ŞİMAL-QƏRB BÖLGƏSİNDƏ TURİZMİN QAX NÜMUNƏSİ

 

(əvvəli ötən sayımızda)

 

Sevindirici haldır ki, turizmin inkişafına xidmət edən kompleks tədbirlər bu il daha sürətlə davam etdirilmişdir. Qısa müddətdə şəhərin 10 küçəsində, bir sıra məhəllələrində başlanmış təmir-bərpa işləri artıq başa çatmaqdadır. Yerli çay daşlarından milli üslubda səki və divarlara işlənən üzlüklər, orta əsr memarlığından xəbər verən ağac materiallarından hazırlanmış qapı və darvazaları, məhəllələrin girişlərində işlənmiş simvolik qala qapıları, milli üslubda keramitlə yapılmış dam örtükləri, evlərin sürahiləri bu yerlərə xüsusi gözəllik verməklə adamda ulularımızın həyat və məişətindən, zəngin mədəniyyətindən, adət-ənənəsindən xəbər verir. Bütün bu milli köklərə söykənən quruculuq işləri həm də bu layihənin ideyasını verənlərlə bərabər işin icrasına rəhbərlik və nəzarət edənlərin, sənətkarların içindən gələn böyük Vətən sevgisini göstərir.

Hazırda şəhərin Heydər Əliyev parkında da həyata keçirilən yenidənqurma işləri sakinlərin istirahətinin səmərəli təşkili ilə bərabər turizmin inkişafına yönəlmişdir. Burada turizm səyahətinə çıxan uşaqlı qadınların, ailələrin istirahətinə, uşaqlarının əyləncəsinə, maraqlarına uyğun müasir xidmət obyektləri inşa olunur, əl oyunları evi inşa olunur.

Bu gün Qaxda turuzimin inkşafına yönəldilmiş Respublika büdcəsindən və rayonun daxili büdcəsindən ayrılmış vəsait hesabına həyata keçirilən böyük infrastruktur lahiyələri, quruculuq işləri ilə bərabər (Respublikanın turizm marşurutunun üzərində olan Şəki-Qax yolunun, Qaxın su-kanalizasiya sisteminin, Almalı, Tasmalı,Turaclı-Marsan,Qum, Çinarlı və digər kənd yollarının inşası, asfaltlaşdırılması, onlarla körpülərin tikintisi, kəndlərin qazlaşdırılması, parkların yenidən qurulması kimi və s.) turizm müəssisələrinin yerləşdikləri ərazilərdəki kəndlərin daxili imkanları ilə də xeyli təmir-tikinti, abadlıq işləri görülmüşdür və bu işlər davam edir. RİH başçısının təşəbbüsü və tövsiyələri ilə kəndlərdə başlamış abadlıq işləri davam edir. İlisu kənd bələdiyyəsinin və İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin yerli sakinlərin və turizm obyektlərinin köməyi ilə kənd mədəniyyət mərkəzinin yaradılması istiqamətindəki təcrübəsi digər bələdiyyə və nümayəndəliklər tərəfindən öyrənilərək yayılmışdır. Hazırda RİH başçısının məsləhəti ilə digər kəndlərdə mədəniyyət mərkəzlərinin yaradılması istiqamətində tədbirlər davam edir.

Rayon sakinlərinin köməyi ilə şəhərin küçə və meydanlarında, yol kənarlarında turizm marşrutlarının üzərində yaradılan səliqə-səhman, aparılan abadlıq işləri, salınan yaşıl zolaqlar, əkilən gül-çiçək kolları, ağaclar da turizmin inkişafına xidmət edir. Bağ-bostan kənarlarında mühafizə məqsədi ilə kol-kosdan çəkilmiş yöndəmsiz çəpərlər böyük zövqlə, təsərrüfatçılıq səliqəsi ilə yerli materialdan hazırlanmış sadə və gözəl çəpərlərlə əvəz olunmuşdur.

Bütün bunlarla yanaşı təcrübə göstərir ki, bölgədə turuzimin inkşafı yerli əhalinin bu istiqamətdə maarifləndirilməsindən, turistlərin bölgənin tarixi, adət-ənənələri, mədəniyyəti, xalq yaradıcılığı ilə tanış edilməsi təcrübəsindən də çox asılıdır. Bu barədə Qax RİH başçısının müavini Məhərrəm Məhərrəmov belə deyir:

- Turistləri bölgəyə cəlb edən, onlara göstərilən digər mədəni-məişət xidmətləri ilə bərabər yerli əhalinin adət-ənənəsi, milli mədəniyyəti, ərazinin tarixi keçmişi, abidələridir. Məhz buna görə də hazırda rayonda həyata keçirilən quruculuq işləri milli sənətkarlıq üslubunda görülərək tarixi keçmişimizin təbliğinə yönəldilmişdir.

Ona görə də Rayon İcra Hakimyyətinin, Mədəniyyət və Turizm şöbəsinin məsul işçiləri, Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, İlisu Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları vaxtaşırı yerli əhalinin maarifləndirilməsi məqsədilə sakinlərlə söhbətlər aparır, onlara lazımi bilgilər verirlər. Həmçinin turistlərə rayonun tarixi, adət-ənənələri barədə məlumatlar verilir, onlarla rayonun qədim yaşayış yerlərinə, təbiət və tarixi memarlıq abidələrinə ekskursiyalar təşkil olunur.

RİH tərəfindən ildə iki dəfə turizm obyektlərinin, əlaqədar idarə və müəssisə rəhbərlərinin, bir qrup turistlərin iştirakı ilə keçirilən tədbirlərdə turizmin inkişafı ilə bağlı görülən işlər birlikdə təhlil olunur, təklif və rəylər dinlənilir, onların həlli yolları araşdırılır. Turizm obyektlərində bir sıra xidmət növləri, quruculuq-abadlıq işləri məhz bu tədbirlərdə turizm ictimaiyyəti tərəfindən irəli sürülən təkliflər əsasında həyata keçirilmişdir. RİH başçısı yanında şuranın iclasında da vaxtaşırı turizmin inkişafı ilə bağlı məsələ müzakirə edilir.

Rayon mədəniyyət şöbəsi tərəfindən turizm müəssisələrinin ərazilərində həyata keçirilən bir çox mədəni-kütləvi tədbirlər, nümayiş etdirilən konsert proqramları da bu vacib sahənin inkişafına yönəldilmişdir...

Məhərrəm müəllim onu da qeyd etdi ki, həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-ci ildə ötən illərlə müqayisədə rayona gələn turistlərin sayı xeyli artmışdır. Aparılan maarifləndirmə işləri nəticəsində yerli əhali artıq turizmin inkişafında daha çox maraq göstərir. Bu baxımdan kənd turizmi son vaxtlar daha çox inkişaf etmişdir. Hər hansı bir kənddə istirahət edən ailə növbəti il həmin kəndə daha bir neçə ailə dəvət edir.

Əbəs yerə deyil ki, əvvəllər yalnız yay aylarında turistlərin diqqətini cəlb edən Qax rayonunda, son illər bütün digər fəsillərdə qonaq-qara bolluğu hiss olunur. Çünki bütün bunlar üçün lazımi şərait yaradılmış bu məqsədlə hər il yeni-yeni obyektlər inşa edilərək istifadəyə verilir.

Bəli, bütün bunlar Qaxda turizmin daha böyük perspektivlərindən xəbər verir. Biz Qaxda turizmin inkişafı ilə birbaşa əlaqəsi olan bir neçə tədbirdən söz açdıq. Əslində, hazırda böyük tikinti meydanını xatırladan Qaxda görülən bütün quruculuq, tikinti-abadlıq işləri rayonun sosial-iqtisadi inkişafı, sakinlərin rahatlığı, sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət etməklə turizmin inkişafına köklənmişdir.

Ümidvarıq ki, Qax çox da uzaq deyil, yaxın gələcəkdə ölkənin turizm mərkəzlərindən birinə çevriləcəkdir.

 

 

Novruz ŞABANOV

 

Ədalət.-2013.-11 yanvar.-S.5.