ALLAHI QATİL EDƏNLƏR
Qəssabın
indicə boğazına bıçaq çəkdiyi qoyun kimi
fınxırır, dabanları ilə torpağı eşir və
ildırım çaxmış adam necə qovrulurdusa elə
qovrulur, nə baş verdiyini anışdıra bilmirdi. Və
yəqin ki, anışdırmağa heç vaxtı da
çatmayacaqdı, ömrünün son dəqiqələrini
yaşayırdı. İlk anda ildırım
sandığı güllə sağ çiynini
parçalamışdı. Yaradan buğlana-buğlana axan
qanın barıt iyinə qarışmış qəribə
bir qoxusu gəlirdi. Amma artıq o bu qəribə qoxunu hiss edəcək,
duyacaq halda deyildi.
Çox çətinliklə gözlərini açmaq istədi, qanı üz-gözünə dağıldığından kipriklərini zorla aralaya bildi, amma heç nəyi aydın görə bilmədi. Ağacların arasından süzülüb gələn gün işığının qarşısını nə isə kəsmişdi. İldırım sandığı qəfil güllə zərbəsindən sonra hissi yavaş-yavaş özünə qayıdırdı. Və nəhayət başa düşdü ki, onu ildırım vurmayıb, güllə dəyib. Əlini silahına atmaq istədi, amma nə illah elədi əli sözünə baxmadı, elə bil bədəninin bir tərəfi yox idi. Buğlanan qanının və barıtın qoxusunu da indi duymağa başladı. Alnına dayadılmış tüfəngin hələ soyumamış isti lüləsini də hiss elədi. Hissi özünə qayıtdıqca gözlərini bir az da geniş aça bildi və gördü ki, ağacların arasından süzülüb gələn gün işığının qarşısını kəsən nə isə yox, onun canını almağa hazırlaşan Əzrayıldı və qonub sinəsinə. Və bu Əzrayıl onun canını bir anda alıb ona öldüyünü bilməmək xoşbəxtliyini qismət etmək istəmirdi. Və sanki Əzrayıl bu əzablı ölümü ona yaşatmaqdan bir zövq, bir ləzzət alırdı.
Amma
sinəsinə qonmuş Əzrayıl Allahın insanların
içində həmişə vahimə ilə gəzdirdiyi və
heç vaxt qaçıb qurtula bilmədiyi mələyinə
qətiyyən oxşamırdı - nə əlində alma
vardı, nə də qılınc. Adicə insan idi,
üz-gözündən də zəhər-zəhrimar
yağan bir insan. Və bu insan çox soyuqqanlılıqla
tüfəngi onun alnına dayamışdı, amma atmırdı,
ovunun ölüm qabağı çəkdiyi əzabı seyr
edərək ürəyini soyudurdu.
Amma
qan içində çabalayan ovunun əzab içində
ölümünü sonadək izləməyə gücü
çatmadı. Ürəyi ağzına gəldi, qusmaqdan
özünü zorla saxladı. Və gördü daha dözə
bilmir, tüfəngin lüləsini ovunun alnından sinəsi
aşağı sürüşdürdü. Və kişilərin
həmişə böhtan atmağı
xoşladığı və öyündüyü yerdə
saxlayıb, tətiyi çəkdi.
***
Qan
iyinə bir sürü çaqqal qaçıb gəlmişdi
və meyidin ətrafında fırlanırdılar,
barıtın qoxusundan qorxduqlarından hələ ki, cəsədə
toxunmurdular. Barıtın qoxusu çəkildikcə
çaqqallar ürkək-ürkək cəsədi
didişdirməyə başladılar, pay üstə bir-birinə
mırıldayır və hərdən də
boğuşurdular. Əgər əsgərləri tikintidən
hərbi hissəyə qaytaran maşın bir az da gec gəlsəydi
yəqin ki, çaqqallar cəsədi parça-parça edəcəkdilər.
Amma maşının qəfil gəlişi çaqqalları
ömürlərində indiyədək görmədikləri
belə dadlı yeməkdən məhrum elədi.
Sürücü yolun ortasında "Cip"i görcək tanıdı və maşını saxladı. Əyləc səsinə çaqqallar bir an başlarını qaldırıb maşına tərəf boylandılar, amma əvvəl-əvvəl heç nəyi veclərinə almadılar. Kabinədəki zabit dərhal qapını açıb yerə sıçradı və "Cip"ə tərəf qaçdı. Qaça-qaça da çaqqalları qorxutmaq üçün havaya güllə atdı. Güllə səsindən qorxan çaqqallar vaqqıldaya-vaqqıldaya öz dillərində zabitə söyə-söyə narazı-narazı götürüldülər. Və zabit çaqqalların dağıtdığı meyidi görəndə yerindəcə dondu...
***
İstidən
günəş də yaxasını-başını
açdığından göydən od yağmırdı
ey, od tökülürdü. Bəziləri göydən
tökülən oddan qorunmaq üçün özlərini
vermişdi ağacların kölgəsinə, köynəklərini
bürmələyib başlarının altına qoyub
mürgü vururdu, üç-dörd nəfər başqa
bir ağacın altında kart oynayırdı. O isə
dörd-beş əsgərlə birlikdə çörək
yeyirdi. Daha doğrusu yemirdi, qarşısındakı
borşla midilənirdi.
İt
kimi yox, itdən də betər yorulmuşdu. Onu yoran
iş-güc deyildi, onu yoran çəkdiyi əzab da deyildi.
Onu yoran əsgər yoldaşlarının mütiliyi, komandirlərin
buyurduğu ən murdar işləri görməyə
hazır olmaları və görmələri idi. Nə
müddət idi o da başqa əsgər yoldaşları kimi
komandirlərin bütün murdar əmrlərini yerinə
yetirirdi. Amma içində bu əmrlərə qarşı
bir qiyam vardı. Düzdü, bu qiyamı hələ
içindən bayıra çıxara bilmirdi, hərdənbir
deyinirdi. Və deyinəndə də əsgər
yoldaşlarının arasında özünə bir həmfikir
axtarırdı, amma tapa bilmirdi. Və hətta
görürdü ki, əsgər yoldaşları nəinki təhqir
olunmalarına dözürlər, əksinə özlərini
daha rahat, daha xoşbəxt hiss edirlər.
Onların batalyonu o biri batalyonlardan fərqliydi. Hissəyə
gecədən-gecəyə yatmağa gələrdilər.
Nə təlimə çıxırdılar, nə
posta gedirdilər. Şənbə-bazar
günləri də günortadan sonra yemək-içməklərindəydilər.
Telefonla çağırdıqları taksilərə
doluşub şəhərə qız dalınca da gedirdilər.
Bu batalyonu hərbi hissədəki əsgərlər
qibtə ilə "bəxtəvərlər batalyonu"
adlandırırdılar. Amma bu batalyon onun
gözündə alçaldılmış və təhqir
olunmuşların batalyonu idi. Və onu da
bilirdi ki, əsgər yoldaşlarının ataları
övladlarını bu alçaldılmış və təhqir
olunmuşların batalyonuna saldırmaq üçün
komandirlərə rüşvət də veriblər.
Əslində elmi işi üçün burda çox
gözəl material vardı. Amma daha elmi işi də
onu maraqlandırmırdı. Hər
şeydən iyrənmişdi - qırmızı diplomundan da,
həvəslə başladığı elmi işindən də,
əsgər yoldaşlarından da.
Və
artıq sevdiyi qıza məktub yazmaqdan da iyrənmişdi, nə
yazaydı ona
Fəlsəfə müəllimi həmişə ona
deyirdi ki, səbr bir dağdı, üstünə gəlir, əgər
özünü saxlaya bilsən o dağın zirvəsinə
qalxacaqsan, amma özünü saxlaya bilməsən o dağ səni
altına alıb əzəcək. Yaratdıqlarının
çoxdan boğaza yığdığı Tanrının
onlara yazığı gəlib, bəşəriyyəti xilas
eləmək üçün göndərdiyi sonuncu kitabı
- "Qurani-Kərim"i də oxumuşdu. Səbr haqqında onlarla hədis də bilirdi, tələbəlik
illərində səbrsizlik edən yoldaşlarına da o, səbr
və dözüm aşılayardı.
Və indi də neçə ay idi səbr edirdi. Amma day ona hədislər
də kömək edə bilmirdi və bu səbr onu
dağın zirvəsinə qaldırmır, əksinə
altına alıb əzirdi. Və artıq
səbr eləməkdən də iyrənmişdi və
yorulmuşdu.
Yorulmuşdu, özü də elə yorulmuşdu ki,
qarşısında bir boşqab borşu yeməyə də ərinirdi,
midilənirdi.
Borş uşaq vaxtları onun ən çox sevdiyi
xörək idi, qırmızı zılxla, özü də
qoyun ətiylə. Onların evində heç vaxt borş
bişirməzdilər. Bu rus xörəyi
sayılırdı. Amma borşu rus xörəyi
olduğuna görə yox, borş bişirmək ənənələri
olmadığına görə bişirməzdilər. Və ailədə ondan başqa heç kimin bu
xörəyə marağı olmadığına görə
də anası borş bişirməyi öyrənməyə
maraqlı olmamışdı. O borş yeməyi
Bakıya olimpiadalara gələndə öyrənmişdi. Müəllimləri onları ucuz yeməkxanalara
aparar və zorla borş yedirdərdi ki, həm çox
xeyirlidi, həm də bədəni üşüməkdən
qoruyur. O da ilk dəfə borşu həmin ucuz yeməkxanalarda
yemişdi və çox xoşuna gəlmişdi.
Ürəyindən tez-tez borş keçərdi. Anası deyərdi ki,
"ay oğul, bu urus yeməyini xalan yaxşı bişirir,
get onlarda ye".
Xalası uzun müddət Rusetdə
yaşadığından doğrudan da gözəl borş
bişirirdi, həm də qaynanası bakılı idi. Bakılı
olmaq o deyildi ki, bakılılar rus idilər, sadəcə
olaraq bunu ruslardan öyrənmişdilər.
Xalası da bilirdi ki, o, borşu sevir, onun xətrinə hərdən
borş bişirərdi və xəbər göndərərdi
ki, gəl bizə. O da sevinə-sevinə qaçardı xalasıgilə.
Sokratın bir sözündən xoşu gələrdi: "Mən
yemək üçün yaşamıram, yaşamaq
üçün yeyirəm". O da Sokrat kimi
yeməkdən ləzzət almırdı, istəyir plov olsun,
ya kolbasa, fərq etməzdi, təkcə borşdan ləzzət
alırdı.
Əsgərliyə
gələn günü borş verdilər, çox sevindi, az qalırdı borşu gözünə təpsin.
Hətta əsgər yoldaşları onun bu ətsiz borşu
belə ləzzətlə yeməyinə təəccüblə
baxırdılar:
- Ə,
elə bil bu aclıqdan çıxıb!
İkinci gün, üçüncü gün, onuncu
gün və artıq borşdan da iyrəndi.
Və indi qarşısındakı borşdan bir-iki
qaşıq almışdı, boğazından keçmirdi və
midilənirdi.
Boşqabı bir kənara itələdi,
başını qaldırıb gah mürgü vuranlara, gah
kart oynayanlara, gah da onunla bir stolda çörək yeyən əsgər
yoldaşlarına baxdı. Onların bəzilərinin
üzündə təkəbbür də vardı,
özündən razılıq da, mənasız sifətlər
də çox idi. Amma bu təkəbbürlüyə,
özündənrazılığa baxmayaraq ona elə gəldi
ki, Dostoyevski "Alçaldılmış və təhqir
olunmuş insanlar"ı onun bu əsgər
yoldaşlarına yazıb. Həmin
alçaldılmış və təhqir olunmuş insanlardan
da biri elə onun özüdü, özündən də iyrəndi.
Qalxdı ayağa və hirslə qarşısındakı
borş dolu boşqabı götürüb tulladı həyətin
ortasına və bağırdı:
- Bəsdi!
Bir anda
qaşıq-boşqab davası dayandı, ortalığa bir sükut
çökdü, kart oynayanlar da əl saxladı,
bağırtı mürgü vuranları da oyatdı,
başlarını tənbəl-tənbəl
qaldırdılar və hamı təəccüblə ona
baxdı.
O isə
bir az da bərkdən bağırdı:
- Bəsdi!
Təəccüblə
ona baxan uşaqlar:
- Nədi,
ə? Dəli olmusan?
- Nə bəsdi?
- Niyə
bağırırsan? Qoy zəhrimarımızı yeyək də!
O bir daha
hamını diqqətlə süzdü və dedi:
- Deyirəm
bəsdi! Bəsdi bizi bu qədər təhqir elədilər.
Bu qədər alçaltdılar!
Kimsə
yerdən:
- Ə,
yenə nə özündən çıxmısan?! Kimdi bizi təhqir eləyən, bizi alçaldan?
Əlini
vurdu stola:
-
Alçaldılmaq, təhqir olunmaq necə olur?! Biz bura Vətəni
müdafiə eləməyə gəlmişik, yoxsa hansısa
komandirə villa tikməyə, tualet tikməyə, it damı
tikməyə?!
Dədə
əsgərlərdən biri:
- Akademik,
bu olmadı də, sən yenə başladın? Deyəsən qarın, yağışın
altında sitildəyə-sitildəyə səngərdə
oturmaqdan xoşun gəlir. Get otur də,
qabağını kəsən var?! Day niyə
bağırırsan?
Yaxınlaşdı
Dədənin yanına:
- Sən
o səngərdə qarın, yağışın altında
sitildəyən, yayda bişən uşaqlardan artıq
oğlansan?
Dədə:
- Hə,
artıq oğlanam ki, burda ağacların kölgəsində
mürgü vururam də! Ayrı sözün
var?
- Var! Nə sən, nə də bizim heç birimiz o səngərlərdəkilərdən
artıq oğlan deyilik. Onları da bizim
kimi ana doğub, inək doğmayıb. Mən
də heç kimi nə təhqir eləmək istəmirəm,
nə də alçaltmaq. Amma mən də istəmirəm
ki, heç kim nə məni, nə də
sizi alçaltsın. Siz də sizi
alçaldanlardan əskik kişinin oğlu deyilsiz. Biz bura əsgərlik eləməyə gəlmişik,
kimə isə nökərçilik eləməyə, qoyun
otarmağa yox.
Kimsə
gülüb dedi:
- Sevin ki,
hələ donuz otartmırlar, mən donuzdan iyrənirəm.
Çiçəyi Burnunda olan əsgərlər
susmuşdular, onların böyüklərin söhbətinə
qarışmağa nə hüquqları vardı, nə də
hədləri, gözləyirdilər görsünlər bu
söz-söhbətin axırı necə olacaq, kimin xeyrinə
qurtaracaq.
Əslində o da çiçəyi burnunda əsgər
sayılırdı. Amma həm yaşına, həm də təhsilinə
görə dədələr, ağsaqqallar ona hörmət
göstərib öz sıralarına almışdılar və
"Akademik" deyə müraciət edirdilər.
Ağsaqqallardan
biri qabağındakı boşqabı əli ilə kənara
itələyib dedi:
- Ə,
Akademikin sözünü niyə qəribçiliyə
salırsız?! Kişinin oğlu düz deyir də! Bizi qul kimi işlədirlər, biz də bunu hörmət
kimi qəbul edirik, bundan ləzzət alırıq. Hər ay da komandirin bığının altından
keçirik. Nədi, nədi, posta getmirik,
səngərdə üşümürük. Nə qalxın deyən var, nə yatın.
Akademik dəstək
aldığından bir az da ürəkləndi:
-
Qardaşlar, biz bura Vətəni qorumağa gəlmişik,
komandirlərə fəhləlik eləyib gün keçirməyə
yox! Evə dönəndə sevdiyiniz qızlara,
analarınıza, balaca bacı-qardaşlarınıza nə
deyəcəksiz? Nə ilə
lovğalancaqsız? Sement
qarışdırmağınızla, daş
daşımağınızla?! Yoxsa
axşamlar ucuz araqlardan içib şellənməyinizlə?
Sizi bilmirəm, mən daha heç kimə
nökərçilik edən deyiləm. Sizə
də məsləhət bilmirəm.
Bu vaxt darvazanın ağzında bir maşın
dayandı, sonra darvaza açıldı və Batalyon Komandiri
girdi həyətə.
Çavuş
onu görcək yerindən dik atıldı və
bağırdı:
-
Batalyon, düzlən!
Əvvəl
Çiçəyi Burnunda olanlar, sonra Qarasaqqallar düzləndi.
Ağsaqqallar da ərinə-ərinə yerlərindən
qalxdılar. Dədələr isə heç qımıldanmadılar
da.
Akademik
də qalxmaq istəyəndə dədələrdən biri əlini
qoydu onun çiyninə:
- Əyləş, sənə aid deyil.
Batalyon
Komandiri:
- Azad! Əyləşin!
- dedi və özü də oturdu; - Sərin
suyunuz yoxdu?
(Ardı var)
Aqil ABBAS
Ədalət.-2013.-11
yanvar.-S.8.