GENERAL CƏMŞİD XAN NAXÇIVANSKİ

 

(Sonuncu Kəngərli generalı)

 

(əvvəli ötən sayımızda)

 

Söhbətlərdə Qarayev həmişə keçmiş xan və müsavatçı kimi mənim FKQO sıralarındakı vəziyyətimin möhkəm olmadığını təlqin etməyə çalışırdı. 1924-cü ilə qədər bunlar bu cür davam edirdi.

1924-cü ildə söhbətlərin birində o, mənə xəbər verdi ki, Azərbaycanda Azərbaycan Milli Mərkəzi (AMM) adını daşıyan antisovet milliyyətçi təşkilatı mövcuddur, ona daxil olmağı təklif etdi ki, buna da mən öz razılığımı verdim.

Sual: Azərbaycan Milli Mərkəzinin məqsədləri konkret olaraq nədə ifadə olunurdu?

Cavab: Azərbaycan Milli Mərkəzi sovet hakimiyyətinin devrilməsi, Azərbaycanın Sovet İttifaqından ayrılması və Azərbaycanda, başda milli burjua hökuməti olmaqla kapitalist ictimai quruluşunun bərpa olunmasını qarşısına əsas məqsəd kimi qoyurdu.

Sual: Bu düşmən, antisovet məqsədin hansı üsulla həyata keçirilməsi düşünülürdü?

Cavab: Silahlı üsyan yolu ilə.

Sual: Bunun üçün nə edilmişdi?

Cavab: Silahlı üsyanın hazırlanması üçün Azərbaycan Milli Mərkəzi tərəfindən böyük iş görülmüşdü; üsyana hazırlıq işinə başçılıq edən və üsyan zamanı ona rəhbərlik edəcək Hərbi Mərkəz yaradılmışdı.

Sual: Bu Hərbi Mərkəzə kim daxil idi?

Cavab: Hərbi Mərkəzi heyətinə bu şəxslər daxil idi. Çingiz İldırım, Mən - Naxçivanski və Qalib bəy Vəkilov.

Sual: Silahlı üsyanın hazırlanması üçün Azərbaycan Milli Mərkəzinin və Hərbi Mərkəzin gördüyü iş haqqında ifadə verməyinizə davam edin.

Cavab: Hərbi Mərkəz silahlı üsyanın öz iclaslarından birində müzakirə edilən və təsdiqlənən əsaslı planını işləyib hazırladı. Bu iclas Çingiz İldırımın, Ordubadskinin, mənim - Naxçıvanskinin, Q.Vəkilovun da orada olduğu, Çingiz İldırımın mənzilində baş verirdi. Silahlı üsyanın hazırlanması planı haqqında məlumatı mən, Naxçıvanski, hazırlayırdım. Silahlı üsyanın planı aşağıdakılardan ibarət idi.

Silahlı üsyan SSRİ-nin qərbdə və ya şərqdə aparacağı müharibənin başlanğıcı ilə eyni vaxtda başlamalı idi. Məlum idi ki, müharibənin başlanması ilə ikinci Stepin diviziyası Azərbaycandan gedirdi. Azərbaycanda Azərbaycan atıcı diviziyasından başqa Azneftin mədənlərini və Xəzər donanmasını qoruyan DSİ-nin iyirmi dördüncü alayı da qalırdı.

Şəhərin tutulması planına əsasən ilk növbədə AzDSİ-nin 24-cü alayını tərksilah etmək və dövlət idarələrini, poçtu və teleqrafı ələ keçirmək nəzərdə tutulurdu, şəhər sektorlara bölünürdü.

Bu məqsədlərin yerinə yetirilməsi üçün Hərbi Mərkəzin sərəncamında Azdiviziyanın iki altıncı alayı, Azdiviziyanın artilleriya alayı, istehkamçı bölüyü, rabitə batalyonu və Azdiviziyanın süvari eskadronu var idi. Əgər say tərkibi mənasında hər şey, az və ya çox dərəcədə, yaxşı idisə sosial və milli tərkib mənasında heç də hər şey yaxşı deyildi. Demək lazımdır ki, Azdiviziyanın 3-cü Bakı alayının 50 %-dən çoxu ruslardan və 60-70 %-dən də çoxu fəhlələrdən ibarət idi. Diviziyanın başqa hissələrində də həmçinin, fəhlələrin və qeyri-türk milliyyətli əsgərlərin faizi çox idi. Buna görə də rus əsilli qızıl ordu əsgərlərinin azaldılması hesabına diviziyanın türk heyətini artırmaq ən vacib məsələ hesab olunurdu.

Azərbaycan diviziyasının əsgər heyətinin hazırlanması üçün xüsusi işin aparılması tələb olunmurdu. Çünki əsas istinad qızıl ordu əsgəri - türkün təbiətinə, onun böyük rəisə sonsuz etibarına edilirdi.

Buna görə də, mənə tapşırılmış olan, komandir kadrlarının seçilməsi məsələsi əsas kimi qarşıda dururdu. Bu məsələni həll etmək mümkün oldu.

Artilleriya alayının başında keçmiş Müsavat və çar orduları zabiti Novruzov dururdu; alayın qərargahının rəisi də həmçinin Müsavat və çar ordularının keçmiş zabiti olan Şahtaxtinski və nəhayət alay komandirinin köməkçi keçmiş zabit Dagirov idi.

Digər alaylarda da dördüncü Azərbaycan alayının komandiri keçmiş Müsavat zabiti İsmayılov, birinci atıcı alayın qərargah rəisi Mirzəyev, süvari eskadronunun komandiri Abdullabəyov kimi etibarlı şəxslər var idi.

Bu məsələdən başqa əhalidə silahın toplanması və əhalinin özünün üsyana hazırlaşdırılması məsələsi də qaldırılırdı.

Sual: Hərbi Mərkəz bu məsələni həll etməyi necə bacardı?

Cavab: Hərbi Mərkəz bu məsələnin öhdəsindən belə bir şəkildə gəldi.

Demək lazımdır ki, Azərbaycanda silahın olmadığı ev yox idi. Bu silah 1917-1920-ci illər dövründən qalmışdı və bu silah əhaliyə öz mülkiyyətini quldurlardan qorumaq üçün lazımdır bəhanəsi ilə 1930-cu ilə qədər əhalidən yığılmamışdı. Ondan başqa Osoaviaxim təşkilatının hesabına silahın yeni toplanması həyata keçirilirdi. Bu iş Qarayevin Osoaviaxim təşkilatının sədri olması səbəbi ilə asanlaşmışdı.

Osoaviaxim xətti ilə və Qarayevin təşəbbüsüylə tək Bakının deyil, həm də Azərbaycan rayonlarının əhalisinin üsyana hazırlanması üzrə böyük iş aparılmışdı. Bu məqsədlə Bakı şəhərində "fəhlə təşkilatları" pərdəsi altında "fəhlə batalyonları" təşkil olunmuşdu. Bu batalyonların sayını mən dəqiq xatırlamıram, ancaq, hər halda bu rəqəm kifayət qədər böyük idi. Silahlar bu batalyonların döyüşçülərinin əlində idi. Silahın qeydiyyatı pis idi və onun böyük miqdarda oğurlanması baş verirdi.

Azərbaycanın rayonlarında silahlı dəstələrin yaradılması işi, başlıca olaraq, kütlələrin sovet hakimiyyəti əleyhinə təşviq edilməsi xətti ilə gedirdi. Türk əhalisinin aşağı mədəni səviyyəsi, həmçinin, Azərbaycan Mərkəzinin işçilərinin kolxoz quruculuğunda yaratdığı bəzi ifratçılıqlar da nəzərə alınırdı. Əhalinin silahla təmin olunması da, həmçinin, başlıca olaraq. Osoaviaxim hesabına aparılırdı. Hərbi əmlakı daşıyan əsgəri nəqliyyata hücum edilərək silah və sursatın aparıldığı hallar olurdu. Bu dəstələrin yerlərdəki say vəziyyəti haqqında mənə heç nə məlum deyil, hər halda onların da sayı həmçinin, Bakının özündəki qədər çox idi.

Sual: Sovet hakimiyyətinin devrilməsində Siz əksinqilabın ancaq daxili qüvvələrinə ümid edirdiniz?

Cavab: Azərbaycanda Sovet hakimiyyətinin devrilməsinin təşkilində Azərbaycan mili mərkəzi, öz qüvvələrindən əlavə, İran tərəfindən ediləcək köməyə də ümid edirdi.

Bu kömək ilk növbədə İran ərazisində Azərbaycan mühacirlərindən təşkil olunmuş dəstələrdən ibarət olmalı idi.

Bu dəstələrin formalaşdırılması İran hökuməti tərəfindən Kalbalı xan Naxçıvanskiyə - mənim qardaşıma həvalə edilmişdi. Demək lazımdır ki, bütün mühacirət İran hökuməti tərəfindən sərhədyanı zolaqda məskunlaşdırılırdı. Silah onlardan nəinki alınmırdı, həm də əksinə, əhalinin tam silahlandırılması üçün tədbirlər görülürdü.

Beləliklə, sərhəddə istənilən dəqiqə onu keçməyə hazır olan, daimi döyüş hazırlıqlı, olduqca böyük döyüş bacarığına malik dəstələr yerləşirdi.

Bu dəstələrin məqsədi sərhədi keçdikdən sonra müəyyən məntəqələrə yönələrək üsyançıların onların ətrafında birləşəcəyi özək rolunu oynamaq idi. Buna görə də bu mühacir dəstələri ərazi əlamətinə görə formalaşdırılırdı.

Bu köməkdən əlavə Azərbaycan Milli Mərkəzi İran hökuməti ilə lazım gəldikdə nizami qoşunlarla da yardımın edilməsi barədə danışıqlar aparırdı. Ancaq bu danışıqlar mənim xəbərim olmadan aparılırdı.

Sual: İranla konkret olaraq kimin vasitəsilə əlaqə saxlanılırdı?

Cavab: İran hökumətinə meyllənmənin mövcudluğu mənə Firuz bəy Ordubadskidən məlum idi. Danışıqları konkret olaraq kimin apardığı mənə məlum deyil. Mən şəxsən ancaq Kalbalı xanla əlaqə saxlayırdım. Bu əlaqə xidməti işlərinə görə tez-tez İrana gedən Azərpambığın keçmiş sədri Hacıyev vasitəsilə saxlanılırdı. Əlaqə hücum olacağı halda birgə fəaliyyətin işlənib hazırlanması üçün lazım idi. Kalbalı xan, mən yuxarıda göstərdiyim kimi, Azərbaycan mühacirləri arasında çox tanınmışdı və onlardan müharibə vaxtı Azərbaycan ərazisinə ötürülməli olacaq dəstələr formalaşdırmalı idi. Bu dəstələr ətrafında üsyançıların qruplaşa biləcəkləri özək olmalı idilər.

Sual: İstintaqa məlumdur ki, Azərbaycan Milli Mərkəzi Azərbaycanın bir sıra rayonlarında silahlı antisovet çıxışları hazırlayaraq həyata keçirmişdir. Bu məsələ haqqında Sizə məlum olanların hamısını danışmanızı tələb edirik.

Cavab: Mən yuxarıda göstərdiyim kimi, AMM Azərbaycanın rayonlarında üsyanların hazırlanması üzrə olduqca böyük iş aparırdı. Hazırlıq əhalidə olan gizlədilmiş silahın onlardan alınmaması, rayonların Osoavixim silahları ilə təmin edilməsindən ibarət idi. Həmçinin, quldurların geniş şəkildə amnistiya edilməsi (leqal vəziyyətə keçirilməsi) işi də aparılırdı, hərçənd, bu tədbir özünü doğrultmadı. Bir qayda olaraq, fürsət düşən kimi amnistiya olunmuş quldurlar yenidən silaha əl atırdılar. Silahlı üsyanın, mən göstərdiyim kimi, qərbdə və ya şərqdə aparılacaq müharibə dövründə başlanması düşünülürdü. Ancaq müharibənin başlanması uzadıldığından AMM 1930-u ilin əvvəlində silahlı üsyana başlamağı qərara aldı.

Üsyanın yatırdılması üçün rus qoşunlarının Bakıdan çıxardıldığı halda Bakının özündə də üsyana başlamaq üçün üsyana daha ucqar rayonlardan başlamaq qərara alınmışdı.

Bu üsyanlar kifayət qədər nizamlı şəkildə deyil, böyük fasilələrlə başlamışdı ki, buna görə də tez bir zamanda yatırdıldı. Silahlı üsyanlar Naxçıvanda, Qarabağda, Zaqatalada, Nuxada və Ağdaşda baş verirdi. Şəxsən mən bu üsyanlara rəhbərlikdə iştirak etmirdim.

Sual: Azərbaycan Milli Mərkəzinin iştirakçısı kimi özünüzün sonrakı cinayətkar fəaliyyətiniz haqqında danışın.

Cavab: Azərbaycanın yuxarıda göstərilən rayonlarındakı uğursuz silahlı çıxışlardan sonra bizim fəaliyyətimiz XDSİ orqanları tərəfindən aşkar edildi və AMM-nin iştirakçılarının çoxu, mən də həmçinin həbs olundu. Bir neçə aylıq həbsdən sonra mən azad edildim, orduya bərpa olundum və 1931-ci ildə Moskvaya Frunze adına Akademiyaya təhsil almaq üçün yola düşdüm. Bu andan başlayaraq mənim bütün antisovet fəaliyyətim dayandı. Çünki mən Moskvada yaşayırdım və Azərbaycan Milli Mərkəzinin iştirakçıları ilə heç bir əlaqə saxlamırdım.

Sual: Yalandır! Siz bütün dövr ərzində Qarayevlə əlaqə saxlayır və antisovet fəaliyyəti aparmaqda davam edirdiniz.

Cavab: Bəli, həqiqətən mən Qarayevlə əlaqə saxlayırdım. Mənim onunla tamamilə təsadüfi xarakterli bir neçə görüşüm olub. Ancaq hər hansı bir antisovet fəaliyyəti aparmamışam. Bunu mən qətiyyətlə inkar edirəm.

Sual: Naxçıvanski, Sizə təklif edirik ki, öz fəlsəfi mühakimələrinizi qurtarasınız. 1931-ci ildən həbs gününə qədər Sizin Moskvadakı fəaliyyətiniz bizə yaxşı məlumdur. Özünüzün 1931-ci ildən indiyədək olan dövrdə antisovet fəaliyyətinizə dair ifadələrinizə başlayın.

Cavab: Həbsdən azad edildikdən və Moskvaya gəldikdən sonra mən 1931-ci ildə yenidən öz əksinqilabi fəaliyyətimə başladım. Məni bu işə 1930-cu ildən Moskvada işləyən AK(b)RMK-nin keçmiş katibi Əliheydər Qarayev cəlb etmişdi

Əliheydər Qarayevlə mənim görüşüm 1931-ci ilin qışında, biz Azdiviziyanın siyasi bölməsinin keçmiş rəisi Ələkbərovun dəfnində görüşdükdə onun məni dəvət etdiyi mənzilində baş verdi.

Söhbətin təfərrüatları yadımda deyil, ancaq onlar onun məni öz əksinqilabi fəaliyyətimi davam etdirməyim üçün dilə tutmağından ibarət idi. Qarayev göstərirdi ki, hal-hazırda mövcud olan Azərbaycan Milli Mərkəzi, 1930-cu ildə dağıdılmışla müqayisə edilməyəcək dərəcədə, güclü təşkilatdır və bu təşkilatın nəzərdə tutduğu iş etibarlıdır. Bu haqda təşkilata daxil olan şəxslərə əsasən fikir yürütmək olar.

 

 

Şəmistan Nəzirli

 

(ardı var)

 

Ədalət.-2013.-17 yanvar.-S.5.