SƏBƏBKARIN QATILMADIĞI AD GÜNÜ

 

Şəhid Sənana və onun atası Hacı Əkbərə əl boyda bir məktub

 

Azərbaycan aşıq ədəbiyyatında özünəməxsus yeri olan Aşıq Alının gözəl qoşmalarından birində deyilir ki, "kimlərə qaldı dünya...". Əslində çox məntiqli və cavabı gün kimi aydın olan bir sualdı. Bax elə ən dəhşəti də odur ki, heç kimə qalmayan bu dünyada insan övladı nədənsə hərdən yaxşı əməllərdən yayınır, xeyirxahlıqdan yan keçir. Necə deyərlər, özü üçün yaşayır, özü üçün gün-güzəran qurur. Nə torpaq yadına düşür, nə vətən, nə də bu torpaqdan bəhrələndiyi nemətlər...

Bir məşhur fikir var. Həmin fikirdə deyilir ki, "ya şəhid ol, ya qazi". Üstəlik onu da deyiblər ki, "torpaq uğrunda ölən varsa, Vətəndir!". Bəli, bu cür deyimlərin, müdrik ifadələrin sayını xeyli artırmaq olar. Amma indi xatirələrinə daldığım, çöhrəsi gözümün önündən getməyən, necə deyərlər, bığ yeri yenicə tərləmiş Sənanın mənalı baxışları məni özümdən alıb aparıb, qayıdıram o günlərə. O günlər əslində hamımızın gördüyü, hamımızın içərisində olduğumuz günlər idi. O günlər həm Qarabağda, Ağdamda yerin-göyün qovuşduğu, mərmilərin dolu kimi yağdığı, insanların vahimə, xof içərisində günləri başa vurduğu bir ömür kəsiyi, bir zaman parçası idi...

Sənanın atası Əkbər müəllimi Ağdamda hamı yaxşı tanıyırdı, elə indi tanıyır. Artıq ona Əkbər müəllim yox, bəzən Hacı Əkbər deyillər. Öz tələbələri ilə birldikə silaha sarılmış, səngər görmüş, barıt qoxusunu ciyərlərinə çəkmiş Əkbər müəllimi Ağdamda həm bir döyüşçü, bir komandir kimi hər kəs tanıyıb, çox istəyibdi. Çünki o, döyüşçülərindən, silahdaşlarından bir addım da olsun geridə dayanmayıb. Atılan güllələr, partlayan mərmilər onun yuxusunu qaçırtsa da, gərginliyini artırsa da, o, dözüb, nümunə göstərib öz dözümüylə övladları yaşında olan əsgərlərin ümid yerinə, dayaq yerinə çevrilib. Özü təkcə müəllim kimi yox, döyüşçü kimi yox, komandir kimi yox, həm şəhid atası kimi...

Mən 10 il bundan öncə "Ədalət" qəzetində Sənan Əkbər oğlu Rüstəmov barəsində kövrək bir yazı yazmışdım. Onda Azərbaycanın cəsur döyüşçülərindən biri, şəhidliyi hər şeydən uca tutan, cəsarəti, dəliqanlılığı ilə düşmən səngərini bir anda alt-üst edən Sənanın 30 yaşını qeyd edirdik. Amma Sənan ad günündə iştirak etmirdi. İndi Sənanın 40 yaşını qeyd edirik. Sənan yenə ad günündə iştirak etmir. Elə bilməyin ki, o, harasa yaxın-uzaq ellərə üz tutub, qazanc dalınca gedib yaxud da hardasa təhsil alır. Xeyr, Sənan çoxlarımızın bacarmadığı bir işin qulpundan yapışdı. Bu işin adı silaha sarılmaq, torpaq uğrunda döyüşmək, düşmən bağrı dəlmək idi. Təbii ki, bütün döyüşlər həm ölüm-itim, qan-qada deməkdir. Öldürdüyün kimi, ölməyi bacarmalısan döyüşdə. Çünki sən öldürəndə torpağın, millətin namusunu ləkədən təmizləyirsən... Şəhidlik yolunu seçirsən... öləndə döyüşə-döyüşə sinəni gülləyə tuş edib haqqa qovuşursan... səni arxadan vurmurlar, səni qorxub qaçanda vurmurlar... sən öz döyüşkənliyinlə, öz qəhrəmanlığınla həmin anda şəhidlik haqqını qazanırsan, şəhidlik zirvəsinə yüksəlirsən. Deməli, ölümə qalib gəlirsən!!!

Sənan Əkbər oğlu Rüstəmov torpaq uğrunda şəhidliyi 19 yaşında qəbul etdi. Ağdamda onun şəhid olduğu günü xatırlamayan bir kimsə yadıma düşmür. Mənə elə gəlir ki, digər şəhidlərimiz kimi, Sənan Əkbər oğlunun səngərdə göstərdiyi qəhrəmanlıq onun tabutuna sarılmağa imkan vermədi. Çünki 19 yaşlı Sənan Azərbaycan bayrağına bükülmüşdü. Onu qucaqlamaq yox, onu baş üzərinə qaldırmaq lazım idi. Məhz Sənanı da döyüş dostları, silahdaşları, Ağdam camaatı başı üzərində apardı son mənzilə. Mənə elə gəlir ki, şəhidliyin ən yaddaqalan bu törəni yalnız Ağdama, Şuşaya, Füzuliyə, Xocavəndə, Xankəndinə, bir sözlə, işğal altında olan torpaqlarımıza qələbə bayrağı sancılanda bir daha yaşanacaq. Çünki onda da hər kəs başı üzərində bayraq görəcək, hər kəs əlində bayraq aparacaq!..

Bəli, bu gün bizimlə Sənanın arasında böyük bir zaman kəsiyi var. O, bu zaman kəsiyini cismən keçib gələ bilmir. O, özünün 40 yaşının qeyd olunmasında bu mərasimə qatılanların arasında olan yerində əyləşə bilmir?! Bəlkə yanılıram? Bəlkə o, bizim hamımızdan əvvəl əyləşib öz məclisində... Axı şəhidlər ölmür! Axı şəhidlərin yeri Tanrı dərgahıdı!

, Əkbər müəllim! , Hacı Əkbər, başını dik tut! Çünki ad günündə cismani varlığını görmədiyin, məclisin ona aid yerində əyləşdiyini seyr edə bilmədiyin Sənan əslində o məclisdəki hər kəsin qəlbindədi. Üstəlik, onun ruhu o məclisə gələnlərlə, onu xatırlayanlarla öz təmasını qurub... Odur ki, möhkəm ol! Sən onsuz da dağ vüqarlı, dağ dözümlü Əkbər müəllimsən. Özü hamımızın Əkbər müəllimi. Hamımızın Əkbər müəllimi olan sənin oğlun Sənan da elə bizim hamımızın ciyərparasıdı. Biz hamımız onun 40 yaşının üstünə hələ neçə yüz illərin gələcəyini hər yubileydə xatırlanacağını çox gözəl bilirik. Ruhu şad olsun! Vətən sağ olsun!

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.-2013.-11 yanvar.-S.5.