"Dilarə Əliyeva məni yoldan çıxartdı"
"Aktyorun işi çətinləşib,
insanları aldatmaq olmur"
Cəfər
Namiq Kamal, bəlkə də qardaşı İlham Namiq Kamal qədər
tanınmayıb, onun kimi xalq artisti də deyil. Əməkdar
artistdir, teatr səhnəsində çox maraqlı obrazlara imza
atıb, komediyanı da, faciəni də eyni məharətlə
oynayır və sevdirir - özünü də,
oynadığı rolu da. Haqqı verilməsə də
çox maraqlı aktyordur, həyatda özünü irəli
verib, gözə çarpdırmağı bacarmayan, amma səhnədə
sərraf gözlərdən yayınmayan istedadlı aktyorlarımızdan
biridir. Dəfələrlə deyilmiş fikirdir, amma yeri gəlib
bir də deyim, istedadlıya yol açmaq lazımdır,
istedadsız özü yolu asanlıqla tapıb üzdə
olacaq. Nə isə, bunlar görünür həyatın bizə
tabe olmayan qanunauyğunluqlarımı deyim, yoxsa uyğunsuzluqlarımı?
- bu da mübahisə mövzusudur.
Cəfər
Namiq Kamalın həyatının gərdişindəyik,
özü danışacaq.
Qız istədilər
oğlan oldu
Bakıda
böyümüşəm, atam, anam və biz iki qardaş -
İlhamla mən idik ailədə. Sonra daha bir qardaşım
dünyaya gəldi, məndən 12 yaş kiçik idi,
valideynlərimiz istəyirdilər bir bacımız olsun, o da gəldi
oğlan oldu, olduq üç qardaş. Uşaq
vaxtımızdan elə İlhamla işimiz-gücümüz
oyun çıxartmaq idi. Çarpayının üstünə
çıxır, onu özümüz üçün səhnə
təsəvvür edib oynayırdıq. Bu, bir taledir. Əmimiz,
dayımız, ata-anamız incəsənət adamı
olmayıb ki, onlara baxıb aktyor olmaq istəyinə
düşək, yox, bu yalnız taledir. Atam mühəndis idi,
anam evdar qadın. Yaxud evimizə aktyorlar gəlib gedirdi, məhəlləmizdə
yaşayırdılar, yox, heç biri deyildi.
Poluxin
küçəsində yaşayırdıq, orda aktyor-filan
yox idi, hamısı "turemşiklər" idi.
Ən
yaxşı halda sürücü işləyirdilər. Bununla
belə böyük-kiçik yeri bilən normal insanlar
vardı həmin küçədə. O vaxt kinostudiyanın
direktoru olan Ziyafət Abbasov, nağaraçalan Çingiz
Mehdiyev, Cahangir Aslanoğlu bizim məhəllədə
olurdular. Düzünü deyim ki, onda artıq mən
böyümüşdüm və onların mənim sənət
seçməyimdə rolu-filanı olmayıb.
Cahangir
Aslanoğlu ilə hər gün yolumuz bir
düşürdü. Mən teatra işə gedirdim, o da
saraya və yol boyu o, hər gün mənə yeni
iki-üç lətifə danışardı. Mən olsam
yadımda qalmaz, dünən danışdığımı
bir də danışaram, heç bilmərəm ki, bunu
danışmışam artıq. Elə güclü hafizəsi
vardı ki, qətiyyən təkrarçılıq etməzdi.
Pionerlər
Evinə gedirdik İlhamla. Rəhbərimiz də Məmmədağa
Dadaşov idi, Kübra Dadaşovanın atası. Onun dərnəyinə
gedəndə beşinci sinifdə oxuyurdum,
tamaşalarımızı Gənc Tamaşaçılar
Teatrının səhnəsində oynayardıq. Yəni
artıq beşinci sinifdən üzümüzə qrim dəymişdi
və onunla da bu sənətə yoluxmuşduq, xəstələnmişdik.
Sonra Məmmədağa Dadaşovla düz 15 il Gənc
Tamaşaçılar Teatrında bir yerdə işlədik.
İndi işlədiyim Milli Dram Teatrının direktoru da həmin
dərnəkdə bizimlə tərəf müqabili idi.
Dövr başqa idi, insanlar daha saf idilər, kinoya, teatra, orda
baş verən hadisələrə inanırdılar.
Nə güldürmək olur, nə
ağlatmaq, çünki inanmırlar
Gözlərimlə
görmüşəm, indi kimə desən inanmaz ki, insanlar
kinoteatrdan, xüsusən də hind filmlərinin
nümayişindən çıxanda dəsmallarını
sıxırdılar, elə bil cümə axşamından
çıxırdılar. İndi heç cümə
axşamlarından da elə çıxmırlar. İndi
insanları inandırmaq çətindir. Ona görə də
aktyorun işi çətinləşib. İstər komediya
olsun, istər faciə, insanlar inanmırlar, nə
güldürə bilirsən, nə ağlada. İnsanlar o qədər
dərd gördü, qulaqları o qədər dərd
eşitdi ki, döyənək olub. Ona hansı tərəfdən
yanaşmalısan ki, sənin səhnədəki dərdinə
şərik olsun. Ona təsir etmək üçün gərək
dürlü-dürlü dərd göstərəsən. Yaxud
onu güldürmək üçün neynəməlisən,
camaat toya gedir üzü gülmür. Komediya oynayırıq,
heykəl kimi otururlar, tamaşanın birinci hissəsinin sonuna
yaxın görürsən bir az unudublar öz dərdlərini,
artıq düşüblər komediyanın axınına,
üz-gözləri açılıb. Allahın köməyi
ilə buna nail ola biliriksə, sevinirik. Heç olmasa saat
yarım o insana problemlərini unutdura biliriksə, deməli
halal iş görürük.
İndi
zaman elə gətirdi çıxartdı ki, aktyor olduq də.
Mən institutu bitirəndən sonra bir müddət heç
aktyor işləmədim, ştatda yer olmadı, Gənc
Tamaşaçılar Teatrında truppa müdiri oldum. Sonra
yazıçı Anar Aktyor Evində teatr studiyası
açdı. Vaqif İbrahimoğlu da rejissor idi orda. Məni
ona Vaqif İbrahimoğlu təqdim elədi ki, istedadlı
oğlandır, Anar da götürdü işə. Fəxrəddin
Manafov, Bəxtiyar Xanızadə ilə bir yerdə işləyirdik
orda. İl yarım çalışdıq, Vaqif yaxşı
tamaşalar hazırladı, elə olurdu gecə səhərə
qədər tamaşaların məşqlərini edirdik, fanat
idik. Tamaşalara gəlib baxırdılar, heyran olurdular, amma
teatrın yaranması və fəaliyyəti üçün
yuxarıdan qol çəkmədilər. 85-ci ilin söhbətidir,
açılsaydı o teatrın gör indi neçə
yaşı olardı.
Mən ona çox qlükoza vurdum
Dram
Teatrına gəlib çıxmağımın da səbəbkarı
rəhmətlik Vaqif İbrahimoğlu olub. 25 il Gənc
Tamaşaçılar Teatrında işlədim. Vaqif
İbrahimoğlu Kamal Abdullanın "Unutmağa kimsə
yox" əsərini tamaşaya qoydu. Rəhmətlik Həsənağa
Turabov premyeradan sonra banketdə mənə dedi ki, mən səni
Milli Dram Teatrına dəvət edirəm. Ərizəmi də
aldı. 93-cü il idi, bu teatrda təmir gedirdi. Gənc
Tamaşaçıların direktoruna zəng də elədi
ki, xoşluqla ərizəsinin üstünü yaz. Gənc
Tamaşaçılar Teatrında məni qınaq obyektinə
çevirdilər ki, atıb gedirsən bizi, satqınsan.
Qaldım, üç il də orda işlədim. Bir gün yay
vaxtı idi, gəldim Turabovun yanına, dərhal ərizəmin
üstünü yazdı ki, desəm sonra gəl, gedib bir
üç də qalacaqsan orda. O gələn gəldim, ilk rolum da "Ah, Paris, Paris " tamaşasında
Eynşteyn oldu. Hələ
93-cü ildə bu rolu Azərpaşa mənə vermək istəyirdi, 96-cı ildə
Milli Dram Teatrında yenə ilk təklif o rol oldu. Dedim, hələ oynanılmayıb o tamaşa?
Demək
təmirə görə
yubanıb, qismət mənim imiş. Çox uğurlu tamaşa, uğurlu rol oldu. Rəhmətlik Heydər Əliyev
də gəlmişdi tamaşaya, müəlliflə
- Elçin Əfəndiyevlə
əyləşmişdilər qabaqda. Allahın işidir neynəyirdim
zal gülməkdən
ölürdü, Əliyev
də gülürdü.
Bir də gördüm ki, barmağını mənə tuşlayıb
Elçindən nə
isə soruşdu.
Sonda səhnə
arxasında tamaşanı
təriflədi. Mən də həmişəki kimi lap arxada durmuşdum, Elçin dedi ki, Heydər
müəllim, bayaq maraqlandığınız aktyor
budur, məni çağırdı qabağa.
Heydər Əliyev indi məni qrimsiz, pariksiz görüb dedi ki, mən səni
tanıyıram, səhnədə
tanımadım, gözəl
oynadın. Bir həftə sonra
mənə gec də olsa əməkdar
artist fəxri adı verildi. Maraqlı rol idi, əsərə görə
böyük rol olmasa da mən
ona çox "qlükoza vurub" gözəçarpan elədim.
Moskvadan özüm gedib xüsusi parik almışdım. Siyavuş Aslan
"Muskomedya" fason
başıma qapaz vurur, qaçıram səhnə arxasına.
Tamaşanın birində həmin
yerdə pariki çıxardıb çıxıram
səhnəyə, Telmanla
Siyavuş özləri
də çaşmışdı,
nəinki tamaşaçı.
İstədiyim qızım adını çəkəndə dəsmalı
cibimdən çıxardırdım,
gözümü silib
sonra sıxırdım
dəsmalı, sel su axırdı. Bir dəsmalı
da isladıb tərəf müqabilim, rəhmətlik Telman Adıgözəlova vermişdim,
qoymuşdu cibinə.
Ağlamaq məni tutanda
əlimi atıram öz dəsmalım yoxdur, bayaq islanıb
sərmişəm qurusun,
bu dəfə Telman öz dəsmalını cibindən
çıxardıb verir,
gözümün yaşını
silirəm və sıxıram yenə su tökülür səhnəyə, camaat qəşş edirdi gülməkdən.
İlyas Əfəndiyevin "Dəlilər
və ağıllılar"
tamaşasındakı nazir
obrazım da çox maraqlı alınıb. O rola da əlavələrim olub, Elçin özü gülməkdən
gedirdi.
Üç "bandit"imiz var
Uşaqların anası ilə
institutda bir yerdə oxumuşuq, o, aktrisa olmadı, uzun illər institutda dərs dedi. İndi işləmir, oturub
nəvələrinə baxır,
onun yerinə institutda mən dərs deyirəm. Fikrim yox idi,
İlham təkid etdi ki, sabah teatrdan çıxartsalar, iş yerin olsun işləməyə,
teatra etibar eləmə. Bir qızım, bir
oğlum var, ikisi də rəssamdır,
işləyirlər. Üç nəvəm
var, üçü də "banditdir"-yəni oğlandır.
Bildiyimdən,
öyrəndiyimdən indi tələbələrə öyrədirəm,
Bir kursum buraxılıb artıq, teatrlarda işləyirlər.
İndi ikinci kursu hazırlayıram.
"Üç
bacı" serialında da başımızı
qatırıq bir az. Elə orda baş rolu oynayan Dilarə məni
yoldan çıxartdı, saqqızımı oğurladı.
Gördüm normal mühitdir, rejissor da yaxşı
oğlandır - Siyavuş Hüseynov. Yəni farmazonluq eləmirlər
də iş görürlər, mənə də hörmətlə
yanaşırlar, truppa tərbiyəlidir, səliqəli
işləyirlər, ssenari yaxşıdır, çəkildim,
öz əlavələrimə də qısqanclıqla
yanaşan yoxdur. Hollivud səviyyəsində olmasa da müəyyən
qonorar verirlər.
Teatrda
da Elçinin "Sənətkarın taleyi" əsəri
tamaşaya hazırlanır, orda rolum var, məşq eləyirəm.
İnarə Tağıyeva hazırlayır, görürəm
pis işləmir, məşqə hazırlıqlı gəlir,
nə istədiyini bilir. O qədər rejissor var ki, nə istədiyini
özü bilmir, çox tamaşalardan bu səbəbdən
qaçmışam.
Kino
sarıdan bəxtim gətirməyib. Kinonun yaxşı
dövrü bizim teatrın təmirdə olan vaxtlarına
düşdü, həmin vaxtlar bizi qastrollara göndərirdilər,
çünki səhnə yox idi oynamağa. Hansı kinoya dəvət
olunurdumsa qastrola gedəcəyim üçün imtina edirdim.
Sonra da kino çökdü, indi də yaş gedib, amma az-az,
xırda-mırda çəkilirəm. Televiziya
tamaşalarında yaxşı işlərim var, amma nədənsə
göstərmirlər, o da mənlik deyil.
Ramilə QURBANLI
Ədalət.-2013.-18 yanvar.-S.8.