ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ TURİZMİN QAX NÜMUNƏSİ

 

Artıq yeni ilin, 2013-cü ilin ilk günlərini yaşayırıq. Yola saldığımız 2012-ci il Azərbaycan üçün olduqca əlamətdar hadisələrlə, tarixi qələbələrlə yaddaqalan bir il olmuşdur. Avropada iqtisadi böhranın tüğyan etdiyi halda, ölkəmiz regionda liderlik mövqeyini qoruyub saxlamış, Avroviziya kimi möhtəşəm mahnı müsabiqəsinə və digər beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, idmançılarımız beynəlxalq yarışlarda 700-dək, o cümlədən London Yay Olimpiadasında 10 medal qazanmışlar. Dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının Birinci Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsi barədəki qərarı dövlətimiz və xalqımız üçün böyük tarixi əhəmiyyət kəsb edən hadisədir. Təsadüfİ deyildir ki, möhtərəm Prezidentimiz bu qərar qəbul olunduqdan dərhal sonra xalqımızı təbrik etmişdir. Dünyanın 155 ölkəsinin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan keçən ilin may ayında bu mötəbər təşkilata sədirlik etmişdir. 2012-ci ildə ölkəmizdə böyük quruculuq işləri həyata keçirilmiş, mühüm sosial-iqtisadi, siyasi əhəmiyyət daşıyan layihələr icra olunmuşdur.

Bütövlükdə respublikamız üçün olduğu kimi, bölgələrimiz üçün də 2012-ci il uğurlu, maraqlı və yaddaqalan, əlamətdar hadisələrlə zəngin bir il olmuşdur. 2012-ci ildə digər bölgələrlə bərabər Qax da böyük uğurlara imza atmış, özünün sosial-iqtisadi inkişafının ən yüksək mərhələsinə qədəm qoymuşdur.

Qax zəngin, ecazkar gözəlliyə malik təbiəti, tarixi keçmişimizdən xəbər verən qədim yaşayış məskənləri, tarixi və memarlıq abidələri ilə bərabər görkəmli ziyalıları, böyük təhsil ənənələri ilə ölkəmizdə sayılıb-seçilən bölgələrdəndir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Son dövrlər bu vacib sahənin inkişafı, xüsusilə məhsul istehsalının intensiv yolla artırılması istiqamətində mühüm addımlar atmışdır. Nəticədə payızlıq taxıl istehsalında məhsuldarlıq iki-üç sentner artaraq rekord miqdarda - 32.784 ton məhsul istehsal olunmuşdur. 2012-ci illə müqayisədə ət, süd və yumurta istehsalı artmışdır. Digər kənd təsərrüfatı məhsulları istehsalında da xeyli artım əldə edilmişdir. Kənd təsərrüfatının digər sahələrinin inkişafı üçün əlverişli şəraiti olmayan dağ kəndlərində rayon üçün o qədər də ənənəvi sahə hesab edilməyən arıçılığın inkişafına diqqət xeyli artırılmış, rayonda arı ailələrinin sayı 10 minə, bal istehsalı 100 tona çatdırılmışdır. Ötən il rayonda qonşu rayonların arıçılarının və mütəxəssislərinin də iştirak etdiyi "Bal bayramı" və digər tədbirlər bu gəlirli və əlverişli sahənin gələcəkdə daha sürətlə inkişafına təkan verəcəkdir.

Sənaye məhsulları istehsalı əhaliyə göstərilən müxtəlif növ xidmətlərin həcmi də xeyli artmışdır. İlin sosial-iqtisadi göstəricilərinin ilkin yekunlarına daxili məhsul istehsalında xeyli artım gözlənilir.Yola saldığımız 2012-ci ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq dövlət vəsaiti və daxili imkanlar hesabına rayonda tikinti-quruculuq işləri genişləndirilmiş, onlarla böyük sosial-iqtisadi əhəmiyyət kəsb edən obyektlər istifadəyə verilmişdir. Hazırda bölgənin sosial-iqtisadi inkişafına, adamların rahatlığına xidmət edən quruculuq-abadlıq işləri uğurla davam edir. Təkcə bu günlərdə rayonda 10-a yaxın yeni obyekt istifadəyə verilmişdir.

Bəli, bu gün Qax özünün sosial-iqtisadi inkişafının ən yüksək mərhələsinə qədəm qoymuşdur. Bununla belə potensial imkanları, ehtiyat mənbələri nəzərə alan rayon rəhbərliyi bölgənin perspektivini turizmin inkişafında görür, bu sahənin inkişaf etdirilməsini prioritet vəzifə kimi qarşıya qoyur. Onu da qeyd etmək lazımdır ki, rayonun heç də bütün yaşayış məntəqələrində kənd təsərrüfatını inkişaf etdirmək üçün o qədər də böyük imkanlar yoxdur. Əksinə, həmin ərazilərdə turizmin inkişafı üçün böyük imkanlar mövcuddur. Təsadüfi deyildir ki, hörmətli Prezidentimiz cənab İlham Əliyev Qaxa səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə demişdir: "Gözəl təbiət və təbii şərait böyük üstünlüyümüzdür, xüsusilə Qax kimi mənzərəli yerlərdə. Ancaq burada yaradılan infrastruktur, xidmət obyektləri də bu təbiətə uyğun olmalıdır və mən bunu görürəm. Bir daha demək istəyirəm ki, mən artıq bir neçə dəfə burada olmuşam və hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinmişəm".

Ölkə başçısının dediyi kimi, hazırda Qaxda həyata keçirilən tikinti-quruculuq işləri, yaradılan infrastruktur, inşa olunan sosial təsərrüfat xarakterli obyektlər, həyata keçirilən genişmiqyaslı abadlıq, təmir-bərpa təbiətin bu yerlərə bəxş etdiyi təbii gözəllikləri tamamlamaqla turizmin inkişafına köklənmişdir.

Açılış mərasimində hörmətli Prezidentimizin də iştirak etdiyi ən inkişaf etmiş ölkələrdəki məşhur turizm müəssisələri ilə rəqabət apara biləcək beşulduzlu "El Resort " hoteli ilə yanaşı, rayonda böyük imkanlara malik 11 böyük turizm müəssisəsi fəaliyyət göstərir, iki müəssisə isə inşa olunmaqdadır. Bu müəssisələrdə turistlərin normal istirahəti üçün lazımi şərait yaradılmaqla onlara əksər çeşidlərdə nümunəvi sosial, mədəni xidmət göstərilir. Saf dağ havası, büllur bulaqları, 70-ə yaxın tarixi və mədəniyyət abidəsi olan qədim yaşayış yerlərində, füsunkar təbiətin qoynunda yerləşən turizm obyektlərinin maddi-texniki bazası möhkəmlənməkdədir.

Hörmətli Prezidentimizin də yüksək qiymətləndirdiyi şəhərin qədim yaşayış yeri olan İçəribazar məhəlləsində həyata keçirilən, bu yerlərin tarixi keçmişinin, milli memarlıq və sənətkarlıq ənənələrinin, mədəniyyətimizin yaşadılmasına xidmət edən və bütövlükdə turizmin inkişafına köklənmiş kompleks tədbirlər, tikinti-quruculuq, təmir-bərpa işlərindən sonra bölgənin turizm imkanlarını xeyli genişləndirmişdir. Buradakı milli mətbəx, xalq tətbiqi sənət növləri, xalçaçılıq, toxuculuq emalatxanaları, xalq təbabəti əczaxanası, bərpa işlərindən sonra yalnız qan yaddaşımızdan, nənələrimizin nağıllarından, ədəbiyyatdan, kinolardan xəyallarımızda canlandırdığımız, lakin heç vaxt görmədiyimiz mənzərələri seyr etdikcə, hər bir kəs istər-istəməz xoş anlar yaşamaqla öz zəngin tarixi keçmişi ilə fəxr edir.

 

(ardı gələn sayımızda)

 

 

Novruz ŞABANOV

 

Ədalət.-2013.-10 yanvar.-S.7.