ALLAHI QATİL EDƏNLƏR
Dedektiv roman
(əvvəli
ötən saylarımızda)
Ata əlindəki
çörəyi boşqaba doğraya-doğraya:
- Sən
canın, qoy çörəyimi yeyim, yenə başlama. Ordan bir baş soğan gətir, soğansız da
bozbaş olar?
Ana deyinə-deyinə
gedib soğan gətirdi:
-
Özün soğansız bozbaş yemirsən, amma heç
vecinə deyil uşaq orda nə yeyir, nə içir.
Ata
yumruğu ilə soğanı vurub əzdi, özəyini
çıxartdı, alma dişləyirmiş
kimi dişlədi:
- Hamı
nə yeyir, o da ondan yeyir. Sanatoriyaya getməyib
ey, əsgərliyə gedib. Mən iki il
Çitada qulluq edəndə atam-anam yanıma gəlirdi?! Yoxsa bizə səhər xaş, axşam bozbaş
yedirirdilər? Qışda
yazdığım məktubun cavabı yazda zorla gəlib
çıxırdı.
Ana deyinməyindən
əl çəkmədi:
- Onda
zamana başqaydı. Burdan Çitaya bir
aylıq yoluydu. Amma uşağın yanına getməyə
bir saat lazımdı, - və gördü deyinməkdən bir
şey çıxmır, keçdi qılığa; - Sənə
qurban olum, elə bil otuz beş il bundan
qabaqdı, məni görmək üçün
qaçıb Bakıya gedirsən. İndi də
elə fikirləş ki, məni görmək
üçün darıxmısan. Mən də
Bakıda deyiləm, odur ey, o görünən dağın o
biri tərəfindəyəm. Vallah, gecə
yuxuda görmüşəm.
Deyəsən
kişinin boş damarını tutdu, Ata gülümsədi:
-
Yaxşı, sabah uşağı göndərərəm,
istərsən sən də gedərsən.
Ana yenə
başını buladı:
- Komandirlə
mən danışacam?
- Gedib
görüşərsiz, vəssalam. Nə
komandir, uşaqdı?! O boyda universitet qurtarıb,
aspirantdı. Darıxmısan, get gör. Mənim hansısa bir komandirin quşun götürməyə
nə həvəsim var, nə də halım.
Bu vaxt darvaza cırıldaya-cırıldaya
açıldı, Böyük Qardaş darvazanı
açandan sonra yenidən qayıdıb oturdu maşına və
sürdü evin qabağına. Ana oğlunun
maşından düşməsini gözləmədən
özü qalxıb gedib darvazanı örtdü.
Böyük Qardaş əlində bir topa qəzet
maşından düşdü, darvazanı bağlayıb
qayıdan anasını qucaqlayıb öpdü
-
Özüm bağlayacaqdım də, - dedi və
yaxınlaşdı stola, əlindəki qəzetləri də
atdı stolun üstə: - Ata, axşamın xeyir, - sonra əlavə
etdi: - Ana, bir boşqab da mənə çək, acından
ölürəm.
Ata:
-
Dünyada nə var, nə yox.
-
Qardaşımgilin hissəsində bir əsgər
özünü güllələyib.
Ananın
stola qoymaq istədiyi boşqab əlindən düşdü,
yemək dağıldı və özü də
çökdü yerə:
- Buy, anan
ölsün!
Böyük Qardaş yerindən sıçrayıb
anasını qaldırdı və ehtiyatla çarpayıda
oturtdu.
Ana nəfəsi
darala-darala:
- Ay kişi, gördün?! Sənə
demədim axşam pis yuxu görmüşəm?
Ata:
-
Yaxşı, ay xanım, bəsdi görüm! - oğluna da acıqlandı, - Başına
söz qəhət idi? - iştahı
küsdü deyin yeməyi bir tərəfə itələdi və
qəzetlərdən birini götürdü, manşetdə
iri hərflərlə yazılmışdı: "Əsgər
özünü güllələdi!" yazını
oxumadı və təzədən qəzeti atdı stolun
üstə: - Özün niyə güllələyib ki?
Böyük
Qardaş:
- Biri
yazır, komandirləri incidirmiş, biri yazır, guya sevdiyi
qız başqasına nişanlanıb ona görə. Birində də yazırlar ki, güllələyiblər,
işin üstün örtmək üçün
adını intihar qoyublar.
Ata əslində
Anaya təskinlik üçün dedi:
- Qəzetlərdi
də ağızlarına gələni yazırlar. Heyf deyildi Sovet hökuməti, qəzetdə yalan
yazmaq olardı, adamın şalvarın başına geydirərdilər.
İndi hərə bir qəzet açıb.
Bizim o traktor briqadiri vardı ey, heç adın
da yaza bilmirdi, indi onun da qəzeti var. Qapıdan qovurlar, bacadan
girir. İndi bir bədbəxt hadisədi də
olub. Camaat yolda getdiyi yerdə
yıxılıb ölür. İnişil
qonşunun oğlunun əlində tüfəng hamının
gözünün qabağında açılıb poçt
müdirinin oğluna dəymədi?! Amma qəzetlər
yazdı ki, guya qan düşməni imişlər, nə bilim
pul söhbətləri varmış.
Ana bir stəkan
su içəndən sonra azacıq özünə gəldi:
- Sən
yenə hər şeyi yasalayırsan. O gün Aenesdə
özüm gördüm. Stariklər
salaqaları döyürdülər. Telefona
çəkmişdilər. Bizim uşaq da
salaqadı.
Ata:
- Ay arvad,
sən nə bilirsən straik nədi, salaqa nədi?
- Niyə,
mən bu ölkədə yaşamıram?! Qəzet
oxumuram?! Qonum-qonşunun da uşaqları əsgərlikdə
deyil?!
Ata bir
siqaret yandırdı, əslində içi bu siqaretdən betər
yanırdı, amma özünü onda qoymadı,
üzünü yenidən xanımına tutub dedi:
- Əsgərlik kişilik məktəbidi, ona görə
də ora arvadları aparmırlar. Adamı söyərlər də,
döyərlər də! Tualet də
yuduzdurarlar. Məni də söyüblər,
döyüblər, o qədər tualet yuduzdurublar. Sənin
də oğlun heç kimdən artıq deyil! - böyük oğlunu göstərdi; - Budu ey,
kişi kimi əsgərliyini çəkdi, özü də
desantda, heç bir dəfə də nə gileyləndi, nə
də yanına getdik.
Ana yenə
geri addım atmadı:
- Bu, nəmxuda
pələng kimidi.
Ata da geri
addım atmadı:
- İgidlik boy-buxunla deyil, ürəklədi, mən ona
da qurd ürəyi yedirtmişəm.
***
Qərargah
Rəisinin sözü Prokurorun xoşuna gəlmədi:
- Bura bax,
Polkovnik, sən də mələk deyilsən. Batalyon
Komandirini döyəndə gərək səni məsuliyyətə
cəlb edəydik. Bir həftə xəstəxanada
yatdı. Onda bax bu rəhmətlik girdi sənin
qanıyın arasına, yoxsa indi uzağı batalyon
komandiriydin.
Qərargah
Rəisi Prokurorun qabağından qaçmadı:
- Elə
bilirsiz Komandir məni çox istədiyinə görə
müdafiə edirdi. Heç maraqlanan oldu ki,
Batalyon Komandirin niyə döymüşəm. Əgər onda mən də içlərində
olmaqla, hamı cəzasını alsaydı, nə sonrakı
faciələr baş verməzdi, nə də bu gün
Komandiri atmazdılar. O özün asan uşaq vardı
ey, adın qoydular ki, qıza görə intihar edib, qanı
batdı getdi, bax o uşağın anasının
qarğışı tutub hamımızı. Hələ
bu nədir ki? Bəlkə biz bundan da betər
olacağıq?!
Mer
gördü vəziyyət tündləşir, girdi araya:
- Köhnə
saman içi qurdalamayın. Bu boyda kişini
vurub öldürüblər, respublika bir-birinə dəyib,
siz də mübahisə edirsiz. Hələ
səhər qəzetlər nə yazacaq Allah bilir. Köpəyuşağı elə bil it kimi iy bilirlər.
Bayaq postda üç-dördü
dayanmışdı, yaxşı ki, buraxmadılar.
Prokuror:
-
Ağzında köpəyuşağı deyirsən!
Kriminalist
nəhayət, işini başa çatdırdı və
onlara yaxınlaşdı:
- Cənab
prokuror, biz işimizi bitirdik.
Prokuror:
- Hələ
gözləyək. Korpus Komandiri indicə
çatacaq, postu keçib.
Elə bu
vaxt Korpus Komandirinin avtomobili döngədən
çıxdı, onlara yanaşdı, amma bir az
aralıda saxladı. General cangüdəninin
qapısını açmağı gözləmədi,
özü qapını açıb düşdü,
generallara məxsus yerişlə onlara tərəf gəlməyə
başladı.
Qərargah
Rəisi yüyürüb Generalın önündə
farağat dayandı, hərbi salam verdi:
-
Yoldaş General...
General əli ilə işarə elədi ki, azad.
Merlə Prokurordan başqa hamı farağat
dayanmışdı. General heç kimlə əllə görüşmədi,
başı ilə salam verib keçdi
meyitin yanına, çöməldi və başını
aldı əllərinin arasına, getdi fikrə və xeyli beləcə
oturdu, birdən yadına düşdü ki, ətrafda əsgərlər
var və ona baxırlar, qalxdı.
Diqqətlə
yanında dayanmış Qərargah Rəisinə baxdı,
başını buladı və əlini onun çiyninə
qoyub günahkarcasına peşman-peşman dedi:
-
Bağışla Polkovnik! Bağışla məni! Vaxtında sənə qulaq assaydım
başımıza bu bəla gəlməzdi. Hələlik
hissəni qəbul et.
Sonra geri
qayıdıb hamı ilə birbəbir görüşdü
Mer
Generala başsağlığı verdi:
-
Başınız sağ olsun.
Elə
bil güllənin biri də Generala dəymişdi, əlini
Prokurorun çiyninə qoyub dedi:
- Mənim
yox, öz başınızın da sağ olmasını istəyirsizsə
bu cinayəti açın. Yoxsa, Komandiri hardan
vurublarsa, bizi də oramızdan asacaqlar.
***
Akademik
boşqabı qabağına çəkdi, bəxtindən yenə
borş idi, amma bu dəfə xörəyin rəngi-rufu
xoşuna gəldi, xalasının bişirdiyinə
oxşayırdı, içində ət də vardı, təəccüblə
soruşdu:
- Bu
gün bayramdı?
Adətən bayramlarda süfrə daha zəngin, yeməklər
daha dadlı olurdu.
Kim isə
zarafatla:
- Sən
qauptvaxta düşəndə hissədə bayram olur də. Komissiya gəlmişdi. Sənin
Nazirliyə yazdığın məktubu yoxlayırdılar.
Komandiri dirəmişdilər divara. Sənin acığını bizdən
çıxır. İki gündü gecə
saat üçdə həyəcan siqnalı verir.
O biri
stolda dədələr oturmuşdu, onu
çağırdılar:
- Akademik,
keç bizim stola, söhbət var. Uşaqlar, bir yer düzəldin.
Akademik boşqabını götürüb keçdi
onların stoluna.
Dədələrin
dədəsi:
- Xoş
gördük, Akademik. Deyəsən kurortda sənə
yaxşı baxmayıblar, rəngin solub. Borşu
o tərəfə qoy, evdən yemək göndəriblər.
Uşaqlar, Akademikə yemək çəkin.
Akademik:
- Xoş
gördük hamınızı, təşəkkür edirəm.
Tikintidə nə var, nə yox, tualet
yarımçıq qalmışdı.
Dədələrin
Dədəsi:
- Akademik,
bilirsən biz hamımız sənin xətrini çox istəyirik.
Biz xidmətdə səndən böyük olsaq
da, sən də həm başda bizdən böyüksən, həm
də yaşda. Amma elə şeylər var
ki, onu sənə başa sala bilmirik.
- Nədi
o şeylər, ded?
- Sən
yavaş-yavaş çörəyini ye.
Akademik
qarşısındakı kələm dolmasından birini qoydu
ağzına, dolma ağzında əridi və dadı bütün
bədəninə yayıldı:
- Kim
bişiribsə, əllərinə sağlıq, çox
gözəl bişirib. Əsgərlikdən
sonra sizi kəndə qonaq çağıracam, görəcəksiz
anamın əllərinin dadını. Sizə bir
lığlama bozbaş bişirsin ki! Hə,
eşidirəm.
Dədələrin
Dədəsi:
- Dediyimiz
odu ki, biz səni başa düşürük, haqlısan. Amma sən heç nəyi dəyişə bilməzsən.
Bu, dünyanın hər yerində belədi.
Dünyanın hər yerində zelyonu da var, salaqa da, starik də,
ded də! Amerikada da belədi, heç kinoya-zada
baxmamısan? Mən də, burda oturanlar da
salaqa olmuşuq. Tualet də yumuşuq,
kartof da təmizləmişik, həyət də
süpürmüşük.
Akademik:
- Ded, mən
hər şeyi başa düşürəm. Onu
da bilirəm ki, sizin mənə hörmətinizə görə,
mənim ən böyük cəzam qauptvaxtdı. Yoxsa komandirin çaqqalları məni çoxdan
didik-didik eləmişdilər. Buna görə
sizə borcluyam. Amma mən neyləyim, belə
doğulmuşam, belə tərbiyə almışam. Mən
nə salaqa olmaq istəyirəm, nə də ded! Əsgər olmaq istəyirəm. Vallah-billah!
Dədələr
Dədəsi:
- Görürük ola bilmirsən. Özün dedin ki, bizə
görə çaqqal-çuqqal sənə dəymir. Biz iyirmi-iyirmi
beş günə gedirik, uzağı bir
aya. Biz gedəndən sonra sənin
üçün çox çətin olacaq. Dərəni xəlvət görən tülkülər
bəylik edəcək. Səni cəzalandıracaqlar,
sındıracaqlar. Biz səni stariklərə
tapşırmışıq. Amma onlar biz
deyillər, onların da içində çaqqallar var.
Özünü gözlə, çalış tək gəzmə.
Bir şey bilməsək, danışmarıq.
İndi səni ölüm postuna salıblar.
Özün də bilirsən, o postdan neçə
əsgər geri dönməyib.
Akademik:
- Mən
belə şeylərdən qorxan deyiləm. Düşmən
gülləsindən ölmək alçalmaqdan şərəflidir.
Dədələr
Dədəsi ondan yaşca çox kiçik olsa da, elə
danışırdı, elə bil ata oğluna öyüd
verirdi:
- Akademik,
bir az ağıllı ol. Biz
istəmirik ki, sənin kimi bir oğlan nə səfeh
düşmən gülləsindən ölsün, nə də
gecələrin birində tualetdə özün assın.
Akademik
güldü:
-
Qardaşlar, Şopenhauer deyir ki, insan özünü ona
görə öldürmür ki, yaşamaqdan doyur,
özün ona görə öldürür ki, arzularından
doyur. Mən hələ arzularımdan
doymamışam.
Dədələr
Dədəsi:
-
Şopenhauer kimdi tanımıram, nə deyib onu da bilmirəm. Mən
də sənə deyirəm, ya özünü dəyiş,
ya da valideynlərinə xəbər göndər, gör sənin
hissəni dəyişdirdə bilərlərmi.
Başqa
bir dədə:
-
Akademik, incimə, sən universitet bitirsən də, aspirant
olsan da, başın qarışıb kitab-dəftərə,
həyatdan uzaq düşmüsən, bu dünyadan xəbərin
yoxdu. Dörd-beş aydı burdasan, iki dəfə komissiya gətirtmisən,
nə dəyişib, on dəfə gətirtsən nə dəyişəcək?!
- Niyə
borşda ət var ki!
- Bu da on
gün, sonra?
Akademik:
- Bilirəm,
mənə görə çox narahatsız, bir daha sizə təşəkkür
edirəm. Amma mən o qədər zəif adam
deyiləm ki, özümü asam. Assam, komandiri asacam! - dedi və
güldü.
(Ardı var)
Aqil ABBAS
Ədalət.-2013.-15
yanvar.-S.3.