ALLAHI QATİL EDƏNLƏR
Dedektiv roman
(əvvəli
ötən saylarımızda)
- Suka gəlir.
Gələn
Batalyon Komandiri idi, yaxınlaşdı dədələrin
stoluna, salam verdi və sonra dedi:
- Akademik,
sənə hələ tez deyil bu stolda oturmaq?
Dədələr
Dədəsi Akademiki dillənməyə qoymadı,
gözünün birini qıyıb aşağıdan
yuxarı Batalyon Komandirinə baxıb dedi:
- Komandir,
get işinlə məşğul ol,
qabağımızdakını zəhərə döndərmə.
Yoxsa, bu boşqabı başına keçirərəm.
Batalyon
Komandiri:
- Ded, sən
niyə hirslənirsən? Mən Akademiklə
danışıram.
(Ardı
3-cü səhifədə)
(Əvvəli
1-ci səhifədə)
- Dedim də
sənə! Eşit, biz gedəcəyik, bizdən sonra
eşitsək ki, şəxsən sən Akademikin xətrinə
dəymisən... Səni harda olsa tutub xoruz kimi
banladacağıq. Qandın?!
Batalyon
Komandiri özünü yığışdırdı:
-
Qandım!
***
Kriminalist
otağa girəndə Prokuror telefonla danışırdı və
çox pərt görünürdü:
- Dedim ki,
əlimizdən gələni edirik, üstündə işləyirik.
Rəhmətliyin oğlu, o boyda Amerika əlli
ildi Kennedinin ölümünün üstünü aça
bilmir, indi sən istəyirsən üç günün
içində bu boyda qətlin üstünü açaq?
Heç Şerlok Holms da üç-beş
günə cinayəti aça bilməyib. Özü də mənimlə belə
danışmayın, nə sizin tabeçiliyinizdəyəm, nə
də uşağınız, otuz ilin prokuroruyam. Mən prokuror olanda sən salaqa idin, tualet təmizləyirdin.
İndi general olmusan, gəl çıx
çiynimizə. Əgər
qoysaydınız vaxtında həmin hərbi hissədə
baş verən ölüm hadisələrinin
üstünü açaq, vəziyyət gəlib bu həddə
çatmazdı. Bəs əsgərlər
öləndə niyə belə sinənizi
cırmırdız?! Onlar adam deyildi? Ağızlarından süd iyi gələn gül
kimi uşaqlardı. Onların qanı tutub
Polkovniki. Darıxmayın, o
uşaqların qanı bir gün bizi də tutacaq. Bizi
tutmasa da, balalarımızı tutacaq! - telefonun
dəstəyini atdı, elə həmin əsəblə də
Kriminalistə dedi: - Qolundan tutub oturdacam, otur də.
Sonra yenə
həmin əsəblə də düyməni basıb
çığırdı:
- Ay
qız, gəl bu zəhrimarı dəyiş. Allahın bir stəkan
çayını da rahat içməyə qoymurlar - dedi və
stolun üstəki stəkanı götürüb divara
çırpdı.
Kriminalist ilk dəfə idi ki, Prokuroru belə
özündən çıxmış görürdü.
Prokuror:
- Papirosun
var?
- Siz
çəkən deyilsiz axı?!
- Çəkənəm,
çəkən deyiləm, deyirəm papirosun var?
Kriminalist
Prokurora bir siqaret verdi, özü də
yandırdı. Amma iki qurtumdan sonra Prokuroru öskürək
tutdu, siqareti Kriminalistin qabağındakı külqabıda
söndürdü və xeyli öskürdü:
- Ə,
bu zibili necə çəkirsiz?!
Katibə
iki stəkan çay gətirdi, sonra istədi yerdən stəkanların
qırıqlarını yığsın, Prokuror qoymadı:
- Sonra
yığarsan, - dedi və gəlib Kriminalistlə üzbəüz
oturdu; - Hə, oğul, özün eşitdin də, məruzə
elə görək.
Prokurorun oğlu yox idi. İki qızı
vardı, ikisi də ərdəydi, işçilərinə də
"oğul" deyə müraciət edərdi.
Kriminalist
qovluğunu açdı:
- Cənab
Prokuror, bir neçə versiya var. Hamısının üzərində
işləyirik. Amma xeyli vaxt aparacaq.
-
Oğul, vaxtımız çox azdı. Eşitdin.
Bu üç-beş gündə bəlkə
otuz dəfə zəng ediblər. Bu
işi aça bilməsən ikimiz də yandıq. Mənim onsuz da yaşım keçib,
yükümü də təpəyə
yığmışam. Sənə heyfim gəlir.
İndi versiyaları de görüm.
-
Birincisi, namus məsələsidi. Üstündə
işləyirik. Amma mənə görə
bu qətlin namusa dəxli yoxdu.
Prokuror:
- Bəs
niyə,... - sözü ağzından
qaytardı, - nədi, hə, orasından atıblar?
Kriminalist
güldü:
- Cənab
Prokuror, bura İtaliya deyil, ağzına gül də qoyalar.
Ya təsadüfdü, ya da öldürən adam
yandığından ordan atıb ki, kişi deyilsən. Mən onun bütün qadın əlaqələrini
öyrənmişəm. Elə bir ciddi
şey tapmadım. Telefon
kitabçasında heç qadın nömrəsi də yoxdu.
Sürücü də deyir ki, yalnız bazar
günündən başqa həmişə Komandirlə olub,
amma indiyədək Komandirin hansısa bir qadınla görüşdüyünü,
ya əlaqəsi olduğunu hiss eləməyib.
- Bəs,
Mer deyir nə vaxt axtarırdın saunada tapırdın.
- Mer
öz ağlıyla ölçür, elə bilir saunaya elə
qadınlarla görüşmək üçün gedirlər.
Siz də hər həftə saunaya gedirsiz,
qadınla gedirsiz?
Prokuroru
gülmək tutdu:
- Bəlkə
gedirəm, nə bilirsən?
- Getsəydiniz,
camaat sizin haqqınızda da danışardı.
Prokuror
qalxdı, otaqda bir az var-gəl elədi, pəncərədən
xeyli bayıra - küçədə futbol oynayan uşaqlara
baxdı. Bu uşaqlar dəfələrlə
kabinetin pəncərələrini qırmışdılar, amma
o buna heç vaxt qızmamışdı. Hər dəfə
qaravulçu uşaqları qovmaq istəyəndə
qoymamışdı:
- Dəymə,
qoy oynasınlar, sən usta çağır gəlib
şüşə salsınlar.
İndi
uşaqlar pəncərədən onlara baxan Prokuroru görəndə
dayandılar və ona sevinclə əl eləyib
çığırdılar:
- Prokuror əmi!
Prokuror əmi!
O da
gülümsəyib uşaqlara əl elədi, sonra yenidən
qayıdıb oturdu kreslosunda:
- Düz
deyirsən, o keçmişdəydi, indi adamlar qadın üstə
bir-birini öldürmürlər, pul üstə
öldürürlər. Bəs biznes əlaqələrini
necə? Bəlkə şərikləri ilə
problemləri olub.
- Öyrənmişik.
Heç bir obyekti yoxdu.
Prokuror:
- Necə
yəni yoxdu? O boyda hərbi hissə obyekt deyil? Hər
əsgərin yeməyindən gündə bircə dollar kəssə
ayda otuz min dollar eləyir. Hələ
benzini-menzini, ayrı şeyləri demirəm. O Qərargah Rəisi ilə də həmişə
dava-dalaşları bunun üstündəymiş.
- Qərargah Rəisi əsl zabitdi. Komandirin əyri
işlərinə dözmürdü.
-
Yaxşı, davam elə.
- Son səkkiz
ayda hərbi hissədə üç ağır cinayət
hadisəsi baş verib. Bir əsgər
özünü asıb, biri özünü güllələyib.
Biri də batalyon komandiri ilə üç əsgəri
güllələyib, sonra da özünü
öldürüb. Bu cinayətlərin
hamısının da üstünü ört-basdır ediblər.
Komandirin ölümünü burda axtarmaq
lazımdı.
- Axtar də!
- Məsələ
ondadır ki, bu cinayət işlərini bizim prokurorluq
aparmayıb. İşlər bizdə deyil.
Gərək məktub yazasız həmin işləri
Bakıdan göndərələr bizə.
- Get məktubu
hazırla gətir, qol çəkim.
***
Oturmuşdular Qərargah Rəisinin kabinetində,
qarşılarında da bir stəkan çay.
- Rəis,
komandirlə niyə tez-tez mübahisəniz
düşürdü, hətta bir-birinizə silah da çəkmisiz?
Qərargah
Rəisi güldü:
- Deyəsən,
məndən şübhələnirsiz. Bu adi
söhbətdi, yoxsa istintaq?
Kriminalist:
- Qətiyyən,
sadəcə olaraq mən müəyyən həqiqətləri
bilməliyəm.
Qərargah
Rəisi qalxdı ayağa, pəncərəni açdı, həyətdə
təlim keçən əsgərlərə xeyli baxdı,
dağlara baxdı, bu dağların o üzündə
doğulduğu, indi isə həsrətində
qaldığı kəndlərini xatırladı, bir siqaret
yandırdı:
- Bilirsən,
dostum, biz bu Vətəni, o görünən dağları,
meşələri, o göy üzünü, bu dağların
bulaqlarını, quşlarını da əsgərlərə
etibar etmişik. Bu dövlət də, bu millət
də əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilmiriksə,
deməli, bu Vətəni də, o dağları, o meşələri,
o göy üzünü də qoruya bilmirik. Yəqin bilirsən son altı-yeddi, nə bilim səkkiz
ayda bu hərbi hissədə neçə ölüm hadisəsi
baş verib. Bunlara görə ən
azı Komandir vəzifədən götürülməliydi,
mən də cəzalanmalıydım. Nə
oldu? Kim cəzalandı? Taqım komandiri, batalyon komandiri, uşaq-muşaq.
Bu hadisələr elə-belə baş verməmişdi
ha. Hamıya ruhi xəstə diaqnozu qoyub
işləri bağlayıb atdılar arxivə. Çox cəsarətli bir müstəntiq vardı,
arada o yazıq yandı, orqandan xaric etdilər. Mən o uşaqların dəfnində iştirak eləmişəm.
Mən o valideynlərin gözlərinə baxa
bilməmişəm. Onlar
övladlarını mənə etibar etmişdilər. Mən
onların övladlarını qoruya bilmədim!
Qərargah
Rəisi soyuducunu açıb bir butulka araq
çıxartdı, qoydu stolun üstünə, stəkandakı
çayı götürüb pəncərədən
atdı çölə, araq süzdü:
- İçirsən?
- İçirəm.
Kriminalistin çayını da pəncərədən
çölə atdı və stəkana araq süzdü,
heç nə demədən arağı çəkdi
başına, bir siqaret də çıxarıb qoxuladı,
sonra yandırdı.
Kriminalist də arağı götürdü, amma Qərargah
Rəisi kimi başına çəkmədi, su kimi ehmalca
içdi və o da bir siqaret alışdırdı.
- Dostum, o
qədər haqsızlıq görürsən ki, bu araq olmasa
çoxdan mən də o uşaq kimi özümü
atmışdım. Bilirsən, mənim də
oğlum var, o da cəbhə bölgəsində əsgərdi.
Ölən uşaqlardan biri də o ola bilərdi.
Məndən ötdü, qardaşıma dəydi.
Hamımız elə bilirik, bizim
övladımızdan ötsün kimə dəyir-dəysin.
Xeyr, elə deyil, sonda özünə
qayıdır. Buyur, Komandirin özünə
dəydi. Kim zəmanət verə bilər ki, sabah o güllənin biri sənə, mənə
dəyməyəcək? Axı buna biz
hamımız günahkarıq. O cavanların
qanını batıran müstəntiqlər də, prokurorlar
da, nə bilim, daha hansı şərəfsizlər. Elə bilirlər elə belə gedəcək, onlara
heç nə olmayacaq?!
Qərargah
Rəisinin gözləri dolmuşdu, hiss olunurdu ki, ürəyi
doludu və çoxdandı ürəyini boşaltmağa adam tapmır, ona görə də Kriminalist
mane olmaq istəmədi, dedi, qoy ürəyini boşaldıb
sakitləşsin.
- Bu necə
ola bilər, iki ay bundan əvvəl bura
sağ-sağlam gələn uşaq dəli olur,
özünü asır, ya yoldaşların güllələyir?!
Əgər bu dəli idisə niyə əsgərliyə
yararlı sayıblar. Yox, burda dəli
olubsa, niyə dəli olub? Onları kim
dəli eləyib, adam durduğu yerdə dəli ola bilməz
ki!
Kriminalist:
-
Yaxşı, bütün bunları bildiyiniz halda siz niyə
susurduz?
- Mən
susmuşam?! Bəs bayaq sən deyildin soruşan
niyə Komandirlə yola getmirdin? O şərəfsiz
Batalyon Komandirini kefimdən döymüşdüm? Dəfələrlə yuxarı yazmışam, həmişə
də altın çəkmişəm. Mənim
taylarım korpus komandiridi. O gördüyün general mənim
zabitim olub. Mən isə hansısa bir hərbi
hissədə heç bir səlahiyyəti olmayan qərargah rəisi,
belə danışdıqlarıma görə. Günlərimi sayıram ki, nə vaxt təqaüdə
çıxacam.
- Dedin
Batalyon Komandirini döymüşdün. Sirr
deyilsə nə məsələydi?
- Belə
şeylərin üstə. O batalyon komandirliyindən daha
çox komandirin qanunsuz tapşırıqları ilə məşğul
idi. Elə bil bu millətin oğlu deyildi. Əsgərlərə əsgər kimi deyil, pul kimi
baxırdı. Bir cəza dəstəsi
vardı, xoşu gəlməyən, Akademik kimi
oğlanları cəzalandırırdı,
sındırırdı. İntiharlar onun
günahından idi, badına da getdi, Akademik onu
bağışlamadı. Bilirsən,
dostum, əgər bu cinayəti açmaq istəyirsənsə,
onda gərək bütün düyünləri açasan. Sən
Akademikin Batalyon Komandirini, əsgərləri
öldürdüyü həmin cinayət hadisəsini
araşdıran o müstəntiqi tap. Bayaq dedim, orqandan xaric
ediblər. Çox savadlı, həm də çox cəsarətli
müstəntiq idi. Polkovnik bir-iki dəfə xəlvətə
çəkdirib döydürmək istəmişdi, mən
qorudum, yoxsa Allah bilir nə olardı. İndi səninlə elədiyim
söhbətləri onunla da çox eləmişdim.
Düyünləri təmiz açıb hər şeyi
ortalığa qoymuşdu ki, cinayət işini ondan alıb
başqasına verdilər, özünü də... Hələ
də onun əvəzinə mən yanıb tökülürəm.
Heyf elə müstəntiqdən. Yeni gələn müstəntiq
də cinayətlərin üstünü ütülədi,
Akademikə də ruhi xəstə diaqnozu qoyub işi atdı
arxivə.
***
Atı
bağladığı səmtə gedirdi. Gələndə
ona quş kimi yüngül görünən tüfəng indi
elə bil bir pud daş idi və çiynindən sallanmışdı.
Və bu ağırlığın altında əzilirdi. Bir
az əvvəl indi bir pud daşa dönmüş bu tüfənglə
insan öldürmüşdü. Tanrıya yalvarır, onu
bağışlamasını xahiş edir, dua oxuyurdu. Bu
tüfənglə kəndi qorumuşdular, neçə
düşmən vurmuşdular, indi o həmin tüfənglə
özününkünü öldürmüşdü,
düşmənə atılası gülləni
özününkünə atmışdı, əllərini
qana batırmışdı, Tanrının
yaratdığı, ömür verdiyi insanı öldürməkdən
dəhşətli bir günah yox idi və indi o bu dəhşətli
günahı işləmişdi. Tanrıdan onu
bağışlamasını xahiş edirdi, amma Tanrı onu
bağışlayacaqdı-bağışlamayacaqdı, bunu o
dünyada biləcəkdi. O dünyaya çox uzun bir yolu
qalmasa da, ölənədək bu günahı daşımaq
da çətin idi.
Bu
ağırlığın altda gəlib çatdı atı
bağladığı yerə, atın sinəsini bir-iki dəfə
sığallayıb qalxdı belinə.
(Ardı var)
Aqil ABBAS
Ədalət.-2013.-16 yanvar .-S.2