YENİ LAYİHƏMİZ:
ÖMRÜMDƏKİ İNSANLAR SİLSİLƏSİNDƏN
2012-Cİ İLDƏ
ƏN ÇOX OXUNAN YAZIM
VİDADİ MƏMMƏDOV - 2
(2023 dəfə OXUNUB)
Yola
saldığım yetmiş yaş bəzi şeyləri
anlatsa da, artıq yaşamağa davam edirəm. 70 yaş
az yaş deyil. Şükürlər olsun Allahıma, bu yetmiş
ilin 69-nu sağlam və ağrısız başa vurduq və
indi "incə bir yolun" başlanğıcından həyata
davam edirəm. Bu yetmiş ilin ATA-ANA bölümünü
hamı kimi yaşamışam. Bakı dünyamda bir çox
hadisələr baş vermiş və mənim bu yetmiş
yaşa çatmağımda, bu gün bu yazını yazmağımda
çox böyük yardımçı insanlar olub. Geriyə baxanda həmin insanları bir daha
xatırlamaq mənim üçün kədərli və
çətin olsa da, deyim ki, həm də maraqlıdı. Bu
insanların bəzilərini itirsəm də, şairlər
demişkən, onları yenə də canlı görürəm,
bəziləri hələ də həyata davam edir və Allah
onlara uzun ömür versin. BU YARADICI VƏ SIRADAN İNSANLAR
haqqında düşünəndə çox zaman ən
xoş məqamlar və anlar canımı isidir və həyata
daha çox bağlanmalı oluram. Onların bəziləri
mənim bədii yazılarımın adsız
insanlarıdı, bəziləri haqqında əvvəllər
də yazmışam və həmin yazılar da indi ayrı
bir dad verir, bəziləri isə bu proyekti düşünəndə
yaddaşımın alt qatından bir novruzgülü kimi boy
verir.
BU İNSANLAR KİMLƏRDİ?
Birici
yazımdan xatırlatma:
Heç
unutmuram: görkəmli və unudulmaz yazarımız Sabir Əhmədov
Vidadi haqqında gözəl bir ifadə demişdi:
"ƏDƏBİYYATA BU
CÜR ADAMLAR DA LAZIMDI".
Sabir
müəllimin Vidadi Məmmdova verdiyi bu qiymət həqiqətən
son dərəcə layiqli bir qiymət idi və bu ifadədə
Vidadinin yazar kimliyi, şəxsiyyəti bir az
zədə görsə də, amma çox dəqiq bir ifadə
idi.
"Bu
cür"... Yəni nə cür?
...
Hörmətli yazarımızın fikrini yorumlasaq belə demək
mümkündü: Vidadi Məmmədov bir ədəbiyyat sərrafi
idi. Nəyin yaxşı, nəyin pis olduğunu
bir zərgər dəqiqliyi ilə görürdü və
fikrini də söyləyirdi, amma bu fikirləri
yazmırdı. İnanın, mənim əlacım
olsaydı onun ardınca düşüb, orda-burda
danışdıqlarını və qumar oynayarkən (onun bu
xasiyyətini ayrıca yazmağa dəyər, mən zarafatla
onu həmişə Dostoyevskiyə bənzədirdim, Allah ona
bu qisməti də vermişdi və çox azartla qumar
oynayardı, elə bunun ucbatından da bir dostunun toyundan
çıxıb evə gec saatlarda gələrkən qəza
keçirdi və baxımsızlıq ucbatından xəstəxanada
vəfat etdi. Burada mən gözəl
yazarımız Elçinin bu hadisəni eşidən kimi xəstəxanaya
getməsini və xəstəxana günlərində ona
neçə dəfə baş çəkdiyini və necə
kömək etdiyini xatırlamasam vəfasızlıq olar,
Vidadi Məmmədov İlyas müəllumlə və eləcə
də Elçinlə qohum düşürdülər)
söylədiklərini lentə alardım. Ədəbiyyat haqqında son dərəcə
uzaqgörənliklə danışan və ədəbiyyatın
nə olduğunu, nəinki ədəbiyyatin, hətta ən
kiçik bir yazının nə olduğunu bilən ikinci bir
tay-tuşumuz yox idi. Bəlkə ona görə
də İsa kimi sofu bir şair onun fikirlərindən
heç də vaz keçmirdilər və onun fikirləriylə
mən bilən hər zaman razılaşırdılar.
(Aman
Allahım, hələ idmanı bilməyini demirəm)
Və
Sabir Əhmədov deyəndə ki, ƏDƏBİYYATA BELƏ
ADAMLAR DA LAZIMDI, məhz onun çox az bədii şeylər
yazdığını yox, ədəbiyyat haqqında dəqiq
və tutarlı, sanballı və mübahisəsiz fikirlərini
nəzərdə tuturdu ki, həqiqətən Allah ona belə
bir istedad da vermişd
İlk
hekayəsi və sonralar biləcəyik son hekayələrindən
biri (cəmi birmi, ikimi hekayə yazdı)
"Vağzalda..." hekayəsi elə bir səs gətirdi
ki, hətta ağsaqqal Yazarımız İlyas Əfəndiyev
özünü saxlaya bilməyib (bəlkə qohumluq da bir az
öz işini görmüşdü əlbəttə, amma
belə qohumu müdafiə eləyən hər kəsə
qurban olum mən) bu hekayə haqqında (yəni, bir hekayə
haqqında) böyük bir yazı yazmışdı ki, indi o
yazı mənim əlimin altında deyil ki, misal gətirim mənə
inanmayanlara (hər halda ədəbiyyatda misal gətirmək, məişətdə
and içmək kimi bir şey olub, rəhmətlik Vidadi Məmmədov
deyərdi: hər hansı bir ağıllı fikri həyata
keçirmək istəyirsinizsə o zaman deyin ki, Pikasso
demişdir və döşəyin getsin. Pikossonu tapıb ondan
soruşan olmayacaq ki, bunu demisən, ya yox...) amma bu bir həqiqətdir
ki, böyük-böyük romanlar haqqında belə
yazılar yazılmadığı və qismən də
qısqanclıqla yazıldığı bir zamanda İlyas
kimi böyük bir yazarın belə bir yazı yazması, təbii
geniş bir söz-söhbət yaratdı ki, oxucular həmişə
"Ulduz" jurnalının səhifələrində onun
imzasını axtardılar mən bilən... Vidadi isə
susdu...
...amma Vidadi yazacağı hekayələrin süjetini
orda-burda danışır və bizlər qınayanda isə
"dədəmin goru üçün yazacağam" deyirdi
və amma yazmırdı...
Və
yazmadı ki, yazmadı... O hekayələri, o ədəbi
düşüncələri...
Yazmadı və yazamağa da tələsmədi.
Sonra bir gözəl hekəyə də yazdı. "D-4"
adında. Ada bir baxın.
Bu adın nə oluduğunu mən hələ də bilmədim.Yekə
çıxmasın, Ədəbiyyatda və Həyatda belə
əllaməçilik heyranı olan və az-çox əllaməçilik
eləyən bir qələm sahibi və ədəbiyyatçı
olaraq mən bu adın nə ifadə etdiyini çox
düşündüm və özündən də
soruşurdum, qaçırdı izah eləməkdən. Bəlkə heç bir
izahı da yox idi: amma bu "qarğa məndə qoz var"
demək də deyildi. Bu bir düşüncə tərzinin
üsyanı, bir düşüncə tərzinin
sıxışdırılıb bomba kimi partlaması demək
idi ...
Zəki
Mürəndən soruşacaqlar: "Sən niyə yubka-tuman
geyib səhnəyə çıxırdın?
"
Zəki
Mürən deyəcək: "Bu bir üsyan idi... Bu bir
qadın haqlarının müdafiəsi idi... "
Bu hekayənin
adının "D-4"-ün nə ifadə etdiyini
yalnız Yazar Vidadi özü bilirdi və inanın ki, bu
gün də o hekayənin adının niyə belə
olduğunu bilmirəm. Amma bu hekayənin məncə
ikinci bir adı vardı ki, çap olunanda icazə verməsələr
həmən dəyişsin, onu da mən indi
xatırlamıram.
Hər
iki hekayə son dərəcə söz-söhbətə gərək
olan bir ortam yaratdı, bizim, xüsusilə gənclik ədəbiyyatımızda
və həqiqətə qalsa ədəbiyyatımızda da və
Vidadinin şəxsi həyatı kimi
qarşısıalınmaz bir dedi-qoduya səbəb oldu onun hər
elədiyi...
Təbii, mənim məqsədim bu hekayələrin nəyinin
gözəl olduğunu açmaq və yazmaq deyil. Çünki, bunu eləmək
üçün mən həmin hekayələri yenidən
oxumalıyam (inanın əlimdə imkan olsa, azad bir qəzetim
olsa və qəzet sahibi olsam mən zaman-zaman belə
unudulmuş hekayə və şeirlərə qayıdaram və
yenidən çap edərəm) və ola bilsin o zaman mənə
son dərəcə gözəl görünən şeylər
indi bir az təravətini itirmiş ola da bilər, amma mən
buna inanmıram, oxuyub açmaq imkanına malikəm və o
gözəl şeylər hələ də bizim ədəbiyyatımıza
gəlməyib bəlkə də...
DİQQƏT! DİQQƏT!
"Vağzalda" hekayəsində gecələr
vağzallarda gecələyən sahibsiz itlərin həyatı
acı bir tərzdə ifadə edilmişdi məncə. Pambıq, kartof, badımcan
qəhrəmanlarının həyatı təsvir edilən və
Əfqanıstanda Rus Ordusu içərisində Azəri əsgərlərin
müsəlman qardaşlarını öldürdüyü ədəbiyyata
fəxrlə gətirilən və bunula fəxr edən
yazarlarımız olduğu bir dövrdə və bütün
bunlarla öyünən bir xalqın ədəbiyyatında bu
cür şeyin yazılması bir inqilab idi məncə.
Bizim bilmədiyimiz son günlərində demək olar
ki, Vidadi Məmmədov heç yazmırdı və yazanda da
bir çox zaman öz imzasını yazmadı o
yazıların altında. Məsələn, mən
xatırlayıram ki, "Ədəbiyyat və İncəsənət"
qəzətində bir araşdırma yazısı çap
olunmuşdu onun, Vidadi Qarayazılı imzasıyla, amma biz
hamımız bilirdik ki, onun Qarayazıya heç bir dəxli
yoxdur, bir vətəndaş kimi, İsa İsmayılzadəyə
zarafatla sataşmaq üçün eləmişdi. Adı da
beləydi məncə: "Yollar qayıdır geri..." Ya
da bu məzmunda bir şey idi...
Yazı nə
yazıydı, Allahım nə qədər duyğusal bir
yazı idi, nə qədər danışıldı o
yazı haqqında, bunu gedin Abbas Abdulladan soruşun...
Möcüzəsi
o idi ki, bu adamın yaşının dibinə dünyasına
dayihanə qədər heç kim bilmədi.
Hər halda mən bilmədim. Onun heç pasportu oldumu görəsən, o pasportda
harda nə zaman doğulduğu vardımı görəsən?
Gah Gəncədənəm deyirdi, gah Bərdədənəm
deyirdi və ən böyük imanı da "Dədəmin
goru üçün" idi.
Və
zarafatla əlavə edərdi: heç dədəmin də qəbrinin
harda olduğunu bilmirəm...
Vidadi Məmmədov bizim ədəbiyyatımızda və
həyatımızda bir möcüzə idi. Yəni möcüzə
Yazar idi və möcüzə İnsan idi...
Gecə saat on ikidə, birdə bir də görərdin
ki, gəlib bizə. Voyeni Qospitalın yanında Naxalstroy, gecəqondu deyilən
səmtdəki evimizə: mən də o zamandan tez yatan adam. Qapını yox pəncərəni
döyərdi. Çünki, pəncərə
tam başımın üstündə idi. Qapı isə məndən uzaqda.
Söyürdüm... və çağırıdım
içəriyə... Qoruxdurm ki, sabah bir
yazımı oxuyub vayımı verəcək... haqlı, ya
haqsız...
Düşmən
da istəməzdi onun dilinə düşsün, elə
yumuşaq, elə incitmədən şeylər deyərdi ki,
özün də gülüb keçinərdin...
***
Bu
ştrixlər Vidadi Məmmədov haqqında nə vaxtsa
yazacağım böyük bir yazının
üvertürü kimi bir şey ola bilər.
Yəni bir daha heç yazmaya da bilərəm onun
haqqında.
Amma bizim nəslin (69-cu illərin nəsli) hər bir adamı
və hətta bizdən sonra gələn nəsillərin hər
adamı onun haqqında vicdan əzabı çəkmədən
yaza bilər...
Bu yazı da vicdan rahatlığı ilə
yazdığım bir yazıdır, amma bütöv yazı
deyil. Mən güman ki, Vidadi Məmmədov haqqında
daha çox şeylər yaza bilərəm.
Açığını
deyim, hər zaman düşünmüşəm: mən
öləndən sonra onun yarısı qədər
xatırlansam, çox rahat bu dünyaya əlvida deyə bilərəm.
Yox,
elə buradaca bu yazını kəsib həmən ayağa
qalxıb, evdən çıxmaq lazımdı və eləcə
də eləyəcəyəm... Amma hara gedəcəyəm...
Gözəl
yazarımız Aslan Qəhrəmanlı şəhərin o
biri başında, Akif Qəhrəmanlı blok qonşum olsa
da, dünən və həftənin çox günü bir
yerdəyik və üstəlik də gözlərim
alacalanır.
"Gedən
yerim olaydı gedən yerim
Kiminsə
həsrətiylə açılaydı səhərim... "
Aman Allahım,
gözəl şairimiz Qabil gör nə zaman yazıb bu
misraları. O zaman Vidadi də sağ idi...
Biz də
hələ cavan idik...
Tofiq Abdin
abdin41@mail.ru
Ədalət.-2013.-19
yanvar.-S.15.