Bu dünya kimin dünyası və yaxud
Abdurrahim Karakoçu
anarkən
Gözəlim
Türk dünyasının inam, iman və savaş şairi
Abdurrahim Karakoçu Ankarada ünlü şair Nəcib Fazil
Qısakürəyin xatirəsinə həsr edilmiş
şeir günlərində canlı olaraq
görmüşdüm. Bu, unudulmaz bir ziyarət, tale qisməti
idi. Unudulmaz "Mehriban" şeirinin müəllifi olan
Abdurrahim Karakoçun tam bir əxlaq mücəssiməsi
olmasının fərqindəydim. Bilirdim ki, dolduğu,
doyduğu kitab Qurandı, onu özgə səmtdə, özgə
diyarda aramaq günahdır. O gündən bu günə Abdurrahim
Karakoça, onun sənətkar, ustad böyüklüyünə
könlümün-gözümün sönməz
marağı heç sozalmadı, şeirlərini yenidən
oxudum, ruhuna, düşüncələrinə sarındım.
Aradan
illər keçdi...
Samsun
Böyük şəhər Bələdiyyəsinin təşkilatçılığı
ilə 2012-ci ilin payızında keçirilən şair
şölənində bu görkəmli söz
ustalarının qardaşı, ünlü şair Bahaettin
Karakoçla tanış oldum. Bilirdim ki, o, son peyğəmbərin
ümmətlərindən biri olmasının, müsəlman
doğulmasının, insan olaraq işıqlı dünyaya
göz açmasının şükranlığını
yaşayanlardandı.
Həmin
o gözəl şölənində mən yenicə
işıq üzü görmüş şeir kitabımı
yenicə tanış olduğumuz qələm dostlarıma
avtoqrafla hədiyyə edirdim. Nə qədər istəsəm
də həmin kitabdan birini ustad Bahaettin bəyə təqdim
etməyə özümdə güc tapmadım. Tam mənada
utandım. Düşündüm ki, maraq etməz. Heç
diqqət yetirmədiyinin də fərqindəydim. Ona görə
də sonuncu kitab nüsxəsini də hansısa bir qələm
dostuma hədiyyə etdim.
Sonra,
lap ayrılıq məqamında Bahaettin bəy çox xəfif
bir simsarlıqla "heç mənə kitab da hədiyyə
etmədiniz" deyə anlatdı. Bərk müəttəssir
oldum. Sən demə, heç də etinasız deyilmiş mənim
o əl boyda şeir kitabıma, sadəcə, əxlaqi, mənəvi
özəlliyi qabağa durub "mənə də bir kitab
yaz" deməyə yol verməyibmiş. Qəlbimə qəribə,
xoş bir rahatlıq duyğusu yayıldı ki, Bahaettin bəy
kitabıma qarşı heç bir sayğısızlıq
göstərməyibmiş. Məyusluğum onda idi ki, daha əlimdə
heç bir kitabım qalmamışdı. Odur ki, söz verməli
oldum: "Azərbaycana dönən kimi mütləq
ünvanınıza poçtla kitab göndərəcəyəm".
Elə
də etdim. "Yuxunu sulara söylə" adlı şeir
kitabımı ən səmimi ürək sözlərimlə
bərabər onun ünvanına göndərdim.
İndinin
özündə də heç unuda bilmirəm. Şeir
şöləni başa çatmışdı.
Ayrılığın zamanı idi. Bahaettin bəylə eyni
uçaqda İstanbula dönməliydik. Ancaq salondakı
yerimiz arasında məsafə vardı. Ustad bu
müşkülü yoluna qoydu. Uçaqda yanaşı əyləşdik.
Sözümüzün-söhbətimizin hər məqamından
ortaq türk ədəbiyyatının ən çeşidli
mövzuları keçdi.
Növbəti
hava limanında yollarımız ayrılırdı.
Sağollaşdıq. Bahaettin bəy yol çamadanını
almaq üçün hava limanının aşağı
qatına yön aldı. Mən böyük bir sayğı,
ehtiram hissilə bu imanlı, mömin, mötəbər
insanın arxasınca baxırdım. Necə oldusa o geri
çevrildi, əliylə mənə yuxarı qata
çıxmalı olduğumu bir daha işarə etdi.
İndi
Bakıdakı iş otağımda Bahaettin Karakoçun mənə
xatirə olaraq bağışladığı şeir
kitabını o gözəl poeziya şöləninin
şirin, unudulmaz anları kimi vərəqləyirəm. Eyni
zamanda şair qardaşı, unudulmaz Abdurrahim Karakoçun barəsində
yazılmış xatirə yarpaqlarını bir araya gətirmiş
nəfis toplunu. Bu toplunu Bahaettin bəy Samsuna hansısa
yaxın bir qələm dostunun xahişilə
aparmışdı. Kiməsə verəcəkdi. Mən istədim.
O, israr etmədi, sözünü tutdu.
Belə
olmasaydı heç məni indi bu əmin-arxayınlıqla
ustad Badurrəhim Karakoçun şeirlərini yenidən oxumaq
şansı əldə edə bilməzdim, haqqında
yazılanlardan xəbərsiz qalardım.
İndi
Abdurrahim Karakoçun misralarını daha çox öz ruhi
yaşantım, duyğularımın ifadəsi olaraq
köçürürəm ağ vərəqə:
Yar
deyincə qələm əldən düşüyor,
Gözlərim
görmüyor, aklım şaşıyor.
Lambada
titreyen alev üşüyor,
Aşq
kağıza yazılmıyor, Mehriban...
Qələm
dostu Mehmet Özdemir düz yazır: "Bu misraları oxuyan
hansı könül titrəməz ki!"
Həyatının
bütün dönəmlərində ən böyük qayəsi
ən doğruya varmaq olmuşdu Abdurrahim Karakoçun. Tək
sərmayəsi olaraq düşüncələrini
tutmuşdu. Əvvəldən axırı, sonu bilirdi.
Dünyanın hər üzü bəlliydi ona:
Həyat
qapısından tək-tək
Hər
giriş əcələ doğru.
Torpaqda
sürüşür bəbək
Hər
qarış əcələ doğru.
Bu
axirət qaçılmazlığının nədənliyinə
vaqif olması səbəbindən idi ki, Abdurrahim Karakoç
daha çox səbir, düşüncə hücrəsinin
iç qatına çəkilərək yaşadı. İçinə
çəkilmiş dəniz misallı bir ömür
yaşadı. Ən ünlü poeziya salonlarının ən
görümlü kürsülərindən şeir
hayqırmaq haqqı ötədən-ötə olsa da belə
bir yana çəkilib kirimişcə bəkləyə bildi. Əvəzindən
ruhunun dilmancı olan şeirlər danışdı. Əvəzindən
dənizlər dalğasıyla, ağaclar yarpaq
ötümüylə, quşlar quş diliylə, qayalar qaya sərtliyiylə
bir-birinə çatdırdılar, yetirdilər Abdurrahim
Karakoçu... Çiçəklər onu danışdı,
kəpənəklər, arılar onu götürdü. O səbəbdən
də Abdurrahim Karakoçun qəlbi, ruhu danışmağa,
götürülməyə layiq bir qəlb, ruh idi. Bunsuz milləti
mücadilə savaşına, haqq yolçuluğuna, din, iman
ocağına aparmaq olmaz ki! Gərək Abdurrahim Karakoç əfəndimizin
vəsiyyət olaraq yazıb nəsillərə ərməğan
etdiyi sözlərin nəsihətini ala biləsən ki:
İstər
yürü, istər bəklə,
İstər
çıkar, istər əklə...
"Gec
kaldım" - deyə qəm çəkmə,
Hər
varış əcələ doğru...
Heyranlarından
biri olan Sərdar Arseven üçün Abdurrahim Karakoç
"Acılarımı kıvama gətirən bir ruh"
kimiydi, acılarını sevən bir adamıydı.
Sərdar
bəy həm "Ruh", həm də "Adam" sözlərini
tam geniş anlamıyla böyük hərflərlə
yazır. Nədənliyini bilərək yazır.
Elə
o cür də qəbul edilir, anılır Abdurrahim
Karakoç! Onun ruhi böyüklüyünü,
düşüncə azadlığını bundan özgə
necə ifadə etmək, dilə gətirmək olar?
Kor
dünyanın göbəyinə,
Haqq
yol İslam yhazacağıq.
Quşların
göz bəbəyinə
Haqq
yol İlsan yazacağıq -
düşüncəsi,
qabasıyla yazıb-yaradan, ömür başa vuran bir
insanın insanlığını böyük hərflərlə
işarə etməyib də necə yazmalıyıq ki?!
Hərdən
xəyallanır, düşünür-daşınıram:
doğrudanmı bu üsyankar, heç bir qoruq-qadağa
çərçivəsi tanımayan misraların müəllifi
mənim illər öncəsi Ankarada Nəcib Fazil
Qısakürək poeziya şölənindən
görüb-tanıdığım həmin o sakit, kirimiş,
dünyanın gedişatını sakit, dinc bir ruhi
rahatlıqla qarşılaya bilən, reaksiya verən Abdurrahim
Karakoç əfəndimizdi?
Bəlkə
səhv salıram, yanılıram.
Amma
yox, dost-doğma qardaşı, ustad şairimiz Bahaettin
Karakoç da öylə bir iman adamı, sənət
sevdalısı deyilmi? Bu gözəl hal gendən, milli kimlikdən
gəlmirmi?! "Alıc ağacağı kimi sərt və
sadə" deyimli hər biri. Bir işıq, nur yumağı
deyillərmi? Sevdikləri həqiqətlərin Yusifi olaraq da
qalmayıbdı hər biri?
Hərdən
bu dünyanın gedişatını Bahaettin Karakoç əfəndimizin
misralarıyla fəhm edirəm:
Karvan
keçib getmiş, konalca örən,
Toplanan
dağılmış və bitmiş törən...
Hərdən
də Abdurrahim Karakoçun yazdıqlarıyla baş-başa
haqq-hesab aparmağım olur:
Torpaq
basar qucağına,
Günəş
çəkər sınağına.
Atar
dərdin ocağına,
Bu
dünya kimin dünyası?
Gülayə
Ədalət.-2013.-17 yanvar.-S.6.