müvafiq işlər görülür....

Bəli, öz işi haqqında, gördükləri barəsində çox danışmağı xoşlamayan, necə deyərlər, qısqanclıqla müəyyən informasiyalar verən Eldar Xankişi oğlu İsmayılov yanvar ayının 9-da 65 yaşını qeyd edəcək. Ömrün 65 ilinin 46-sını jurnalistikaya həsr edən Eldar İsmayılov üç övlad, yeddi nəvə sahibidi. Oğlanları Vüqar və İlqar, qızı Nərgiz ona həmişə sevinc bəxş edirlər. Öz işləri, təhsilləri ilə ata qəlbini dağ boyda edən bu övladlar atalarına həm də yaxşı yardımçıdırlar. Oğlanları ilə yanaşı qızı Nərgizlə də xüsusi qürur duyur. Azərbaycan Dillər Universitetini qırmızı diplomla bitirən Nərqiz "Xəzər Universiteti" "Dünya Məktəbi"ndə ingilis dili departamentinin rəhbəridir. Nərgiz xanım hələ Küveytdə Kembric Orta Məktəbində işləyərkən övladlarına ingilis dilini sevdirmiş və onun Röya və Rəşad adlı uşaqları bu dili mükəmməl mənimsəmişlər. İndi onlar Bakı Avropa Liseyinin 8-ci sinfində təhsillərini uğurla davam etdirirlər.

Eldar İsmayılov: "Sevinirəm ki, dünyaca məşhur Kembric Universitetində təhsil almaq arzusunu illərlə ürəyində yaşadan qızım bu günlərdə Londondan xoş müjdə alıb - bu ilin yanvarından etibarən həmin universitetdə təhsilini daha yüksək pillə üzrə davam etdirəcək. İndi onun sevincinin həddi-hüdudu yoxdu.

Ümumiyyətlə taleyimdən, övladlarımdan, peşəmdən çox məmnunam. Həyat məni sınaya-sınaya, bərkə-boşa çəkə-çəkə məqsədimə gedən yolda mətinləşdirib. Mən də heç vaxt əziyyətlərdən qorxmamışam, ümidsizliyə qapılmamışam. Ona görə də 65 il ömrümdə kimsədən gözlərimi gizlətməmişəm, kimsənin gözündən yayınmamışam. Həmişə yerimdə, həmişə adamların yanında olmuşam. Bəzən köhnə tanışlarımdan kimsə məndən telefon nömrəmi soruşur. Deyirəm, 15 il əvvəl vermişdim, itirmisən? Mən 15 ilə azı 15 nömrə dəyişmişəm - deyir. Yəqin kiməsə borcun olub, yaxud nədənsə kimdənsə qaçıb gizlənmisən, ona görə. Məncə, insan vəzifəsini, sosial durumunu dəyişə bilər, amma xasiyyətini, yerişini, duruşunu, dostlarını, sədaqətini, imkan daxilində telefon nömrəsini dəyişməsin gərək."

P.S. Mən Eldar müəllimin 65 yaşına yazdığım bu yazıda onu daha geniş, daha ətraflı da təqdim edə bilərdim. Onun aldığı fəxri fərmanları, diplomları, hədiyyələri, layiq görüldüyü əməkdar jurnalist adını, gəmi ilə dünya səyahətinə çıxmasını, Antarktidadan başqa bütün qitələrdə, az qala yüzədək ölkədə olmasını, ən mötəbər tədbirlərə qatılmasını sadalaya bilərdim. Amma buna lüzum görmədim. Çünki onu tanıyanlar tanıyır, tanımayanlar da ən azı tanıyanlardan soruşub öyrənəcəklər. Mənim yazdığım beş-üç cümlə də əlavə bir bilgi olacaq. Amma içimdə olan bir sirri mütləq yazmalıyam, deməliyəm. Qaçqınlıq həyatı başlayan ilk illərdə Eldar İsmayılov yaratdığı "Elzər" firmasının gəliri hesabına iyirmiyə yaxın qaçqın ailəsinə aybaay yardım göstərib. Özü də kömək elədiyi adamalr, necə deyərlər, sinmasınlar deyə onların adına əmanət bankında açdığı hesablara köçürüb. Yardımı alanlarsa elə zənn ediblər ki, onlara dövlət kömək edir. Amma bilməyiblər ki, bu "Elzər" firmasının qayğısıdır. Heç indi də bilmirlər. Eldar İsmayılov bu addımı atanda müqəddəs bir kəlama istinad etmişdi: sağ əlin verdiyini sol əl bilməməlidi.

Odur ki, gəlin unutmayaq, 65 yaşını qeyd etdiyimiz Eldar İsmayılovun ürəyində sirlər də, sözlər də hələ çoxdu...

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-9 yanvar.-S. 6.