AZƏRBAYCAN
QADINI
ƏDƏBİ
HƏYAT
(Professor Gülrux
Əlibəylinin 85 illiyi
münasibətilə)
"Qadın - qeyri-adi
məxluqdur. Bu həqiqəti
ən ağıllı
və görkəmli kişilər etiraf edirlər".
Sitatın
müəllifi Azərbaycanın görkəmli ədəbiyyatşünası,
filologiya elmlər doktoru, professor Gülrux Əlibəylidir. Əslən
görkəmli ziyalı-bəy ailəsindən olan Gülrux
xanım bütün ömrü boyu bu kübar tərzi-həyatını
yaşamaq stimulu seçmişdir.
O, əsl
Azərbaycan qadınıdır. Əvvəla, onun simasında
Azərbaycan qadınının intellektual-mənəvi ölçüləri
maksimal həddə çatır. Ziyalılığın
qadın təcəssümü onun timsalında öz mükəmməl
zirvəsindədir. Gülrux xanım cəmiyyətdə
qadının əvəzedilməz rolunu ifadə etmək
üçün iki dahi sənətkardan misal gətirir:
"Dahi holland rəssamı Van Qoq məşhur sənət
sahibinə yüksək qiymət vermək istədikdə, onu
qadınla müqayisə edirdi: "O-əsl qadın kimi
yaşamış, yaratmış, qadın kimi
sevib-sevilmiş, iztirablar çəkmiş və əsl
qadın kimi dünyadan getmişdi!"
Dahi
Azərbaycan tragiki Hüseyn Cavid də demişdir:
"Sürüklənən bəşəriyyət
qadınla yüksələcək".
Gülrux
Əlibəyli Azərbaycan qadınının XX əsr tarixi
boyunca üçüncü yüksəliş məqamını
təcəssüm etdirir. Keçən əsrin əvvəllərində
azsaylı maarifçi Azərbaycan qadını,
iyirminci-otuzuncu illərin Sevil, Almaz tipli, amma təkcə bədii
ədəbiyyatda yox, elmdə, sənətin müxtəlif sahələrində
və istehsalatda ilk cəsurlar olan qadınlar, müharibədən
sonrakı illərdə parlayan yeni tipli, yeni
dünyagörüşünə malik, "kişinin köməkçisi
yox, onunla bir səviyyədə duran" məxluq, zərif
cins..
Onun
həyat yolu, tərcümeyi-halında fövqəladə
hadisələr, olaylar yoxdur, - desəm yalan olar. Gülrux
xanım Leninqradda Universitetin Şərqşünaslıq
fakültəsini bildirib. Sonra gəlib Azərbaycana, Akademiyada,
BDU-da, İqtisad Universitetində pedoqoji fəaliyyətini davam
etdirib. 1962-1965-ci illərdə Mədəniyyət nazirinin
müavini vəzifəsində çalışıb. Namizədlik
və doktorluq dissertasiyasıları müdafiə edib. Rusdilli
olsa da, yazılarının, xüsusilə elmi əsərlərinin
bir çoxu rus dilində qələmə alınsa da, onun
dünyagörüşü, təfəkkürü milli səciyyəlidir.
Bu
il, yanvar ayının 15-də Azərbaycan
Yazıçılar Birliyinin "Natəvan" klubunda
Gülrux Əlibəylinin 85 illik yubiley tədbiri
keçirildi. Tədbirdə Xalq yazıçısı Anar,
millət vəkilləri Elmira Axundova və Cəmil Həsənli,
şair-publisist Teyyub Qurban, musiqişünas Zümrüd
Dadaşzadə, ədəbiyyatşünas Gülər
Abdullabəyova və b. çıxış etdilər. O
çıxışlardan bəzi fikirləri xatırlayaq:
"Gülrux Əlibəyli böyük savada, intellektə,
erudusiyaya malik bir qadındır" (Anar). "O, müstəsna
bir şəxsiyyətdir. Hər bir məsələyə
öz mövqeyi, öz münasibəti var. Bu mənada mən
həmişə Gülrux xanıma həsəd
aparmışam. Çünki o, həm sovet dövründə,
həm də müstəqillik dönəmində öz səsini,
simasını, mövqeyini qoruyub saxlaya bilib" (Elmira
Axundova). "Gülrux xanım həm elm, həm də ədəbiyyat
və mədəniyyət adamıdır. Yəni bir tərəfdən
elmlər doktorudur, digər tərəfdən isə gözəl
bədii əsərlərin, esselərin müəllifidir.
Ancaq Gülrux xanım mənim yaddaşıma daha çox
publisistik yazıları ilə həkk olunan qələm əhlidir.
Bizim ədəbiyyatda, mədəniyyətdə 60-cı illər
ədəbiyyatının ictimai prosesə çevrilməsində
Gülrux xanımın müstəsna xidmətləri var"
(Cəmil Həsənli). "Gülrux xanımın esselərində
və nəsr əsərlərində musiqililik, ritm və ahəng
duyulur. O, bir estetik kimi incəsənətin bir çox sahələrinə
aid yazıların müəllifidir" (Zümrüd
Dadaşzadə).
Bütün
bu fikirlər, təriflər böyük bir ömür yolu
keçən bir elm adamının, bir ziyalı xanımın
ünvanına söylənib və əsl həqiqəti ifadə
ediir.
Gülrux
xanımın yubiley tədbirində bu sətirlərin müəllifi
də çıxış etdi. Həmin çıxışı
oxucuların nəzərinə çatdırıram.
"Həyatda
elə insanlar olur ki, onlar sənə dərs deməsələr
də, sənin müəllimlərin olmasalar da, onları
özünə USTAD hesab edirsən. Çünki sən
onların yaradıcılığından bəhrələnmisən.
Gülrux Əlibəyli mənim üçün belə
müəllimlərdən biridir.
Mənim
onunla ilk "tanışlığım" böyük
şairimiz Rəsul Rzanın həyat və
yaradıcılıq yolunu əks etdirən
"Axtarışlar, kəşflər" monoqrafiyası ilə
başladı. O zaman mən BDU-nun tələbəsi idim.
Rəsul
Rza haqqında, onun ömür yolu və zəngin
yaradıcılığı barədə çoxlu namizədlik
və doktorluq dissertasiyaları, monoqrafiyalar, məqalələr
yazılıb və hələ bundan sonra da yazılacaq. Lakin
Gülrux Əlibəylinin "Axtarışlar, kəşflər"
monoqrafiyası R.Rza haqqında yazılan elmi, publisistik əsərlər
sırasında hələ ki, ön sırada gedir.
Əsər
bu sətirlərlə başlayır: "Şair Rəsul Rza
çıxışlarının birində demişdir:
"Robinzon xalq olmadığı və ola bilmədiyi kimi,
bütün dünyadan ayrılmış,
başqalarının yaratdığı nemətlərdən
faydalanmayan Robinzon insan da ola bilməz. İnsanlar və xalqlar
arasında olan bu bağlılıq hər zaman
doğrudan-doğruya nəzərə çarpmasa da, əsrlər
keçdikcə qüvvətlənir, inkişaf edir,
insanlığın üzvi hissəsinə çevrilir".
Bu sözlərlə ifadə olunan fikir Rəsul Rza humanizminin
mahiyyətini əks etdirir.
Rəsul
Rza zəngin bədii ənənələri hələ XII əsrdən,
Nizami dövründən və daha əvvəllərdən
başlayan xalqın övladıdır. Bununla belə o,
öz müasirləri ilə sadə dildə, sərbəst,
onların zəkasına və qəlbinə inanaraq
danışır, Rəsul Rza şeiriyyətindəki
ehtiraslı fikir, həyatı mürəkkəbliyi ilə əks
etdirmə bizi heyran qoyur".
Monoqrafiyada
bu heyranlıq hissi bütün əsər boyu davam edir, təbii
ki, ciddi elmi əsaslarla və məntiqlə. Dünyanın nəhəng
bəstəkarlarından olan Qara Qarayev yazırdı ki: "Rəsul
Rza elə sənətkarlarındandır ki, onların yaradıcılığının
qocalmaq və ya kasıblaşmaq qorxusu yoxdur". Gülrux
xanım da məhz bu nöqtədən yapışır,
şairin poeziyasındakı heç bir zaman qocalmaq və
kasıblaşmaq qorxusu keçirməyən nümunələrə
istinad edir.
Monoqrafiyada
Rəsul Rzanın həyat və yaradıcılığı
xronoloji ardıcıllıqla təqdim edilir. Mənbədən
başlayır sona qədər davam edir bu proses. Amma Rəsul
Rzanın həyatında və
yaradıcılığında o qədər maraqlı, cəlbedici,
eyni zamanda təzadlı və burulğanlı olaylar var ki,
müəllif də bunların üzərindən keçmir.
Xüsusilə, keçən əsrin otuzuncu illərinin ədəbi
mühiti haqqında çox dolğun təsəvvür
yaradılır. Rəsul Rza-Müşfiq dostluğu
haqqında oxuyuruq: "Rəsul Rza ilə Mikayıl
Müşfiq başqa-başqa adamlar, ayrı-ayrı şairlərdir.
Lakin bəlkə də məhz bu başqalıq onları
bir-birinə yaxınlaşdıran, aralarında səmimi
dostluq yaradan qüvvə olmuşdur!.. Müşfiq coşqun,
son dərəcə emosional və inadlı, Rəsul isə
dözümlü və səbirli idi. Müşfiq çox həssas,
əsəbi və tündməcaz idi. Həyatda və təbiətdə
insanı riqqətə gətirən bir hadisə, səhnə
görəndə qəhərlənərdi. Təmkinli olan Rəsul
isə onu maraqlandıran hər hansı bir əşya və
hadisə barədə uzun-uzadı düşünə
bilirdi. Rəsul Müşfiqin səlis və melodik şeirlərindən
zövq alardı. Müşfiq isə Rəsulun "bərkiməmiş
mahnılarını" sevərdi". Sonralar Rəsul Rza Müşfiq
haqqında, həmçinin otuzuncu illərin ədəbi
mühiti barədə "Qızılgül olmayaydı"
poemasını yazacaq... Poemada Müşfiqlə yanaşı
Abdulla Faruqun, Mehdi Hüseynin, Sabit Rəhmanın, Mikayıl Rəfilinin
də obrazları yaradılmışdır.
Rəsul
Rzanın sevdiyi sənətkarlar olmuşdur və onlardan ən
birincisi Mirzə Ələkbər Sabir olmuşdur. O, Sabiri
çox sevirdi və onun poeziyasındakı sərt həqiqətlər,
cəsarət hissi, xalqa, millətə dərindən
bağlılıq Rəsul Rza poeziyasında da davam etdirilirdi.
Gülrux xanım Nazim Hikmətə müraciət edir: "Rəsul
Rza müasir Azərbaycan poeziyasına bugünkü şəhərin
danışışıq dilini, bu dilin ahəngini gətirmişdir.
O, bu sahədə Sabir ənənələrini davam etdirir.
Sabir poeziyasının satira elementləri, onun polemika kəskinliyi,
satira ilə mübahisəni məntiq və şeir
texnikası əsasında qurmaq bacarığı Rəsul Rza
poeziyasına axıb qarışmışdır".
G.Əlibəyli
bir vaxtlar böyük mübahisələrə səbəb
olan "Rənglər" silsiləsi barədə də dəqiq
və elmi baxımdan məntiqi səslənən fikirlər
söyləyir. "Ətraf mühitdəki səslərə
və rənglərə Rəsul Rza çox həssasdır.
Rənglər-boyalar onun sənət palitrasının bir cəhətidir...g"Rənglər"
tutumludur, fikirlər orada cəmləşdirilmiş və
yığcamdır, ayrı-ayrı misraların, sözlərin
"fraqmentliliyi" zahiri cəhətdir, əslində isə
fikirlər misralar arası ilə mürəkkəb assosiasiya
yaradaraq, sona doğru gedir. Sona doğru emosiyalar daha da güclənir,
nəhayət, son söz, son misra, novellada olduğu kimi,
şeirin bütün mahiyyətini açır".
Monoqrafiyada
Rəsul Rza poeziyasının başlıca məğzi-İNSAN
problemi daha diqqətlə şərh olunur və belə bir
fikir aşılanır ki, İnsansız Rəsul Rza
poeziyasını təsəvvürə gətirmək
mümkün deyil. "Bir gün də insan
ömrüdür", "Sarı dana və balaca
qız", "Təyyarədə düşüncələr",
"Mənim küçəm", "Könlümə
yağış düşür", "Ömürdən səhifələr",
"Məndə ixtiyar olsa", "Mən insanam" və
s. şeir və poemalar təkcə R.Rza
yaradıcılığının deyil, XX əsr Azərbaycan
poeziyasının inciləridir. Bu əsərlər Azərbaycan
İnsanının həyat yolu, dünyaya
baxışını ifadə edən ən gözəl
nümunələrdir və Gülrux xanım həmin əsərləri
dəqiqliklə incələyir. Rəsul Rza şeirlərinin
birində deyirdi:
Mən
xalqımı sevirəm!
Bu
sözün arxasında
ömrümün
çətin illəri var.
Ümidləri,
arzuları
nisgilləri
var.
Bu
sözün özündə
Məhəbbət
var
yaxşı
insanlara,
başqa
xalqlara:
taleyinə
yadlar
hökm
eləyənlərə
daha
çox.
Gülrux
Əlibəylinin bir silsilə publisistik yazıları, estetka
və incəsənətin müxtəlif problemlərindən
söz açan məqalələri, "Portretlər"
silsiləsindən yazıları da var. Bu yazılarda onun
intellektual aləmi, biliyi, savadı və yazı mədəniyyəti
bütün açıqlığı ilə diqqəti cəlb
edir. O, bir Azəri qadını kimi 20 yanvar - Tariximizin ən
faciəli bir gününə həm də nikbinliklə qiymət
verir ("İztirabdan-sevincə"). Pulun müasir dövrdə
oynadığı rolu beləcə izah edir ki: "Pulun
demonik, pozucu gücünün qarşısına yalnız
sağlam düşüncə, mənəvi-milli ənənələrin
dolğunluğu və incəsənətin yüksəkliyilə
çıxmaq olar" ("Paralı dünya"),
estetikanın bir mənəviyyat sahəsi kimi vacibliyini
vurğulayır: "Estetikanı canlı varlıq, insan
vücudunun orqanlarıyla müqayisə edirlər. Cəmiyyət
canlı orqanizmdir. Onun mədəsi-iqtisadiyyatdır,
muskulaturası texnikadır, beyni-elmdir, ürəyi, qəlbi
isə estetikadır" ("Estetika bu gün kimə və nəyə
lazımdır?").
Gülrux
xanım incəsənətin müxtəlif sahələrinə
bələd olduğu üçün Azərbaycan rəqsi və
Azərbaycan mahnısı haqqında məqalələr
yazıb. "Qara Qarayev" portretində isə musiqiyə
sevgiləri ifadə olunur. O, zəmanəmizin böyük bəstəkarını
belə səciyyələndirir: "Musiqi-ən abstrakt, ən
incə, ən intim hiss və duyğuları ifadə edə
bilən əvəzsiz sənət növüdür.
F.Nitşe deyirdi: "Dünyanın əsl ideyası musiqidədir".
Lakin bu ideya nə dərəcədə nazik, qapalı,
mücərrəddir. Təsadüfi deyil ki, qədim yunanlar
deyərdilər: "Poeziya-ürəyin dərmanıdır,
musiqi-vücudun". Qara Qarayevin musiqisi də mürəkkəb,
qapalı ideyaların təcəssümüdür.
D.Şostakoviç - onun müəllimi tələbəsi
haqqında deyirdi: "Qara Qarayevin musiqisi, onun vahid
yaradıcılıq palitrası ənənəylə bəstəkarlıq
müstəqilliyinin ağıllı tənasüblüyündən
əmələ gəlib. Öz
yaradıcılığında o, xəlqilik
anlayışını genişləndirir və zənginləşdirir".
Gülrux
xanımın Rəsul Rza, Mirzə İbrahimov, Cəfər Cəfərov,
Məmməd Arif Dadaşzadə, Nigar Rəfibəyli, Tofiq
Quliyev, İsmayıl Şıxlı, Həsən Meyidbəyli,
Mehdi Məmmədov, İsa Hüseynov, Anar, Yaşar Qarayev,
Araz Dadaşzadə, Bəkir Nəbiyev haqqında
yazdığı ədəbi portretlər tənqidin bu
janrının ən gözəl nümunələridir, -desək,
səhv etmərik. Həmin yazılarda haqqında söz
açılan sənətkarların təkcə
yaradıcılıqları deyil, insani cəhətləri də
diqqət mərkəzinə çəkilir.
Gülrux
xanıma -bu əsl Azərbaycan qadınına, 85 yaşlı
ağbirçək, müdrik ziyalımıza ürəyi istəyən
qədər ömür arzulayaq. Təbrik edirik!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-19
yanvar.-S.13.