GENERAL CƏMŞİD XAN
NAXÇIVANSKİ
(Sonuncu Kəngərli generalı)
Şəmistan Nəzirli
(əvvəli
ötən saylarımızda)
Sual: Azərbaycan
milliyyətçi təşkilatının
iştirakçıları olan şəxslərdən kimin
adını Qarayev Sizə dedi?
Cavab:
Qarayev mənə bu soyadlarını dedi: Ruhulla Axundovun, Mirzə
Davud Hüseynovun, Qəzənfər Musabəyovun, Hüseyn Rəhmanovun,
Dadaş Bünyadzadənin, Həmid Sultanovun, Həbib Cəbiyevin,
Axundzadənin, Əfəndiyevin, Talıblının və d.
Mən ona öz razılığımı verdim və
bununla da bizim söhbətimiz sona yetdi. Demək lazımdır ki,
o, soyadlarının çoxunu mən onunla işləməyə
öz razılığımı verdikdən sona mənə
dedi.
Sual: Sizin
milliyyətçi təşkilatınız hansı əksinqilabi
qruplarla blok yaratmışdı?
Cavab:
1931-ci ildə Qarayevdən mənə məlum oldu ki, Azərbaycan
Milli Mərkəzi sağtrotskiçi mərkəzlə əlaqədədir.
Sual: Azərbaycan
Milli Mərkəzinin sağtrotskiçi mərkəzlə əlaqəsi
nədən ibarət idi?
Cavab: Azərbaycan
Milli Mərkəzinin sağtrotskiçi mərkəzlə əlaqəsi
haqqında məni məlumatlandırdıqda Qarayev göstərdi
ki, danışıqlar sağtrotskiçi mərkəzin
nümayəndələri Buxarin və Rıkovla o - Qarayev,
Ruhulla Axundov və Mirzə Davud Hüseynov tərəfindən
aparılırdı. Bu danışıqlar zamanı birgə
iş haqqında razılaşmaya nail olundu. Bu birgə iş
partiya və hökumətlə birgə mübarizədən,
həmçinin, Azərbaycan Sovet İttifaqından
ayrılmasına razılıq verilməsindən ibarət
olmalı idi. AMM-in partiya və hökumətlə
birgə mübarizə üzrə işdəki rolu,
başlıca olaraq, xalq təsərrüfatının
bütün sahələrində (başlıca olaraq, neft təsərrüfatında)
ziyankarlığın təşkilindən və Azərbaycanda
üsyanın hazırlanmasından ibarət olmalı idi.
Bu mərkəzlər arasında daimi əlaqəni
1930-cu ildən daimi olaraq Moskvada yaşayan Qarayev həyat
keçirirdi.
Sual:
Onunla görüşdükdə Qarayev Sizi daha nə
haqqında məlumatlandırdı?
Cavab: Elə
bu söhbət əsnasında Qarayev məni Azərbaycan Milli
Mərkəzinin Azərbaycandakı sovet hakimiyyətinin devrilməsindən,
burjua-demokratik quruluşun bərqərar edilməsindən və
Azərbaycanın Sovet İttifaqından ayrılmasından
ibarət olan proqrammı haqqında məlumatlandırdı. Bu məqsədin, həmsərhəd dövlətlərdən
biri ilə aparılacaq müharibə ilə eyni vaxtda
başlayacaq silahlı üsyanın köməyi ilə həyata
keçirilməsi düşünülürdü. Həm də təkcə Azərbaycanda təcrid
edilmiş halda deyil, Gürcüstan və Ermənistanla birlikdə,
çıxışların olması
düşünülürdü. Demək lazımdır
ki, o dövrdə (1931-ci il) bu
razılığa tam şəkildə gəlinməmişdi.
Sual: Azərbaycan
Milli Mərkəzinin Gürcüstan və Ermənistanın
milliyyətçi təşkilatları ilə
razılaşması nə vaxt və məhz kimin vasitəsi
ilə həyata keçirilmişdir?
Cavab: Bu
danışıqların başlanması 1931-ci ilə təsadüf
edir.
Silahlı
üsyanın təşkili üçün AMM Azərbaycan
diviziyasının, həmçinin, arasında müvafiq
iş aparılan yerli əhalinin qüvvələrinə malik
idi. Qarayevin sözlərinə görə Ermənistan və
Gürcüstanda da, həmçinin, orduda böyük iş
aparılırdı və Qarayev deyirdi ki, bu respublikalardakı
milli diviziyalar silahlı üsyanın təşkili zamanı əsas
aparıcı qüvvə olacaqlar.
Bu respublikalarda tam istinad yerli əhalinin silahlı
çıxışlarına edilirdi. Gürcüstan və
Ermənistanda milli mərkəzlərə Eliava,
Oraxelaşvili, Ter-Qabrielyan rəhbərlik edirdilər.
Yerli əhali
arasında aparılan iş sovet hakimiyyəti əleyhinə
müvafiq təşviqatdan, kəndin ən nüfuzlu şəxslərinin,
rayon komitələri katiblərinin və rayon icra komitələri
sədrlərinin cəlb edilməmələrində ibarət
idi. Əhalinin əllərində çoxlu
sayda silahın saxlanılması və orduya
çağırılmamalı olan şəxslərin
(qolçomaq uşaqlarının və s.) böyük
faizinin ordu Osoaviaxim vasitəsilə hərbi təlim
almasını da bu işə aid etmək lazımdır.
Sual: Azərbaycan
Milli Mərkəzindəki rolunuz barədə
danışın.
Cavab: Ya
1932-ci ilin sonunda, ya da 1933-cü ilin əvvəlində,
Qarayevin mənzilində, Azərbaycan Milli Mərkəzində
mənim işimin konkret olaraq nə ilə ifadə olunduğu
izah etdiyi söhbətimiz oldu.
Bu
söhbətdə Qarayev göstərdi ki, AMM Buxarin vasitəsi
ilə Hərbi Mərkəzlə əlaqə yaratdı və
Azərbaycan Milli Mərkəzinin nümayəndələri
(Qarayev, Axundov, Hüseynov) o mərkəzin nümayəndələri
ilə (marşal Mixail Tuxaçevski və ordu komandanı
Avqust Korkla) danışıqlar aparırdılar.
AMM-in Hərbi Mərkəzlə razılaşması Hərbi
Mərkəzin Azərbaycandakı silahlı üsyana hər vəchlə
kömək etməsindən ibarət olmalı idi. Bu konkret olaraq
silahlı üsyanın yatırdılması
üçün göndəriləcək qoşunların
gecikdirilməsi və rus hərbi hissələrinin Azərbaycandan
çıxardılması ilə ifadə olunmalı idi.
Qarayev buradaca göstərdi ki, mən Azərbaycan Milli Mərkəzinin
nümayəndəsi kimi onların və Hərbi Mərkəzin
nümayəndəsi kimi, Korkun arasında, əlaqə
saxlamalı olacağam.
Korkla saxlanılan bu əlaqə Azərbaycanda
üsyanın hazırlanmasının gedişi haqqında məlumatlandırmaqdan,
üsyanın hazırlanmasının gedişinə və əgər
bu həyata keçirilə bilərsə, üsyanın
özünə Hərbi Mərkəz tərəfindən rəhbərlik
edilməsindən ibarət olmalı idi. Bu məlumatları
mən Qarayevdən almalı və Korkun vasitəsi ilə
Tuxaçevskini məlumatlandırmalı idim.
Sual: Siz
Korkla əlaqəyə girdiniz?
Cavab: Bəli,
əlaqəyə girdim. Qarayevlə olan söhbətdən
iki həftə sonra mən Korkun yanına getdim. Bu söhbət onun Moskva hərbi dairəsinin qərargahındakı
kabinetində baş vermişdi. Kork məni olduqca
lütfkarlıqla qarşıladı və dedi ki, ona mənim
gəlişinin məqsədi Qarayevdən məlumdur.
Sual:
Korkla olan söhbətinizdən daha ətraflı
danışın və o, Sizin
qarşınızda hansı məqsədlər qoydu?
Cavab: Kork
söhbət zamanı göstərdi ki, mənim rolum əsasən
Azərbaycanda silahlı üsyana hazırlığın
gedişi haqda onu məlumatlandırmaqdan və Hərbi Mərkəz
tərəfindən üsyana hazırlığın
gedişinə rəhbərliyinin həyata keçirilməsindən
ibarət olmalıdır.
Bu əlaqənin hansı yolla həyata keçirilməli
olduğunu mən yuxarıda göstərdim.
Sonra Kork Tuxaçevski ilə onun, AMM-lə nə barədə
razılaşdıqlarını, yəni üsyanın həmsərhəd
dövlətlərdən biri ilə başlanacaq müharibə
ilə eyni vaxtda, əgər lazım gələrsə Hərbi
Mərkəzin göstərəcəyi tarixdə
başlamalı olduğunu mənə təkrar etdi.
O, həmçinin
Hərbi Mərkəzin silahlı üsyanın
ayrı-ayrı rayonlarda deyil, hər yerdə və eyni zamanda
başlaya bilməsi üçün müvafiq şəkildə
hazırlanmalı olduğu haqda direktivi də xəbər verdi.
Sual:
Sağtrotskiçi mərkəzin və Tuxaçevskinin
direktivlərinin icrasında Azərbaycan Milli Mərkəzi
hansı işi yerinə yetirmişdi?
Cavab:
1935-ci ildə elə onun öz mənzilində növbəti
görüş zamanı Qarayev Azərbaycandakı vəziyyət
barəsində məni ətraflı məlumatlandırdı.
Qarayev göstərdi ki, işlər çox gözəl
gedir, Azərbaycan Milli Mərkəzinə Musabəyov, Rəhmanov,
Ruhulla Axundov, Əfəndiyev kimi nüfuzlu şəxslərin
və digərlərinin daxil olması hesabına cəlb etmə
olduqca uğurla keçir. O, göstərdi ki, rayonların rəhbərliyinin
(rayon komitələrinin katibləri və rayon icra komitələrinin
sədrləri) əksəriyyəti cəlb ediliblər.
Elə bu
söhbətdəcə o göstərdi ki, orduda böyük
iş görülməsinə nail olunmuşdur. Azərbaycan Milli Mərkəzinə Azdiviziyanın təkcə
yüksək və orta rəis heyəti deyil, həm də bu
çox vacibdir, siyasi rəhbər heyətinin böyük
faizi də cəlb edilmişdir.
Diviziya
üzrə cəlb edilmiş şəxslərdən o,
diviziya komandiri Qambay Vəzirovu, diviziya qərargahı rəisi
İbrahimovu, diviziyanın hərbi komissarı Cabir Əliyevi,
Azdiviziyanın tribunalının sədri Tağıyevi
göstərdi. O, soyadlarına görə hamını
tanımırdı.
Qarayevin məlumatlarına
görə cəlb edilmə davam edir və diviziyanın ali və baş rəis heyətini deyil, həm
də orta rəis heyətini də əhatə etməyə
ümid var. Mənim Qarayevə verdiyim - diviziyanın rəhbərliyi
ilə əlaqə yaratmalı və işə nəzarət
etməliyəmmi sualıma Qarayev cavab verdi ki, bunu etmək
lazım deyil. Çünki bu diviziya komandiri Vəzirov
tərəfindən narazılıqla qarşılanacaq.
Sual: Siz
Korku Əlhedər Qarayevlə olan söhbətləriniz barədə
məlumatlandınız?
Cavab: Bəli,
Həmin vaxt Akademiyanın rəisi olan Korkin kabinetində
görüşdükdə mən bütün bu məlumatları
ona ötürdüm. Kork dedi ki, bütün bunlar
düzdürsə onda hesab etmək olar ki, böyük iş
görülmüşdür. Ancaq rəis heyətinin
böyük faizlə cəlb edilməsinin iflasa gətirib
çıxaracağından ehtiyatlandığını
bildirdi. Buna görə də rəisi heyətindən
olan şəxslərin dar çərçivəsini əhatə
etmək və qalanların da arasında bacarıqlı iş
aparılması (təşviqat, rəisi heyətinin və
qırmızı ordu əsgərlərinin müvafiq
seçimi) təklif olundu.
Sual:
Silahlı üsyan planı haqqında sizə nə məlum
olduğunu ətraflı danışın.
Cavab: Azərbaycandakı
üsyanın planı mənə Qarayevin sözlərindən
məlum olmuşdu.
Artıq
göstərdiyim kimi üsyan zamanı Azərbaycan Milli Mərkəzinin
arxalanmalı olduğu qüvvə Azdiviziya, qismən də Azərbaycanın
bütün rayonları üzrə
hazırlaşdırılması üçün gücləndirilmiş
iş gedən - milis və yerli əhali olmalı idi.
Rayon üsyançı dəstələrinə təşkilatın
iştirakçıları - rayon icra komitələrinin sədrləri
və rayon komitələrinin katibləri
başçılıq etməli idilər. Dəstə qərargahlarının
rəisləri rayon hərbi komissarları və ya rayon hərbi
komissarlıqlarının olmalı idilər. Tərxis olmuş qırmızı ordu əsgərləri,
milis və bu rayonlarda yaşayan tərxis olunmuş rəis heyəti
bu dəstələrin özəyi və komandir heyəti
olmalı idilər.
Üsyan bütün rayonlarda eyni zamanda başlamalı
idi.
Rayon dəstələri rayonlarda öz işlərini
tezliklə bitirərək sonrakı təyinatlarını
olacaqları yerlərdə - yaxınlıqdakı dəmiryol
stansiyalarında toplanmalı idilər. Bu sonrakı təyinat,
şəraitdən asılı olaraq, ya Bakı (əgər
hakimiyyətin tutulmasında gecikmə baş versəydi), ya da
RSFSR-dan Qırmızı ordu hissələrinin hücuma
keçəcəyi halda müqavimətin təşkili
üçün RSFSR-ın sərhədi olmalı idi. Dəstələrin bir hissəsi isə sərhədçi
dəstələri ilə mübarizəyə
yollanırdı. Bakıda ətraf
rayonlarda hakimiyyətin Azdiviziyanın, milisin və yerli əhalinin
köməyi ilə ələ keçirilməsi nəzərdə
tutulurdu.
Azdiviziyanın
Bakıdan kənarda yerləşdirilmiş olan hissələri
gecikmədən Bakıya yola düşməli idilər.
Bakıda
hakimiyyətin ələ keçirilməsi planı və Azərbaycan
üzrə ümumi plan Azdiviziyanın komandiri Qambay Vəzirov
tərəfindən tərtib olunmuşdu.
Sual:
Siz Korku Azərbaycandakı silahlı üsyanın bu planı
barədə məlumatlandırdınız?
Cavab:
Bəli, məlumatlandırdım. Mənim bu planın Korka,
sonuncunun isə Tuxaçevskiyə etdiyi məruzəsindən
sonra aşağıdakı düzəlişlər daxil
edilmişdi.
1)
üsyançı dəstələri və Azdiviziya təkcə
sərhəddə toplanmalı deyil, həm də
Dağıstan üsyançılarına kömək etməyə
hazır olmalıdırlar;
2)
Azdiviziyanın Bakıdan kənarda yerləşmiş hissələri
Bakıda hakimiyyətin ələ keçirilməsini
etibarlı şəkildə və tez bir zamanda həyata
keçirmək üçün üsyandan qabaq istənilən
bəhanələrlə Bakıya
yaxınlaşdırılması idilər.
Hərbi
Mərkəzin bu göstərişlərini mən Qarayevə
ötürdüm. Bu cür planlar isə Ermənistan və
Gürcüstanda da var idi. Bu respublikaların hərbi
təşkilatlarına müvafiq diviziyaların komandirləri
- təşkilatın iştirakçıları
başçılıq edirdilər.
Bu respublikaların silahlı üsyan planlarının
Qarayevə məlum olub - olmadığını bilmirəm. Hər halda o
mənə bu haqda danışmırdı.
(ardı var)
Ədalət.-2013.-18 yanvar.-S.5.