KEÇMİŞDƏN GƏLƏN SƏSLƏR...
Elə müqəddəs tarixi
abidələr və tarixi yerlər var ki, onların
hamısı bizi bir daha həmin keçmişə və həmin
günlərə qaytarır. Tarixi, mədəniyyəti
və keçmişi olmayan
xalq tez də yaddan çıxır, unudulur.
Bəlkə də bizim milləti və bizim xalqı yaşadan onun keçmişi, tarixi və qədim mədəniyyət abidələridir.
Belə qədim mədəniyyət abidələri ölkəmizin
çox yerində var.
Onların bir neçəsi də Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərində yerləşir.
MÜQƏDDƏS TÜRBƏ
Bayaq
dediyimiz kimi, zəngin tarixi və keçmişi olan çox
yaşayış yerlərimiz var. Füzuli rayonunda da Babi kəndinin
ərazisində orta əsrlər Qarabağına aid iri
yaşayış məskəni aşkarlanıb. XIII əsrə
aid olan Şeyx Babi Yaqubi türbəsi ibadət və mədrəsə
kimi istifadə olunub. Sonradan isə bura böyük qalaya
çevrilib. Hazırda həmin ərazidə arxeoloji
qazıntılar və tədqiqat işləri aparılır.
Bu da onu deməyə əsas verir ki, Füzuli rayonu yaxın gələcəkdə
ölkənin turizm mərkəzlərindən biri kimi
tanına bilər.
Ümumiyyətlə,
qədim abidələrin aşkarlanması, mühafizəsi və
bərpası həmişə diqqət mərkəzində
olub. Çünki həmin abidədən bir kərpicin
düşməsi, bir daşın dağılması istər-istəməz
tarixi abidənin gözəlliyinə xələl gətirir. Məhz
bu baxımdan da Füzulidə tarixi abidələrin
qorunmasına, bərpasına və mühafizəsinə
xüsusi önəm verilir.
İŞĞALDAN
ƏVVƏL
Füzuli
rayon mədəniyyət və turizm şöbəsinin
müdiri Elman Məmmədovla keçmiş günlərə
qayıdırıq. O günlərə ki, onda Füzuli şəhəri
vardı, onda Köndələn gölünün kənarında
kölgədə oturub bir stəkan çay içirdik və
onda ağlımıza gəlməzdi ki, üstündə
durduğumuz bu müqəddəs torpaqları ermənilər
işğal edəcək. Elman müəllim son dərəcə
ziyalı və dünyagörüşlü bir insandır.
Vaxtıilə Azərbaycan Dövlət Universitetində onunla
tələbə yoldaşı olmuşuq. Bütün
bunların fövqündə Elman müəllim çox təvazökar
və sadə bir insandır. Həmişə də ürəyi
bu torpağa, bu yurda bağlı olub. Uzun müddətdir
şöbə müdiri vəzifəsində
çalışır. O bildirir ki, işğaldan əvvəl
Füzuli rayonu ərazisində 42 mədəniyyət evi, 27
klub, 90 kitabxana, 2 muzey, 18 tarixi və mədəniyyət abidələri,
1 park, 9 uşaq musiqi və incəsənət məktəbi,
10 avtoklub, 1 Dövlət Dram Teatrı fəaliyyət göstərib.
Elman müəllim bir faktı da qeyd edir ki, həmişə
Füzuli torpağı istedadlı gəncləri ilə fərqlənib.
Təbii
ki, bu sadaladığımız mədəniyyət evlərinin
və abidələrinin xeylisi işğal altında qalıb.
Amma qətiyyən Elman Məmmədov ruhdan düşmür və
gələcəyə çox nikbinliklə baxır. Deyir ki,
1994-cü ilin yanvarın ilk günlərində böyük
Öndər Heydər Əliyevin rəhbərliyi ilə rayonun
22 yaşayış məntəqəsi və 1 şəhəri
Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib
və bu torpaqlar azad edildikdən sonra biz gələcəyə
daha böyük ümidlə baxırıq.
BƏRPA OLUNAN MƏDƏNİYYƏT
ABİDƏLƏRİ
Bizimlə
söhbətində Elman Məmmədov bir fikri də
xüsusilə vurğuladı ki, işğaldan azad olunan
yaşayış məntəqələrindəki mədəniyyət
abidələri və eləcə də tikililər qısa
zaman kəsiyində böyük Öndər Heydər Əliyevin
və prezident İlham Əliyevin qayğısı nəticəsində
yenidən bərpa edildi. Biz elə fikirləşirdik ki,
işğal zamanı yandırılmış
yaşayış məntəqələrini, mədəniyyət
abidələrini çox gec bərpa edəcəyik. Amma
gördük ki, ölkə rəhbəri dəfələrlə
Füzuliyə səfər etdi və bizə rayon camaatına
arxa durduğunu göstərdi. Məhz bu köməkliyin nəticəsində
13 mədəniyyət evi, 7 klub, 33 kitabxana, 3 muzey, 2 tarixi abidə,
1 mədəniyyət abidəsi, 1 park, 12 uşaq musiqi və
incəsənət məktəbi bərpa edilərək yenidən
Füzuli camaatının istifadəsinə verildi. Atalar
yaxşı deyib: "El bir olsa, dağ oynadar yerindən".
Bizim camaat da dədə-baba yurduna qayıdandan sonra qolunu
çırmayıb hərə öz bacardığı
işin qulpundan yapışdı. Müəyyən zaman kəsiyindən
sonra bunun da bəhrəsini gördük.
BİZİ SEVİNDİRƏN
ANLAR
İndi
demək olar ki, Füzuli rayonunun işğaldan azad olunmuş
yaşayış məntəqələrində 13 mədəniyyət
evi, 7 klub, 2 tarixi abidə, 1 mədəniyyət abidəsi, 1
park, 5 uşaq musiqi və incəsənət məktəbi, 33
kitabxana, 1 Dövlət Dram Teatrı, 3 muzey fəaliyyət
göstərir.
Mədəniyyət
və turizm şöbəsinin müdiri Elman Məmmədov
bir fikri də xüsusilə yada saldı ki, ölkə
prezidenti İlham Əliyevin Füzuliyə son səfəri
zamanı yüksək standartlara cavab verən ikimərtəbəli
mədəniyyət sarayının
açılışı oldu. Bu, bizi həddindən
çox sevindirdi. Çünki çoxdan idi ki, belə bir mədəniyyət
sarayına ehtiyac duyurduq. İndi biz burda maraqlı tamaşalar
hazırlaya bilir və rəngarəng proqramlar təşkil
edirik.
Aydındır
ki, yaxşı şərait olan yerdə insanlarda
yaşayıb-yaratmaq həvəsi də birə-beş
artır. Yeni saraya köçəndən sonra demək olar
ki, çox maraqlı layihələrimiz var. İndi biz
zaman-zaman həmin layihələrin gerçəkləşməsinə
çalışacağıq.
İSTEDADLI
GƏNCLƏR ÜZƏ ÇIXARILIR
Elə
insanlar və istedadlı adamlar var ki, onların istedadı
zamanında üzə çıxmır və bu istedad da məhv
olub gedir. Amma Füzuli rayon mədəniyyət və turizm
şöbəsinin müdiri Elman Məmmədov bildirir ki,
bizim axtarışlarımız və keçirdiyimiz
müsahibələr çox şeyin üzə
çıxmasına şərait yaradır. İlk növbədə
rayon ərazisindəki kəndlərdə və
yaşayış məntəqələrində istedadlı gənclərin
axtarıb tapılmasına və üzə
çıxmasına çalışırıq. Bu məqsədlə
keçirilən müsabiqələr zamanı neçə-neçə
qeyri-adi məlahətli səsi olan gənclər
tapılıb. Hələ mən gözəl tar,
karmança, skripka ifaçılarını demirəm.
Çünki bu müsabiqələr zamanı bizim
ağlımıza gəlməyən hadisələr də
baş verir. Bir də görürsən ki, bir gənc səhnəyə
çıxdı və ansamblın müşayiəti ilə
bülbül kimi cəh-cəh vurdu. Bu bal kimi səsə məəttəl
qalmaya bilmirsən. Fikirləşirsən ki, doğrudan da
Qarabağ torpağı qeyri-adi istedadı olan gözəl
ifaçılar və musiqiçiləri bu gün də
yetişdirir. Sadəcə olaraq, onları arayıb-axtarıb
ortaya çıxarmaq və bu istedadları xalqa təqdim etmək
lazımdır. Bax onda onları tapanda çiynimizdən
ağır yük götürülür və
özünü daxilən daha rahat, sakit hiss edirsən. Hiss
edirsən ki, bir istedadlı gəncin səhnəyə gəlməsinə
və tanınmasına təkan vermisən...
Faiq QİSMƏTOĞLU
Ədalət.-2013.-11 yanvar.-S.7.