... "BU, ELŞAD SƏFƏRLİDİR"

 

Bu gün Azərbaycanın oxucu camiyəsində kifayət qədər özünü tanıtmış, öz yerini müəyyənləşdirmək gücünü ortaya qoymuş imza sahibləri var. Doğrudur, oxucu həmişə təzə imza, təzə söz sorağında olur. Bu da zamanla, inkişafla, xüsusi olaraq ədəbiyyata yönəlik baxışlarla əlaqəlidir. Yəni oxucu geniş informasiya şəbəkələrinə malik olduğundan indi bir kitabın, bir şairin, bir imzanın, bir ədəbi mühitin içərisində yatıb qalmır. Ona gələn bu bol informasiyanın içərisində çeşidləmək, yaxşını-pisi fərqləndirmək, xüsusi olaraq sözə yeni münasibət bəsləmək imkanı qazanır. Kəsəsi, internetin bir düyməsi hesabına dünyanın istənilən nöqtəsində çapdan çıxmış və mürəkkəbi qurumamış istənilən dəbli məhsulu oxumaq, onunla tanış olmaq indi uşaq oyunu kimi çox sadə və əlçatandır.

Bax, bu mənada Azərbaycan oxucusu da hər gün qarşılaşdığı imzalara məhz həmin o texnikanın verdiyi imkanların bucağından baxır. Belə olduğu halda da söz adamı kimi, söz sahibi kimi, sözü yaradan və təqdim edən yazıçı-şair kimi oxucuya çatmaq nə qədər asandırsa, oxucunun diqqətini çəkmək, oxucunun yaddaşında qalmaq o qədər çətindir. Konkret ifadə etsək, oxucunu qazanmaq və oxucunun olmaq bu gün müşkül məsələlərdən biridir. Təbii ki, burada təqdimatın, təbliğin də böyük rolu var. Bunu unutmaq olmaz.

Bu günlərdə Lənkərandan ünvanıma göndərilmiş bir kitab və onun barəsindəki səmimi fikirlərlə tanış oldum. Kitabın müəllifi 80-ci illər ədəbi nəslinə mənsub olan Elşad Səfərlidir. Müəllifin aftoqrafı ilə mənə göndərilən "Bu, Elşad Səfərlidir" kitabına qələm dostum Qardaşxan Fərzi öz ürək sözlərini də əlavə edərək ünvanıma çatdırıb. Təbii ki, mən bu dəyərli hədiyyəni bir oxucu marağı ilə gözdən keçirdim, kitabla yaxından tanış oldum. Onun ayrı-ayrı bölmələrdəki şeirlərini karandaşla işarələdim və sonra baxıb gördüm ki, mənim fikirlərimlə dostum Qardaşxan Fərzinin fikirləri demək olar ki, üst-üstə düşür. Ona görə də bu iki fikri birləşdirmək və ikimizin "Bu, Elşad Səfərlidir" kitabına oxucu münasibətini birlikdə təqdim etmək razılığına gəldik...

80-ci illər ədəbi nəslinə mənsub olan Elşad Səfərli Lənkəranda yaşayır və burada da yazıb-yaradır. Bu günə qədər bir xeyli kitabların işıq üzü görməsi sevincini yaşayıb və bu gün də şeirlər və poemalardan ibarət olan "Bu, Elşad Səfərlidir" kitabı onu son illər yaradıcılığının bir növ toplusudur. Kitaba yazıçı-publisist, pedaqogika üzrə fəlsəfə doktoru Allahverdi Eminov ön söz yazıb. Allahverdi müəllim ön sözü çox qəti bir hökmlə başlayıb:

- Elşad Səfərli şairdir - böyük hərflə - poeziya onu ilhama gətirmişdir - mütaliəsi yox.

Bəli, elə ilk sözdən, ilk fikirdən sözün bütün mənalarında "Elşad Səfərli şairdir!" - hökmü oxucunu özünə çəkir. O oxucunu ki, onun Elşad Səfərli yaradıcılığı barəsində ya bilgisi yoxdur, ya da onu çox az oxuyubdur. Məhz bu təqdimatla oxucunu kitaba çəkən Allahverdi Eminov Elşad Səfərlinin demək olar ki, yaradıcılığına kifayət qədər gur bir işıq saçıb. İstər onun ayrı-ayrı şeirlərini, istər poemalarını necə deyərlər, yüz dəfə sağdan, soldan, altdan, üstdən çözüb səpələyib oxucunun gözləri qarşısına. Hər misranın, hər fikrin arxasında dayanan gücü, hikməti, mənanı elə ustalıqla şərh edib ki, oxucu Elşad Səfərli yaradıcılığından rahatca bəhrələnə bilsin.

Bax, bu mənada Elşad Səfərlinin kitabdakı şeirlərinin çox böyük əksəriyyəti öz fikir yükü ilə, öz yanaşma tərzi ilə diqqəti çəkir. Məsələn, əgər söhbət Qarabağdan, bu problemin çözümündən gedirsə, onu bu cür sadə və lokanik ifadə etmək yalnız Elşad Səfərliyə məxsusdur:

 

vaxtsa gedir...

vaxt gözləmir,

sükut də bir xoş vəd vermir.

vaxt çoxdan bizə işləmir,

vaxt düşmənin tərəfində...

 

Həqiqətən də az qala əsrin dörddəbiri qədər yaşı olan Qarabağın işğal dərdi hələ də çözülmür ki, çözülmür. Bizim itirdiyimiz vaxtı düşmən tapıb, qazanıb. Və yaxud başqa bir şeirində Elşad Səfərli bugünkü durumu, daha doğrusu, cəmiyyətdəki müəyyən cırlaşmanı, insanlardakı laqeydlik hisslərini, etinasızlığı cır armuda müraciət etməklə çox konkret bir formada diqqətə çatdırır:

 

Bugünkü sənətə cır məhsul qatan

Şairlər bilirəm duyar fikrimi:

Bu gün şeirimizin kölgəsi altda

Belələri bitib cır armud kimi.

 

Doğrudan da cəmiyyətdəki etinasızlıq, laqeydlik oxucunu da bürüyüb, oxucu da cəmiyyətin bir parçası kimi ona sırınan, ona zorla satılan cır armudları almağa, ən azı ona toxunmağa məcbur qalıbdı.

Elşad Səfərli poeziyasında özünəməxsus yanaşma, təqdimat xüsusilə diqqəti çəkəndir. Yəni şair söz qıtlığı yaşamır, ona təsir edən, onu ilhamlandıran hər şeyə öz baxışıyla diqqət yetirir. Məsələn:

 

yaz fəslidir...

gülün gülü,

çiçəyin çiçəyi açılır.

gülə, çiçəyə baxdıqca

insanın ürəyi açılır...

 

Təbiətin gül mövsümünü, təbiətin oyanışını balaca bir şeirdə özünəməxsus cizgilərlə işarələmək artıq Allahverdi Eminovun dediyi kimi, şairin məharətidir, qabiliyyətidir. Həmin fikirlərin davamı olaraq demək yerinə düşər:

 

Ürəyim şirincə sızıldayırdı

Özüm öz yaramı mən qanatmışdım.

Arı yuvasıydı xatirələrim

Arı yuvasına çöp uzatmışdım.

Və yaxud:

Vəhdət sevgisində "Mən" sözü yoxdur

Daim "Sən"i anıb bil, "Sən" demişəm.

Tale bu sevgidən qurban istədi

Bircə onda qurban "mən-mən" demişəm.

 

Bax, bu şeir nümunələri göstərir ki, Elşad Səfərli təkcə bir şair kimi yox, həm bir duyğu adamı kimi ürəyində olanlar, ürəyini verdiklərinə qarşı qədər səmimi həssasdır. Onun "Yalnız sevgi" şeirinin birinci bəndindəki fikirlər dediklərimizi bir daha təsdiq edir. Şair yazır:

 

Sən mənim ömrümdə tale yazımsan

Taledən yazılan çətin pozula.

Ürəyim telefon dəftəri deyil

Gündə kimlərinsə adı yazıla.

 

Bu günün sevgi şouları adamları çaş-baş salsa da, şair dostumuzun saf səmimi etirafı o şouları üstələyir, onlara qalib gəlir. Hətta onun sevgi ilə bağlı xatirə dolu ilahi pıçıltıları da qələbəsini bir az da möhkəmlədir, bir az da əzəmətli edir.

 

Kəndin bulaq yolu...

axşam düşəndə

Dolardı cüt gəzən qaraltılarla

Bu sevda yolunu keçmişəm mən də

Bir zaman ilahi pıçıltılarla.

 

Elşad Səfərlinin kitabındakı sonetlər, poemalar özü-özlüyündə ayrıca bir yazının ayrıca bir müzakirənin açılmasını istəyir. Çünki onların hər birində yığcam və konkret, həm də oxucunu bir növ ovcunda saxlayan ifadə tərzləri, yanaşmalar var. Kitaba son söz yazmış şair Ağacəfər Həsənli vurğulayır ki, Elşad Səfərli "bölgədə yaşayan ölkə şairi"di! Bu, Ağacəfər Həsənlinin fərdi yanaşması olsa da, əslində Elşad Səfərli öz yaradıcılığı ilə bölgəni çoxdən ölkəyə çevirə bilib. Bax, bu uğura görə qələm dostumuzu ürəkdən təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

 

 

Qardaşxan FƏRZİ,

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-10 yanvar.-S.6.