Şəmistan Əlizamanlı: "Bəzən səsimə ehtiyacım olur, dinləyirəm"

 

Şəmistan Əlizamanlının "Qafqazinfo"ya müsahibəsini "Ədalət" qəzeti təqdim edir

 

- Niyə sizi görəndə adamda vətənpərvərlik hissi oyanır?

- Əslində, bu məndən asılı deyil. Bu hiss qanda, gendə olan bir şeydir. Vətənpərvərlik vətəni, milləti düşünməkdir, vətənin dərdinə biganə qalmamaq, bir təəssübkeşlik hissidir. Bu hiss hər adamda var. Sadəcə birində güclü, digərində isə zəifdir. Mənə gəlincə isə vətənpərvərlik mənim varlığımda var.

- Şəmistan bəy, Qarabağ müharibəsi təxminən 4 və ya 5 yaşıma təsadüf edirdi. Bəlkə də atamın hərbçi olmağından irəli gəlirdi. Bizdə bir balaca radio var idi və hər gecə xəbərləri dinləyirdik. Elə o gündən səsiniz xatirimdədir. Daha sonra kiril əlifbasından latına keçid ərəfəsində kimin evində kiril əlifbaya aid nə var idisə çölə atırdı və atılan kitablar arasında kənddə sizdən bəhs edən "Diqqət, diqqət" kitabını tapdım və hələ də o məndədir. O zamandan Şəmistan Əlizamanlı yoxa çıxdı. Nə səbəbə birdən-birə xalqı səsinizdən məhrum etdiz?

- Bildiyiniz kimi müharibə illərində dövlət televiziyasında hərbi diktora ehtiyac olduğundan məni seçmişdilər. Əlimizdən nə gəldisə, müharibə dövründə etdik. Mən Müdafiə Nazirliyinə hərbi diktor olaraq gəlmişdim. Atəşkəs dövründə hiss etdim ki, hərbi diktora ehtiyac yoxdur. Əgər mənə ehtiyac yoxdursa, bu səsdən niyə istifadə olunsun? Daha sonra biz hərbi studiyada verilişlər hazırlayırdıq, həmin verilişlər AzTV-də yayımlanırdı. Əvvəllər həftədə bir dəfə, sonra ayda iki dəfə yayımlandı. Axırda ümumiyyətlə verilişi dayandırdılar. Hiss etdim ki, mənə ehtiyac yoxdur. Elə o gündən sərbəst yaradıcılıqla məşğul olmağa başladım.

- Doğurdanmı bu səsin sahibinə ehtiyac olmadı?

- Ona görə olmadı ki, atəşkəs dövrüdür. Bu səs müharibəyə aiddir. Xalq bu səsi və sahibini müharibədə tanıyıb. Mən də qərara gəldim ki, ordudan ehtiyata buraxılım, yaradıcılığımla sərbəst məşğul olum. 2001-ci ilin yanvarın 22-dən ehtiyatdayam. Düzü, məni buraxmaq istəmirdilər, çətinliklə buna nail oldum. Belə qərara gəldik ki, ancaq müharibə başlasa qayıdıb işimi yerinə yetirəcəyəm.

- Bunu istəyərək etdiz, yoxsa məcbur qaldız?

- Mənə ehtiyac olmadığını hiss etdim, orda qala bilməzdim.

- Şəmistan bəy, səsinizdə müharibə ab-havası, xofu var. Çəkindiz ki, birdən səsiniz adiləşəcək

- Əslində reklamlarda səsimdən istifadə üçün çox müraciət olunub. Mən isə razılaşmadım, çünki gördüm ki, verilişin xarakteri mənə uyğun deyil. Buna görə də imtina etdim. Bu səsi hara gəldi sərf etmək olmaz. Səsimi qoruyuram ki, ancaq vətənpəvərliyə həsr olunsun. İstəsəm də səsimi hara gəldi sərf edə bilmərəm, buna içim razı olmaz. Etiraf edim ki, bu səsin təsirindən minlərlə könüllü müharibəyə getdi. Onlar arasında yaralananlar, şəhid olanlar da oldu. Onlar bu səsin çağırışına, harayına gəldilər. Mənim səsimdən hara gəldi istifadə etməyə ixtiyarım yoxdur. Bu səsin arxasında minlərlə şəhid, yaralı və Qarabağ qaziləri var. Mən ordu ilə nəfəs alıram. Nə qədər müharibə başa çatmayıb bu səs öz funksiyasını yerinə yetirməyib. Bu səbəbdən işimi bitmiş hesab etmirəm.

- Sizcə, yenidən müharibə olsa, Şəmistan Əlizamanlıya ehtiyac olacaq?

- Müharibə olarsa, ola bilər ehtiyac olsun. Mən olmasam, başqa Şəmistan Əlizamanlı çıxacaq. Potensialımız böyükdür. Biz çox istedadlı xalqıq. Əgər yenidən müharbə olmasa belə, işim birinci müharibə ilə bitmiş hesab olunacaq.

- Deməli, siz ancaq o illərdəki xatirələrlə kifayətlənəcəksiz?

- Başqa nə edə bilərəm ki? Mənim öhdəmə nə vəzifə düşüb, iş düşüb onu yerinə yetirmişəm. Biz müstəqil olanda milli marşlarımız yox dərəcəsində idi və biz o mahnıları ərsəyə gətirdik. "İgid əsgər", "Cənab leytenant" mahnılarını yazaraq orduda yaydıq. İndi də istər milli ordu, istər daxili qoşunlar, istərsə də sərhəd qoşunlarında bu mahnılar ifa edilir.

- Şəmistan bəy o mahnıların yaranması üçün mütləq müharibə olmalıdır?

- Yox. Sadəcə o mahnılar müharibədən doğub, o zaman yaranıb.

- Bəs niyə indi yoxdur?

- Mənim 10 günə yeni diskim çıxacaq. Biz yenə də işləyirik.

- Bəs diskiniz "İgid əsgər"ə, "Cənab leytenant"a rəqib ola biləcək?

- Biz əlimizdən gələni edirik. Bu tək məndən asılı olan məsələ deyil. Düşünürəm ki, bunun üçün mərkəz olmalıdır. Dövlət səviyyəsində mahnıların yazılışına nəzarət olunmalıdır. Bilirsiz ki, bu dövr klip dövrüdür və klipin təsiri böyükdür. Sözügedən mahnılar klipləşməlidir, televiziyada göstərilməlidir. Mənə kimsə demir ki, bunu yaz və ya yazmayacağım təqdirdə də kimsə mənə yazmağımı deməz. Bunu səmimi etiraf edirəm, heç kim mənə dəstək olmur. Əlbəttə, bununla bağlı müraciət edirəm. Bu mövzuda hər kəs maraqlı olmalıdır. Bu dəstəyi hiss etmirəm və özüm də biganə qalıb kənarda seyr edə bilmərəm. Bu tək mənim gücümdə olan iş deyil. Dəstək olsa, daha samballı, keyfiyyətli iş görə bilərik. Bu könül işidir, bunun üçün kimsəyə də şikayət edə bilmərəm.

- Müharibə olmasa, deməli, sizi görə bilməyəcəyik?

- Belədir də. Müharibə yoxdursa, harda görünüm? Arada bir televiziyada çıxış edirik. Rəhbərlik etdiyim Vətənpərvərliyin Təbliğinə Dəstək İctimai Birliyi ilə ötən il Xocalıda komandir olmuş könüllü Aqil Quliyev barəsində film çəkdik. Çox təəssüflər olsun ki, o filmi heç bir televiziya yayımlamadı.

- Səbəb nə idi?

- Hazırda telekanallar elə filmləri yayımlamağa maraqlı deyillər. Onlar üçün şou, teleseriallar daha maraqlıdır.

- Özünüzə qarşı bu cür laqeydlik görəndə nə düşündüz? Bezdiyiniz, yorulduğunuz anlar olub?

- Nə deyim? Televiziyaların öz proqramı var. Yuxarıda dediyim kimi bunun üçün mütləq bir mərkəz olmalıdır ki, nəzarət etsin. Mən buna laqeydlik demirəm. Bu yaxınlarda Naxçıvanda möhtəşəm konsertim oldu. Salonda hər yaşdan olanlar var idi.

- Bəs hərbi hissələrdə olursuz?

- Əlbəttə, oluram.

- Yəqin siz digər müğənnilər kimi əsgərlərlə görüşəndə təkcə mahnı ifa etməklə kifayətlənmirsiz. Onları həm də müşahidə edirsiz. Nə gördünüz bugünkü əsgərin gözündə? Möhkəm idimi igid əsgərlər?

- Əlbəttə, müşahidə etdim. Mənim üçün xoş olan odur ki, onlar mənimlə bərabər vətənpərvər mahnılarını ifa edirdilər. Bu mənim üçün böyük fərəhdir.

- Yeni igid əsgərlər nə vaxt yaranacaq?

- İgid əsgərlər indi də var və yenə yaranacaq. Mübariz İbrahimovun qəhrəmanlığı bir dastandır. Nə qədər bizim mübarizlərimiz var. Onun addımından sonra ordu da minlərlə əsgər Mübarizin addımını atması üçün müraciət edirdi. Bizim gənclik çox vətənpərvərdir.

- Bu gün Azərbaycan əsgərinin durumu heç də xoşa gələn deyil. Yolda əsgərimizi görəndə ona acıyırıq. Hətta adam qorxur ki, birdən adama hücum edər.

- Bunun üçün təbliğat, təbliğat və yenə də təbliğat aparmaq lazımdır. Bu isə televiziyaların işdir.

- Əgər bunu televiziyalar etmirsə...

- Elə isə televiziyalardan niyə etmədiyini soruşun? Buna görə narahat olmağa dəyməz. Vətənpərvərlik ruhu bizim damarımızda, qanımızda var. Bu hiss üstünü külə basmış közə bənzər, iki-üç dəfə üfürərsən yana bilər. O heç vaxt sönməyən bir közdür. Ona görə heç kim narahat olmasın.

- Televiziyaları izləyirsiz.

- Bəli, mənə lazım olan proqramı tapıb baxıram.

- Yəqin son günlər tez-tez əsgər ölümü və ya əsgərlərin intihar xəbərlərini də eşidirsiz. Bu o deməkdir ki, orduda psixoloji durum çox aşağıdır və bu mütləq o vətənpərvərlik hissinə təsir edəcək.

- Ordu 5-10 nəfərdən ibarət deyil, sayı 10 minlərlədir.

- Amma 5-10 nəfər də o ordunun parçasıdır.

- Cəmiyyətdədə bu cür hadisələr olur. Rusiya, Türkiyə ordularında belə hallar baş verir.

- Şəmistan bəy, bilmirəm niyəsə bu gün mənə elə gəldi ki, siz çox dəyişmisiz. Bəlkə, illər keçib. Niyə belə yadlaşmısız?

- Hərbi formada deyiləm. Forma məcbur edir ki, insan hərbiləşsin.

- Postu tərk edəndən sonra formanı çox geyirsiz.

- Elə dekabrın 18-də Naxçıvanda formanı geymişdim.

- Nə hiss edirsiz forma geyinəndə?

- Mənim həyatımın ən şərəfli günləri ordu ilə bağlıdır.

- İnternetə girmədiyinizi deyirsiz. Bu o deməkdir ki, siz gündəmdən bixəbərsiz?

- Xeyr, bixəbər deyiləm. Mən bir- iki saat ineternetə girib dünyada baş verənləri oxuyuram. Amma internet aludəçisi deyiləm. Fikrimcə, internet mənə informasiyadan başqa heç nə vermir.

-Bura gələndə elə bilirdim ki, "İgid əsgər"dəki fit səsini duyacam. Mahnılarınızı dinləyirsiz?

- Etiraf edim ki, dostlarımın mahnılarımı yanımda dinləməsini xoşlamıram. Onlar maşında mahnı diskini qoyub qulaq asanda bu mənə xoş təsir etmir və xahiş edirəm ki, mahnını saxlasınlar. Amma tək olanda birdən hansısa mahnıya qulaq asmaq ürəyimdən keçir. Bəzən səsimə ehtiyacım olur, dinləyirəm. Elə bilirəm nəsə məndə çatışmır və o an mahnımı dinləyib rahat oluram. Təbii ki, bu hərdənbir olur.

- Şəmistan bəy, niyə sizə bir vəzifə vermədilər? Meyl etmədiz, yoxsa sizi qiymətləndirmədilər?

- Məni heç kim bu qədər danışdırmamışdı (Gülür) Suala gəlincə isə əvvəldən üzərimdə bu missiya qoyulmuşdu. Xalq məndən qələbə xəbəri gözləyirdi və bu imkan vermədi ki, mən hər hansı vəzifə barəsində fikirləşim. İstəsəydim buna nail olardım. Hələ ki, missiyamı başa çatmamış hesab edirəm.

- Mahnılarınızdan danışdıq. Niyə azərbaycanlı xanmlara mahnı həsr etməmisiniz? Məgər qəhrəman qadınlarımız olmayıb?

- Maraqlı sualdır. Bu sualı mənə heç kim verməmişdi. Doğrudur, belə bir mahnı olmayıb. Bu barədə fikirləşərik.

- Mənə elə gəlir ki, sabah müharibənin başlanmasını siz elan etsəz əgər könüllü 1000 adam gələrdisə, düşünürəm ki, çıxışınızdan sonra bu sayı bir neçə dəfə artacaq. Bunun sirrimi var?

- Bunun sirri odur ki, çalışmışam xalqı heç vaxt aldatmayım. Onunla bərabər bu əziyyəti yaşayıram. Burda millətin taleyindən söhbət gedir. Xalqın gözü tərəzidir. Təsəvvür edin efirdə məni izləyənlər deyirdi ki, sizin mimikanızdan bilridik ki, bu gün hansı xəbər olacaq. Səmimi olmaq lazımdır. Xalqa sevgim içdən, təbii olub və bu sevgi tükənməyəcək. Müharibədə xalqımı daha çox sevdim. İnsanlar təmannasız olaraq əlinə silah götürüb döyüşə getdi. Nöqsanlarımız təcrübəsizlik, siyasi oyunlar, xəyanətlər olmasaydı. Axı biz düşməndən hər tərəfli üstün idik. Axı bütün xalq müharibədə iştirak edirdi. Ən çox məni ağrıdan isə güclü tərəf ola-ola qələbəni təmin etməməyimiz idi. Bir var düşmən güclü olardı, axı düşmən güclü deyildi. Biz qələbə çala bilərdik. Mən bunu bağışlaya bilmirəm. (pauza)

- Siz dediz ki, məhz sizin çağırışınızdan sonra minlərlə adam müharibəyə gedib. Bu gün şəhid olan həmin şəxslərin ailələri ilə üzləşmisiz? Nə deyiblər sizə? Peşman olduğunuz an olub?

- Əslində mənim qarşılaşdığı o cür qadınlar çox olub. Xatırlayıram bir dəfə yanıma Gəncədən iki qadın gəlmişdi. Dedi ki, ərim sizi televiziyada oxuyarkən gördü, yemək yeyirdi, əlini stola çırıb evdə qalan nakişidir deyib müharibəyə getdi və qayıtmadı. Mən isə indi onun təqaüdünü belə ala bilmirəm. Qızımın da nişanıdır, mənim onu köçürməyə imkanım yoxdur. O, sizə görə şəhid oldu. Mən bu səhnəni unuda bilmirəm. Bilmədim ona nə deyim? Çox pis oldum. Axı ona necə təsəlli verərdim, ərini necə qaytarardım? Əlimdən gələni etməyə çalışdım ki, təqaüdü düzəlsin. İndi də çalışıram ki, mənə müraciət edənlərə kömək edim.

- Siyasətçilərlə dostluq edirsiz?

-Mənim siyasətçi dostum yoxdur. Amma hər hansı tədbirdə salam-sağol münasibətində olan siyasətçilərimiz var. Mən sərbəstliyi sevirəm. Mən bir çərçivəyə sığan adam deyiləm. Mən hər hansı partiyanın üzvü ola bilmərəm, çünki sərbəstəm, daxilən azad adamam. Mənim siyasətim də vətənpərvərlik işidir.

 

 

Günel Əbilova

 

Ədalət.-2013.-11 yanvar.-S.8.