Dağlarda görüş
Deyirlər, gedilməyən yol insanların
çox olduğu vaxtlarda belə kimsəsizdir. Bizim getdiyimiz
yol isə həmişə haqq yolu olub. Odur ki, biz bu yolu
seçmişik, özü də mənən, qəlbən
sevə - sevə. Ona görə də bu yol heç vaxt kimsəsiz
ola bilməz. Sadəcə, təəssüf ki, zamanın bizə
göndərdiyi əlamətləri dəyərləndirə
bilmədik. Sən demə, atdığımız hər bir
addım fövqəltəbii güc tərəfindən izlənirmiş.
Bəs biz nə edirik? Bu addımları atdıqca durmadan
vaxtı öldürməkdən danışırıq. Lakin
dərk etmirik ki, vaxt özü bizə sitəm edir, getdikcə
itiririk - Canımızdan əziz müqəddəs
torpaqlarımızı, ulu dağlarımızı itirdiyimiz
kimi.
...İtki
ağır dərddir, gözün həmişə nəyisə,
kimisə axtarır. O da ola torpaq itkisi, yurd həsrəti.
Ağırdır, çox ağır. İndi o yurd haqqında keçmiş zamanda
danışmaq xüsusilə ağır gəlir bizlərə.
Böyük anlamımda vətənpərvərlik - Vətənini
və xalqını sevənlərin hiss və
duyğularını özündə təcəssüm etdirən
bir kriteriyadır. Ümumiyyətlə, haradan
başlayır Vətən? Vətən - ana
saçının ətrindən, doğma evin tüstüsündən,
torpağın, dağ çiçəklərinin rayihəsindən,
kəndin cığırından, qoyun-quzusundan, xalqın qeyrətli
oğullarının qəhrəmanlığından, istəyindən,
elə məhəbbətindən, o müqəddəs məkanlara,
milli-mənəvi dəyərlərə rəğbətindən,
ulularımızın bizə yadigar qoyub getdiyi abidələrdən
başlayır Vətən!
...Getdik,
gördük. Döyüş bölgəsinə, Füzuli
rayonu ərazisində yerləşən "N" saylı hərbi
hissəyə səfərimiz, ordumuzun cəsur əsgər və
zabit heyəti ilə görüşlərimiz, xidmət
mövqelərində, xüsusi ilə düşmənlə
üzbəüz ön mövqelərdə
görülmüş tədbirlər, əsgəri intizam, məsuliyyət,
əsgər və zabitlərimizin yüksək
döyüş ruhu, düşməni daim, gecə-gündüz
nəzarət altında saxlamaları, gələcəkdə
ildırım sürətli döyüş əməliyyatlarının
müvəffəqiyyətlə başa
çatdırılması üçün hərbi
hazırlıq tədbirləri bizi həmin qənaətə
gətirdi.
...Qarabağ
uğrunda döyüşlər xain qonşuların xəyanəti
ilə baş tutdu. Bir-birinə daş atmaqla
başlanan qarşıdurmalar silahlı toqquşmaya
çevrildi. Dövlət tərəfindən
heç bir lazımi köməklik görməyən
Qarabağın digər bölgələri kimi Füzulilər
də silaha sarıldılar, 11 özünümüdafiə
batalyonları yaradıldı. Əhali bu tədbirlərdə
fəal iştirak edirdi. Bu mənada vətənpərvərlik
ruhu o vaxt daha yüksək olsa da, amma bununla bərabər o
zamanlar vahid komandanlıq yox idi. Komanda heyətinin
əksər hissəsi kifayət qədər hərbi biliyə
malik olmayan vətənpərvərlərdən ibarət idi.
Ayrı-ayrı dəstələrsə müxtəlif
partiyalara və şəxslərə xidmət edirdilər.
Ona görə də rayonun müdafiə
sistemində boşluq var idi. İlk döyüşlər
həmsərhəd olan Qaradağlı, Xatunbulaq, Çəmən,
Qacar, Cəmilli, Aşağı və yuxarı Divanalılar,
Govşad, Dilağarda, Aşağı və yuxarı Veysəlli
kəndləri uğrunda başlandı. Füzuli
şəhəri isə hər yerdən müntəzəm
olaraq raket, top atəşinə tutulurdu. Müxtəlif
siyasi qüvvələr tabeçiliklərində olan
müdafiə dəstələrini çəkib apararaq,
respublikada hakimiyyət uğrunda mübarizəyə
qoşmuşdular. Ona görə də
rayonların müdafiəsində ciddi boşluqlar yarandı.
Bunun nəticəsiydiki rayonun dağlıq ərazidəki
kəndləri, eyni zamanda Füzuli şəhəri bir
neçə ay ərzində erməni-rus birləşmələri
tərəfindən işğal olundu.
Respublikamızın
həyatında siyasi yenilik baş verdi. Ulu Öndərimiz Ali Baş Komandan Heydər Əliyevin
səyi nəticəsində Azərbaycan ordusu bütün cəbhə
boyu düşmənin hücumlarının
qarşısını alaraq əks hücuma keçib Horadiz
qəsəbəsi də daxil olmaqla Füzulinin 22 kəndini
işğaldan azad etdi.
El ağsaqqalı Eyvaz Aslanov:
- Nə
yaxşı ki Azərbaycan öz dövlətçiliyini bərpa
edə bildi. Heydər Əliyev cənablarının
apardığı böyük ordu quruculuğu və təşkilatçılığı
sayəsində xalqımızın üzərinə
azadlıq günəşi doğdu. Heydər Əliyev
siyasi kursunu inamla davam etdirən hörmətli prezidentimiz, Ali
Baş Komandan İlham Əliyev cənabları, Azərbaycan
ordusunun inkişaf etdirilməsi, müasir hərbi texnika ilə
təchizatı, mütəxəssis komanda heyətinin təmin
edilməsi, ölkədə vahid ordu sisteminin daha da möhkəmləndirilməsi
üçün böyük tədbirlər həyata
keçirdi. Bu hamımızı ,xüsusi
ilə cəbhə bölgəsində yaşayanları
ruhlandırdı, el-obamız bu qayğıdan daha da həvəsləndi,
quruculuq işləri genişləndi.
... Faktlar göstərir ki, Qarabağ uğrunda
döyüşlərdə respublikamızın 880
yaşayış məntəqəsi işğal
olunmuşdur. Tebii ki, itirilmiş hər bir
kənd, hər bir qəsəbə, hər bir şəhər,
itirdiyimiz hər bir ocaq yeri xalqımızın faciəsidir.
Füzuli rayonunda bu döyüşlərdə
6000 nəfərdən çox insan iştirak edib.
Bunlardan 1000 nəfərdən çoxu şirin canından
keçib, şəhid olmuşdur, 150 nəfərdən
çox insan müxtəlif dərəcəli əlil olmus,
100 nəfərdən cox itkin düşmüşdür. Qəddar erməni təcavüzi nəticəsində,
36361 nəfər uşaq zərər çəkib, onlardan 1550
nəfəri yetim qalıb. Bu rəqəmlər
özü deyir ki, füzulilər düşmənlə
qarşı-qarşıya mübarizədə böyük
çətinliklərə sinə gərmişlər. Kənd-kənd, oba-oba talan edilib, oda qalanan Füzuli
rayonunun böyük bir ərazisi 1993-cü ilin avqustun 23-də
erməni-rus hərbi birləşmələri tərəfindən
işğal olundu. Hazırda 51 kənd və
rayon mərkəzi ermənilərin tapdağı
altındadır. 55000-ə yaxın
füzulili qaçqın və məcburi köçkün həyatı
yaşıyır. Mərkəzi Horadiz
şəhəri olan Füzulinin 73 kəndindən yalnız
22-si ordumuz tərəfindən qorunur. Onun
da böyük əksəriyyəti 1993-cü ildə
düşmənlər tərəfindən darmadağın
edilərək yandırılmış, ərazidə olan
tarixi abidələrimiz yerlə-yeksan edilmişdir. Nə yaxşıkı dövlət
qayğısı və yerli əhalinin köməkliyi sayəsində
həmin kəndlərdə həyat yenidən öz
axarına düşüb.
Düşmənin işğal etdiyi hər bir kənd, qəsəbə
talan olunub yerlə-yeksan edilib, xarabalığa
çevrilmişdi. Horadiz qəsəbəsi daxil olmaqla Araz
boyunun bir çox kəndləri də yaşamaq
üçün yararsız idi. El
oğulları, işğaldan sonra heç
güzarınız doğma yurda düşübmü? Qanlı döyüşlərdən sonra
xarabalığa çevrilmiş bu yerlər indi
çiçəklənən gülüstanı
xatırladır. Çinarlaşan yollar səni
gədikdən aşırır, Araz ovalığı boyu elin
xoş ətrini duyursan. Qarabağın
Füzuli bölgəsinin özünə məxsus payız
gözəlliyi insanı valeh edir. Qövsü-quzeyi
xatırladan bağ-bağatın xınalı rəngi
insanın ruhunu oxşayır. Çatırsan
yolqovuşana, tanınmaz olub, ətraf genişlənib,
sınıq-salxaq köşklər, vaxtilə nizamsız
tikilmiş dükan-bazarın indi səliqə-səhmanı
var. Şəhər tipli binalar, istirahət guşələri,
əhalinin yaşayıb-işləməsi,
alış-verişi üçün lazımi şərait
yaradılıb. Dağların qoynunda
tikinti-quraşdırma işləri aparılan su elektirik
stansiyasında canlanma nəzərə çarpır. Ətraf kəndlərin, yeni yaşayış məskənlərinin
də görkəmi dəyişib, səliqə-səhman hər
yerdə hiss olunur. Rayonun Qayıdış və Zobcuq qəsəbələrində
4300 qədər ev tikilib, 20000 nəfərə qədər
rayon əhalisi hər birinin geniş həyətyani və əkin
sahələri olan gözəl yaşayış binalarında
məskunlaşmışlar.
...Rahat
yollar boyu səliqə-səhmanlı əkin-biçin sahələri
qurtarmamış, Horadiz şəhərini ünvanlayan
yolgöstəricisinə çatar-çatmaz özgə aləmə
düşürsən. Keşikdə
dayanmış əsgər kimi cərgələnmiş,
müasir şəhərsalma üslubu, zövqlə əkilmiş
həmişəyaşıl ağacların
yaratdığı xoş mənzərə Avropa ölkələri
şəhərlərini xatırladır. Qısa
müddətdə belə möhtəşəm işlərin
görülməsi könül oxşayır. Hiss edirsən
ki, əsil şəhərə daxil olursan. Yaradılmış
infrastruktur, Horadiz şəhərinin inkişafı, burada
aparılan quruculuq işlərindən soraq verir. Nəğməli suları ürəkləri fəth
edən Xan Arazın ləpədöyənində yerləşən
Horadiz şəhərinə yaxınlaşdıqca, yol boyu
yaradılmış səliqə-səhman, müxtəlif
ağaclardan salınmış yaşıllıq zolaqları,
hər yerdə qaynayan tikinti-quruculuq işləri göz
oxşayır. Vaxtı ilə bir qəsəbə
kimi tanınan, düşmənin işğalından sonra
xarabalıqları xatırladan Horadizdə aparılmış
abadılıq işləri bu yerlərin hüsnünü
xeyli dəyişib. Görülən
böyük kompleks tikinti, abadlıq,
yaşıllaşdırma, işıqlandırma, estetik
zövq verən, milli ornomentli bəzək işləri
müasir şəhərsalma qaydalarının son nailiyyətləri
əsasında aparılır.
Regionların İnkişaf Proqramı uğurla icra
edilir. Camaat bu qənaətdədir ki, ölkəmizin əldə
etdiyi bu uğurlar məhz Respublika Prezidenti cənab İlham Əliyevin
həyata keçirdiyi ardıcıl və məqsədyönlü
siyasətin nəticəsində qazanılmışdır, həm
də bu qələbələrin dinamik şəkildə
inkişaf edəcəyinə hər kəsin böyük
inamı vardır. Ölkəmizdə gedən
inkişaf bütün sahələri əhatə edir və həmçinin
respublikanın bütün regionlarında özünü
bariz şəkildə göstərir. Ölkə rəhbərinin
siyasi dəst-xəttinə sadiq olan füzulilər də
rayonun ictimai-siyasi həyatında dinamik inkişafa nail
olmuşlar.
Bu gün
xüsusi ilə cəbhə bölgəsində olan
rayonların inkişafına, düşmənlə üzbə-üz
mərdliklə dayanan, ordumuza arxa və dayaq olan, Azərbaycan
dövlətçiliyinə daim öz töhfələrini
vermiş, özünəməxsus qədim tarixi və əmək
ənənələri olan Füzuli rayonuna göstərilən
böyük qayğı və diqqət öz bəhrəsini
vermişdir.
Bu
günlərdə Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin, Azərbaycan Dövlət Tele-radio Qapalı Səhmdar
Cəmiyyətinin və Azərbaycan Yazıçılar
Birliyinin birgə lahiyəsinə uyğun olaraq, bir qrup
yazıçı və şairlər, eləcə də incəsənət
ustaları bu günlərdə döyüş bölgəsi
olan Füzuli rayonunda yerləşən "N" saylı hərbi
hissənin qonağı olmuşdur. AYB-nın mətbuatla əlaqələr
şöbəsinin rəhbəri, şair Ədalət Əsgəroğlu,
yazıçı-publisist Oqtay Əliyev və Asif Cəfərli,
şairlərdən Oqtay Rza, Musa Ələkbərli, Məmməd
İlqar, Əlamdar Quluzadə, Sabir Sarvan ön
döyüş mövqelərinə gedərək əsgərlərlə
görüşlərdə çıxış etmiş,
onların məişət şəraiti ilə yaxından
tanış olmuşlar.
...Vətənpərvərlik
ruhunun yüksəldilməsi, xüsusi ilə xalqın
Qarabağ kimi taleh yüklü məsələdə çox
vacib şərtdir. Bizim qəhrəman
oğullarımız ermənilərlə döyüşlərdə
çox böyük şücaət göstərirdilər.
Füzulidə 9 Milli Qəhrəman var. Salatın Əsgərova,
Rasim İbrahimov, Pəhlivan Fərzəliyev, Seymur Məmmədov,
Nazim Quliyev, Bəşir Kərimov, Elxan Zülfüqarov, Faiq Rəfiyev
və başqaları. Amma burda qəhrəmanlığa
layiq olan, mən deyərdimki nə qədər
döyüşlərdə iştirak eliyənlər varsa Azərbaycan
xalqının qəhrəman oğullarıdır. Azərbaycanın
ilk qırıcı-bombardımançı təyyarəçisi
Adil İsmayılov, cəsur döyüşçülərdən
Qeyrət İbişov, Ərzanalı Ərzanalıyev,
Ağabala Quliyev, Xankişi Kərimov, Əbülfət Əliyev,
Şikar və Azər Qara oğulları, Adil Quliyev,
Çapar Həsənov, Yusif və Adil İmanov
qardaşları, tağım komandiri Seymur Əliyev, Ernest
Hüseynov, Yavər İsgəndərov kimi yüzlərlə
başqalarının adını çəkə bilərəm.
Xalqın qeyrətli oğullarının
göstərdikləri böyük qəhrəmanlıqlar məhz
onların yüksək vətənpərvərlik ruhundan irəli
gəlirdi.
Bütün bunlar barədə hazırda Füzuli rayonu ərazisində
düşmənlə üzbəüz mövqe tutmuş əsgərlərimizə
ətraflı məlumat verildi və döyüş bölgəsində
olan camaatın qorunması sahəsində onların üzərinə
düşən şərəfli vəzifələr
bildirildi.
Baş çavuş S. Cavadov, K. Rəfiyev, X. Quliyev və
bir çox başqaları düşmənin təxribatçı
qüvvələrinin dəf edilməsində fəal
iştirak etmişlər. Tabor komandiri Z. Xudiyev iftixarla dedi:
- Ordu
qüvvələri torpaqlarımızın keşiyində
ayıq-sayıq dayanıb. Düşmən tərəfin
hər bir hərəkəti diqqətlə izlənilir.
Yüksək döyüş ruhu olan əsgərlərimiz Azərbycanın
bu qədim diyarının camaatının keşiyində
dayandıqları üçün böyük məsuliyyət
hiss edir, qürur duyurlar.
Hörmətli prezidentimiz İlham Əliyev cənablarının
xalqın, xüsusilə gənclərin vətənpərvərlik
ruhunun gücləndirməsi barədə
tapşırığı vacib məsələdir. Çox
arzulayardım ki, bütün mətbuatda vətənpərvərlik
mövzusunda vaxtaşırı çıxışlar olsun.
Radio, televiziya, dövrü mətbuat Qarabağ
kimi taleyüklü məsələsi olan xalqımızın
hərbi-vətənpərvərlik tərbiyəsinə
geniş diqqət yetirsinlər. Çünki
sözün böyük qüdrəti var. Sözün
qılıncdan iti kəsəri, gül kimi zərif lətafəti
var. Deyirlər söz sərkərdədir, insanı idarə
edir, yaxşı işlərə doğru yönəldir, zirvələr
fəth etməyə, qrub-yaratmağa ruhlandırır. Doğrudur,
qəzetlərdə, tele-radio şirkətleri vasitəsi ilə
aparılan hərbi-vətənpərvərlik tərbiyəsi
ilə bağlı verilişləri hazırlanır. Arzu edərdik
ki, bizim bütün televiziyaların, dövrü mətbuatın,
redaksiyaları, əqidəcə hansı mövqedə
dayanmağından asılı olmayaraq, vətənpərvərlik
mövzularına geniş diqqət yetirsinlər. Gənclərimizin müqəddəs
torpaqlarımız uğrunda mübarizəyə ruhlandıran
həmin dəyərli söhbətlərə, eyni zamanda
xalqımızın yüksək səviyyəli söz deyən,
söz sahibi olan insanların vətənpərvərlik
mövzusunda çıxışlarına böyük
ehtiyacı vardır.
Vətənpərvərliyi
əməli surətdə təlqin edən, insanları
yüksək amallar uğrunda, respublikamızın müstəqilliyinin
qorunub saxlanılması və inkişaf etdirilməsi
uğrunda səfərbər edən başlıca şərtlərdən
biri kimi hörmətli Prezidentimiz İlham Əliyev cənablarının
rəhbərliyi və gündəlik qayğısı sayəsində
bölgələrdə, xüsusi ilə cəbhə bölgəsində
gedən böyük quruculuq işləridir. Bu möhtəşəm
tədbirlər xalqın vətənpərvərlik ruhunun daha
da yüksəldilməsində, insanların doğma
torpağa, öz yurduna və elinə
bağlılığının möhkəmləndirilməsində,
Vətənini sevməkdə böyük rol və əhəmiyyət
daşıyır.
...Yazıçıların,
İncəsənət ustalarının iştirakı ilə
"N" saylı hərbi hissənin şəxsi heyyət
qarşısında keçirilən geniş tədbirdə Əməkdar
artist Zakir Əliyev, Muğam müsabiqəsi
iştirakçılarından Səbinə Ərəbli,
Günay İmamverdiyeva, Məmməd Nəcəfov, Kamilə
Nəbiyeva, Mirələm Mirələmov, Aris Hüseynov, Zabitə
Alıyeva maraqlı konsert proqramı ilə
çıxış etmişlər.
...Yollar
insanları qovuşdurur, arzularına çatdırır. Müqəddəs
Qarabağ torpaqlarını ziyarət edirik, müvəqqəti
düşmən işğalında qalan ulu
dağlarımız şəhər, kənd və qəsəbələrimiz
bizi azadlıq mübarizəsinə, yağı düşmənin
işğal etdiyi Oğuz elindən birdəfəlik
süpürüb atmağa çağırır.
Görünür bu müqəddəs mübarizənin də
zamana ehtiyacı var. Bu gün yağı düşmən
işğalında qalan, bağrı dağlı dağlar vətən
oğullarına azadlıq sorağı verir. Möhtəşəm
ordumuzun cəsur oğullarının qətiyyəti, ən
müasir silah-sursatla təchizatı düşmənlə
müqayisə olunmazdır. "N" saylı hərbi hissənin
zabit və əsgər heyəti ilə görüşlərimiz,
ordumuzun böyük döyüş ruhu, əsgərlərimizin
qəhrəmanlıq əzmi inamla deməyə imkan verir ki,
Qarabağın azad olunması günü uzaqda deyildir.
Əbülfət MƏDƏTOĞLU,
Oqtay ƏLİYEV
Ədalət.-2013.-15 yanvar.-S.5.