Qıcıq üçün
məhərrəmlikdə içən şair
Üç
gündür ki, başımdan çıxmır. Gecə
bir-iki saatlıq gözümü yuman kimi yuxuma girir o qəribə
adam. Yuxularımda onunla Gəncənin Şah Abbas məscidinin
qarşısında görüşüb çayxanaya domino
oynamağa gedirik. Hərdən də qırmızı rəngli
avtomobilini yanımda saxlayır, mən də o vaxtlar olduğu
kimi öndə oturub pəncərəni açıb siqaret
yandırıram. Sonra harasa gedirik...
Çox
qəribədir, son günlər tez-tez onunla etdiyimiz söhbətlər
yadıma düşür. Gəncədə
tanıdığım az sayda maraqlı adamlardan biri idi Səyyaf
Sədnikoğlu. Ucaboy, şux yerişli, adətən kobud, bəzən
həddən artıq mədəni insan idi. Gəncənin
tarixini, tarixi abidələrini əzbər bilirdi.
Başlığa çıxardığım misralar da
onundur, Səyyaf Sədnikoğlu Paşayevin...
Pirsultandı ata babam,
Miskin Abdal ana babam,
Ulu ulusdanam babam,
Tam yüzdə-yüz türk
soyluyam,
Səyyafam, Sədnikoğluyam.
Saatlarla Gəncənin tarixindən
danışar, az-çox
bu barədə məlumatı olanlarla mübahisədən həmişə
qalib çıxardı. Yaxşı yaddaşı
vardı. Aşıq ədəbiyyatını,
folkloru mükəmməl
mənimsəmişdi. Bəlkə də ədəbiyyata, folklora olan sevgisi
atası, tanınmış
alim Sədnik Paşa Pirsultanlıdan keçmişdi ona. Eyni zamanda türk tarixini dərindən bilirdi. Türkiyənin
ölkəmizdəki sabiq
səfiri Hüseyin Avni Karslıoğlu Gəncə səfərində
Pirsultan torunu Sədnik Paşa ilə görüşəndə
Səyyaf Sədnikoğlunun
bilgilərinə heyran
olmuşdu. Türkiyəyə
qayıtdıqdan sonra
da münasibəti kəsməmişdi onunla.
Tez-tez zəng edib əhvalını soruşardı.
Qəribə və anlaşılmaz
adam idi. Nə istədiyini özü də doğru dürüst bilmirdi.
İşdən çıxarılandan sonra (Gəncə şəhər Tarix-Mədəniyyət
Qoruğu İdarəsinin
ilk direktoru olub) bütün günü çayxanada olardı. Müxtəlif işlər
təklif olunsa da, oturub səbirlə
hansısa vəzifəyə
göndəriləcəyini gözləyirdi. İnanırdı
ki, onu hökmən
vəzifəyə göndərəcəklər.
Hərdən onun qəribə istəklərinə
gülsəm də, onu qınamırdım. Çünki 20 yaşında
Daşkəsən Mədəniyyət
İdarəsinə rəhbərlik
etmişdi. 1988-ci ildə
Gəncə şəhər
Tarix-Mədəniyyət Qoruğu
İdarəsi yarananda
isə onu həmin idarəyə direktor təyin etmişdilər. "Vəzifəyə,
kresloya, katibənin dəmlədiyi çaya alışmışam" deyərdi.
Folklorşünas alim Sədnik Pirsultanlının yanında
çalışdığım üçün, Səyyaf
müəllimlə də
tez-tez görüşürdük.
Hərdən hansısa
yazısını redaktə
üçün gətirər,
saatlarla söhbət edərdik. Tanışlığımızın
ilk dövründə o hələ
vəzifədə idi.
Dostlaşdığımız dövrdə isə vəzifədən çıxarılmışdı
və bütün gününü çayxanada
keçirirdi. "Yurddan
səslər" adlı
bir jurnala rəhbərlik edirdi. Jurnalın məqsədi Azərbaycanın bölgələrini,
rayonlarını, qədim
və tarixi məkanlarını tanıtmaq
idi. Əlinə pul düşən kimi rayonlara üz tutub, jurnal üçün
material toplayar, sonra isə oturub topladığı materialları
məqalə şəklinə
salardı. Jurnal 3-4 aydan bir çıxsa
da, özünə ofis tutmuşdu və ofisdə 4-5 xanım çalışırdı.
Vəzifədə olduğu
vaxtlardan qalma alışqanlığını, buyurmaq, katibəyə tapşırıq vermək
vərdişini unuda bilmirdi.
Elmlər
namizədliyini müdafiə
eləsə də, sonradan elmi işi
naməlum səbəbdən
ləğv olunmuşdu.
Amma ruhdan düşmürdü, çalışırdı
ki, yenidən müdafiə eləsin.
Gündəmi acgözlüklə izləyirdi.
Mətbuatda bütün
imzaları tanıyırdı.
Gənc nəsil yazarlarının hamısını
həvəslə oxuyurdu
və saatlarla onlar haqda danışmağı
sevirdi. Müasir şeiri və nəsri sevsə də, yazılarında hər zaman el şairlərini, aşıqları
təbliğ edirdi. Gəncənin bütün
varlı-hallı, imkanlı
"köhnə kişiləri"ni
tanıyırdı və
dostluq edirdi.
Güclü yumor hissi vardı. Hər dəfə görüşəndə
dindar dostlarımızı
(o vaxt mən də dindar sayılırdım) dolayırdı.
Allaha inansa da, dinlə, xüsusilə dini fanatizmlə barışmırdı.
Axundovu əzbər bilirdi. "Kəmalüddövlə
məktubları"nı başdan
sonacan əzbərləmişdi.
Məhərrəmlikdə hökmən
içirdi ki, çayxanada başına
yığışan dindarlar
cırnasın, onunla mübahisə eləsin.
Minlərlə folklor mətni toplamış, çap etdirmişdi.
Avtomobil həvəskarı idi. Gənclik
illərində Gəncənin
ən məşhur
"avtoş"u Smert
Tofiqlə dost imiş
və hər ikisi güclü "avtoş" hesab olunurmuş.
Sədnik müəllim onu necə ərköyün böyütməsindən danışırdı. Deyirdi ki, mən uşaq
evində böyüdüyüm,
yetimçilik gördüyüm
üçün Səyyafın
çətinlik çəkməsinə
razı olmurdum:
"19 yaşında bir
təptəzə bir
"Jiquli" almışdım.
Bütün günü şəhərdən
sorağı gəlirdi.
Bərk sürür, tez-tez qaydaları pozurdu. Amma dərslərini yaxşı
oxuduğu üçün
danlaya bilmirdim. Bir gün polis idarəsindən
xəbər verdilər
ki, Səyyafın maşını kanala düşüb. Getdim ki,
özü yoxdur.
Maşın yüngülvarı əzildiyi üçün
ona heç nə olmamışdı.
Evə gəldim, danladım.
Maşını nə üçün
ustaya aparmadığını
soruşdum. Dik-dik
üzümə baxıb
dedi ki, mən alim oğluyam,
bir dəfə əzilmiş maşını
sürə bilmərəm.
Özünə sonsuz güvəni və inamı vardı. Eqosunu məğlub etmək
haqqında heç vaxt düşünməzdi.
Atasıyla və özüylə öyünməyi
sevərdi:
Tən-dürüstdü qədd-qamətim,
Varlığımdı səadətim,
Yaxşılıq etmək adətim,
İnsanlığa sevdalıyam,
Səyyafam, Sədnikoğluyam.
2012-ci
ildə ən çox sarsıldığım itkilərdən
biri də Səyyaf Sədnikoğlunun itkisi oldu. Qəfildən,
ürək tutmasından dünyasını dəyişmişdi.
Qışın
qarlı, şaxtalı günlərində çayxanada nərd,
domino oynamağımızı, hərdən də şahmat
taxtası arxasında baş
sındırmağımızı xatırlayıram.
Çoxlu arzuları, planları, istəkləri vardı...
Bu
yazıya başlamamışdan öncə "google" da
onun adına axtarış verdim. Haqqında demək olar ki,
heç bir məlumat yoxdur. Vikipediya səhifəsi də
bomboşdur. Bir neçə mətbu orqanın saytında
açıqlamaları, Gəncənin tarixi abidələri ilə
bağlı fikirləri var.
Ölümündən
üç ay keçsə də, haqqında bircə cümlə
də yazılmayıb. Telefonumda heç vaxt zəng edə
bilməyəcəyim bir nömrə də artıb.
Son
günlər tez-tez yuxuda domino oynayır, danışır,
gülür, zarafatlaşırıq. Hərdən elə bilirəm
ki, yenə zəng edib mənə yazdığı son
qoşmanı, gəraylını oxuyacaq...
Dəfələrlə
ondan müsahibə almağı planlaşdırsam da, sonra
almamışdım. Belə tez öləcəyinə
inanmırdım. Heyf, çox heyf ki, ölməmişdən
öncə görüşə bilmədim.
Bu
yazı isə mənim üçün sadəcə bir vəfa
borcu, yüngülvarı təsəllidir.
Cəlil Cavanşir
Ədalət.-2013.-10 yanvar.-S.7.