"Sağlıq olsun, yaşayarıq,
görərik"
Əli Həsənov:
"Heç bir seçkidə lovğalanıb söyləməmişik
ki, çox asanlıqla qələbə qazanacağıq"
Rüstəm İbrahimbəyov yalnız öz adından danışa bilər. Aeroportda baş vermiş hadisəyə gəlincə, mən onu insident də adlandırmıram. Aeroportda VİP-dən də keçmək olar, adi vətəndaşların keçdiyi xətlə də keçmək olar, ləngimək də olar, bunlar təbii prosedurdur, bunu şişirtmək üçün gərək Rüstəm İbrahimbəyov xarakterli adam olasan. Bu kimi problemlərlə həm xaricdə, həm daxildə hər kəs qarşılaşır.
Prezident
Administrasiyasının ictimai-siyasi şöbəsinin
müdiri Əli Həsənov 2013-cü ildə keçiriləcək
prezident seçkiləri və mövcud ictimai-siyasi durum barədə
mediaforum.az saytının suallarını cavablandırıb. "Ədalət"
qəzeti həmin müsahibəni təqdim edir.
- 2013 prezident
seçkisi ilidir. Hakimiyyətin seçki planları nədir?
Seçkiyə bu komanda ilə gediləcək, yoxsa
qarşıdakı aylarda kadr dəyişiklikləri ola bilər?
-
Hakimiyyət komandasında hər hansı dəyişikliyin
olacağını, hər hansı ciddi ictimai-siyasi, yaxud digər
addımların atılacağını proqnozlaşdırmaq
doğru deyil. Hakimiyyət komandası sabitdir, prezident
İlham Əliyev ölkəni 10 ildir bu komanda ilə idarə
edir və bu komanda ilə ölkənin dinamik inkişafına
nail olub. Ona görə də 2013-cü ildə hakimiyyət
daxilində hər hansı dəyişiklik gözləmək
əbəsdir. Ötən 9 ilin yekunu olaraq bütün
dövlət proqramları, islahatlar həyata keçirilib.
Dövlət başçısı İlham Əliyevin
hakimiyyətdə olduğu 10-cu ildə həyata keçirilən
işlərin yekunlaşdırılması mərhələsi
gedir. Hesab edirəm ki, 2013-cü il bütövlükdə 10
ildə görülən işlərin yekunu olaraq
proqramların, işlərin tamamlanması və
qarşıdan gələn illər üçün yeni, daha
perspektivli dövlət proqramlarının qəbul edilməsi
ili olacaq. Düşünmürəm ki, 2013-cü ildə
hakimiyyət daxilində ciddi dəyişikliklər olacaq.
- Bir neçə ay əvvəl
Prezident Administrasiyasında struktur dəyişiklikləri
edildi, yeni təyinatlar oldu. Administrasiyada
struktur islahatları başa çatıbmı, yoxsa yeni təyinatlar
ola bilər?
- Struktur
dəyişiklikləri cari məsələlər sırasına
daxildir, zaman-zaman olub. Dünən də olub, bu gün də
var, sabah da olacaq. Administrasiyada işlər artıb, işlərə
müvafiq olaraq təzə strukturlar yaradılıb, yaxud əvvəl
yaradılmış strukturlar öz funksiyalarını
başa vurur, ona artıq ehtiyac olmur, o ləğv olunur, yenisi
yaradılır. Hesab edirəm ki, bunlar siyasətə ciddi təsiri
olmayan hadisələrdir. Bunlar yalnız hakimiyyətin öz vəzifələrini
reallaşdırması baxımından səmərəni
artırır, yaxud azaldır.
- Prezident seçkisinədək
seçki qanunvericiliyində hər hansı dəyişiklik
ola bilərmi? Eyni zamanda müxtəlif dövrlərdə
müzakirə olunan və beynəlxalq təşkilatların
da gündəmə gətirdiyi seçki
komissiyalarının paritet əsaslarla
formalaşdırılması mümkündürmü?
- Azərbaycanın
hazırkı Seçki Məcəlləsi Avropa
Şurası, ATƏT və onların tərkibində olan
institutların iştirakı ilə hazırlanıb.
Müasir demokratik seçki prinsiplərinin əksər tələbini
məcəlləyə daxil etmişik. Ona görə də
2013-cü ildə Seçki Məcəlləsində radikal dəyişikliklər
ediləcəyi, seçki komissiyalarının yenidən formalaşdırılacağı,
seçki institutlarının tərkibinin hansısa radikal
şəkildə dəyişdiriləcəyi haqda
proqnozların heç bir əsası yoxdur. Azərbaycan bu məcəllə
ilə neçə ildir seçki keçirir, dünyanın
demokratik seçki institutları da bu seçkiləri
müşahidə edir. Bəzi nöqsanlar istisna olmaqla
bütövlükdə hazırkı məcəllə ilə
və bu komissiyalarla demokratik seçkilərin keçirilməsi
artıq ehtimal deyil, reallıqdır. Ona görə də
düşünmürəm ki, Seçki Məcəlləsinə
hər hansı dəyişiklik edəcəyik, yaxud seçki
komissiyalarının tərkibində hər hansı dəyişiklik
olacaq. Seçki komissiyalarının tərkibi paritet əsaslarla
formalaşdırılır, komissiyalarda iqtidar
partiyasının, parlamentdə azlıqda qalan partiyaların
nümayəndələri, eləcə də siyasətlə
məşğul olmayan bitərəflərin nümayəndələri
təmsil olunur. Hesab edirik ki, Azərbaycanın mövcud şəraitində
yaradıla biləcək ən münasib, ən optimal
seçki komissiyalarıdır. Biz bu komissiyalarla, bu məcəllə
ilə növbəti seçki keçirəcəyik. Növbəti
seçki də dünyanın demokratik seçki prinsiplərinə
cavab verəcək.
- Ekspertlərin
əksəriyyəti hesab edir ki, 2013-cü il seçkisi
hakimiyyət üçün çox çətin keçəcək.
Ekspertlər bunu dövlət başçısı İlham Əliyevin
üçüncü dəfə prezidentliyə namizəd
olması və beynəlxalq ictimaiyyətin, demokratik ölkələrin
buna müsbət yanaşmayacağı ilə izah edirlər...
-
1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən
bütün seçkilərin iştirakçısı
olmuşam. İlk təcrübəmiz 1993-cü ildə
ümummilli lider Heydər Əliyevin ilk dəfə prezident
seçildiyi seçki olub. Biz indiyə qədər
keçirdiyimiz seçkilərin heç birinə səthi
yanaşmamışıq. Heç birində lovğalanıb
söyləməmişik ki, bu seçkidə biz çox
asanlıqla qələbə qazanacağıq. Hər bir
seçki hakimiyyətdən ciddi, məsuliyyətli
addımlar tələb edir. Biz 2013-cü ilin prezident
seçkisinə də ciddi, məsuliyyətli bir proqramla
gedirik. Bu proqramın əsasında dövlət
başçısı İlham Əliyevin son 10 ildə
gördüyü işlər, prezident olaraq həyata
keçirdiyi daxili, xarici siyasət, ölkənin ümumi
iqtisadi inkişafı ilə bağlı dövlət
proqramlarının reallaşması iradəsi dayanır.
Proqramımızın ən əsasını isə
xalqın etimadını doğrultmaq təşkil edir. Bu
gün İlham Əliyev üçün də, onun
komandası üçün də ən əsas məsələ
xalqın etimadını doğrultmaq və xalqın verdiyi
mandata layiqincə xidmət göstərməkdir. Ona görə
2013-cü il seçkisinə də biz sadə, suiçimi
kimi bir proses kimi baxmırıq. Biz 2013-cü il seçkisinə
hazırlaşırıq, bu seçkidə də xalqın
arasına gedəcəyik. Necə ki, 10 il ərzində
xalqın arasına çıxmışıq, yenə xalqa
öz hesabatımızı verəcəyik.
Əslində
bu hesabat hər il, ildə dörd dəfə verilir. Biz hər
seçkidə ciddi rəqabət gözləyirik, belə rəqabət
indiyə qədər olub və bundan sonra da olacaq.
İnanıram ki, bu seçkini də biz məsuliyyətlə
başa vuracağıq. O ki qaldı İlham Əliyevin qalib gəlməsini
proqnozlaşdırmağa, əlbəttə ki, bizim də
öz sorğu mexanizmlərimiz var. Bunlar həm daxili sorğu
mexanizmləri, həm də xarici sorğu mexanizmləridir, tərəfsiz
araşdırma mərkəzləridir. Biz də onlara söykənərək
deyirik ki, İlham Əliyev Azərbaycan xalqı tərəfindən,
Azərbaycan seçiciləri tərəfindən dəstəklənir
və bu seçkidə də onun qələbəsinə
şübhə etmirik. Amma şübhə etmirik demək o
demək deyil ki, biz seçkiyə hazırlaşmırıq.
Hazırlaşırıq, bu seçkidə qalib gəlmək
üçün fəaliyyət göstəririk.
- Prezident İlham Əliyev Azərbaycanın
2020-ci ilə qədər dövr üçün inkişaf
strategiyasını təsdiqləyib. Siz AzərTAc-a müsahibənizdə
bu məsələdən danışmışdınız və
bu, mətbuatda belə qiymətləndirildi ki, İlham Əliyev
2020-ci ilədək prezident postunu tutacaq. Qarşıdan
2013-cü ilin seçkisi gəlir və yenə də qələbə
qazanacağınıza şübhə etmədiyinizi
deyirsiniz. Bu isə İlham Əliyevin 2018-ci ilədək
hakimiyyətdə qalacağı deməkdir. YAP-ın hakimiyyətdən
gedəcəyi təxmini bir zaman söyləyə bilərsinizmi?
- Bu
proqnozu siyasətdən başı çıxmayan, digər sənətlə
siyasətin ortasında vurnuxan adamın dilindən eşitmək
olar. Yalnız belələri deyə bilərlər ki, mütləq
şəkildə bu seçkidə namizəd dəyişəcək,
mütləq şəkildə bu seçkidə prezident dəyişəcək.
Xalqın adından mütləq şəkildə yalnız
siyasətdə peşəkar olmayan adam danışa bilər.
Necə ki, bu gün Azərbaycanda bu cür proqnozlar verilir, belə
danışanlar olur. Yalnız Azərbaycan xalqı müəyyən
edir ki, hansı partiya, hansı lider neçə il hakimiyyətdə
qalacaq, yaxud hansı qüvvə hakimiyyətə gələcək,
yaxud gəlməyəcək. Hakimiyyətə mandatı xalq
müəyyən edir və biz seçicinin iradəsinə
söykənirik. Bu seçkidə də Azərbaycan xalqı
etimad göstərəcəyi halda İlham Əliyev prezident
seçiləcək, onun rəhbəri olduğu Yeni Azərbaycan
Partiyası hakimiyyətdə qalacaq. Xalq etimad göstərməyəcəksə,
əlbəttə ki, bu bizim qarışacağımız
siyasət deyil, yaxud bizim məşğul olacağımız
siyasət deyil. Biz yalnız xalqın iradəsinə söykənirik,
İlham Əliyev dövləti idarə edir və onun
komandası da İlham Əliyevin ətrafında onun siyasətini
həyata keçirir. Neçə il hakimiyyətdə
qalacağımızı, partiyanın, yaxud İlham Əliyevin
neçə il hakimiyyətdə qalacağını Azərbaycan
seçicisi, Azərbaycan xalqı müəyyən edir.
- Hakimiyyət rəsmiləri bəyan
ediblər ki, 2013-cü il seçkisində YAP-ın namizədi
hazırkı dövlət başçısı İlham Əliyev
olacaq. Artıq daha bir namizəd müəyyənləşib.
Müsavat Partiyasının Məclisi başqan İsa Qəmbərin
namizədliyini rəsmən irəli sürüb. Hakimiyyət
müxalifət düşərgəsindən neçə
namizəd olacağını gözləyir? YAP öz qərarını
nə vaxt rəsmiləşdirəcək?
- Azərbaycanda
qüvvədə olan Seçki Məcəlləsinin tələblərinə
görə, namizədliyin irəli sürülməsinin
müddəti var. Ona müvafiq olaraq YAP lazım olan vaxt öz
qurultayını, yaxud digər qurumlarını yığaraq
öz namizədini irəli sürəcək və bununla
bağlı öz proqramlarını açıqlayacaq. Bu məsələdə
tələsməyə ehtiyac yoxdur. Seçki Məcəlləsinə
uyğun olaraq müvafiq vaxtda bu məsələ həll
olunacaq. O ki qaldı rəqiblərə, əlbəttə ki,
biz alternativsiz prezident seçkisi keçirilməsini qəbul
etmirik. Hər bir demokratik seçki mütləq şəkildə
alternativlərin olmasını tələb edir. Azərbaycanda
da bu alternativlərin sayı çox ola bilər. İndiyə
qədər prezidentliyə namizədliyini verənlər də
ola bilər, yeniləri də ola bilər. Nə qədər
namizəd olacaqsa, bunu həmin şəxslərin özləri,
yaxud təmsil olunduqları təşkilatlar müəyyən
edəcəklər. Amma onlardan kim nə qədər səs
toplayacaq, bunu artıq seçici müəyyən edəcək.
Sağlıq olsun, yaşayarıq, görərik.
- Ziyalılar Forumunun təmsilçilərindən
olan Rüstəm İbrahimbəyov ötən il dekabrın
30-da Moskvadan Bakıya qayıdan zaman aeroportda saxlanılıb.
Rüstəm İbrahimbəyov bunu özünə
qarşı siyasi xarakterli təzyiq hesab edir. Əslində
aeroportda nə baş verib? Hakimiyyət Ziyalılar Forumunda təmsil
olunan şəxslərlə niyə belə davranır?
- Rüstəm
İbrahimbəyov bəlli bir sahə ilə məşğul
olan insandır, həmin sahədə müəyyən
uğurları da olub, yaxşı ssenarilər də yazıb,
filmlər də çəkib, amma keçmişdə
yazdığı yaxşı ssenarilər, çəkdiyi
yaxşı filmlər heç vaxt əsas vermir ki, o, Azərbaycan
ziyalılarının adından, yaxud Azərbaycan xalqı
adından danışsın. Rüstəm İbrahimbəyov
yalnız öz adından danışa bilər. Aeroportda
baş vermiş hadisəyə gəlincə, mən onu
insident də adlandırmıram. Aeroportda VİP-dən də
keçmək olar, adi vətəndaşların keçdiyi xətlə
də keçmək olar, ləngimək də olar, bunlar təbii
prosedurdur, bunu şişirtmək üçün gərək
Rüstəm İbrahimbəyov xarakterli adam olasan. Bu kimi
problemlərlə həm xaricdə, həm daxildə hər kəs
qarşılaşır.
O ki
qaldı Rüstəm İbrahimbəyovun bir siyasətçi
kimi danışmasına, yaxud ziyalıların adından
danışmasına, birinci onu deyim ki, burda naşılıq
görürəm. Məsələn, o, deyir ki, bu
seçkidə mütləq şəkildə prezident dəyişəcək.
Mütləq şəkildə prezidentin dəyişməsini
yalnız Azərbaycan seçicisi müəyyən edir,
xalqın iradəsi müəyyən edir. Bir insanın iradəsi
bunu müəyyən etsəydi, onda Azərbaycanda heç bir
seçkiyə ehtiyac olmazdı. Ümumiyyətlə, onun
siyasi açıqlamalarında bir naşılıq
görürəm. Düzdür, Rüstəm İbrahimbəyovun
kürəyinin arxasından Eldar Namazovun kölgəsi
görünür. Çünki onun son
açıqlamaları buna hesablanıb ki, Eldar Namazov
prezidentliyə namizəd olsun. Hətta Eldar Namazov olacağı,
yaxud kimin olacağı təqdirdə biz onların irəli
sürülməsi proseduru, kimlər tərəfindən irəli
sürülməsi məsələsinə münasibət
bildirməyi özümüzə rəva bilmirik. Yalnız
seçki günü Azərbaycan seçicisi müəyyən
edəcək ki, prezident kim olacaq, Azərbaycan xalqı kiminlə
addımlayacaq. Hansısa Ziyalılar Forumu adından
çıxış edən kinorejissor, ya da keçmişdə
hakimiyyətdə təmsil olunub indi müstəqil şəkildə
siyasətlə məşğul olan bir siyasətçi, yaxud
hansısa bir siyasi partiyanın rəhbəri olan sədr bunu
müəyyən etmir. Əlbəttə, biz hamımız
çalışırıq ki, xalqın etimadını
qazanaq, onun içərisinə gedək. Bəyan edirlər
ki, rayonlarda camaatla görüşürük, camaat
narazıdır. Halbuki o insanları rayonlarda heç kim
görməyib və heç bir görüşünü
kimsə müşahidə etməyib. Amma danışırlar
da, hər halda öz emosiyalarını bu şəkildə
ifadə edirlər. Bunların isə heç bir real əsası
yoxdur.
- Sizin dediklərinizdən
belə çıxır ki, hakimiyyət Eldar Namazovun namizəd
olacağını gözləyir?
- Hakimiyyət olaraq Azərbaycanda siyasi iddiası olan əksər siyasi partiya sədrinin, yaxud onların bloklarının namizədlərini bu seçkidə gözləyirik. Normal demokratik seçkidə bu, normal prosedur qaydasıdır. Biz indiyə qədərki müvəffəqiyyətimizə görə kimsədən nə çəkinirik, nə qorxuruq, nə də öyünürük. Bu uğurlar bizim üstünlüyümüzü təşkil edir, amma Azərbaycan seçicisini heç kim aldada bilməz, Azərbaycan seçicisinin adından heç kim qərar verə bilməz. Azərbaycan xalqının adından yalnız seçdiyi prezident danışa bilər və bu da yalnız mandat müddətində. Mandat bitəndən sonra yenə də xalqın iradəsi ortaya çıxır və hakimiyyətdə kimin təmsil olunmasını xalqın səsi təyin edir.
Ədalət.-2013.-10 yanvar.-S.3.