Unudulmayan şəxsiyyət-general Məhəmməd
Əsədov
"Vətənə
sevgi-imandandır".
Məhəmməd peyğəmbər (s.ə.s.)
"Məhəmməd
Əsədov "OMON"u yaratdı ki, erməni separatizminə
qarşı vuruşsun".
Heydər
Əliyev,
Azərbaycan
xalqının ümumilli lideri.
"O,
son dərəcə istiqanlı, alicənab, mədəni adam
idi... Möhkəm yaddaşı vardı. Çox
güclü potensiala, enerjiyə malik olan kadr idi. Dövlətçilik
yolunda fəal mövqe tuturdu".
Kamran Bağırov
Azərbaycan KP MK-nın sabiq birinci katibi.
"1988-ci
ilin əvvəlindən Məhəmməd Əsədovla
DQMV-nə ezam olunduq və orada separatçıları,
qondarmaları susdurmağa başladıq. Xankəndinin birinci
katibi Zaven Movsesyan bizim yanımızda M.S. Qorbaçovla
danışdı, bizim DQMV-dən geriyə Bakıya
çağırılmağımıza nail oldu".
Vasili
Konovalov
Azərbaycan KP MK-nin sabiq ikinci katibi.
"Məhəmməd Əsədov nəinki
güclü sərkərdə, həm də güclü
ictimai-siyasi dövlət xadimi idi".
Ramiz Məmmədov
Daxili işlər nazirinin sabiq birinci müavini,
general-mayor.
"M.S.
Qorbaçov, sizdən soruşuram: "20 noyabr 1991-ci ildə
üç dövlətin yüksək rütbəli dövlət
xadimləri DQMV-nin Qarakənd səmasında axı niyə qətlə
yetirildi???".
Sucəddin Abdullayev ehtiyatda olan polkovnik.
Zəngəzur mahalı Qafqazda qədim tarixə və zəngin
ənənələrə malik Azərbaycan
torpağıdır. Bu torpağın bir parçası olan Zəngıilan
rayonu həm təbiətinə, həm insanlarına görə
seçilib. Ulu öndər, ümummilli lider Heydər Əliyevin
sözləri yada düşür: "...Zəngilanda
keçmiş əsrlərdə də xalqımızın
çox hörmətli, dəyərli insanları
yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan,
həm öz təbiətinə görə, həm o torpaq
üzərində insanların qurduqlarına,
yaratdıqlarına görə və bugünkü nəsillərə
çatdırdıqları irsə görə Azərbaycanın
qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir".
Zəngilan torpağı Azərbaycan xalqının fəxr
etdiyi onlarca oğul yetirib. Onların arasında Sovet
İttifaqı Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı
və digər şərəfli adlara layiq
görülmüş igidlər, görkəmli ictimai-siyasi
xadimlər, alimlər, yazıçılar, şairlər,
pedaqoqlar, hüquqşünaslar və sair peşə
adamları vardır. Həmin oğullardan biri də
general Məhəmməd Əsədovdur.
Məhəmməd
Nəbi oğlu Əsədov 1941-ci il dekabr
ayının 5-də Zəngilan rayonunun Baharlı kəndində
anadan olub. Onun doğulub boya-başa
çatdığı Baharlı kəndi dünyada ikinci,
Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın
Araza qovuşduğu yerdə yerləşir. O, 1958-ci ildə
Zəngilan rayonunun Mincivan qəsəbə orta məktəbini
bitirdikdən sonra Bakı Statistika texnikumuna daxil olmuşdur. 1960-cı ildə texnikumu müvəffəqiyyətlə
başa vurduqdan sonra, əmək fəaliyyətinə öz
doğma rayonunda - Zəngilan rayon Dövlət Statistika Müfəttişliyində
inspektor vəzifəsində çalışmaqla
başlayır. 1961-ci ildə ordu
sıralarına həqiqi hərbi xidmətə
çağırılır və 1964-cü ildə "Sovet
ordusu əlaçısı" döş nişanı ilə
hərbi xidmətdən ehtiyata buraxılır. Həmin ildə gənc sənaye şəhəri
Sumqayıtda Sənaye Tikinti Nazirliyinin 2 saylı trestində
işləməyə başlayır. 1965-ci ildə
keçmiş S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin "Maliyyə və kredit"
fakültəsinə daxil olur.
1965-66-cı
illərdə 2 saylı trestdə mühasib işləyərkən,
yüksək isgüzarlıq keyfiyyətlərini və təskilatçılıq
bacarığını nümayiş etdirir, bilik və
bacarığını, iş təcrübəsi, o cümlədən
rus dilini mükəmməl bilməsini nəzərə
alıb, onu 1967-ci ildə həmin trestin 26 saylı tikinti idarəsində
plan-iqtisad şöbəsinin rəisi vəzifəsinə təyin
edirlər. (Onu da qeyd etmək lazımdır ki,
o illərdə bu ixtisas üzrə trestdə işləyənlərin
80%-i qeyri-millətlər idi).
İstehsalatda çalışdığı müddətdə
M.Əsədov trestin və Sumqayıt şəhərinin
ictimai-siyasi-iqtisadi həyatında yaxından iştirak edir,
müxtəlif tədbirlərin hazırlanmasında,
onların həyata keçirilməsində fəallıq
göstərirdi.
Sumqayıt
şəhər Partiya Komitəsinin birinci katibi Nadir
Balakişiyev yüksək iş keyfiyyətlərini və təşkilatçılıq
qabiliyyətini nəzərə alıb Məhəmməd Əsədovu
Sumqayıt şəhər Partiya Komitəsinin "Sənaye,
inşaat, nəqliyyat və rabitə" şöbəsinin
təlimatçısı vəzifəsinə təyin edir. 1973-cü ildən həmin şöbənin
müdiri, 1975-ci ildə isə Mərkəzi Komitədə
işləyən Təşkilat şöbəsinin müdiri
İsmayıl Əsgərovun təklifi və Heydər Əliyevin
razılığı ilə Sumqayıt şəhər
partiya komitəsində əsas aparıcı şöbənin
müdiri təyin olundu.
M.Əsədov 1978-1980-ci illərdə Ağsu rayon Xalq
Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində
çalışır. Ağsu camaatı onun quruculuq fəaliyyətini,
xeyirxah əməllərini bu gün də hörmətlə
xatırlayırlar.
Məhəmməd Əsədovun adı Azərbaycan KP
MK-nın perspektivli ehtiyat kadrlar siyahısında idi. 1980-ci ildə
Dövlət Təhlükəsizliyi sistemində kadrların
sayını artırmaq məqsədilə Azərbaycan
üçün də DTK-nın Mərkəzi Ali Məktəbinə
bir yer ayrılmışdı. Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyev onlarca namizədin
arasından Məhəmməd Əsədovu seçib onu bu
yerə məsləhət görmüşdü. DTK-nın komissiyası tərəfindən
yoxlanıldıqdan sonra Məhəmməd Əsədov
Moskvaya göndərildi. 1982-ci ildə isə
DTK-nın Ali Məktəbini qırmızı diplomla başa
vurub Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsində
məsul vəzifədə çalışmağa
başladı. Qısa müddət ərzində
DTK rəhbərliyinin böyük etimadını qazandı.
M.Əsədovun təşkilatçılıq qabiliyyətinə
Sumqayıtda bir yerdə işlədiyi illərdən
yaxşı bələd olan Azərbaycan KP MK-nın birici
katibi Kamran Bağırov DTK polkovniki Məhəmməd Əsədovu
yenidən partiya işinə gətirir.
Məhəmməd Əsədov 1983-1986-cı illərdə
Jdanov (indiki Beyləqan) rayon partiya komitəsinin birinci katibi vəzifəsində
çalışır. İşlədiyi müddət ərzində
Jdanov rayonunu Azərbaycanın ən qabaqcıl rayonuna
çevirir (bunun üçün 1983-1986-cı illərin
statistikasına baxmaq kifayət edər).
1986-cı ildə M.Əsədov daha məsul vəzifəyə
- Azərbaycan KP MK-da "İnzibati orqanlar" şöbəsinin
müdiri vəzifəsinə təyin olunur. 1988-ci ildə Dağlıq
Qarabağ hadisələrində, həmin ilin fevral-mart
aylarında Sumqayıt hadisələrində Azərbaycan
xalqının, dövlətinin haqq işini prinsipiallıqla və
obyektivcəsinə müdafiə etdiyi üçün, erməni-daşnaq
fırıldaqlarını başa düşməyən sadəlövh
respublika rəhbərləri onu heç cür anlaya bilmirlər.
Sumqayıt şəhər partiya komitəsinin sabiq birinci
katibi, bundan qabaq isə Azərbaycan SSRİ-nin Gənclər Təşkilatının
birinci katibi kimi parlaq fəaliyyət göstərmiş
Cahangir Mövsüm oğlu Müslümzadənin xatirələrindən:
- "Mən Mərkəzi Komitədə Məhəmməd Əsədov
kimi güclü potensiala, yüksək siyasi-ictimai
hazırlığa malik olan şəxs demək olar ki,
görmürdüm. İstər Dağlıq
Qarabağ, istərsə də bununla əlaqədar Sumqayıtda
süni sürətdə ermənilər və onların
havadarları tərəfindən törədilmiş hadisələrə
çox kəskin və səriştəli qiymət
verirdi".
O vaxtlar,
cəsarətli çıxışları ilə Respublikada
vəziyyəti təhlil edən məşhur siyasi
icmalçı, müxbir Ələkbər Abbasov xatirələrində
yazır: "Məni Mərkəzi Komitəyə Məhəmməd
Əsədov dəvət etdi. Mənim
iştirakımla birinci katib Kamran Bağırova erməni
separatizmiylə bağlı məruzə etdi. Kamran
Bağırov bir az səbr etməyi məsləhət
gördü. Məhəmməd Əsədov dedi: "Əşşi,
nə səbr? İcazə verin inzibati orqanlara
göstəriş verim, hamısı məlumdur,
qandallayıb, gətirsinlər Bakıya. O ki, qaldı əhalinin
məlumatlandırılmasına Ələkbər Abbasov
yanımdadır, bu işi ona həvalə edərik".
Belə olan halda o, Ağdaş rayonuna birinci katib getməyə
üstünlük verir və qısa bir müddətdə
(1988-1989-cu illər) öz təşkilatçılığı
və səriştəsi sayəsində Ağdaş rayonunu
respublikanın qabaqcıl rayonları səviyyəsinə
qaldırır. O, bir daha sınağa çəkilir. Mərkəzi
Komitə onu olduqca ağır ictimai-sosial vəziyyətdə
olan Quba rayonuna birinci katib təyin edir və o, 1989-1990-cı
illərdə burada sakit-stabil şəraitdə fəaliyyətini
davam etdirir.
Uzun illər
səmərəli fəaliyyətinə, DQMV ilə
bağlı verdiyi təkliflərinə və təhlükəsizlik
orqanlarında çalışdığını nəzərə
alıb, 1990-cı ilin may ayında Məhəmməd Əsədov
Azərbaycan Respublikasının Daxili İşlər Naziri təyin
edilir. Bu təyinat, o dövr üçün,
vaxtında və yerində verilən təyinat idi. Bu təyinatı Ulu Tanrının Azərbaycan
xalqına töhfəsi kimi qəbul etmək olar. Əvvəla ona görə ki, o əsl ictimai-siyasi
xadim idi. Nazir təyinatının ilk günlərindən,
Moskvadan təyin olunmuş birinci müavin Barannikovun Qarabağ
haqqında yox, "Xlopkovoe delo",
"Raşidovşina" haqqında fikirləşdiyini dəqiqləşdirərək,
onu müstəqilliyimizə böyük mane olacağına
görə, çox çətinliklə, lakin qısa bir
müddətdə bu vəzifədən azad olunmasına nail
oldu, yerinə isə əsl vətənpərvər-hərbiçi
Ramiz Xosrov oğlu Məmmədovu təyin etdirdi. Bununla da Daxili İşlər Nazirliyinin əsas fəaliyyətini
Qarabağ probleminin həllinə yönəltdi. Ramiz Məmmədova yorulmaz fəaliyyətinə, vətənpərvərliyinə
görə general-mayor rütbəsi verdirdi. Sonralar
general Ramiz Məmmədov öz xatirələrində
yazdı: - "Bizim nazir Məhəmməd Əsədov ərazilərimizin
erməni quldurları və separatçılarından təmizlənməsi
əməliyyatlarında özü şəxsən iştirak
edirdi. Hesab edirəm ki, bizim çox hörmətli
prezidentimiz cənab İlham Əliyev ayrıca fərmanla Məhəmməd
Nəbi oğlu Əsədova Milli Qəhrəman fəxri
adını verməlidir".
Nazir işlədiyi müddətdə onun sorağı
Qarabağ bölgəsindən, sərhəd rayonlarından gəlirdi. Azərbaycanın
ərazi bütövlüyü uğrunda, sözün əsil
mənasında, əsgərlərlə çiyin-çiyinə,
vətəni, torpağı qoruyurdu. Azərbaycan
vətəndaşlarının müstəqil dövlətimizdə
sərbəst yaşayacaqlarına çox inanırdı.
1985-89-cu illərdə MK-da inzibati şöbəyə rəhbərlik
edən Məhəmməd Əsədov nə qədər cəsarətlə
hərəkət etsə də Moskva "yenidənqurma" pərdəsi
altında erməniləri M.S. Qorbaçovun dəstəyi ilə
müdafiə edirdi.
Azərbaycanın
Ermənistanla sərhəd rayonlarını gəzərək
erməni-daşnaq təcavüzünü gözləri ilə
görən nazir Məhəmməd Əsədov həyəcan
təbili çalır, təcili tədbirlərin
görülməsi üçün Moskvaya - SSRİ Daxili
İşlər Nazirliyinə müraciət ünvanlayır,
asayişi qorumaq üçün silah-sursat tələb edirdi.
Tez bir zamanda xüsusi təyinatlı milis dəstəsini
(OMON) yaradır. Xocalı aeroportunda ermənilərin
gediş- gəlişinə nəzarəti gücləndirmək
üçün DİN-in qüvvələrini səfərbər
edir. DİN Respublikanın
çıxış yollarını ciddi nəzarətdə
saxlayırdı.
Məhəmməd Əsədovun əsl sərkərdə
məharətini görən yerli vətənpərvər
insanların təkidi ilə mərkəzi rəhbərlik ona
general Ali hərbi rütbəsinin verilməsini vacib bilir.
Ali rütbənin verilməsi onu heç də
arxayın salmır. O, yenidən sərhəd rayonlarına, Qarabağa,
Ağdama, Xanlara (indiki Göygöl rayonu), Gədəbəyə,
Kəlbəcərə, Laçına, Goranboya, Tərtərə
gedir. Çaykənd, Qarabulaq, Todan, Erkəc, Mənəşid
və digər kəndlərin quldurlardan təmizlənməsi
əməliyyatlarında şəxsən iştirak edir. "Azərbaycanın Milis Dəstələri
Göranboyun içərisinə doğru irəlilədi.
Mənəşidə, Buzluqda, Erkəcdə erməni baza məntəqələri
dağıdıldı. 1991-ci il yaz-yay əməliyyatından
sonra ermənilər ciddi şəkildə geri çəkildilər"
(Vikipediyadan "Çaykənd əməliyyatı"
haqqında yazıdan çıxarış).
General
Ramiz Məmmədovun xatirələrindən: "Məhəmməd
Əsədovun adından belə erməni
separatçıları qorxurdular. Ratsiya vasitəsi
ilə danışıqlar zamanı onun gizli kodu
"Çornıy polkovnik" idi. Vaxtı
ilə bizimlə əziyyət çəkmiş milis zabiti, həmkarımız,
müstəqilliyimizin, sabitliyin qorunmasında xüsusi xidmətləri
olan respublikamızın daxili işlər naziri, general-polkovnik
çox hörmətli Ramil Usubov bunu bilir".
XTMD-nın (OMON) yaradılması, milis rotaları və
alaylarının qaynar nöqtələrdə fəallığı
dinc əhalidə tezliklə münaqişəyə son
qoyulacağına inam yaradırdı. Bölgələrdən Bakıya
dönən Əsədov müdafiənin gücləndirilməsi
üçün təxirəsalınmaz, təcili tədbirlərin
görülməsi barədə 27.08.1991-ci il
tarixli №2/149 saylı altı vərəqdən ibarət məktubla
Baş nazirə və Prezidentə kəskin müraciətlər
edir, təkliflərini bildirirdi. Respublikamızın
ərazi bütövlüyü artıq təhlükədə
idi. Əsl hərbiçi, general Valeh
Bərşadlı müdafiə naziri təyin edilsə də
ordu quruculuğunun formalaşmasında operativ kömək yox
idi. Məhəmməd Əsədov 1991-ci ilin
noyabrında Milli Ordunun yaradılmasını tezləşdirmək,
ordu quruculuğu işində mərkəzlə
hüquq-mühafizə orqanları arasında birgə işin
təşkilini həyata keçirmək üçün Azərbaycan
Prezidenti tərəfindən dövlət müşaviri təyin
edilir. Təyinatı zamanı Prezident ona deyir: " Siz bütün güc strukturlarına rəhbərlik
edəcəksiniz, qaldırdığınız məsələlərin
həllini isə özünüzə tapşırıram. Ona görə Sizi dövlət müşaviri təyin
edirəm."
1991-ci il noyabrın 19-da Ağdama uçan Məhəmməd
Əsədov orada Dövlət katibi Tofiq İsmayılovun təşəbbüsü
ilə keçirilən geniş müşavirədə
iştirak edir. Bu müşavirədə həmçinin
Rusiyanın, Qazaxıstanın qondarma Dağlıq Qarabağ problemi
ilə məşğul olan yüksək çinli rəsmi
nümayəndələri də iştirak edirdilər.
Azərbaycanın
Dövlət katibi T.İsmayılov Qarabağda, Xocavənddə,
ümumiyyətlə, azərbaycanlılar yaşayan kəndlərdə
qırğınların, terrorun
aparıldığını, dinc azərbaycanlılara
qarşı genosid siyasətinin həyata keçirildiyini
Qarabağın Hərbi komendantına kəskin şəkildə
bildirmişdi. Bunu sübut etmək
üçün hər üç dövlətin nümayəndələrinin
Xocavəndə uçmasını təmin etməyi hərbi
komendantdan tələb edir. Hərbi komendant hər vasitə
ilə bu işdən yan keçməyə
çalışsa da, Tofiq İsmayılovun haqlı tələbinə
tərəfdaş çıxan Qazaxıstanın Daxili
İşlər nazirinin birinci müavini, general Serikov
Qazaxıstandan olan Mİ-8 N72 hərbi vertolyotuna tələb
olunan göstərişi verir. Dağlıq Qarabağda istənilən
sayda qanunsuz erməni-daşnaq dəstələrinin
olduğunu bilən general da bu məsələyə
aydınlıq gətirmək məqsədilə söhbətə
qarışır: - " Əzizim Tofiq
müəllim, sizin tələbiniz və istəyiniz çox
düzgündür. Bizim ora
uçmağımız çox çətin olacaq, amma
uçmalıyıq. Bu, bizim torpaqdır,
qırılanlar da, məhv olanlar da bizim vətəndaşlardır.
Biz sizin və xalqın tələbinə
uyğun olaraq ora getməliyik."
M.Əsədov
həmin qanlı uçuşdan Daxili İşlər nazirinin
müavini Natiq Talıbovu təkidlə geri qaytardı və
ona: " - Siz Ağdamda - qərargahda
qalın, Xocavənddən, Kərgicahandan olan
yaralıları, evsiz-eşiksizləri yerləşdirin. Biz
tez qayıdacağıq...". Natiq
Talıbov "Qarakənd faciəsi"ni ürək
ağrısı ilə xatırlayaraq, deyir: "Bəli, Sucəddin
müəllim Mİ-8 N72 hərbi vertolyotu Qazağıstana məxsus
idi, mən də uçmalı idim, general Məhəmməd Əsədov
məni qoymadı. Onlar hamısı şəhid
oldular. Məhəmməd Əsədov
torpaqlarımızın azadlığı uğrunda cəsarətlə,
mərd-mərdanə vuruşdu. O, əsl təşkilatçı
və sərkərdə idi".
Mİ-8 vertolyotuna üç dövlətin yüksək
rütbəli nümayəndələri ilə Ağdamın
Milis idarəsinin rəisi, polkovnik İslah Paşayev də əyləşmişdi. Məhəmməd Əsədov
bu dəfə də sakit, özünəməxsus zarafatla
polkovnik Paşayevi zorla uçuşdan azad etdi də ona dedi:
"Sən qal, yaxşı yemək hazırlatdır, qonaqlar
bizimkidir, biz bir azdan qayıdarıq. Yəqin
ki??? "
Bir azdan çox vaxt keçdi. Xəbər
yayıldı ki, Mİ-8 vertolyotu gah yoxa çıxıb, gah
da ki, dağa çırpılıb. O vaxtın səriştəsiz
rəhbərləri min-bir yalanlar uydurmaqla həqiqəti gizlətməyə
çalışırdılar. Lakin məlum
oldu ki, sülhməramlı nümayəndə heyəti
Mİ-8 vertolyotunda Qarakənd səmasında "olmayan
dağa" çırpılmış və hamısı
da həlak olmuşlar. Bu hadisəni erməni
terrorçularının törətdiyi ən dəhşətli,
ən qanlı cinayətlərindən hesab etmək olar.
Qarabağın,
Azərbaycanın azadlığı yolunda 20 noyabr 1991-ci il faciəsindən sonra faciələr davam
etdi. Xocalı, Şuşa, vətənimizin
Qarabağ ətrafı rayonlarının işğalı. Məhz
20 noyabr 1991- ci il "Qarakənd faciəsi"ni
"20 yanvar 1990-cı il faciəsi"nin davamı və digər
faciələrin çox ağır başlanğıcı
kimi qiymətləndirmək olar.
SSRİ
prezidenti M.S. Qorbaçov tərəfindən süni
yaradılmış "Qarabağ problemi" 20 noyabr 1991-ci il "Qarakənd faciəsi" ilə daha da
ağırlaşdı və davam etdi. Üç
dövlətin sülhməramlıları məhv edildi.
Günahkarların cəzalandırılması
istiqamətində heç bir tədbir görülmədi.
Dövlət xadimi, general Məhəmməd Əsədovla
birgə dövlət katibi Tofiq İsmayılov, Baş prokuror
İsmət Qayıbov, dövlət xadimləri Zülfi
Hacıyev, Qurban Namazəliyev, Osman Mirzəyev, millət vəkilləri
Vaqif Cəfərov, Vəli Məmmədov, Qazaxıstanın daxili
işlər nazirinin müavini general Sanlal Serikov,
Qarabağın prokuroru İqor Plavski, Qarabağın daxili
işlər idarəsinin rəisi Vladimir Kovalyov, Qarabağ
üzrə milli təhlükəsizlik şöbəsinin rəisi
Serqey İvanov, fövqəladə vəziyyət rayonunun
komendantı Nikolay Jinkin, milis general-mayoru Mixail Lukaşov,
onları müşaiyət edən digər şəxslər,
kütləvi informasiya vasitələrinin nümayəndələri
və Mİ-8 N72 hərbi vertolyotunun uçuş heyəti həlak
oldular. Erməni quldurları general Məhəmməd Əsədovu
Haaqa Məhkəməsinə vermişdilər, onun
başına külli miqdarda pul vədd edirdilər və
axır ki, 20 noyabr 1991-ci il tarixində
"Qarakənd tələsinə" salıb, məhv etdilər.
Lakin unutdular ki, Məhəmməd Əsədov
kimi cəsur oğlu olan xalq bu faciəni heç vaxt
unutmayacaq.
Hal-hazırda
Sumqayıtda, Ağsuda, Beyləqanda, Ağdaşda, Qubada və
Bakı şəhərində bir neçə təhsil
müəssisəsi, gəmi, küçə və xiyaban,
idarə və müəssisə general Məhəmməd Əsədovun
adını daşıyır.
İnanırıq
ki, Məhəmməd Əsədov kimi simurq quşuna
çevrilmiş mərd və qəhrəman
oğullarımızın köməyi ilə yurdumuzu zülmətdən
işığa çıxarmağımıza az qalıb. Bu işin öhdəsindən
prezidentimiz möhtərəm İlham Əliyevin rəhbərliyi
ilə mütləq gələcəyik.
Məhəmməd
Əsədov müstəqil Azərbaycanın ilk generalı,
ordusu olmayan dövləti milis dəstələri ilə,
xalqının köməkliyi ilə müdafiə edən
unudulmaz şəxsiyyətdir. Həyatını Azərbaycan
Respublikasının ərazi bütövlüyünə,
xalqının azadlığına qurban vermiş general Məhəmməd
Əsədova bu yaxınlarda həsr edilmiş tarixi, sənədli,
sanballı kitab görkəmli yazıçımız
Elçin Mehrəliyevin böyük sənət əsəridir.
Əsərdə müəllif generalın Vətəni Zəngəzurdan,
onun orada doğulub, yaşadığı illərdən,
ömrünün faciəli Qarabağ günlərinə qədər
rastlaşdığı bütün hadisələri qələmə
almışdır. Bu tarixi, sənədli əsər gələcək
nəsillərin milli-mənəvi ruhunun formalaşmasına, vətənpərvərlik
tərbiyəsində böyük rol oynayacaqdır. Əsərə
ön sözü mərhum akademik Bəkir Nəbiyev
yazmışdır. General Ramiz Məmmədov Məhəmməd
Əsədovu yaxından tanımış, 1981-91-ci illərdəki
fəaliyyətini gözləri ilə
görmüşdür. Adı çəkilən kitabın
işıq üzü görməsi üçün
2009-2012-ci illər ərzində müəllif Elçin Mehrəliyevlə
birlikdə mən də bir çox ziyalarımızın Məhəmməd
Əsədov haqqında danışdıqlarını,
olmuş hadisələri, müstəqillik yolundakı cəsarətini,
gördüyü işləri, xatirələri dinləmişəm.
Bəli,
vətənimizin bölünməzliyi,
bütövlüyü uğurunda canından keçən,
işıqlı əməlləri ilə hər birimizə
örnək olan insanlar barədə ümumilli liderimiz
demişdir: "Azərbaycanın müstəqilliyi yolunda,
xalqın rifahı naminə fədakarcasına
çalışanlar həmişə hörmət və ehtiramla
yad ediləcəklər".
Ölkəmizin
inkişafı, regionda nüfuz sahibi olması naminə ölkə
başçısı, möhtərəm Prezidentimiz İlahm
Əliyev tərəfindən aparılan uğurlu siyasət,
insanlarımızın maddi rifahının
yaxşılaşdırılması istiqamətində
görülən işlər bir daha onu deməyə əsas
verir ki, general Məhəmməd Əsədov kimi tarixi şəxsiyyətlər
xalqımızın yaddaşında əbədi yaşayacaq,
onların xatirəsi hər zaman sevgi ilə anılacaqdır.
Sucəddin Abdullayev,
Ehtiyatda olan polkovnik
Ədalət.-2013.-18 yanvar.-S.4.