Bağışlasan, şeirlərimi alqışla ürəyində

 

Bir neçə gün öncə - yanvarın 6-da qəfil ürəktutmasından 62 yaşında vəfat edən Azərbaycanın sabiq baş prokuroru Murad babayev hüquq sahəsində peşəkar olmasına baxmayaraq, həm də şeirə, sözə qiymət verən şəxsiyyət idi.

Murad müəllim təqaüdə çıxandan sonra pedaqoq kimi fəaliyyət göstərməklə yanaşı, şeirlər də yazırdı. Sağlığında Modern.az-a müsahibələrinin birində M.Babayev "uşaqlıqdan çox mütaliə edən olmuşam, indi də yüzlərlə şeiri əzbərdən deyə bilərəm. Bəxtiyar Vahabzadə, Xəlil Rza, Paşa Qəlbinur, Məmməd Araz, Vahid Əziz və başqa şairlərin çoxlu sayda şeirlərini əzbər bilirəm" demişdi.

Şeir vurğunu olan mərhum generalın özünün yazdığı şeirlərdən bəzilərini oxuculara təqdim edirik...

 

***

 

Bir gün yuxudan ayılanda

narahat olacaqsan,

Hiss edəcəksən mənim yoxluğumu,

Sorağım qəfləti olmayacaq,

Hər yerdən xəbər verəcəklər sənə,

Bilərsən onda mənim coxluğumu.

Bir az kədərlənib ağlayacaqsan,

Axırda barışıb anlayacaqsan,

Birdəfəlik yoxluğumu.

Onda sən üzülmə,

Heç ağlama da,

Mənim üçün heç qəm-kədər,

yas saxlama da.

O gün üçün mən sərasər

60 il yol gəldim.

Hətta o günün gələcəyilə bağlı,

Danışıb, güldüm .

Gələn bir gün gedəcək,

Belədi qayda,

Sənin qəm-qüssəndən

heç kimə yox fayda.

Bağışla ki, sənə arxa,

kömək olammadım,

Səninçün bir neçə il ,

Bu dünyada qalammadım.

Bunu ancaq çox istərdim,

Bu fikri xəyalımda daim bəslərdim.

Məndən sənə qalan

bir neçə şeir olacaq,

Onlar da hardasa vərəqlər arasında,

Solub qalacaq.

Bağışla!

Bağışlasan, şeirlərimi

alqışla ürəyində.

O dünyada qulağıma nəsə gəlsə,

Biləcəm ki, sənin səsindir,

Elə o da, mənim bəsimdir.

 

***

 

Daha səndən umacağım yox mənim,

Dərgahına, sevdiyimə min şükür,

istədim sən yerinə yetirdin,

Şükür, şükür, verdiyinə min şükür.

 

60 ildə istədim yetirdin,

Dərd-bəlanı bizdən kənar ötürdün,

Bu dünyaya gül balalar gətirdin,

Fidan ücün, Aydan ücün min şükür.

 

Ömrə gəldi Məryam bala, gül bala,

Humay kimi yanaqları al bala,

Emil kimi başdan-başa bal bala,

Ləzzət verdin həyatıma, min şukür.

 

Bağ-bağatda bitdi gözəl naz gülü,

Çiçəkləndi Nərgiz kimi yaz gülü,

Qızıl gülün üstə gördüm bülbülü,

Humay kimi bir nənəyə min şükür.

 

Kamran oldu dünya qədər sevindim,

Dağlar cəkdi, çalın-çarpaz, deyindim,

Heç olmasa qızlar ilə öyündüm,

Ailəsinin üstündədir, min şükür.

 

Bir az da döz, imkandırsa darıxma,

Seir söylə, oxuyanda karıxma,

Hər varsa, birbaşa de, duruxma,

Nəğmə deyən ürəyimə, min şükür.

etmisən, şukr edirəm bəsimdi,

Məryam, Humay, Emil mənim səsimdi,

Kövrək qəlbim sanki bir sarı simdi,

Sevgi dolu ürəyimə min şükür.

 

***

 

İstərəm ləçəyindən,

Aşılan çiçəyindən,

Ətir verən gülündən,

Gül üstündə dayanıb,

Oxuyan bülbülündən,

İlham alıb ucalam,

Yapışaraq əlindən,

Xoşbəxtlik tapmaq üçün,

Səmalara qaldırıb,

Ondan sonra qocalam.

Ömür vəfa eləsə,

Əgər qalsam beləsə,

Nəğmələr vəsf edəcəm,

Yerdə qalan ömrümü,

Mən sənə həsr edəcəm.

 

***

 

Məndən seir istəyirsən?

Sənə cox seir yazaram,

Gözəl, şirin bir qız üçün,

Havalanıb, gecə-gündüz,

Dağda-bağda mən gəzərəm.

Hayf, bir az qocalsam da,

Zirvələrə ucalsam da,

Məni atıb getmiş olan,

Bivəfadan öc alsam da,

Çox qızları eşq oduna,

Yandırmağı bacarsam da,

Mən sevgidən doymamışam,

Bir gözəli görən kimi,

Dil boğaza qoymamışam.

Ancaq sənə qızım kimi,

Gözəl seir göndərəcəm,

Bağımdakı çiçəkləri,

Ləçəkləri toplayaraq,

Saçlarına əndərəcəm.

 

***

 

Sən istəsən gecə-gündüz,

Gözəl nəğmələr qoşaram,

Bulaq kimi qaynayaram,

Çaylar kimi coşaram.

Sən istəsən göydən ulduz gətirrəm,

Ətrafına çiçək əkib,

Gözəl güllər bitirrəm.

Sən istəsən...

Sən istəsən yollarına su səpərəm,

Toz olmasın,

Elə gəlib saçlarına gül düzərəm,

Söz olmasın.

 

***

 

Sabahın xeyir!

Necə yatdın, nələr gördün yuxuda?

Əsən mehdən saçlarının ətri gəldi,

Ləzzət verdi qoxu da.

Mən indicə ayılmışam yuxudan da,

sizdən .

Gənc vaxtımdı...

Ətrafıma toplaşmışdı,

gözəllərin çoxu da.

Hərə bir cür dayanmışdı yanımda,

Təkcə səndin qəlbə girib,

qaynayırdın qanımda.

Çox xoşbəxtdim, danışırdım,

gülürdüm,

Ayılanda anladım ki,

Sevinc verir insanlara,

xəyallar da, yuxu da.

 

***

 

Bu dunyada onu bil ki,

Hamı səndən üz döndərib gedə bilər,

Ayağının büdrədiyin görüb sənə,

Dostlar pislik edə bilər.

Bircə ana balasından,

Ciyərinin parasından,

Gözlərinin qarasından,

Üz döndərməz, səni atmaz,

Elədiyin səhvin üçün,

Bağışlanmaz günah üçün,

Düşmənlərin sırasına.

Səni qatmaz.

Lap ən böyük cinayətkar əməlini,

Dağıtsan da həyatının təməlini,

O yenə bağışlayar,

Bütün gözəl əməlini,

Gurultuyla alqışlayar.

Ona gorə sənin işin asandır,

Fırtına ilə başlasa da,

Anan sənin üzərində,

Xəzri kimi əsəndir.

 

***

 

Gözəl bala,

Nəvələrim Məryəm bala, Humay bala,

Oğul payım Emil bala!

Neyləyim ki, qocalmışam?

Zirvələrə ucalmışam.

Neyləyim ki, ürək zəif döyunsə də,

Bircə gözəl görən kimi öyünsə də,

İpək saçlı qız görəndə çağlasa da,

Titrək, incə söz duyanda, ağlasa da,

Sirin sözə aldanaraq,

Gözələ bel bağlasa da,

Sevgi ilə mən yaşamaq istəyirəm,

Sizin kimi gözəllərin naz-qəmzəsin,

Ürəkdə , ciynimdə ,

Mən daşımaq istəyirəm.

 

 

Ədalət.-2013.-15 yanvar.-S.7.