"Əgər kino
yoxdursa..."
Gənc kinorejissor Fariz Əhmədov:
"Bəs "Dolu", "Sahə",
"Çölçü" kimi filmlər necə çəkilir?
"Mayak"ı bizə göstərən
Fariz Əhmədov
1983-cü il doğumludu. Günlərin
birində dostunun təkidi ilə "Pantomima" Teatrına
gedən Fariz oradan fərqli hisslərlə ayrılıb.
Həmin gün "Leyli və Məcnun"
tamaşasına baxandan sonra coğrafiya ilə bağlı
öyrəndiklərini bir kənara qoyaraq sənədlərini
Mədəniyyət və İncəsənət Universitetinə
vermək qərarına gəlib. Həmin ali
məktəbdə Natiq Rəsulzadədən ssenari yazmağın,
Cəmil Quliyevin "Bilik" Maarifçilik Cəmiyyətində
açdığı kurslarda kinorejissorluğun sirlərini
öyrənib. Rüstəm İbrahimbəyovun
Kino Məktəbində yaxşı prodüser kimi yetişməyi
mənimsəyib. Moskvadakı Ümumittifaq
Kinematoqrafiya İnstitutunun qırmızı diplomlu məzunudu.
Bu nüfuzlu ali məktəbdə SSRİ
xalq artisti Aleksandr Proşkinin kursunu bitirib.
Lahıc haqqında çəkdiyi 8 dəqiqəlik filmi
kinoda ilk işi sayır. Debüt işindəcə adından
söz etdirməyi bacarıb. "Lahıc"
Berlin festivalında iştirak edib. Ötən
ildən "Azanfilm" animasiya filmləri studiyasının
direktoru vəzifəsinə təyin olunub.
Azərbaycan kinematoqrafçılarının son illərdə
çəkdiyi bəzi filmlər son illər sərhədlərimizi
aşaraq dünyanın müxtəlif ölkələrində
nümayiş olunur, festivallarda mükafata layiq
görülür. "Dolu", "Sahə",
"Çölçü", "40-cı qapı",
"Xoca", "Mayak" milli kinomuzu xaricdə uğurla təmsil
edən filmlərdi. Götürək elə
sonuncunu. Gənc kinorejissor Fariz Əhmədovun
çəkdiyi "Mayak" 15-dən çox ölkədə
baxılıb. Müxtəlif festivallarda
böyük maraqla qarşılanan və mükafat qazanan bu
ekran əsəri 2013-cü ildə də xeyli dəvətlər
alıb. Filmin il ərzində
İtaliyada, Almaniyada, Ukraynada və digər bir neçə
ölkədə göstərilməsi
planlaşdırılır.
"Mayak"ı hər
yerdə tanıdanı tanımaq istərmisiz?
- Çəkdiyin "Mayak" ortadadı və
böyük maraqla qarşılanıb. Bəlkə elə söhbətimizin
əvvəlində "Mayak"a tərəf boylanaq...
- Moskva Dövlət Kinematoqrafiya İnstitutunun məzunu
kimi "Mayak" mənin diplom işimdi. Film Mədəniyyət və
Turizm Nazirliyinin keçirdiyi "Bu meydan, bu ekran" ənənəvi
müsabiqəsinin nəticəsinə əsasən və
nazirliyinin dəstəyi ilə çəkilib. Ssenari müəllifi
Esmira Əyyub, operatoru Nizami Abbas, rəssamı İbrahim
Eminov, bəstəkarı Rauf Əliyev, montaj rejissoru
Rövşən Vaqifoğlu, kreativ prodüseri Cəmil
Quliyev, prodüserləri Rəşad Qasımov və Rasim
Salmanovdu.
Rollarda əməkdar artistlər Məmməd Səfa,
Gülzar Qurbanova, Elşən Rüstəmov və gənc
aktyor Ər Toğrul Kamalov çəkiliblər. Kino kollektiv sənət
olduğu üçün "Mayak" indiyə kimi
qazandığı uğurları adını çəkdiyim
bu insanların istedadı və əziyyəti hesabına əldə
edib. Texniki heyətin də zəhmətini
qeyd etmək lazımdı. Ümumiyyətlə,
film üzərində 30-a yaxın insan
çalışıb. Fürsət
düşmüşkən onların hər birinə minnətdarlığımı
yetirirəm. İstənilən ekran əsəri
bir neçə prosesdən keçərək bitkin hala gəlir.
Şəxsən mənim özüm
üçün bu mərhələlərdən ən
maraqlısı çəkiliş prosesidi.
- "Azərbaycanda çəkilən
filmləri Biləcəridən o yana göstərmək
mümkün deyil" kimi fikirlər səsləndirmək
artıq çoxdandı ki, dəbə minib. Amma son illər bəzi filmlərimiz xaricdə
nümayiş olunur, nüfuzlu festivallarda iştirak edir. "Mayak" xaricdə necə baxılır?
- Filmi ali
təhsil aldığım Ümumittifaq Kinematoqrafiya
İnstitutunda göstərərkən müəllimlərim
xoş sözlər dedilər, görülən işi
müsbət qiymətləndirdilər. Onların
əksəriyyəti müxtəlif kinofestivalların
münsiflər heyətində təmsil olunduğundan
"Mayak"ın nüsxələrini götürdülər.
Filmin belə demək mümkünsə,
dünya premyerası Birləşmiş Ərəb Əmirliklərinin
Dubay şəhərində keçirilən beynəlxalq
festival çərçivəsində baş tutdu.
Festival Dubay merinin himayəsi altında keçirilir, büdcəsinə
və səviyyəsinə görə A
kateqoriyalı festivallardan heç də geri qalmır. Premyera da daxil olmaqla 15-dən çox ölkədə
nümayişi, 20-dən çox festivala dəvət
alması göstərir ki, bizim film alınıb.
- Deməli
əcnəbi tamaşaçılar "Mayak" vasitəsi
ilə cəmiyyətə vermək istədiyiniz mesajları
anlayırlar. Onda heç uzağa getmək
lazım deyil, elə "Mayak"ın rejissorundan soruşum,
dünya miqyasında qəbul olunmaq üçün necə
filmlər çəkmək lazımdı? Və yaxud, filmləri necə çəkək?
- Əvvəla onu deyim ki, yalnız kinofestival
üçün film çəkmək, bütün çəkilən
ekran əsərlərindən bunu gözləmək
yanlış yanaşmadı. Filmi
tamaşaçı üçün çəkmək
lazımdı. Şəxsən mən
"Mayak" üzərində çalışanda
hansısa festivalın münsiflər heyətini yox,
tamaşaçını fikirləşmişəm. Hesab edirəm ki, tamaşaçı ilə sadə
dildə danışmaq lazımdı.
Məlum məsələdi ki, kino incəsənətin
digər növlərindən daha çox maliyyə tələb
edir. Maliyyə olmadan bu sahədə bircə addım belə
atmaq mümkün deyil. Amma bu kinoda pul hər
şeyi həll edir anlamına da gəlməməlidi. Bu
gün qonşu İranda çox az bir
büdcə ilə çəkilən filmlər ən mötəbər
kinofestivallarda uğur qazanır.
- Konkret
Azərbaycana qayıtsaq...
- 70 il sovetlər birliyində təmsil olunmuşuq.
Milli kinomuzun tarixi də böyük bir mərhələdə
sovet dövrü ilə bağlıdı. O zamanlar da Azərbaycan
kinosu Gürcüstan və Qazaxıstan kinosundan öndə
deyildi. Baxmayaraq ki, bizdə kino onlardan daha əvvəl
yaranıb. Milli kinomuzun dünyaya
çıxmasına gəlincə, burada bir vacib məsələyə
önəm vermək lazımdı. Müasir
təfəkkürlü, mükəmməl təhsil,
güclü yaradıcılıq emalatxanası
görmüş gənclərin kinoya gəlməsinə nail
olmalıyıq. Düzdü, dünya
kinosunda Tarantino və digər nümunələr də var.
Amma mənim fikrimcə, təhsil məsələsinə
önəm vermək lazımdı.
- Bildiyim
qədər ilə Mədəniyyət və Turizm Nazirliyi
milli kinomuzun kadr hazırlığına, gənclərin
xaricdə təhsilinə diqqət göstərir...
- Bu
baxımdan kinoda bəxti gətirən nəslin nümayəndəsiyəm.
Bizim vaxtımızda dövlətin gənclərlə
bağlı faydalı layihələri həyata keçdi.
Filmlər çəkmək üçün
bizə şərait yaradıldı. Mən Moskvada ali məktəbə daxil olandan sonra Təhsil
Nazirliyi təhsil haqqını ödəməkdən imtina
etdiyini bildirdi. Mədəniyyət və Turizm
Nazirliyinə müraciətimdən 3 gün sonra nazir Əbülfəs
Qarayev məni qəbul etdi və bu məsələ müsbət
həll olundu. Nazirlik gənc kadrların nüfuzlu xarici ali məktəblərdə təhsil
almalarında maraqlıdı və bunun üçün
imkanlar yaradır. Mən bu mövqeyi təqdir
edirəm.
- Uzun müddətdi ki, kino xadimləri,
eləcə də sıravi tamaşaçılar arasında
mübahisə gedir. Bəziləri milli kinomuzun
tənəzzüldə olmasını iddia edir. Bu fikrin əksini sübut etməyə
çalışanlar da xeyli çoxdu. Fariz
Əhmədov hansı tərəfi haqlı sayır?
-
Dünyanın hər yerində güclü filmlə
yanaşı zəifi də çəkilir. Son
illərdə Azərbaycanda kino sahəsində görülən
işləri, çəkilən zəhməti qiymətləndirməmək
məsələyə qərəzli yanaşma olardı.
Azərbaycanda kino yoxdursa bəs "Dolu",
"Sahə", "Çölçü" kimi filmlər
necə çəkilib? Bir vaxtlar
Qarabağ ağrılarından söhbət düşəndə
yalnız "Fəryad"ı göstərə bilirdik.
Bu gün isə Azərbaycan kinosu "Dolu"
kimi bir film ortaya qoyub. Bu yaxınlarda Mirbala
Səlimov "Qırmızı bağ" filmini təqdim edəcək.
Mən bu ekran əsərindən də çox
şey gözləyirəm.
Son 10 ildə kinomuzun əldə etdiyi inkişafı,
dövlətin bu prosesə marağını vurğulamamaq
insafsızlıq olardı. Azərbaycan dövlətinin
kinoya ayırdığı vəsaitlə yaxşı filmlər
ortaya qoymaq mükündü. Amma bu gün
Azərbaycan kinosunda kadr qıtlığı var. Yaxşı
dramaturq, güclü səs rejissoru, quruluşçu rəssam,
montajçı, işıqçı, qrim ustası tapmaq
çətindi. Kinomuzda 20 ilə yaxın
məcburi bir fasilə yarandı. Həmin
fasilənin acı izlərini bu gün də
görürük. Ən ağrılı
yerimiz isə kinoprokatın olmamasıdı. Azərbaycanın hansısa bir filmi nə vaxtsa
"Oskar" da ala bilər, Kann festivalında qalib də gələ
bilər. Lakin bizim tamaşaçı həmin
filmə harda baxacaq? "Nizami" Kino Mərkəzindən
başqa bir dənə də olsun kinoteatrımız işləmir.
"Mayak"a Kazanda 5 minə yaxın
tamaşaçı baxıb. Bakıda isə...Tamaşaçının
filmə kinoteatrda baxmaq ənənəsini bərpa etmək
lazımdı.
- Hər
halda buna cəhdlər edilir. "Dolu"
filminin "Nizami" Kino Mərkəzində bir neçə
dəfə təqdimatı keçirilib, hər dəfə də
anşlaq olub. Bu günlərdə
"Nizami" Kino Mərkəzinin qarşısından
keçəndə bilet kassalarının qabağında
böyük növbənin şahidi oldum. Gənclər
Türkiyə istehsalı olan "Evim sensen" filminə
bilet almaq üçün növbəyə durmuşdular...
-
Güclü filmlər çəkməklə yanaşı
bayaq dediyim kimi prokat sistemini hökmən bərpa etməliyik.
Bu proses paralel getməlidi. Bu məsələdə
biz kino işçilərinin üzərinə böyük məsuliyyət
düşür. Kinoteatra gələn
tamaşaçıya bircə dəfə zəif film təqdim
etsək o bir də bilet alıb gəlməyəcək.
-
Tamaşaçını kinoteatra cəlb etməyi
düşünən Fariz Əhmədov yəqin ki,
"Mayak"la kifayətlənməyəcək. Səndən hansı böyük ekran əsəri
gözləyək?
- "Mayak"ın ssenari müəllifi Esmira Əyyubla
yeni bir ssenari üzərində çalışırıq. Nağıl,
macəra janrında bir uşaq filmi olacaq. Bu il işləri yekunlaşdırıb gələn
ildən çəkilişlərə başlamaq fikrindəyik.
-
Aktyorları hansı metodla seçirsən?
- Mənim
öz aktyorlarım var. "Mayak"da əvvəldən
bilirdim ki, ananı yalnız Gülzar Qurbanova yarada bilər. Ssenari yazılan ərəfədə Məmməd Səfanın
"Yuğ"da bir tamaşaçına baxmışdım
və görürdüm ki, filmdəki ata obrazı Məməd
müəllimin boyuna biçilib. Belə
istedadlı və peşəkar insanlarla çalışmaq hər
bir yaradıcı adama zövq verir.
Yeni filmdə də həmin aktyorlar üçün
rollar yazılır.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-19
yanvar.-S.7.