Şampanları çertyojların
üstünə töküb dedi ki...
O, bir sovet əfsanəsiydi...
Teatr
və kino aktyoru, mahnılar müəllifi və
ifaçısı, bütün bunlara görə yalnız
ölümündən sonra Dövlət Mükafatı
Laureatı olmaq şərəfi qazanmış Vladimir
Vısotskidən danışacağam.
Uşaqlığı
1938-ci ilin yanvarında Moskvada anadan olub. Beş
yaşı olanda atası ilə anası ayrılıblar.
Anası başqasına ərə gedib,
atası başqa qadınla izdivaca girib.
Müharibə vaxtı Vladimir Uralda-evakuasiyada olub. Doqquz
yaşında ikən müharibədən sonrakı,
işğal olunmuş Almaniyada atası ilə birgə
yaşayıb-atası orda işinə görə
yaşamalı olub. Onun Almaniyadakı həyatı
Moskvada yaşayan həmyaşıdlarınınkından tamam
fərqli idi.
Vladimir atası ilə yaxşı yola getmirdi, tutmurdu
onlarınkı. Analığı onu daha yaxşı
başa düşürdü. Ona görə
də Volodya analığı ilə Moskvaya qayıtmağa
üstünlük verir. 50-ci illər idi.
Gəncliyi Moskvada keçdi. Gənclik romantikası Stalinin repressiyası ilə
bir araya sığmırdı. Həyətdə,
əlində gitara ürəklərindəki nisgili simlərdə
dilləndirən gənclərə də belə qoşuldu
Volodya.
Onuncu sinifdə oxuyanda dram dərnəklərinə
gedirdi. Amma aktyor olmağa qərar verməmişdi, sadəcə
bir gənclik marağı ilə səhnədə
olmağı xoşlayırdı. Məktəbdən
sonra isə İnşaat-Tikinti İnstitutuna daxil olur, yarım
il sonra onu atır. Aktyor olmaq qərarını
1955-ci ildən 1956-cı ilə keçən gecə, yeni il axşamı verir. Qrup yoldaşı ilə
yeni ili səhərə qədər
çertyoj çəkməli idilər, çünki onsuz
imtahana buraxılmayacaqdılar. Səhər saat dörddə
işi başa çatdıran Volodya bir bakal şampanı
öz çertyojlarının üstünə səpələyib
deyir: "Bu iş deyil, mən bunu oxumaq istəmirəm, aktyor
olacağam".
Səhər gedib Nemiroviç -Dançenkonun teatr kursuna
yazılır.
İlk
nikah, ilk rol, ilk mahnı
Birinci
kursda tanış olduğu tələbə
yoldaşı İza Jukova onun birinci həyat yoldaşı
olur. Üçüncü kursda ilk dəfə
filmə çəkilir. Çəkiliş
prosesində Bulat Okudjavanın yaradıcılığı ilə
tanışlığı onda mahnı yazmağa istək
yaradır. Ona görə də Bulatı
özünün müəllimi hesab edirdi. İlk
mahnılarından birini - "Yalan və həqiqət haqda
mahnı"nı müəlliminə həsr
edir. İlk mahnılarını 60-cı illərin əvvəllərində
yazıb, 1965-ci ildə yazıb özünün də ifa
etdiyi "Sualtı qayıq" onun
yaradıcılığının ciddiliyindən xəbər
verdi.
Teatr
Teatrda da 60-cı illərdən çalışmağa
başlayıb. Əvvəl A.S. Puşkin adına
teatrın, sonra Miniatür teatrlarının səhnəsində
oynayır, amma yalnız kütləvi səhnələrdə
çıxdığı üçün teatrdan zövq ala
bilmirdi.
Yalnız 1964-cü ildə Taqanka teatrına gəlişi
ilə anladı ki, bura onun teatrıdır. Elə belə də deyirdi:
"Bura mənim teatrımdır".
Teatrın
rəhbəri Yuri Lyubimov beş dəqiqəlik
görüş almış oğlanın mahnılarına
saat yarım qulaq asıb, diqqətini ayırmadan dinləyib. "Taqanka"da Hamlet, Qaliley, Puqaçov kimi rəngarəng
obrazlar yaradıb. Bu tamaşaların
hamısını Lyubimov özü qoyub. Teatr
rəhbərinin Volodyaya oğlu kimi isti münasibəti bəzən
həmkarları arasında qısqanclıq da yaradırdı.
Lyubimov Vısotskinin son rolunu - tamaşaçısı
ilə vida səhnəsinin də quruluşunu verməli olub.
Kino və ikinci nikah
Teatrda işləyə-işləyə Vısotski
artıq kinoya çəkilirdi. 1961-ci ildə çəkildiyi
"Dima Qorinanın karyerası" uğur qazana bildi. Həmin filmdən sonra xanımı ilə
aralarında soyuqluq yaranır. Niyə,
bilinmir. Övladları da olmurdu. Ayrılırlar. Volodya vaxt itirmədən
növbəti filmin çəkilişlərində tanış olduğu Ludmila Abramova ilə evlənir.
Bu nikahdan Vısotskinin iki oğlu olur-Arkadi və
Nikita.
Həmin dövrlər artıq Vısotskinin
mahnıları bütün Sovet məkanında dillərdə
əzbər idi. Bir az Sovet rejiminin əleyhinə,
azadlıqsevər mahnılar onun öz imzası ilə deyil
Sergey Kuleşev adı ilə yayılırdı. Eyni vaxtda filmlərə çəkilir, öz
sözləri ilə desək darıxdırıcı
obrazlara.
Uşaqlığı Almaniya və Moskvada keçən,
eyni vaxtda, hələ uşaqkən dünyanın əks tərəflərindəki
həyatın dadını çıxaran adamın gənc
yaşlarında depressiyaya düşməsi təbiidir. O, başqa Sovet gəncləri
kimi yalnız SSRİ-dəki həyatı görməmişdi
ki, elə yəqin bütün dünya burdakı kimidir deyə
düşünüb yaşasın. O bilirdi ki, başqa yerlərdə
başqa həyatlar var, amma sən burda yaşamağa məhkumsan,
belə yaşamağa. İçkiyə
qurşanır, bundan sonra ailəsində də, işində
də problemlər yaranır.
Kinoda ilk uğur
Bununla belə 1967-ci ildə çəkildiyi
"Vertikal" filmi həm obrazına, həm də
mahnılarına görə Vısotskiyə böyük
uğur gətirir. Dağlar, alpinistlər haqda
yazdığı mahnılar filmdə səsləndikcə
adama elə gəlirdi ki, Vısotski dağlarda
böyüyüb, amma əslində o, dağları həmin
filmə çəkilməzdən cəmi iki ay öncə gəzib
görmüşdü.
Marina Vladi
Üçüncü xanımı Marina Vladi (əsil
soyadı Katrindir, Polyakova, Baydarova da olub) onun həyatına
1967-ci ildə daxil olur. Vısotski onu "Koldunya" filmində
sevib. Uzun illər Marina ilə
görüş haqda düşünüb. Bir gün tamaşadan sonrakı ziyafətdə onu
restoranda görür. Sonrasını Marina Vladi
danışır: "Hiss etdim ki, kimsə mənə diqqətlə
baxır. Kənarda işıqlı və boz
gözləri gördüm. Baxdıq
bir-birimizə, gülümsədik. Sonra o,
yaxınlaşıb əllərimi tutdu və yanımda əyləşdi.
Hərdən qaldırıb əllərimdən
öpür, gözlərimiz isə heç bir-birindən
ayrılmırdı, nə isə maqnit kimi bizi çəkirdi".
Bu evlilik
12 il davam edib, yəni Volodyanın
ömrünün sonuna qədər. Bu illər ərzində
Marina həmişə Vısotskinin həyatının dəli,
dinamik ritmini dəyişməyə çalışıb,
alınmayıb. Elə bil onun həyatı
sürət qatarının vaqonlarında irəliləyirdi.
Marina onu Avropaya çıxartdı. Qərbdə
Vısotskinin albomları çıxdı, yayıldı, sevildi.
SSRİ-də inqilabi ruhlu bir müğənninin
olmasından Qərb də xəbər tutdu.
60-cı illərdə Vısotski yaxşı filmlərə
çəkilib, amma qəribədir ki, onun çəkildiyi
bütün filmlərin çətin taleyi olub, aktyorun öz
taleyi kimi. 4.4 milyon tamaşaçının baxdığı
"Qısa görüşlər" toplayan, 725 nüsxə
çıxan bir film prokatdan çıxarılır. Bir də ekranlara yalnız 1987-ci ildə
çıxır. "İntervansiya"
filmi ümumiyyətlə prokata buraxılmır.
"Təhlükəli
qastrollar" o qədər tənqidlərə məruz
qalır ki, az qala prokatdan
çıxarılana qədər "Səhranın bəyaz
günəşi" filmindən daha çox populyar olur.
Onun mahnıları o vaxt bütün ölkəyə
yayılmışdı, Vısotski dəhşətli dərəcədə
populyar idi və hamı onu sevirdi, həm də ona görə
ki, hamının ürəyindən keçənləri o,
mahnılarında ifa edirdi. Dərdi, nisgili, həqiqəti
musiqi dili ilə söyləyirdi. Bu
senzuradan uzaq mahnılar və onların populyarlığı
Sovet hökumətini qıcıqlandırırdı. Vısotskini dəvət olunduğu filmə "nədənsə"
təsdiq etmir, mahnıları radio və televizorda səsləndirilmirdi,
amma ölkə onu dinləyirdi.
70-ci illər
Bu illər
çox az filmə çəkilib. "Taqanko"da ona rol vermir, bəzən içkili
olduğuna görə teatrdan qovurdular. Tez-tez
ürək çatışmazlığından, həddən
artıq içkidən istifadə etdiyinə görə
reanimasiyaya düşürdü. O vaxtlar müsahibələrindən
birində çox hüznlə belə bir fikir deyib: "Mənim
üçün ən böyük faciə səsimi itirməyim
olardı".
Qleb Jeqlov
1979-cu ildə özünün ən məşhur
obrazını oynayanda Vısotskinin ürəyi xəstə
idi. İçki düşkünlüyü yüksək
səviyyəyə çatmışdı.
"Görüş yerini dəyişmək
olmaz"dakı Qleb Jeqlov onu daha çox sevdirən obrazı
oldu.
Bu obraz olmaya da bilərdi. Çünki Marina
Qoivorixinin əllərindən tutub göz yaşları
içində yalvarmışdı ki, onu çəkmə,
ömrü çox az qalıb, qoy vaxtını kinoyla yox,
bizimlə olsun ".
Qovoruxin isə "elə ona görə də çəkilməlidir",-deyib. Sonralar rejissor
bildirirmiş ki, əgər həmin axşam mən təslim
olsaydım, tamaşaçı itirərdi.
Filmin çəkilişləri vaxtı Qovoruxin festivala
getməli olub, Vısotskiyə öz işini də həvalə
edib, o, qayıdınca film artıq hazır olub. Ürəyinin
ağrısından bir saatdan bir dərman içən
Vısotski pavilyona çıxan kimi hər şeyi unudub
yalnız filmə köklənə bilirdi. Həm də yalnız öz rolunu yox, çəkilən
digər aktyorları da istiqamətləndirirdi.
Filmin ilk nümayişində isə DİN etiraz edir-
Jeqlov bir dəfə də Sovet milisinin formasını geyinməyib. Vısotskini
isə buna sadəcə məcbur etmək mümkün deyildi.
Onun üçün Stalin dövrünün
mundir geyinənləri yalnız cəllad gözündə
görünürdülər. Rejissor
çox çətinliklə yalnız bir dəfə həmin
mundirin onun əynində görünməsi üçün
yalnız geyinib-soyunmağa-guya əyninə olub
olmadığını yoxlamaq üçün-məcbur edə
bilir.
Bu filmdə
rejissor onu mahnı ifa etməyə də qoymur, "oxusan, sənin
obrazın Sovet milisinin obrazını üstələyəcək",-deyir.
Filmin
uğurlu nümayişindən sonra uzun illər Daxili
İşlər Nazirliyinə "kapitan Jeqlovun adına"
məktublar gəlirmiş.
Çəkilmədiyi rollar
Bu
siyahıya Tarkovskinin "Andrey Rublev" filmində
eyniadlı obraz da daxildir. Dövlət bu filmə onun dəvət
olunmasına əngəl törədib. Rejissor yalnız onu
çəkmək istəyirmiş. "Annuşka",
"Günahkar", filmlərinə də onun təsdiqinə
icazə verilməyib.
Hətta
Eldar Ryazanov etiraf edib ki, Vısotskini baş rola çəkməyə
qoymayıblar.
Rejissorlar
Dövlət Kino İdarəsinə xahişə gediblər
onu çəkmək üçün. Amma çinovniklər
onun adı gələndə oddan qorxurmuş kimi qorxurdular.
Birdən icazə verərlər və başları bəla
çəkər, kimə lazımdır bu?
Faciə
Vladimir
Vısotskinin həyatına 1980-ci ilin 25 iyulunda gözlənilmədən
son qoyuldu, gizlin, sakitcə. Heç kim onun
ölümünün əsl səbəbini bilmədi. Həmin
vaxt ölkədə olimpiada keçirilirdi. Bütün Moskva
onun ölümü barədə eşitmişdi, amma heç
yerdə rəsmi məlumat yox idi, ancaq hamı onun
çalışdığı teatra
axışmışdı. Bunu nəzərə alan teatr rəhbərliyi
kassanın qabağına balaca bir elanın vurulması
haqqında göstəriş verdi. Elanda sadəcə aktyorun vəfat
etdiyi yazılmışdı. Heç kim həmin
axşamkı tamaşaya aldığı bileti qaytarmadı. Təxirə
salınmış tamaşanın biletini onun yadigarı kimi
saxladılar.
Dəfn
mərasimində Vısotskinin hökumət əleyhinə
mahnıları kütləvi şəkildə ifa edildi.
Uşaqları
Oğlu
Arkadi MDU-ni bitirib, Moskvada yaşayır, evlidir. Nikita aktyordur,
atasının muzeyinə rəhbərlik edir, iki oğlu var.
Ramilə QURBANLI
Ədalət.-2013.-10 yanvar.-S.8.