Şərəfli vəzifənin şərəfli
təmsilçisi
O həm də mehriban ata, gözəl
dost idi
İlham Abbasov,
hüquq üzrə fəlsəfə
doktoru
Baş ədliyyə
müşaviri
Yazının
sərlöhvəsini seçməyim təsadüfi deyil. Bu
göstərdiyim məziyyətlərin hamısı Tələt
Babakişi oğlu Qənbərovda vardı.
Mənim
Tələt Qənbərovla şəxsi
tanışlığım 1975-ci ilin oktyabr ayının son
günlərinə təsadüf edirdi.
Tale
belə gətirdi ki, 1975-ci ilin oktyabrın axırlarında mən
Puşkin rayon (indiki Biləsuvar rayonu-İ.A.) prokuroru vəzifəsinə
təyinat aldım. Yeni iş yerinə getmək
üçün Mingəçevir-Bakı avtobusuna bilet
aldım, Əlibayramlı dairəsində (indiki Şirvan
şəhəri-İ.A.) avtobusdan düşüb, təsadüfü
yol maşını ilə yeni iş yerimə-Puşkin şəhərinə
çatdım. Axtarıb rayon prokurorluğunun binasını
tapdım. Burada aydın oldu ki, prokurorluqda məni rayonun
keçmiş prokuroru Çingiz Qədirov və qonşu Cəlilabad
rayon prokuroru Tələt Qənbərov isə respublika
prokurorluğunun nümayəndəsi kimi təhvil-təslimdə
iştirak etmək üçün gözləyirlər. Mən
o zamana kimi, hər iki şəxsi şəxsən
tanımırdım. Çingiz Qədirov mənə dedi ki,
ay yoldaş prokuror, hardasan, səhərdən səni gözləyirik?
Cavab verdim ki, Mingəçevir-Bakı avtobusu ilə gəlib,
Əlibayramlı dairəsinə düşüb, yol
maşını ilə gəlmişəm və ona görə
də gec gəldim. İnsafən onların heç biri də
əlavə söz demədilər.
Həmin
vaxta qədər yeni təyin olunmuş prokurorların təhvil-təslimində
yaxın rayonların təcrübəli prokurorlarından biri
respublika prokurorluğunun nümayəndəsi kimi iştirak
edirdi. Lakin mərhum Abbas Zamanov respublika prokuroru təyin
edildikdən sonra bu sahədə də vəziyyət tamam dəyişdi.
Belə ki, bundan sonra keçmiş SSRİ Baş prokurorunun
bu haqdakı əmrinin tələbinə müvafiq olaraq,
rayona yeni prokuror təyin olunarkən işlərin təhvil-təslimində
hökmən respublika prokurorluğunun Mərkəzi
Aparatının məsul işçiləri iştirak edirdi.
Rayonun
sabiq prokuroru təhvil-təslim sənədlərini əvvəlcədən
hazırladığına görə təhvil-təslim
prosesi təxmini yarım saat çəkdi. Burada aydın oldu
ki, Çingiz Qədirov bütün ev əşyalarını
artıq yük maşını ilə yeni təyin
olunduğu Qutqaşın (indiki Qəbələ-İ.A.)
rayonuna göndərib, onu və ailə üzvlərini aparmaq
üçün minik maşını isə hazırdır.
Ona görə də təhvil-təslimdən dərhal sonra
Çingiz Qədirov məni bir daha təbrik edib, ailə
üzvləri ilə birlikdə rayonu tərk etdi.
Bundan
sonra Tələt Qənbərovda məni təbrik etdi və mənə
oturmağı təklif etdi və dedi:
- Sənə
bir neçə məsləhətim var.
Mən stol arxasından durub onunla
qarşı-qarşıya oturdum.
Həmin
vaxt Tələt Qənbərov təcrübəli bir
prokurorluq işçisi kimi, mənə dəyərli məsləhətlər,
o cümlədən rayon partiya komitəsi ilə, Dövlət
Təhlükəsizlik Komitəsinin rayon şöbəsi ilə,
milis orqanları ilə (indiki polis orqanları-İ.A.) və
digər orqanlarla münasibətlərimizi qurmaq haqqında məsləhətlər
verdi. Tələt Qənbərov təxminən
orada mənimlə bir saat söhbət apardı və sonra
xudahafisləşib işlədiyi Cəlilabad rayonuna
qayıtdı. Mən hörmət naminə,
onu günorta yeməyinə dəvət etdim. Lakin o dedi:
- Yox,
başqa vaxt oturarıq. Biz hələ çox
görüşəcəyik. Nə çətinliyin
olsa istənilən vaxt bizə gələ bilərsən.
Tələt müəllim onu da əlavə etdi ki,
buradan Cəlilabada yarım saatlıq yoldur. O, bundan sonra xudahafisləşib
işlədiyi rayona qayıtdı.
Açığın deyim ki, həmin vaxt mən
heç prokuror köməkçisi də işləməmişdim. Axrıncı
vəzifəm mənim Mingəçevir şəhər
prokurorluğunun baş müstəntiqi olmuşdu. Ona görə də təbii ki, prokuror işini kifayət
qədər bilmirdim. Bu səbəbdən
çətinə düşəndə Cəlilabada gedir, Tələt
müəllimdən məsləhət alırdım. Tələt müəllim belə hallarda həmişə
mənə dayaq olmuş, dəyərli məsləhətlər
vermişdir. İş vaxtının axırı
olanda Tələt müəllim həmişə
qonaqlığa dəvət edir, belə hallarda
qonaqlıqsız mənim rayona qayıtmağıma imkan
vermirdi. Belə qonaqlıqlarda rayon Daxili
İşlər Şöbəsinin rəisi, rayon məhkəməsinin
sədri, Dövlət Təhlükəsizliyi Komitəsinin
rayon şöbəsinin rəisi və digər şəxslər
də iştirak edirdilər.
Həmin dövrlərdə Lənkəran rayon prokuroru vəzifəsində
işləmiş Ələddin Sultanovun da köməyini qeyd
etməmək mənim tərəfimdən bir ədalətsizlik
olardı. Ələddin Sultanov da çox savadlı, təcrübəli,
peşəkar, alicənab prokurorluq işçisi olmaqla, mənə
yaxından köməklik edirdi. Onu da qeyd
edim ki, Ələddin Sultanov sonralar Bakı şəhərinin
Lenin rayon (indiki Sabunçu rayon-İ. A.) prokuroru,
Bakı şəhər prokurorunun birinci müavini, Bakı
şəhər prokuroru əvəzi, Naxçıvan Muxtar
Respublikasının prokuroru, keçmiş Azərbaycan SSR
Baş prokurorunun birinci müavini, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin hakimi vəzifələrində
işləmiş, III dərəcəli dövlət ədliyyə
müşaviri olmuş, hazırda təqaüddədir. Allah ona da möhkəm cansağlığı və
xeyirli ömür versin.
Qısaca onu deyə bilərəm ki, mənim bir
prokurorluq işçisi kimi formalaşmağımda hər iki
şəxsin böyük rolu olmuşdur.
Həmin vaxtlar mən subay idim və hər
görüşdə Tələt müəllim mənə
tövsiyə edirdi ki, ailə qurmağı sürətləndirim. Elə də
oldu. Təxminən il yarımdan sonra
mən ailə həyatı qurdum.
Həftənin beşinci günü, axşam saatları
olardı ki, Tələt müəllim mənə zəng
vurdu. Məndən
soruşdu ki, sabah evdəsinizmi? Dedim bəli,
evdəyik.
Tələt
müəllim dedi ki, sabah ailə üzvlərimlə
Bakıya gedəcəm, yolüstü sizə baş çəkib,
təbrik etmək fikrimiz var.
Səhəri
həftənin altıncı günü-iş günü
deyildi. Mən evdə idim. Bu
zaman həyət qapısının zəngi
çalındı, qapını mən açdım,
gördüm ki, Tələt müəllim, həyat
yoldaşı, uşaqları ilə gəliblər. Ona qədər isə mənim həyat
yoldaşım qonaqları qarşılamaq üçün
bütün tədarükü görmüşdü. Mən qonaqları evə dəvət etdim. Qonaqlar evə yenicə daxil olmuşdular ki,
prokurorluğun sürücüsü əlində bir qazan həyətə
daxil oldu. Soruşdum bu nədir?
Sürücü cavab verdi ki, bu prokurorun
payıdır. Mən elə qazanı yenicə
alıb evə qoymuşdum ki, sürücü bir qazan da gətirdi.
Sürücü dedi ki, bu qazandakı yarpaq dolmasıdır. Mən elə onuda alıb evə qoymuşdum ki,
sürücü bir də küçəyə gedib əlavə
bir qazanla gəldi. Soruşdum bəs bu nədir?
Sürücü cavabında dedi ki, bu da balıq
kababıdır. Mən qazanı mətbəxə qoyub,
sürücünü də evə dəvət etdim və Tələt
müəllimə dedim:
- Tələt
müəllim, siz də, həyat yoldaşınız da
böyük zəhmət çəkmisiniz. Mənim
həyat yoldaşım qonaqları qarşılamaq
üçün bütün tədarükü görüb,
plov da bişirib. Lakin siz
xanımınıza əziyyət verib bu qədər yeməyi
bişirtdirmisiniz. Çox böyük zəhmət
çəkmisiniz.
Tələt
müəllim dedi:
- Bilirsən,
siz təzə ailəsiniz. Hesab etdik ki, yeni ailə
qurmusunuz, birdən hazırlığınız olmaz, pərt
olarsınız. Amma görürəm heç
xanımınız da bekar qalmayıb, qonaq qarşılamaq
üçün bütün tədarükü görüb.
Buna görə xanımınıza da təşəkkür
edirəm.
Tələt müəllim ailə üzvləri ilə
birlikdə evimizdə, təxminən, bir saata yaxın oturdu,
o, bizi yeni ailə həyatı qurmağımız münasibəti
ilə təbrik etdi, bir sözlə məclisimiz çox
xoş keçdi.
Bundan sonra Tələt müəllim ailə üzvləri
ilə birlikdə Bakıya doğru istiqamət
götürdülər.
Qonaqlar gedəndən sonra həyat yoldaşımla vəziyyəti
müzakirə edərək Tələt müəllimin, onun həyat
yoldaşının alicənablığını xüsusi
qeyd etdik.
Bundan sonra da dəfələrlə Cəlilabadda Tələt
müəllimin ailəvi qonağı olmuşuq. Hər dəfə
Tələt müəllim və ailə üzvləri bizi
çox mehribanlıqla qarşılayırdılar.
Yaxşı yadımdadır. 1978-ci ilin iyul
ayının 19-u idi. Şənbə
günü olduğundan növbəti dəfə məsləhət
almaq üçün Lənkəran şəhərinə
getmişdim. Prokurorluqda Tələt müəllimdən
müəyyən məsləhətləri aldım, bundan
sonra Tələt müəllimlə xudahafisləşib
işlədiyim rayona qayıtmıq istəyirdim. Lakin o,
razılaşmadı, dedi ki, sən həm də mənim
qonağımsan, gedək dənizin qırağında
yaxşı bir yer var, orada sənə qonaqlıq verəcəm.
Elə də oldu. Biz Lənkəran şəhərinin
girəcəyinə az qalmış dəniz
qırağındakı restorana gəldik. Oranın
müdiri gərək ki, Aydın adlı bir şəxs idi.
Gözəl də balıq kababı verirdilər.
Tələt müəllim bilirdi ki, mən ilk
övladımın anadan olmasını gözləyirdim. Tələt
müəllim növbəti sağlığı mənim gələcək
övladımın dünyaya gələcəyi münasibəti
ilə məni əvvəlcədən, avans olaraq, təbrik
etdi. Səhəri telefonla mənə məlumat
verdilər ki, ilk qız övladım dünyaya gəlib.
Ən ağır günlərimdə Tələt müəllim
mənə həmişə mənəvi dayaq olub. Həmin
vaxtlar respublika prokuroru dəyişdirilmişdi. Yeni təyin olunmuş prokurorların fəaliyyətini
yoxlayıb, respublika prokurorluğunun kollegiya iclasında
müzakirə edərək, çox hallarda həmin
prokurorları vəzifədən çıxarırdılar.
Mənim də ilk on bir aylıq fəaliyyətimi
yoxladılar, nəticəsini respublika prokurorluğunun kollegiya
iclasında müzakirə etdilər. Lakin
həmin vaxt prokurorluğun fəaliyyətində müsbətə
doğru xeyli dönüş olmasını nəzərə
alaraq məni vəzifədə saxladılar. Həmin ağır vaxtlarda da Tələt müəllim
məni yaddan çıxartmır, mənə bir növ mənəvi
dayaq olurdu.
Tələt müəllimin prokurorluq orqanlarında
böyük nüfuzu vardı. O, 1971-1976-cı illərdə Cəlilabad
rayon prokuroru, 1976-1987-ci illərdə Lənkəran,
1987-1992-ci illərdə Göyçay rayon prokuroru, sonra isə
1995-ci ilədək Baş Prokurorluqda şöbə prokuroru vəzifələrində
işləmiş, Azərbaycan Respublikasının Əməkdar
hüquqşünası fəxri adına
layiq görülmüşdü. O, incəsənətə qəlbən
bağlı idi. Rayona gələn aktyor
truppasını hörmətlə qarşılayar, onlarla
maraqlı vaxt keçirər, tamaşalarını
heyranlıqla seyr edərdi. Rayonda
çalışdığı illərdə onun həyat və
fəaliyyətindən bəhs edən "Prokuror" pyesi Lənkəran
Dövlət Dram Teatrının səhnəsində
tamaşaya qoyulmuşdu və uzun müddət teatrın
repertuarından düşməmişdir.
Tələt
müəllimi, o mənada, varlı adam
hesab etmək olar ki, onun gözəl, savadlı, özünə
layiq dörd övladı vardır.
Allah Tələt müəllimə qəni-qəni rəhmət
eləsin.
Ədalət.-2013.-17
yanvar.-S.6.