"ƏZƏMƏTLİ QAYĞI VƏ İZTİRABLARLA YÜKLƏNMİŞ ÜRƏK SAHİBLƏRİ

 

İldən fəsillər talandı,

Qış qışın üstə qalandı,

Güllər qırmızı yalandı,

Bu bağda yaz olmur axı...

 

Rəhilə İSMAYILLI

 

1988-ci ildən üzü bəri 25 ildir ki, "bu bağda - Qarabağda yaz olmur". Və bu "güllərin qırmızı yalanının" ağrısını ən çox kimlər duyur?

 

Əlbəttə ki, gözəlliyi duyanlar.

Doğulduğu gündən deyil,

Gözəlliyi duyan gündən

Yaşamağa başlar ürək.

Heç kim öz qəlbi ilə

Həmyaş deyil, əzizim!

Kim nə bilir ürəyinə

Sevgi nə vaxt gələcək...

 

Azərbaycan şeirinə 19 yaşında yazdığı "Məhəbbət" şeirindəki bu poetik kəşflə gəldi Rəhilə İsmayıllı.

 

Xalq şairi Bəxtiyar Vahabzadə 1975-ci ildə "Ulduz" jurnalının 7-ci sayında bu poetik kəşfi alqışladı, Rəhilə İsmayıllının şeirlərinə həsr etdiyi "Poetik nəfəs əsas şərtdir" adlı məqaləsi ilə. O, yazırdı: "Tələbələrə sovet ədəbiyyatından kurs işləri vermişdim. Onları yoxlayanda nəzərimi maraqlı bir yazı cəlb etdi. Həmin yazıdan bir neçə cümləni olduğu kimi köçürürəm: "Mən şeirin dəlisiyəm, şeir məni ikinci dəfə doğub desəm - sizə qəribə gəlməsin. Bircə anlığa xəyalıma gətirsəm ki, şeir yoxdur - həyat mənim üçün dayanar. Şeir yoxdursa, ürək də yoxdur, şeir yoxdursa həyat da yoxdur... Hər dəfə gözəl bir şeir oxuyanda elə bil dünyaya ilk dəfə baxıram, elə bil təzədən doğuluram. Oxuduğum şeir köhnə dünyanı mənə təzə göstərir. Şeir həyata, vətənə, insanlara sevgimi ülviləşdirir, yeniləşdirir, dərinəşdirir!"

Daha sonra B.Vahabzadə yazırdı: "Məndə dərhal belə bir fikir oyandı ki, şeiri bu qədər sevən və onu bu şəkildə dəyərləndirməyi bacaran adam, mütləq şair olmalıdır. İmzasına baxdım: İsmayıllı Rəhilə!

Tələbəni tapdım. Özünün də şeir yazıb-yazmadığını xəbər aldım. Utandı, bir söz demədi.

Bu əhvalatdan bir neçə gün sonra Rəhilənin rəfiqəsi mənə onun bir neçə şeirini verdi. Mən yanılmamışdım".

Bəxtiyar Vahabzadəni ən çox heyrətləndirən: "Şeir həyata, vətənə, insanlara sevgimi ülviləşdirir, yeniləşdirir, dərinləşdirir", - deyən 19-20 yaşlı şairənin poetik düşüncəsinin dərinliyi idi. O, yazırdı: "Rəhilə Füzulini çox sevir. O, Füzulinin kədərindəki bədbinlikdən uzaqlığı, böyüklüyü və ucalıq fəlsəfəsini yaxşı dərk etdiyindəndir ki, "Füzuli" adlı şeirində:

 

Kədəri yaylıq tək aldı əlinə,

Ağlayan gözləri sildi Füzuli.

 

- deyir. İfadədəki gözəlliyə və tapıntıya baxın! Adətən, göz yaşı kədərin nəticəsidir. Lakin Füzuli kədəri göz yaşı tökməyə deyil, əksinə göz yaşını qurutmağa kömək edən böyük kədərdir. Buna görə də o, yuxarıdakı fikri dərinləşdirərək şeirə belə yekun vurur:

 

 

Kədərini ünyetməz dağ elədi,

Qalxıb zirvəsinə güldü Füzuli".

 

19 yaşlı Rəhilə 38 il öncə Füzulini "kədərin ünyetməz dağ zirvəsində gülən" görmüşdü. Amma bəzi naşılar günü bu gün də elə bilirlər ki, Füzuli dünyanın ən kədərli şairidir.

Kədər zirvəsinə qalxan mütəfəkkir şair, bu zirvədən həqiqətən kədərin özünə də gülməyi bacarmışdır.

"BALACA BİR ŞEİRLƏ FÜZULİ SƏNƏTİNİN BÖYÜK MƏNASINI ÇOX DOĞRU VƏ DÜRÜST QİYMƏTLƏNDİRMƏK" - Bəxtiyar Vahabzadə kimi böyük bir şairin qələmindən çıxan bu cümlə, Rəhilə İsmayıllının "böyük istedadının çox doğru və dürüst qiymətləndirilməsi" olduğuna görə məqalənin sonuncudan öncəki cümləsini olduğu kimi təkrar etməyi önəmli bilirik: "O, balaca bir şeirlə Füzuli sənətinin böyük mənasını çox doğru və dürüst qiymətləndirmişdir".

Bəxtiyar Vahabzadə öz məqaləsini çox yüksək bir qiymətlə yekunlaşdırır: "Klassik və müasir şeirimizin gözəl ənənələrini mənimsəyən gənc qələm yoldaşımıza tutduğu doğru yolda uğurlar diləyirəm". Və ən önəmlisi burasıdır ki, "klassik və müasir şeirimizin gözəl ənənələrini mənimsəyən qələm sahibləri - istər gənc, istərsə də qeyri-gənc, onda da barmaqla sayılırdı, indi də. Bu hünər, böyük şairimiz Məmməd Araz demişkən "ürəkli ağıl - ağıllı ürək" sahiblərinin şakəridi.

 

BƏLKƏ BU SADƏCƏ BİR TƏSADÜF İDİ?

 

Bu sualın cavabını biz 21 yaşlı Rəhilənin 8 iyul 1976-cı il tarixli "Gündəlik" yazısında tapırıq: "Qrosmanın Dostoyevski haqqında kitabını oxuyuram. İlahi, dünyada necə əzəmətli insanlar yaşayıb? Onları tanıyandan sonra ömrünün cılızlığı, həyatının mənasızlığı üçün xəcalət çəkirsən. Bu gün Allah bilir neçə yüzüncü dəfə inandım ki, əsl qəlb iztirabsız bayağılaşır. Əsl insan əzabsız adiləşir. Əzəmətli insan olmaq üçün əzəmətli qayğı və iztirablarla / Allah! Allah! - R.B. / yüklənmiş ürək sahibi olmalısan".

21 yaşında: "Əsl qəlb iztirabsız bayağılaşır. Əsl insan əzabsız adiləşir", deyən gənc şairənin bu "gündəlik" qeydindən sonra, biz onun "Füzuli" şeirinə yenidən qayıtmağı önəmli sayırıq.

Divin canı şüşədə olan kimi, şeirin də canı onun ilk sözlərində, ilk misralarındadır. Bir həqiqət var ki, əgər şeirin ilk misraları göydən gəlmirsə, deməli şeir qoşmaq istəyən şəxs ya naşıdır, ya da qeyri-səmimi.

Xalq şairi Bəxtiyar Vahabzadənin haqlı olaraq göylərə qaldırdığı, həmin "Füzuli" şeirinin ilk misraları göydən gəlir:

 

Tapıb sevgisini dandı özünü,

Dərd-qəmi sevinci bildi Füzuli.

Nizami Gəncəvi:

Tanrı gözəlliyini görüb, çirkinliyi at,

Uzaqlaşıb özündən

Tanrı məqamına çat - deyirdi;

Məhəmməd Füzuli:

Nəm var ki, laf edim özümdən?

Məhv eylə məni mənim gözümdən!

 

- deyə Allaha yalvarırdı.

Nizami-Füzuli özündənimtinası, özünüdanması tək Azərbaycan şeirinin deyil, dünya mədəniyyətinin tacıdır. Rəhilə bütün bunları elmi incəliklərinəcən tamlıqla bilməyə də bilərdi, lakin heç şübhəsiz ki, ilk gənclik illərindən "əzəmətli qayğı və iztirablara" can atan öz "ürəkli ağlı - ağıllı ürəyiylə" o, "ikinci dəfə doğulduğu" gündən duyurdu.

 

Burası da şübhə istəməz ki, ilk gəncilk illərində: " Şeir məni ikinci dəfə doğub", - deyən Rəhiləyə, qırxı haqlayanda "Mən qoca doğulmuşam" şeiri Tanrıdan əta olunmalıydı.

 

Mən qoca doğulmuşam anadan...

Qosqoca!

Alnımın qırışları uşaqlığımdan qalıb.

Qayğısız cocuqluğu -

Gül üzü olmayıb ömrümün.

Mən gecə doğulmuşam,

Gecəyə doğulmuşam.

Günəşli gündüzü

Olmayıb ömrümün.

Nə qədər axtarıram,

Cocuqlarda

Cocuqluğumu tapmıram.

Nə bir laylay səsi,

düşür yadıma,

Nə gəlinciklə oynayan

qızcığaz!

Nə bir körpə həvəsi

düşür yadıma,

Nə qıvrım tellərinə,

Bant bağlayan qızcığaz!

Yadımda qalanlar:

Nələrəsə köks ötürməyim,

Adını bilmədiyim

Sevinc, ümid deyiləni

itirməyim.

Atamın gözlərindən əzab,

Anamın gözlərindən

Ağrı, dərd götürməyim...

 

"Atamın gözlərindən əzab, anamın gözlərindən ağrı, dərd götürməyim"... Bir tikə vaxtından 2 yerə bölünür uşaqlar: əhli-keflər və dərdəqayım uşaqlar. Heç şübhəsiz, Rəhilə də bir tikə vaxtından dərdəqayım uşaq olub, onun ən sevimli şairi - Ustadı Füzuli də. Ona görə:

 

Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,

Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.

 

- deyən Füzulinin ən istedadlı şagirdlərindən biri olan Rəhilə xanımın "Mən qoca doğulmuşam, qosqoca" deməsi təbiidir.

Rəhilə xanımın Füzuliyə qəlbən bağlılığını Azərbaycan türkologiya elminin ağsaqqalı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Tofiq Hacıyev də önə çəkir: "O yaxşıdır ki, Rəhilə İsmayıllı hansı mövzuda yazırsa, onu vətənin dərdi ilə bağlayır, tarixə də üz tutursa, bu günün övladı kimi görünür. "Dünya elə sən görəndir" deyə Füzuliyə müraciət edir; Füzuliyə bu günün portretini cızır:

 

Yenə hər gül ləçəyi qan,

Bülbüllər dərddən oxuyur,

Ayın, günün ilmələri,

İlləri qəmdən toxuyur.

 

Rüşvətə uzanan əllər

Yenə kəsib bənd-bərəni"...

 

Tofiq müəllim daha sonra yazır: "Bu şair ananı Vətən ananın dərdi rahat qoymur, gileylənir, sızıldayır, Allaha yalvarır, igidləri səsləyir, babaları yada salır - ananın gücü daha nəyə çatır... Babasının ruhu ilə söhbəti çox poetik və ibrətlidir - yığcam və hər şeyi tamam yerində. "Babamla söhbət" şeirini Rəhilə xanım 1989-cu ildə yazmışdı:

 

- Hardan gəlirsən, baba?

- Ömrün möhnət çağından.

- Hara gedirsən, baba?

- Ömrün qürub çağına.

- Nə axtarırsan, baba?

- Qeyrət, qeyrət, qeyrət!..

- Apardığın nədir bəs?

- Heyrət, həsrət, dəhşət.

 

Görkəmli alimimiz Tofiq Hacıyev 1997-ci ildə "Xalq qəzeti"ndə çap etdirdiyi "Uzaqdan gələn səs və ana qəzəbi" adlı məqaləsində sözü gedən şeir haqqında belə yazmışdı: "Bu misralarda bir poemanın, bir dastanın məzmunu var".

"Bayatılarda, laylalarda duyduğum analıq hisslərini mən bu kitabda duydum" - deyən professor kitabın daha bir gözəlliyini də belə vurğulayır: "R.İsmayıllının öz körpə oğulları ilə söhbətləri, uşaqlarının suallarını poetik mənalandırması 90-cı illər şeirimizin gözəl nümunələrindəndir. Bu şeirlər Nigar Rəfibəylinin "Mətbəx şeirləri" silsiləsindən sonra şair-ananın öz ana dünyasının, ana məişətinin poeziyasını əks etdirən uğurlu nümunələrdəndir".

Və on doqquzunda bir qız Ustadı Füzuli kimi "öz sevgisini tapıb, özünü danmaq, dərd-qəmi öz sevinci bilmək" arzusundaydı.

1975-ci ilin payızında Akademik Dövlət Dram Teatrında Bəxtiyar Vahabzadənin yaradıcılıq gecəsi keçirilirdi. Tələbələr adından o Gecədə Rəhilə də çıxış edib, müəllimini öz şeiriylə təbrik etdi. Tamaşaçılar gənc şairəni ayaq üstə alqışlayırdılar. Alqışlar bitər-bitməz teatrın Baş rejissoru Tofiq Kazımov az qala yalvara-yalvara Rəhilədən xahiş edirdi ki, sabahdan işə gəlin, mən Sizi Azdramaya işə götürürəm. Sizin o mələk simanız, ilahi "diksiyanız" Azərbaycan səhnəsinə çox lazımdır.

Rəhilə bu təklifi eşitmək belə istəməyəndə Tofiq müəllim dönə-dönə xahiş etmişdi ki, sabah mütləq gəlin, bəlkə sabaha fikrinizi dəyişdiniz...

Elə səhərisi gün Rəhilə ən yaxın rəfiqəsi Nuridə xanımla teatra gedib qərarının qəti olduğunu Azərbaycan teatrının görkəmli simalarından olan Tofiq müəllimə bildirmişdi.

Kimi bilir, bəlkə bu doğrudan da Azərbaycan səhnəsi üçün böyük bir itki idi? Amma daha böyük bir itki Azərbaycan şeirini gözləyirmiş.

Üstündən qırx il ötməsinə baxmayaraq, Rəhilənin yetmişinci illərdəki triumfu /buna başqa ad tapa bilmədim/ bu gün də yaşlı və orta nəslin yaxşı yadındadır...

Tələbəlik illərində paytaxtı fəth edən gənc şairəni əyalətə - Bərdəyə qaytaran 20 il sonra "Mən qoca doğulmuşam" adlı şeirində yazacağı kimi bənna atasının "gözlərindəki əzab, anasının gözlərindəki dərd-qəm" idi. Bir də... Elə bilirəm ki, bu bir tikə vaxtından dərdəqayım körpənin ən birinci böyük arzusu və həmişə ürəyinin ən dərin guşəsində gizlətdiyi arzusu - Böyük Nizaminin əfsanəvi Nüşabəsinə bənzəmək arzusu olub...

90-cı illərin başlanğıcındakı o qarışıqlıq dönəmlərində Rəhilə xanım dəfələrlə həyatını təhlükəyə ataraq özünün Nüşabə qeyrətini göstərdi.

Qardaş qırğınına qalxmış iki silahlı dəstə Bərdənin rayon rəhbərliyinin binaları qarşısındakı meydanda ölüm-dirim savaşına çıxmışdı. Rayon başçısı qardaş qırğınının qarşısını ala bilməyəcəyini görüb rayondan getmişdi.

O anda Rəhilə xanım qədim Bərdə hökmdarı Nüşabə qeyrətiylə bir-birinin qanına susamış iki silahlı dəstənin qarşısına çıxıb: "Əvvəlcə məni öldürün, sonra bir-birinizi qırarsınız", - demişdi.

Barıt qoxulu, qan qoxulu o özbaşınalıq günlərinin birində silahlı dəstələrdən biri rayon sovetinin sədri Rəhilə xanımın kabinetinə doluşub ultimatum verirdi: "Ya bu axşam rayon sovetinin sessiyasını çağırıb bizim adamımızı rayon rəhbəri seçəcəksiniz, ya da həyat yoldaşınız və uşaqlarınız girov götürüləcək!"

Rəhilə xanım: " Yox!" - demişdi.

Nədənsə, mənə elə gəlir ki, Rəhilə bacımızın o nurlu simasındakı həm zərif, həm ağayana, şahanə təbəssümü İsgəndəri məğlub edən Nüşabənin təbəssümüydü.

 

Qəməm, qəmi neylərəm,

Çənəm, çəni neylərəm,

Sən ki, sən deyilmişsən

Daha səni neylərəm...

 

Rəhilə İsmayıllı qələmindən çıxan bu bayatının, ən qədim bayatılarımızla dəyişik düşə biləcək bu bayatının da üstündə həmin o Nüşabənin qalib təbəssümü var. Yalnız azad insanlara xas olan bu təbəssüm onun üzündən heç zaman düşmədi. Heç şübhəsiz ki, "Əllisində ölər şair doğulan" - deyən Rəhilə xanım bu dünyadan gedəndə də dünyanın ən xoşbəxt xanımlarından biri kimi elə həmin zərif və ağayana təbəssümlə getdi.

 

(ardı var)

 

 

Rəhman BABAXANLI

 

Ədalət.-2013.-12 yanvar.-S.9.