Məbud Məhərrəmov: "Fəaliyyətimdə
fasilə yarandığı dövrdə çox məşhurlaşdım"
"Mən möcüzəyə
inananlardanam"
Xalq
artisti Məbud Məhərrəmovun Milli.Az-a müsahibəsi.
Dosye:
Məbud Məhərrəmov 1978-ci ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun dram-kino
aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd
Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində
işləyir.
Bu
illər ərzində teatrın səhnəsində 50-dən
çox rol oynayıb, bir çox filmlərdə çəkilib.
Onun
yaratdığı Ağasaf (M.İbrahimbəyov ("Gənc
qadının kişisi"), Əmrah (Hidayət "Mənzil"),
Ər (Elçin "Mənim ərim dəlidir"), Hannibal
(J.Patrik "Strannaya missis Sevidj"), Təlxək
(U.Şekspir "Kral Lir"), Fyodr Pavloviç Karamazov
(F.M.Dostoyevski "Karamazov qardaşları"), Müsyö
Jordan (M.F.Axundzadə "Müsyö Jordan və Dərviş
Məstəli şah") kimi obrazları aktyorun rəngarəng
yaradıcılıq palitrasının nümunələrindəndir.
Hazırda aktyor teatrın baş rejissoru A.Y.Şarovskinin
quruluşunda V.Stanilovun "Opera Mafiozo" tamaşasında əsas
rollardan birini canlandırmağa hazırlaşır.
M.Məhərrəmov
bir çox filmlərdə və televiziya tamaşalarında
da maraqlı obrazları ilə tanınır:
"İşgüzar səfər", "Park",
"Özgə ömür", "Aşkarsızlıq
şəraitində", "Ailə", "Qorxma, mən
səninləyəm-2", "Sübhün səfiri",
"Yaşıl eynəkli adam", "Nigarançılıq"
və s.
2000-ci
ildə M.Məhərrəmov əməkdar artist, 2006-cı
ildə isə xalq artisti fəxri adlarına, 2006-cı və
2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin
mükafatına layiq görülüb.
-
Aktyor olmağınızın həyatın müxtəlif
situasiyalarında sizə köməkliyi və ya
maneçiliyi olubmu?
-
Köməkliyi də olur, maneçiliyi də. Məsələn, istirahətdə
olanda mane olur. Belə məqamları
maneçilik hesab etmək olarsa, bir də görürsən,
soruşmadan, icazə almadan şəklimi çəkirlər.
Populyarlıq yaxşı şeydir, amma həm də
ikiqat məsuliyyətdir. Həyat
yoldaşım həmişə deyir ki, yadından
çıxmasın, maşında gedəndə kökə-filan
yemə, avtobusların, o biri maşınların pəncərələrindən
səni görüb-tanıyanlar bunu yaxşı şərh
etməyəcəklər. Doğrudan da,
belədir. Kütləvi sənət sahibləri
uşaq vaxtı ailədə aldıqları tərbiyədən
daha artıq etik normalara riayət etməlidirlər, mədəniyyət,
incəsənət xadimi olduqlarını
unutmamalıdırlar. Ona görə ictimai
yerlərdə bizim sərbəstliyimiz bir qədər məhdudlaşır.
- Aktyorlar
müxtəlif obrazlara girməyi bacardıqları üçün
başqalarından psixoloq olmaları ilə də fərqlənirlər,
insanları daha yaxşı tanıyırlar. Peşənizin
bu keyfiyyətindən yararlanmağı bacarırsız?
- Bununla
bir az razı deyiləm. Mənim
aktyor olmağım insanları yaxşı
tanımağıma təsir etməyib - necə sadəlövh,
hamıya inanan idimsə, elə də qalmışam. Hətta fikirləşirəm ki, belə
olmasaydım, yəqin, aktyor olmazdım. Halbuki
məni tanımayanlarda bunun tamam əksi olan təəssürat
yaradıram. Ümumiyyətlə isə
aktyorlar son dərəcə kövrək, həssas
insanlardır - oynadığımız hər bir obrazın
xasiyyəti, duyğuları bizə keçir. Məsələn, mən hansısa bir rolun üzərində
işləyəndə fikrimin əsas hissəsi o obrazın
yanında olduğu üçün evdə də
özümü başqa cür aparıram. Ona görə aktyorun taleyində, həyatında hər
bir rolun izi qalır. Məsələn, Aleksandr
Abdulovun kinoda sonuncu rolu ağciyər xəstəliyindən əziyyət
çəkən və sonda dünyasını dəyişən
obrazdı. O filmdən bir il sonra
Abdulovun özünün də taleyi o cür oldu. Buna görə də istedadlı, bacarıqlı
aktyor həm də o aktyordur ki, obrazla özü
arasındakı o çox xəfif həddi keçməməyin
öhdəsindən gəlsin.
- Postsovet
məkanından olan aktyorların taleyinə
canlandırdıqları obrazların taleyinin təsirinin səbəblərini
haradasa Stanislavski nəzəriyyəsinin "inanmıram"
prinsipində də axtarmaq olar...
- Bəli.
Amma Stanislavski "inanmıram" deyəndə,
məsələn, ruhi xəstə rolunu oynayan aktyorun həqiqətən
qəhrəmanının gününə düşməsini
tələb etmirdi. Dediyim kimi, burada
çox xəfif bir hədd var, o həddi görən aktyor
üçün heç bir problem yarana bilməz. Həm də Stanislavski nəzəriyyəsindən təkcə
postsovet məkanından olan aktyorlar yararlanmırlar. Məsələn, Amerikanın da aktyor məktəbi
bunun üzərində qurulub, Nyu-York Ali Aktyorluq Məktəbi
bu nəzəriyyəyə əsaslanır. Çünki ötən əsrin 19-20-ci illərində
Rusiyadan mühacirət etmiş Mixail Çexov kimi teatr xadimlərinin
sayəsində bu nəzəriyyə geniş yayılıb.
İstənilən
halda biz aktyorlar qəribə adamlarıq... Jan
Mare xatirələrində yazır ki, həyatımın bir
dövründə mənə pislik etməyə
çalışan, haqqımda hər cür nalayiq sözlər
danışanlara nəinki yaxşı münasibət göstərməyə,
hətta onlara xeyirxahlıq etməyə başlayanda həmin
kəslərin mənə dəli kimi baxdıqlarını
görürdüm.
- Bir
neçə il əvvəl teatrdan
uzaqlaşmışdınız. Səbəb rol
bölgüləri zamanı layiq olduğunuz rolların sizə
verilməməsi idi, yoxsa fərqli tapıntılar meydanı
axtarmaq?
- Dediyim
kimi, aktyorlar həssas olurlar, görünür, mən də nədənsə
incimişdim. Ona görə
yaradıcılığımda pauza əmələ gəlmişdi,
sükut zonasına düşmüşdüm. Amma bu o demək deyildi ki, mən öz üzərimdə
işləmirdim. Aleksandr Şarovski buraya
baş rejissor təyin olunanda məni yenidən teatra dəvət
edəndən sonra fəaliyyətimin yeni dövrü
başladı. Tamaşalarımdan birinə
tanınmış aktyor və rejissor Tofiq Mirzəyev
(hazırda İsraildə yaşayan xalq artisti T.Mirzəyevi
geniş tamaşaçı kütləsi
"Uşaqlığın son gecəsi", "O
qızı tapın", "Təhminə" və digər
filmlərindəki rollarından tanıyır - red.) də gəlmişdi.
Tamaşadan sonra mənə dedi ki, bu vaxta qədər məclislərdə
niyə o qədər etüdlər göstərdiyini indi
anladım, bu yolla sən öz aktyor formanı
saxlayırmışsan.
Amma sizə deyim ki, teatrdakı fəaliyyətimdə
fasilə yarandığı dövrdə mən çox məşhurlaşdım. "Yaşıl eynəkli adam" teletamaşasına çəkilməyim
bütün şəhərdə tanınmağıma səbəb
oldu. Əslində bu, çox kiçik roldu,
efirdə görünmə xronometrajı da azdı, amma bu, mənə
mane olmadı. Həmin ərəfədə mən
"Bakı payızı - 83" estrada
müsabiqəsinin laureatı olmuşdum.
-
Çox maraqlıdır...
- O
müsabiqədə estrada
danışığı janrının nümayəndəsi
kimi iştirak edirdim. Sonralar həmin müsabiqədə bu
janra diqqət azaldı, amma o dövrdə estrada
janrı anlayışı tam əhatə olunurdu. Mən də I yeri tutmuşdum. Üç
turda təqdim etdiyim mətnlərin bəzilərinin müəllifi
özüm idim. Ramiz Həsənoğlu da məni həmin
müsabiqədə görəndən sonra "Yaşıl
eynəkli adam" tamaşasına dəvət
etdi. Bir az əvvəl dediyim kimi o tamaşadan
sonra tanınmağımdan, əlbəttə ki, məmnun
oldum. Bu, öz yerində, amma ümumiyyətlə,
televiziyadakı işlərim yaradıcılığımda
çox mühüm yer tutur, "Fatehlərin divanı",
"Nigarançılıq", "Yumurta"
tamaşalarındakı rollarımın mənim
üçün böyük əhəmiyyəti var.
Amma
teatrın o vaxtkı rəhbərliyi estrada
danışığı janrına barmaqarası
baxırdı. Və məni də daha çox
yalnız komik aktyor kimi qəbul edirdilər. Ümumiyyətlə, fikir vermisinizsə, bizim
rejissorlar dramaya daha çox üstünlük verirlər.
Çünki əslində komediya janrında
özünü ifadə etmək qat-qat çətindir.
On aktyordan yalnız üçündə sırf komik istedad ola bilər. Hətta kino tariximizdə
də komediya janrının mükəmməl nümunələrini
barmaqla saymaq olar. Səbəb isə
komediyanın mürəkkəb janr olmağındadır.
Boş zalın qarşısında komediya
tamaşası hazırlamaq dram tamaşası hazırlamaqdan həqiqətən
çətindir - axı bu zaman nə rejissor, nə də
aktyorlar tamaşaçıların reaksiyasının necə
olacağını bilmirlər, təsəvvür belə
etmirlər. Tamaşaçının
gülüşünə hesablanmış hər hansı səhnə
tamaşa zamanı sükutla qarşılana bilər və o,
tamam gözlənilmədiyi məqamda gülə bilər.
- Bizdə estrada danışığı janrının inkişaf yolu
çox adda-buddadır - yüksəliş mərhələləri
fraqmental, tənəzzül dövrü isə uzun sürən.
Bu janr üzrə studiya açmaq niyyətiniz
yoxdur ki?
- Elədir.
İndi bir var Tahir İmanovun "Planeta Parni iz
Baku" teatrı, bir də Rafaellə Coşqun. Studiya açmaq, əlbəttə ki, yaxşı
olardı. Amma istənilən halda mən
bu sahədəki bacarığımı insanlara bəxş
etməyə meydan tapıram - teatrda konferansyeyəm.
Repertuarımızda bir tamaşa var idi, "Vse
zvyozdı", təəssüf ki, o tamaşanı
repertuardan çıxardılar, halbuki məni də, əvəzsiz
tərəf-müqabilim Natalya Tağıyevanı da
tamaşaçılar o tamaşa ilə daha çox
tanıdılar, indiyə qədər də
xatırlayırlar. Bax həmin tamaşada biz bu
janrı maksimum bərpa etməyə
çalışmışdıq,
çıxışlarımız bütünlüklə
canlı idi. Sonra mən, məsələn,
rus dilində çəkilmiş bəzi filmlərin Azərbaycan
dilinə dublyajı zamanı yaranan məzəli
situasiyaları parodiya etməyə başladım.
- Yeri gəlmişkən,
azərbaycandilli tamaşada iştirak edən az
sayda rusdilli aktyorlardan birisiniz.
- Bəli,
bu mərhələ yaradıcılığımda xüsusi
yer tutur. Ümumiyyətlə, mən heç
bir rola ötəri, keçici rol kimi baxmıram. "Üns" Yaradıcılıq Səhnəsində
"Şekspir" tamaşası qoyulan dövrdə mən
öz teatrımızda "Kral Lir" tamaşasında Təlxək
rolunda çıxış edirdim, baş rolun
ifaçısı sevimli sənətkarımız Nodar
Şaşıqoğlu ilə tərəf-müqabil idim.
Elçinin "Şekspir" pyesi əsasında
Bəhram Osmanovun hazırladığı tamaşada mənə
Baş həkim rolu həvalə edilmişdi. Məlumdur ki, dili işlətməyəndə
söz ehtiyatı, o dildə rahat danışmaq
bacarığı azalır. Mən evdə,
ya da bəzi dostlarımla arabir azərbaycanca danışsam
da, istifadə etdiyim əsas dil rus dilidir. Buna
görə mənim tamaşada azəricə rus aksenti ilə
danışacağımdan ehtiyatlandığı
üçün Elçin müəllim Baş həkim
obrazının monoloquna onun Moskvada təhsil almasını
vurğulayan cümlə əlavə etmişdi ki, obrazın
rusdilli olması tamaşaçılar üçün
qaranlıq qalmasın. Amma məşqlərdə
Elçin müəllim nitqimin təmiz azəri ləhcəsində
olduğunu görəndən sonra dedi ki, o cümlə
lazım deyil, monoloqundan çıxar.
Bu işin öhdəsindən gəlməyimin səbəblərindən
biri də kino və televiziyadakı işlərimdə
vaxtaşırı azəricə çıxış etmək
təcrübəmin olması idi. "Yumurta"
teletamaşasında, "Güllələnmə təxirə
salınır!" filmində Məmmədkamal Kazımovun
ömrü səsləndirmə mərhələsinə yetmədiyi
üçün onun rolunu səsləndirməyi mənə həvalə
etdilər. "Bu gözəl, gözəl
dünya" filmində də azəricə nitqim öz səsimlə
yazılıb. Bu yaxınlarda çəkilişləri
başa çatmış "Qorxma, mən səninləyəm-2"
filmindəki rolumu səsləndirəndə də bəzi yerlərdə
azəricə danışmışam. Nəhayət,
bu yaxınlarda premyerası baş tutmuş "Sübhün
səfiri" filmində Müsyö Jordan rolunda çəkiləndə
də rolun azəricə səsləndirilməsində
özüm iştirak etdim.
Axundzadənin üzərində ayrıca dayanmaq istəyirəm. Onun yubileyi
münasibətilə baş tutan yaradıcı layihələrə
cəlb olunmağım fərqli önəmə malik səhifədir.
Teatrımızda qoyulan "Müsyö Jordan və Dərviş
Məstəli şah" tamaşasında, yubiley münasibətilə
Akademik Milli Dram Teatrında təşkil edilmiş təntənəli
mərasimdə və "Sübhün səfiri" filmində
Müsyö Jordan rolunda çıxış etməklə,
bu dahi qələm və fikir sahibinin
yaradıcılığı ilə belə sıx təmasda
olmaqla yaradıcılığım yeni çalar qazandı.
Mirzə Fətəlinin yaradıcılığı ilə təmasda
olmaq hər bir aktyor üçün böyük məktəbdir
- bu şəxsiyyəti Şərqin Molyeri
adlandırırlar, amma məncə, onun dahiliyi Molyerdən də
üstündür: Axundzadə ustad dramaturq olmaqdan başqa,
bütün Şərqdə dramaturgiyanın əsasını
qoymaqla teatr sənətinin inkişafına əvəzsiz
töhfəsini verib. Truppamız
"Müsyö Jordan və Dərviş Məstəli
şah" tamaşası ilə 10 şəhərdə
qastrolda olub. Moskvada tamaşadan sonra görkəmli
yazıçı Çingiz Hüseynov qrim otağına gəlib
"Fatalğnıy Fatali" ("Fətəli fəthi")
kitabını mənə hədiyyə etdi və avtoqraf
olaraq bu sözləri yazdı: "Müsyö Jordana məhəbbətlə
əziz Məbuda müəllifdən".
-
Tamaşaçılarınıza bəxş etdiyiniz ən
böyük sürprizlərdən biri "İbRus"
Teatrında tamaşaya qoyulmuş "Tartüf
Ağayeviç" səhnə əsərində Pəri
xanım rolunda çıxış etməyiniz oldu. Bu, həqiqi
mənada sürpriz idi - həm sizi dərhal
tanımaq mümkün olmadı, həm də gözlənilməzlik
məqamı çox güclü idi... Elə
tamaşaya baxanların bir çoxunun bu təəssüratda
olduqlarını deyə bilərəm. Bir neçə
nəfərin: "Bilirik ki, bu rolda çıxış edən
Məbud Məhərrəmovdur, amma eyni zamanda da tanıya
bilmirik", - dediyini eşitmişəm.
- Əslində
aktyorun aktrisa cildinə girməsi bu sənətin yüksək
zirvələrindən hesab olunur. Rüstəm müəllim
("İbRus" Teatrının baş rejissoru Rüstəm
İbrahimbəyov - red.) Molyerin "Tartüf"
komediyasının azərbaycansayağı səhnə
versiyasını qələmə alıb məşqlərə
başlayanda mənə orijinaldakı Arqon personajının
bizim versiyadakı Orxan surəti
tapşırılmışdı. Xanım Pernel obrazı isə
faktiki olaraq havada qalmışdı, bir neçə aktrisa bu
rola dəvət edilsə də, nədənsə imtina etmişdilər.
Bir gün növbəti məşq zamanı Rüstəm
müəllim mənə dedi ki, gəlsənə, Pəri
xanımı sən oynayasan? Təklif çox gözlənilməz
olduğu üçün xeyli təəccübləndim. Nə
isə, ağlıma batandan sonra dedim ki, amma
bığlarımı təraş etməyəcəm.
Çünki əks təqdirdə imicimə xələl gələ
bilərdi. Razılaşdıq.
Pəri
xanımın davranış tərzini, ədalarını,
qrimini özüm fikirləşib tapdım. Libaslarının
isə bir qismi Lyudmila Duxovnayanındı (S.Vurğun adına
Rus Dram Teatrının aparıcı aktrisalarından biri, xalq
artisti - red.), bir qismi isə həyat yoldaşımın. Təvazökarlıqdan
uzaq olmasın, amma həmkarlarım həmişə deyirlər
ki, sən heç nədən baxımlı bir obraz
yaratmağı yaxşı bacarırsan. Pəri xanım da əslində
kiçik personajdı. Amma bu personaja müxtəlif detallar
vasitəsilə uyğun tərtibat verməklə onun səhnədəki
məkanını genişləndirə bildim. Ömrü də
iki cür yaşamaq olar: həyatın möcüzəsinə
inanaraq və inanmayaraq. Mən möcüzəyə
inananlardanam.
Öz
növbəmdə sizə ayrıca təşəkkürümü
bildirmək istəyirəm ki, nəinki müsahibə
aldığınız aktyorun yaradıcılığı ilə
belə əhatəli tanışsınız, ümumilikdə
müasir teatr prosesi və tarixi barədə tam məlumatınız
var. Belə jurnalistlər, təəssüf ki, çoxluq təşkil
etmirlər.
Samirə Behbudqızı
Ədalət.-2013.-9 yanvar.-S.8.