FƏRQANƏNİN
ŞEİRLƏRİ
ƏDƏBİ
HƏYAT
Çağdaş
poeziyamızın mənzərəsində qadın
yazarlarımızın da öz yeri var. Xüsusilə, son illərdə
onların arasında istedadlıların sayı əvvəlki
onilliklərlə müqayisədə xeyli
artmışdır. Bu qadın yazarlar içərisində Fərqanə
Mehdiyeva xüsusilə seçilir.
Bir
şair kimi onun özünəməxsus fərdi keyfiyyətləri
elə ilk şeirlərindən diqqəti cəlb edirdi.
Sonralar, bu keyfiyyətlər onun üslubuna çevrildi və
Fərqanə bizim müasir poeziyada öz səsi, nəfəsi,
poetik ədası olan bir şair kimi tanındı.
Budur,
Fərqanənin bu il "Adiloğlu" nəşriyyatı
tərəfindən çap olunan "İkimiz
darıxsaq..." şeirlər kitabı
qarşımdadır. Burada Fərqanənin ən seçmə
şeirləri toplanıb və onu "Seçilmiş
şeirlər" toplusu da adlandırmaq olardı.
Fərqanə
az yazır, amma bu, yalnız kəmiyyət göstəricisidir.
Onun az yazmasının şeirlərinin poetik səviyyəsinə
heç bir aidiyyəti yoxdur.
Onun
şeirlərində mövzu kasadlığı görməzsən.
Əsasən qadın duyğularından doğan mövzular
var ki, onu digər qadın yazarlarımızın
tematikasında da görə bilərik: anaya həsr olunan
şeirlər, ev-məişət, gün-güzəran
qayğılarından doğan şeirlər, Vətən məhəbbətini
ifadə edən şeirlər, təbiət şeirləri,
sevgi şeirləri, bu günlərin həqiqətini ifadə
edən şeirlər. Amma hansı mövzuda
yazırsa-yazsın, Fərqanə o şeirdə özünəməxsus
poetik manerası ilə seçilir. Bu özünəməxsusluq
nədə təzahür edir?
Birincisi;
Fərqanəni bir şair kimi səciyyələndirən
xüsusiyyətlərdən başlıcası onun
özünəməxsus şair deyimidir. O, şeirlərini həyəcansız
ifadə edə bilmir. Yəqin şeirlərini yazanda da belə
həyəcanlanır. Bu həyəcan, içəridən gələn
fırtınalar hissə-hissə onun misralarına, bu
misraların ahənginə çökür. Amma bütün bunlar qışqırıq deyil,
sadəcə, poetik həyəcanlar,
duyğulardır.
Fərqanənin bir silsilə "analı" şeirləri var. Təbii ki, Azərbaycan poeziyasında minlərlə anaya həsr olunan şeir var, amma yüksək poetik səviyyəni əks etdirən analı şeirlərin sayı çox azdır. Sevinməli haldır ki, Fərqanənin ana mövzusunda yazdığı şeirlər həmin o yüksək səviyyəni əks etdirir. Fərqanə ananı vəsf edəndə də, onun gün-güzəranından, övladlarına məhəbbətindən söz açanda da, ölümündən təsirlənib kədərli duyğularını oxucusu ilə bölüşəndə də münasib poetik ifadələr, obrazlar, detallar tapır və çalışır ki, təzə söz deyə bilsin. Məsələn, "Qırmızı geyinə bilməyir anam" şeirində Ana obrazı ilə Qırmızı geyim arasında poetik təzad qüvvətli bir şeirin yaranmasına səbəb olur:
Mən
özüm bilirəm, nədi dərd-səri,
Bir
sümük qalıbdı, bir də ki, dəri.
Nə
az, nə də ki çox 41-dən bəri,
Qırmızı
geyinə bilməyir Anam.
Gözüylə
gördüyü qan-qada qalıb,
Qardaş
pencəkləri mıxçada qalıb,
Nişan
üzükləri boxçada qalıb,
Qırmızı
geyinə bilməyir Anam.
Bir
saçın ağ hörüb, bir qara qızlar,
Anamın
yaşıdı o qarı qızlar,
Görür
ki, saralıb qara kağızlar
Qırmızı
geyinə bilməyir Anam.
Bağrının
başında yara dağ kimi,
Dolanır boynuna qara bağ kimi,
Neyləsin, dərdi var Qarabağ kimi,
Qırmızı geyinə bilməyir Anam.
Məni
də geyməyə qoymayır Anam..
Ümumiyyətlə, Fərqanə ən yaxşı şeirlərində obraz yaratmağa can atır və buna nail ola bilir.
Vaxtilə mən onun
"Təndir" şeirini
xüsusi qeyd etmişdim və yazmışdım ki, bu, Fərqanənin ən uğurlu şeiridir. Uğurunu
onda görürdüm
ki, Fərqanə elin müqəddəs od yeri-bərəkət
yeri olan Təndiri poetik obraz səviyyəsinə qaldırmışdı. Təndirlə bağlı bizim poeziyada ilk dəfə ən gözəl şeirin yazıldığının
şahidi olduq. Ancaq bu şeirin məziyyətini təkcə
şairin Təndir obrazını mükəmməl
yaratmasında axtarmaq doğru olmazdı. Şerin bir uğuru da orada mükəmməl
Ana obrazının yaradılmasıdır.
Təndir və Ana! Şeirdə
bunlar müştərəkləşərək
vahid obraza çevrilir.
Bu uzun-uzadı ömür yolunda
Anamla qoşaca
çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb
təndir.
Əyninə özgə don geyməyən
anam
Təndir
tüstüsündən yüz
don geyinib.
Başını bir kəsə əyməyən anam,
Təndirə çatanda min yol əyilib.
Doğma
anasıtək sevib təndiri,
Könlünə şipşirin ovqat olubdu.
Anam getməyəndə təndirə
yaxın
Təndirin sinəsi çat-çat
olubdu.
Adətən, qadın yazarlarımızın
şeirlərində ictimai
motivlər o qədər
də güclü olmur, yəni qabarıq nəzərə
çarpmır. İctimai motivlər dediyimiz
o anlayışlar onların
şeirlərində çox
zaman birbaşa deyil, şəxsi, subyektiv duyğulardan keçir. Məsələn.
Fərqanə "Sevgi
şeirləri yaza bilmirəm" şeirində
çox açıqca
bildirir ki, "Yazıram yurd-yuva, Vətən dərdimi, Sevgi şeirləri yaza bilmirəm". Fərqanə Vətəni birbaşa
tərənnümdən, mədh
eləməkdən qaçır.
Onun şeirlərində Vətən
obrazı daha çox metaforik planda nəzərə çarpır. Vətən
Anaya, Vətən ocağa,
Vətən edam olunan Şairlərə, Vətən ağsaçlı
müdrik qocalara bənzədilir. Belə bir Vətən şeiri də var Fərqanənin:
Kimin dilini kəsirlər,
Kimi dindirirlər,
Vətən.
Kimi yuxarı qaldırıb,
Kimi endirirlər,
Vətən.
Yuxu görmüşəm sübh
çağı
Eh, kimə töküm acığı.
Səhərdən yanan ocağı,
Axşam söndürürlər, Vətən.
Göz çıxar baxasan yola,
Üz tutub qaçasan yola.
Qoymurlar
çıxasan yola,
Durub döndərirlər,
Vətən.
"Laçınsız laçını oynama, qardaş!" şeirinin adı elə vətənpərvərlik duyğusu
ilə köklənib. Şeirdə
belə misralar var: Dözməz əsirlikdə əsir qız-gəlin, laçınsız
laçını oynama,
qardaş! Soyut, ürəyini kaman.
Tarınla, Çaldır
"Kərəmi"ni
dərd-azarınla. Yanına
salınmış qanadlarınla,
Laçınsız Laçını
oynama, qardaş!
Fərqanənin şeirlərində əvvəldən
axıra qədər bir ŞAİR obrazı ilə də qarşılaşırıq. Əlbəttə, bu obrazın prototipi elə Fərqanə özüdür
desək, yanılmarıq.
Ancaq bununla yanaşı, təkcə Fərqanəyə
yox, həm də bütün həssas, kövrək, incə qəlb sahibi olan qadın
yazarlarımızın hamısına
aiddir. Biz bu
ŞAİR obrazı ilə
bağlı şeirləri
oxuduqca XXI əsrdə
yaşayan zəriflərimizin
mənəvi tərcümeyi-halı,
hiss və həyəcanları,
sevgi duyğuları, vətənpərvərlik hissləri,
gün-güzəranı, məişət
qayğıları ilə
tanış oluruq. Gözlərimizin qarşısından belə
səhnələr keçir:
"Tükənib evimdə
nə desən elə, Gəlhagəl dediyin su kimi
axmır. Bükülüb bir küncə
utandığından Çörək
qazanım da üzümə baxmır".
Adi maddi ehtiyacın dilə gətirilməsidir
bu. Amma bu misralar onun şeirlərində
tək-tükdür. Ən başlıcası,
mənəvi ehtiyacdan
doğan hallardır.
Budur, o dərdlər:
Dərdimiz çoxdu, yazırıq,
Ta ağ qoymağa
yer yoxdu.
İmza
artır kağız üstə,
Vərəq qoymağa yer yoxdu.
Bir baxın ha köçümüzə,
Güvənmədik gücümüzə.
Çulu
çıxan içimizə
Yamaq qoymağa
yer yoxdu.
Bax beləcə sürün,
axsa,
Əl tutub yeridən yoxsa,
Çobanı sürüdən çoxsa,
Çomaq qoymağa yer yoxdu.
Nə fərqi var beş-birmişik,
Canı
cana gətirmişik.
Başımızı itirmişik,
Papaq qoymağa
yer yoxdu.
Bir sözlə,
Fərqanənin lirik qəhrəmanı həm
də bizim əsrdaşımızdır və
onun taleyində də bu günlərin
narahatlığı, nigarançılığı,
mütərəddid halları
özünü büruzə
verir.
Fərqanə öz üzərində işləyən və bunun nəticəsi kimi şeirdən şeirə az-az, kitabdan kitaba addım-addım qabağa
gedən şairlərdəndir. "Söz üstündə titrəyir" ifadəsini
onun əksər şeirlərinə aid eləmək
olar. Ən başlıcası budur ki, Fərqanə
sözləri şeirə,
şeiri də poeziyaya çevirə bilir. Deyəndə ki: "Bu dünya sən boydadı, Qalmışam hara gəlim?" -iki
misranın yaratdığı
bu obrazda dahi Füzulidən gələn bir havanın əsdiyini görürük. Yaxud:
"Ayağın altında
yer qaçıbdırsa,
Gəl keç ürəyimdən yol əvəzinə" -nə
qədər şairanə
deyimdir. Yenə həmin şeirdə:
"Baxışım səpilir
sənsiz yollara, Pəncərəm açılmır
ürəyim kimi"-
bu misraları ancaq əsl şair yaza bilər.
Fərqanənin
sevgi şeirləri də özünəməxsusluğu ilə
seçilir. Bu şeirlərdə sevgiyə həssas, kövrək,
həzin bir qadın ürəyinin
çağırışları ifadə olunub, eyni zamanda
sevgiyə ağlın gözüylə baxmaq da hiss edilir.
Lirik
qəhrəman bir tərəfdən deyir ki: "Qaçaram
yoluna ayağıyalın, Bilsəm ki, qismətim sən
olacaqsan" - adi bir hissdir, yaxud: "Gəl məni aldatma, ay
dəli şeytan, Onsuz da qovrulub dilim sevgidən"-bu da adi
duyğu, adi bəyandır. Amma deyəndə ki: "Təzə
mənzilin mübarək! Gəlib canıma köçmüsən!"
- burada artıq təzə bir ifadə ilə
qarşılaşırsan. Ümumiyyətlə, Fərqanənin
sevgi şeirlərində SEVGİ BİR ƏBƏDİ
HİSS timsalındadır. Qurtarmaq bilmir bu hiss. Ölənəcən
səninlə vardır. "Dünyanın axırına
çatıb qayıtdım, Mən sənin ömrünə
çata bilmədim"
Elə
düşünürəm ki, Fərqanə Mehdiyevanın
şair tərcümeyi-halında da bir bitməzlik var. Onun
şair ömrü üzü gələcəyə yol gedir və
ona uğurlar arzulayaq!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-12 yanvar.-S.13.