ALLAHI QATİL EDƏNLƏR
Dedektiv roman
(əvvəli ötən saylarımızda)
***
Dayanmışdı qəbrin önündə, sonra diz
çökdü və məzarın hələ
qurumamış torpağını oxşamağa
başladı.
Xeyli beləcə oxşayandan sonra qəbri
bağrına basıb üzünü qoydu sinəsinə,
meşədə çəkdiyi ağrı-acı
hamısı getdi. Bədəninə
xoş bir duyğu yayıldı. Və bu duyğudan qəribə
bir ləzzət aldı və bu ləzzətlə də dedi:
"Oxxaay!"
Və nəhayət, bu ləzzətdən doyandan sonra
qalxdı ayağa, məzarı bir də əzizlədi və
yendi qəbiristanlığın yanından axan çaya, əllərini
yudu, üzünü yudu. Sonra gəldiyi yolla da
qayıdıb qəbiristanlıqdan çıxdı.
Çıxanda çevrilib geri boylandı və ona elə gəldi
ki, bu toran qovuşan vaxtda başdaşı işıq
saçır...
***
Müstəntiq oturmuşdu və başını da
almışdı əllərinin içinə. Qarşısında iki yol
vardı, lap nağıllarda olduğu kimi: biri it hürən
tərəfə, biri də işıq gələn tərəfə.
Bütün nağıllarda məsləhət
görülürdü ki, heç vaxt işıq gələn
tərəfə getməyin, it hürən tərəfə
gedin. Həmişə fikirləşirdi
ki, niyə babalar bircəcə dəfə də olsun
işıq gələn tərəfə deyil, həmişə
it hürən tərəfə gediblər? Niyə özlərində bir kişilik, bir cəsarət
tapıb gedib o işığı divin əlindən
almayıblar. İndi o, divlərdən
qorxan qorxaq babalar kimi it hürən tərəfə getmək
fikrində deyildi, işıq gələn tərəfə gedəcəkdi.
Ordakı divlər onu parçalasalar da gedəcəkdi,
ya divlərə verən Allah, ya ona, gedəcəkdi və
işıq gələn tərəfə gedən ilk
nağıl qəhrəmanı olacaqdı.
Qonşu
stoldan kimsə dedi:
İş ona tapşırılanda da yuxarıdan
demişdilər ki, yubatma, burda elə bir şey yoxdur,
açıq işdi. Əslində də elə bir ağır iş deyildi:
Postdan qayıdan bir əsgər üç
yoldaşını və bir zabiti güllələmiş və
sonra da özünü öldürmüşdü. Ona qalırdı şahid ifadələrini almaq və
cinayət törədən intihar etdiyinə görə
işə xitam vermək və geri - şəhərə
qayıtmaq. Bu boyda cinayət baş verib, beş
ailənin işığı sönüb, orduya bu boyda bir ləkə
düşüb - amma cəzalandırılacaq kimsə yoxdu.
Axı bu
necə ola bilər ki, bu boyda cinayətin
qarşılığında kim isə cəzalandırılmasın,
kim isə məsuliyyətə cəlb edilməsin?! Özü də bu son yeddi-səkkiz ayda eyni hərbi
hissədə ölümlə nəticələnən
üçüncü ağır hadisə idi.
Özünü asan əsgərə ruhi xəstə
diaqnozu qoyulub, bununla da məsələ bitib. Və
heç kəs işıq gələn tərəfə gedib
aydınlaşdırmaq istəməyib ki, iki ay əvvəl
tibbi müayinədən keçib orduya sap-sağlam gələn
bu uşaq niyə birdən-birə dəli olub? Çox axmaq bir səbəb göstərilib - sevdiyi
qız başqasına nişanlanıb və bu cavan da bundan
sarsılıb və özünü asıb. Bu yaşda gənclərdə belə hallara rast gəlindiyindən,
bu dəlil inandırıcı görünüb.
Silahla ehtiyatsız davrandığına görə həlak
olan əsgərin də ölümü müəmmalı
idi. Belə
bir söhbət dolaşırdı ki, həmin əsgər
tez-tez döyülürmüş,təhqir
olunurmuş. Sonda da bu təhqirlərə
dözməyərək intihar edib.
Burda ən maraqlı və ciddi bir məsələ də
hadisə baş verəndən sonra Qərargah Rəisinin
Batalyon Komandirini hamının gözü qabağında
möhkəm döyməsi və döyülən zabitin xəstəxanaya
düşməsi idi. Həmin hadisə ört-basdır
edilmişdi.
Qərargah Rəisi əsgərin ölümündə
Batalyon Komandirini təqsirli sayırmış və tələb
edirmiş ki, onun haqqında cinayət işi
qaldırılsın.
Və ən qəribəsi bu idi ki, Qərargah Rəisi
ilə hərbi hissə komandirinin münasibətləri kəskin
olsa da, Polkovnik dava məsələsinin böyüməsinə
imkan verməmiş, heç sənədləşdirməyə
də qoymamışdı.
Təbii ki, Akademikin öldürdüklərinin
içində döyülən Batalyon Komandirini
çıxmaq şərti ilə hərbi hissədə əvvəllər
baş vermiş hadisələrin onun apardığı işə
heç bir dəxli yox idi. Onun payına daha
ağır bir cinayət hadisəsini araşdırmaq
düşmüşdü. Amma açıq-aydın hiss
edirdi və başa düşürdü ki, onu bura cinayət
işini araşdırmağa yox, yola verməyə göndəriblər.
O isə
bir müstəntiq kimi görürdü ki, Akademikin öz
yoldaşlarını güllələməsi heç də
təsadüfi deyil, hərbi hissədə əvvəllər
baş vermiş ölüm hallarının məntiqi nəticəsidi.
Bu cinayət işinin açılması əvvəlki
hadisələrin araşdırılmasından sonra
mümkündü.
Bu isə babaların həmişə üz tutduğu
yoldan imtina edib it hürən tərəfə deyil,
işıq gələn tərəfə getmək demək
idi. Və indiyədək babalardan heç biri
işıq gələn tərəfə üz
tutmadığından hələ də orda nə olduğu nəvələr
üçün sirr idi. İndi onun nəinki
nəvələr, elə babaların özləri
üçün olan bu sirri açmaq və işıq gələn
tərəfdə nə olduğunu görmək və bilmək
şansı vardı.
O uşaq
deyildi və bu yolda onu nələr gözlədiyini,
qarşısına kimlərin çıxa biləcəyini və
qarşısına çıxacaq olanların heç də
nağıllardakı divlərdən zəif
olmadıqlarını da yaxşı başa
düşürdü. Onu da başa düşürdü ki, iş ona verilənədək yuxarılar məsələni
artıq həll edib. Elə həmin gün cəsədlər
ekspertizadan keçirilmiş, rəylər alınmış,
ölənlər hərbin tələblərinə uyğun dəmir
tabutla ailələrinə göndərilmiş və hərbçilər
tərəfindən də dəfn edilmişdi. Ona işin yalnız formal tərəfləri
qalmışdı. Amma ortada beş nəfərin
kimlərinsə günahı, daha dəqiq desək, cinayətləri
hesabına nöqtə qoyulmuş taleyi vardı. Bunun
üstündən necə sükutla keçmək, bir əsgərin
ruhu sarsıntısına bağlamaq və sonra vicdan əzabı
çəkmədən yaşamaq, övladlarıyın boyunu
sevmək, xanımıyın yanında özünü kişi saymaq və ya bir qoyun oğrusunu beş
il həbsə göndərmək olardı?!
Başı
əllərinin arasında, qarşısında da iki yol: biri
it hürən tərəfə, biri də işıq gələn.
Nəhayət,
qərarını verdi, qovluğu
bağlayıb qoydu seyfə, otaqdan çıxdı və
düşdü həyətə.
Axşam yeməyinin vaxtı idi, əsgərlər
mahnı oxuya-oxuya düzənlə yeməkxanaya gedirdilər. Yanından
keçərkən tağım onu salamladı, o da farağat
vəziyyəti alıb nümayiş qəbul edirmiş kimi
tağımı salamladı.
Əsgər çəkmələrinin eyni anda yerə dəyməsindən
xoşu gəlirdi, sanki yer silkələnirdi və o bu yer silkələnməsini
hiss edirdi və bundan bir ləzzət alırdı.
Və
indi ayağının altındakı yerin silkələndiyini
hiss etdikcə bayaqkı gərginliyi və yorğunluğu bədənindən
çıxmağa başladı və bir xeyli yüngülləşdi.
O da acmışdı, əsgərlərin arxasınca getdi yeməkxanaya.
Amma zabitlər üçün
ayrılmış bölməyə girmədi, keçdi əsgərlərin
yanına.
İçəri zabitin girdiyini görən əsgərlər
ayağa qalxmaq istəsələr də, əli ilə
işarə elədi ki, yemək zamanı qalxmağa ehtiyac
yoxdu.
Çavuşdan
soruşdu:
- O əsgər
hansı stolda otururdu?
Çavuş söhbətin kimdən getdiyini bildiyindən
suala-sualla cavab vermədi, əli ilə həmin stolu göstərdi.
Stola
yaxınlaşdı:
- Nuş
olsun!
- Sağ
olun!- deyə əsgərlər xorla cavab
verdilər və onlardan biri qalxıb yerini Müstəntiqə
vermək istəsə də, əlini onun çiyninə qoydu
ki, otur.
Stullardan biri boş idi, o dəqiqə başa
düşdü ki, bu Akademikin stuludu, yoldaşları hörmət
əlaməti olaraq hələ ki, stulu boş saxlayırlar,
keçib həmin stulda oturdu.
Bu vaxt əsgərlərdən
biri:
-
Yoldaş mayor, o stuldag
- Bilirəm,
narahat olmayın. Mənə də yemək
çəkin. - dedi və Akademikin boşqabını
qazanın yanında oturmuş əsgərə uzatdı.
Stoldakılar
tərəddüdlə bir-birlərinə baxdılar:
-
Yoldaş mayor, bəlkə ayrı boşqabdag
- Yox, elə
bu boşqabda.
Ona da yemək
çəkdilər, şorbaydı, bir-iki qaşıq
ağzına qoyandan sonra soruşdu:
- Hə, əsgərlik
necə gedir?
- Vətənə
qulluq edirik.
- Çətin
deyil ki?
- Əlbəttə çətindi. Amma bizi bura sanatoriyaya
göndərməyiblər ki!
Bu vaxt
çavuş ona yaxınlaşdı:
-
Yoldaş mayor, yoldaş Polkovnik sizi zabit yeməkxanasında
gözləyir.
Müstəntiq:
- Deyin ki,
yeməkdən sonra gələcəm, uşaqlarla söhbətləşirəm.
- dedi, sonra üzünü uşaqlara
tutdu;- İndi söyləyin görüm, onu yaxşı
tanıyırdız?
- Əlbəttə, neçə ay idi bir yerdə, bir
taqımda qulluq edirdik.
-
Düzdü, o, tikinti batalyonunda olsa da axşamlar bizim
yanımızdaydı. Bizi başına yığıb elə
şeylər danışırdı ki, adam
az qalırdı durub düşmən üstə gedə.
- Qatilə
oxşayırdı?
- Siz nə
danışırsız, qətiyyən. Çox
savadlı, ağıllı oğlan idi. O boyda universitet
bitirmişdi, aspirant idi, tarixi də əzbər bilirdi.
Üzbəüz
oturmuş əsgər:
-
Ağsaqqallar da onunla hesablaşırdı, dədələr
də ona hörmət edirdi.
Müstəntiq:
- Bəs
necə oldu ki, belə bir oğlan birdən-birə qatilə
çevrildi. Axı mütləq bunun bir səbəbi
olmalıdı, ya yox?
Əsgərlər bir-birlərinə baxdılar, dərhal
hiss elədi ki, bu sual onları qorxutdu. Ortaya bir
sükut çökdü.
Müstəntiq
başa düşdü ki, hələ bu sualın vaxtı
deyil, qalxdı ayağa:
-
Yaxşı, nuş olsun! Mən özüm qəsdən bu
stulda oturub, bu boşqabda yemək yedim ki, biləsiz, sizə
söz verirəm, bir də bu yeməkxanada heç bir
yoldaşınızın stulu boş qalmayacaq! - dedi və
keçdi zabitlərin yeməkxanasına.
Polkovnik Qərargah Rəisi ilə bir stolda çay
içirdi. Hər ikisi qalxdı ayağa, ona yer göstərdilər.
Qərargah
Rəisi:
- Yeməyə
bir şey gətirsinlər?
- Sağ
olun, əsgərlərlə bir-iki loxma yedim. Bir stəkan
çay pis olmaz
Qərargah Rəisi ona çay süzdü.
Polkovnik gözünün birini qıyıb qəribə
bir nəzərlə onu süzdü. Bu qıyqacı, bu qəribə
baxışda bir özündən razılıq vardı:
- Hə,
yoldaş müstəntiq, işlər necə gedir? Tamamlayırsız, ya yox? Yuxarıdan
da gündə neçə dəfə zəng edib
maraqlanırlar.
Polkovnikin
özündənrazı qıyqacı baxışı
Müstəntiqin nəzərindən qaçmadı, amma
özünü onda qoymadı:
- Mənə
də zəng etmişdilər.
Polkovnik:
- Problem
yoxdur ki? Qaranlıq bir məsələ varsa, deyin, nə
kömək lazımdır edək. Yuxarıdakılar
zəhləmizi çox tökməsinlər.
Müstəntiq özünü elə göstərdi ki,
guya fikrə getdi, əslində Polkovnikə baxırdı və
onun ürəyindəkiləri oxumaq istəyirdi. Polkovnik isə heç nə
olmamış kimi çox soyuqqanlı və arxayın idi:
- Yaman
fikrə getdin? Deyəsən çətinə
düşmüsən?
- Yox, elə
bir çətin iş yoxdu. Şahidlərin
ifadəsini alıram, bir də ekspertlərin rəylərini
gözləyirəm. Uzağı on-on beş
günə qurtarar.
Polkovnik
qalxdı və dedi:
-
Yaxşı, mən şəhərə gedirəm, istəyirsiz
sizi də apara bilərəm.
- Yox,
sağ olun, siz gedin, mənim hələ bəzi görüləsi
işlərim var.
Polkovnik sağollaşıb getdi, ikisi qaldı.
- Rəis,
siz həmişə belə qaraqabaqsız?
Qərargah
Rəisi zarafatla:
- Yox, niyə,
hərdən gülürəm də.
- Rəis,
siz nə deyirsiz bu məsələyə?
- Dostum,
gecdi, özü də çox gecdi. İki ay
bundan əvvəl əsgər özünü güllələyəndə,
o cinayəti ört-basdır etməsəydilər, indi bu faciə
baş verməzdi. İndi mən döydüyüm
Batalyon Komandiri də sağ idi, əsgərlər də, o bədbəxt
Akademik də. Həmin vaxt mən müstəntiqə dedim ki,
bizim hamımız günahkarıq. Nə oldu?
İndi siz nə edəcəksiz ki?! Kimə və nəyi sübut edəcəksiz? Açıq bir işdi, əsgər dörd
yoldaşını güllələyib, sonra da intihar edib.
Ortada ekspertizanın rəyləri, sizin ifadələrini
almaq istədiyiniz şahidlər də hamısı bir-birlərinin
ağzına tüpürmüş kimi sizin bildiklərinizdən
başqa bir şey söyləməyəcəklər.
- Bəs
siz?
- Mən?!
Qərargah Rəisi bir siqaret çıxartdı, amma bir
qədər əsəbləşdiyindən nə qədər
elədi alışqanı yandıra bilmədi, qonşu
stoldan bunu görən bir zabit qalxdı və gəlib onun
siqaretini yandırdı, öz alışqanını da qoydu
stolun üstə. Qərargah Rəisi başı ilə təşəkkür
elədi və sonra siqaretin acı tüstüsünü
acgözlüklə sinəsinə çəkdi:
- Bəlkə
sizdən sənə keçəkg
Müstəntiq:
-
Çox yaxşı, bir az rəsmiyyətdən uzaqlaşaq.
Qərargah
Rəisi:
-
Dostum, əgər bu hərbi hissədə ən adi bir hadisə
baş verirsə komandirdən əvvəl birinci elə mən
məsuliyyət daşıyıram. Hissədəki əməliyyat
şəraitinə, əsgərlərin
hazırlığına da, təlim-tərbiyəsinə də
bilavasitə mən cavabdehəm. Son aylarda baş vermiş hər
üç ölüm hadisəsinin günahkarlarını
axtarırsansa biri oturub qarşında. İstəyirsən
inan, istəyirsən inanma, çox istərdim sən bu
işi sonacan araşdırasan, bu cinayətlərin
kökünü tapasan və kim məsuliyyət
daşıyırsa, içi mən qarışıq, məsuliyyətə
cəlb edib, qandallayasan. Bəlkə hamıya bir dərs ola. Onda
deyərəm müstəntiqsən və onda o ölənlərin
də qanı yerdə qalmaz. Buna gücün-qüdrətin
çatarmı? Şəxsən mən inanmıram!
(Ardı var)
Aqil ABBAS
Ədalət.-2013.-18
yanvar.-S.3.