GENERAL CƏMŞİD XAN
NAXÇIVANSKİ
(Sonuncu Kəngərli generalı)
Şəmistan Nəzirli
Azərbaycan öz suverenliyi, tam azadlığı barədə
fikirləşirsə, o ilk növbədə öz milli ordusu,
Milli zabitləri barədə fikirləşməlidir. Mən
bunların hamısını düşünürdüm.
İyirmi
beş il öncə mən Azərbaycanda əvvəllər
heç vaxt oxşarı, analoqu olmayan
ixtisaslaşdırılmış hərbi orta məktəb
yaratmaq haqqında fikir irəli sürdüm. Bu
məktəbi yaratdıq. Doğrudan da, mənim həyatımda
gördüyüm işlər içərisində bu
addımı, bu işi, bu təşəbbüsü o
dövrdən artıq iyirmi beş il
keçəndən sonra özüm də yüksək qiymətləndirirəm.
Heydər Əliyev
(1990-cı
ildə verdiyi müsahibədən)
Hər şeyin ilki gözəl və yadda qalan olur. İlk müəllim, ilk
general, ilk kosmonavt, ilk məhəbbət... Bunlar
ilk övlad qədər şirin və əzizdir. Bu
gün hərbi qüdrət tariximizin zabit heyətindən
söz düşəndə istər-istəməz general Cəmşid
xan Naxçıvanski adına hərbi
liseyin məzunlarını yada salırıq.
Fəxr etməliyik ki, Cəmşid xanın
"şinelindən çıxmış" bu zabitlər
suveren Azərbaycan Milli Ordusunun sıralarında
torpaqlarımızın qəsbkarlardan təmizlənməsi
uğrunda şərəflə vuruşmuşlar.
1918-ci ilin iyun ayında məşhur sərkərdəmiz
Əli ağa Şıxlinski Gəncədə Milli yunkerlər
məktəbinin banisi olmuşdur. Totalitar rejimin məngənəsində
ikinci dəfə belə bir məktəbin 1971-ci ildə
yaradılması Heydər Əliyevə qismət oldu. Əlbəttə, o dövrün acı
abı-havasını udanlar yaxşı bilirlər ki, həmin
illərdə Milli zabit heyətinin yetişdirilməsi
üçün nəinki məktəb açmaq, hətta bu
barədə fikirləşmək belə böyük cəsarət
və risk tələb edirdi. Bütün
zamanlarda xalqını düşünən Heydər Əliyev
haqlı olaraq millətimizin sonsuz məhəbbətinə
layiq şəxsiyyətdir.
Cəmşid xan Naxçıvanski Kəngərli nəslindən
olan axırıncı generaldır. Onun general babaları
Ehsan xan, Kəlbalı xan, Hüseyn xan və İsmayıl xan
qoca yaşlarında öz əcəlləri ilə vəfat
ediblər. Tale Cəmşid xana cəmi qırx
üç il ömür qismət elədi.
Onun da 26 ilini hərbi fəaliyyətdə
keçirdi. Ömrünün ən qaynar
çağında otuzuncu illərin haqsız qurbanlarından
biri oldu. Günahı da bu idi ki,
qardaşı Davud xan və Kəlbalı xan İranda şah
qvardiyasında xidmət edirdi. Guya Cəmşid
xanın da başçılıq etdiyi "casus təxribatçı
dəstəsi" də onlarla sıx əlaqə
saxlayırdı. Azərbaycanda Şura
hökuməti qurulanda hər iki qardaş rəsmi şəkildə
icazə alıb İrana getmişdilər. Tezliklə İran ordusunda ad-san qazanıb yüksək
rütbə almışdılar. Lakin
otuzuncu illərdə şahənşah onlara inamını
itirdi. Səbəbi qardaşları Cəmşid
xan Naxçıvanskinin Qızıl Orduda briqada komandiri
olması idi. Vaxtilə onların
ata-babaları rus qoşunlarının tərkibində
İran ordusuna qarşı vuruşmuşdular.
Görünür, şahənşaha bu məlumat da
çatdırılıbmış... Ona görə
də şah onları güllələtdirdi. Bu tayda, 1938-ci ilin mayında Cəmşid xan həbs
edildi. Həmin ilin avqustun 26-da güllələnəndə
artıq dörd il əvvəl
qardaşları İranda qətlə yetirilmişdi. Onda C.
Naxçıvanski Moskvada M. Frunze adına
Ali Hərbi-Siyasi Akademiyanın ümumi taktika
kafedrasının rəisi kimi yüksək vəzifədə
işləyirdi.
1938-ci il avqustun on ikisində "Sovet Hökumətinin
qatı düşməni, müqəssir" Cəmşid xan
Naxçıvanskiyə olunan ittihamnamədən:
Birinci: -
Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan antisovet millətçi
təşkilatın fəal iştirakçısıdır.
O, təşkilata Qarayev tərəfindən cəlb
olunmuşdur.
İkinci:
- Azərbaycanda Sovet hökumətinin devrilməsi
planının hazırlanmasında və Azərbaycanın
Sovet İttifaqından ayrılmasında fəal iş
aparmış, Azərbaycanda hərbi üsyan planını
şəxsən özü hazırlamışdır.
Üçüncü:
- İran ordusunda xidmət edən qardaşı, mühacir Kəlbalı
xanla əlaqə saxlamışdır. Azərbaycanda
üsyan başlarkən mühacirlərdən ibarət
kömək məqsədilə qardaşına hərbi dəstələr
göndərmək tapşırığını
vermişdir.
Dördüncü:
- 1931-ci ildə həbsdən azad olunduqdan sonra Moskvaya gələrək
Qarayevlə yenidən əlaqə yaratmışdır. Azərbaycan Milli Mərkəzində antisovet fəaliyyətini
daha da gücləndirmiş və mərkəzin işlərində
yaxından iştirak etmişdir.
Beşinci:
- Antisovet hərbi qəsdlə bilavasitə əlaqə
saxlamış və onlara Azərbaycan Milli Mərkəzinə
konkret kömək göstərəcəyi barədə
razılıq vermişdir.
Altıncı:
- 1921-ci ildən 1926-cı ilə kimi casusluqla məşğul
olmuş, Az. Pambığının keçmiş sədri Məmməd
Hacıyev vasitəsilə qardaşı Kəlbalı xana ordu
barəsində (RKKA) tam məxfi məlumatlar vermişdir.
Bu ittihamnamələrdən on dörd gün sonra
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası
bağlı məhkəmə iclası keçirdi. Hərbi
Kollegiyanın sədri V.V. Ulrixin və üç nəfərin
şahidliyi ilə cəmi 15 dəqiqə çəkən məhkəmə
iclası saat 1250-də general Cəmşid xan
Naxçıvanskiyə ölüm hökmü oxudu. Hökm oxunandan sonra ona son sözünü deməyi
təklif etdilər. Döyülüb
ağır yaralar almış Cəmşid xan kəkələyə-kəkələyə
danışmağa utandı. Bir də ki,
şər və iftira dolu ölüm hökmü kəsiləndən
sonra vida sözünü deməyi xan kimi qüruruna
sığışdırmadı. Həmin gecə onu
Moskvada güllələdilər...
* * *
"Onun dalınca gecə gəldilər. Axtarış
aparmaq üçün şahid gərək idi. Dalandar
şahidlik etməkdən boyun qaçırdı: "Kim
olsaydı gedərdim, bircə Naxçıvanskidən
başqa. Mən onun gözünə necə
baxaram?" Həbs barədə orderlə
qara "Emkada" gələnlərdən biri pillələri
tələsik qalxdı. Qapını açan ev sahibəsinə hövlnak dedi: "Qiymətli
nəyiniz varsa, gizləyin". Qızıl
ordunun xan nəsilli briqada komandiri Cəmşid
Naxçıvanski pula, mala qətiyyən tamah salmayan, bir insan
idi.
Vidalaşarkən
o, qızı Aliyənin yuxulu gözlərindən
öpdü, arvadını bağrına basdı:
"Özündən və uşaqlardan muğayat ol. Mənim heç bir günahım yoxdur. Tezliklə
qayıdacağam" dedi.
O, uzun illər
keçəndən sonra qayıtdı. Qayıtdı
ki, xalqın yaddaşında əbədi qalsın" (Qreqori
Akselrod, "Xan nəsilli briqada komandiri", "Nedelya" qəzeti
№ 17, 1988-ci il).
Repressiya
illərində haqsız güllələnən briqada
komandiri Cəmşid xan Naxçıvanski, diviziya komandiri
Qambay Vəzirov, komissar Heydər Vəzirov, Cabir Əliyev,
polkovnik Cəlil Əliyev, Seyfulla Mehdiyev, Qalib bəy Vəkilov
və Soltanhəmid Paşayevin sənədləri ilə
tanış olanda, sağ qalan müasirlərdən
general-mayor Akim Abbasovun, professor Əyyub Əsgərovun və
onların ailə üzvlərinin xatirələrini dinləyəndə
yanıb-yaxılırsan. Adamı yandıran
odur ki, bu igid komandirlərin fəaliyyətində yeni
quruluşa qarşı hardasa zərrəcə
inamsızlıq, səhv və büdrəmələr tapa
bilmirsən. Bəs haqsız qan niyə
axıdılıb, onların ailələri sürgünlərdə
niyə min bir əziyyət çəkib? Stalinin əshabələri - Beriya, Bağırov belə
görkəmli hərbi xadimlərimizi qanlı "təmizləmə"
maşınında niyə məhv ediblər?
Suallar,
suallar... Onlara cavab tapmaq çətindir.
Otuzuncu illərdə bağları doğradılar ki, bəylər
salıb, bəhrəsini yemək olmaz. Mülkləri
uçurdular ki, ağalardan, xanlardan qalıb. Məscidləri bağlayıb Allahsızlar
ittifaqı yaratdılar. Oğulları həbs
edib öldürdülər ki, nəsli bəy olub, xan olub.
Müsavat hökumətinə qulluq edib.
Bu gün tarix bu səhvləri etiraf edərək
otuz-qırxıncı illər dövründə və əllinci
illərin əvvəllərində repressiya qurbanlarına bəraət
verir. Onların şərəfinə abidələr
ucaldır, küçələrə, meydanlara adları
verilir. Nəhayət, gənc nəsil gec də
olsa görkəmli ata-babalarının xatirəsi önündə
mənəvi borcunu yerinə yetirir.
Heç bir "casus-təxribatçı dəstəsi"
olmayan (əslində belə bir dəstə yox idi),
İrandakı qardaşları ilə heç vaxt məktublaşmayan
Cəmşid xan da o vaxt çox adi bir hala çevrilən
müdhiş cəzanın qurbanı oldu.
Amma döyməklə, saatlarla ayaqüstə ac-susuz
saxlamaqla Cəmşid xanı əydilər. Məcbur elədilər
ki, yalançı-iftiraçı faktlara qol çəksin.
Onu da qeyd etmək lazımdır ki, Cəmşid
xanın verdiyi dindirilmə "Protokol"unda söhbət
1921-1930-cu illərə aiddir. O illərdə "Protokol"da
adı çəkilən adamlar Sovet hakimiyyəti əleyhinə
əks fəaliyyət göstərə bilməzdilər. Əliheydər Qarayev, Cingiz İldırım, Qəzənfər
Musabəyov, Həmid Sultanov və başqaları bolşevik
hökumətinə sidq ürəklə xidmət edir və
bu yeni hökumətə ürəkdən inanırdılar.
Bu yalan iftiraları 1938-ci ildə Cəmşid xanın
boynuna qoymaqda məqsəd Azərbaycanın bir qrup yüksək
rütbəli zabitlərini və ziyalılarını onun əli
ilə məhv etmək idi.
Həbs
olunmuş Cəmşid xan Cəfərqulu xan oğlu
Naxçıvanskinin dindirilmə
P R O T O K O L U
1938-ci il
12 avqust tarixindən Cəmşid xan Cəfər xan oğlu
Naxçıvanski, 1895-ci il təvəllüdlü,
Naxçıvan şəhərində doğulub, milliyyətcə
azərbaycanlı, SSRİ vətəndaşıdır, bitərəfdir,
xan ailəsində doğulub, çar ordusunda podpolkovnik
rütbəsində olub, Müsavat ordusunda alaya komandanlıq
edib. 1930-cu ildə XDSİ orqanları tərəfindən
həbs olunub. Həbsə qədər Frunze adına Akademiyanın taktika kafedrasının
müəllimi - FKQO-nun briqada komandiri olub
Sual:
1930-cu ildə Siz XDSİ orqanları tərəfindən həbs
olunmuşdunuz. Danışın, Siz nəyə
görə həbs olunmuşdunuz?
Cavab:
1930-cu ildə Azərbaycan diviziyasının komandiri olarkən
XDSİ orqanları tərəfindən həbs edilmişdim,
bir neçə ay istintaq altında saxlanılmış, sonra
isə azad edilmişdim.
Mənim guya antisovet Azərbaycan milliyyətçi təşkilatının
iştirakçısı olduğum haqda mənə
qarşı ittihamlar irəli sürülmüşdü.
Sual: Siz o
zaman özünüzün antisovet işinizi etiraf etdiniz?
Cavab:
Xeyr, çünki mən heç bir antisovet Azərbaycan
milliyyətçi təşkilatının
iştirakçısı olmamışam.
Sual: Siz
Müsavat ordusunda hansı vəzifədə xidmət
etmisiniz?
Cavab: Mən
Müsavat ordusunda onun təşkilinin
başlanğıcından 1920-ci ilədək süvari
alayının komandiri vəzifəsində xidmət etmişəm.
1920-ci ildə mən sovet hakimiyyətinin tərəfinə
keçdim.
Sual:
İstintaq sizi antisovet Azərbaycan milliyyətçi təşkilatının
fəal iştirakçısı kimi ifşa edən kifayət
qədər yoxlanılmış materiallara malikdir.
İnadkarlığı
buraxmanızı və özünüzün cinayətkar fəaliyyətiniz
haqqında danışmağınızı tələb
edirik.
Cavab:
Bundan sonra da inadkarlıq etməyi mənasız sayıram,
çünki istintaqın məni ifşa edən kifayət qədər
materiallara malik olduğunu görürəm: Mən həqiqətən
də Azərbaycan Milli Mərkəzi adlı antisovet Azərbaycan
milliyyətçi təşkilatının (AMM)
iştirakçısıyam.
Sual:
Azərbaycan Milli Mərkəzinə kim tərəfindən, nə
vaxt və hansı şəraitdə cəlb olunmusunuz?
Cavab:
Azərbaycan Milli Mərkəzinə mən 1924-cü ildə
Azərbaycan (B) KFMK-nin keçmiş katibi - Qarayev tərəfindən
cəlb olunmuşam. Düzəliş edərək deməliyəm
ki, Qarayev tərəfindən mənə təsir edilməsi
xeyli əvvəl başlanmışdı. O təqribən
1921-ci ildə, mənim onunla ilk dəfə tanış
olduğum vaxta aiddir.
1921-ci
ilin sentyabrında Qarayev Azərbaycanın hərbi işlər
xalq komissarı təyin edildikdən sonra o, məni öz yanına
çağırdı və Azərbaycan diviziyasına
komandanlığı qəbul etməyi təklif etdi (buna qədər
mən Azərbaycan hərbi məktəbinin təsərrüfat
müdiri vəzifəsində işləyirdim). Mən imtina
etməyə çalışdım, Qarayev məni hədələdi
və mən diviziyanı qəbul etdim.
Bu vəzifəyə
qədəm qoyduqda mən Qarayev tərəfindən
böyük dəstəklə qarşılandım və onun
mənə qarşı münasibəti çox diqqətli
idi. Bu cür yaxşı münasibətlə o, məni ələ
aldı və mən, ona sadiq adam oldum.
(ardı var)
Ədalət.-2013.-16 yanvar.-S.5.